İrəvanı qaytara bilərikmi? Siyasət

İrəvanı qaytara bilərikmi?

Qabil Hüseynli: "İrəvan və ətrafındakı ərazilərin tarixi Azərbaycan torpaqları olduğu artıq sübuta yetirilib"
Azərbaycan öz ərazisində təcavüzkar Ermənistana ikinci erməni dövləti yaratmağa imkan verməyəcək. Ölkə başçısının tövsiyə və tapşırıqları əsasında Tarix İnstitutunda bu istiqamətdə aparılan tədqiqatlar daha da genişləndirilərək, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsilə bağlı bir sıra yeni sənədlər və maraqlı faktlar aşkar olunub. "Azadinform" xəbər verir ki, bunu əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Dövlət mükafatı laureatı Yaqub Mahmudov "Azərbaycan" qəzetində yer alan "İrəvan və ətrafındakı torpaqlar ermənilərə hansı şərtlərlə verilmişdi" başlıqlı məqaləsində qeyd edib.
Həmin sənədlər sübut edir ki, erməni tərəfi Batum danışıqları və müqavilələrinə (11 may - 4 iyun 1918-ci il) əsasən İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərinə bir sıra öhdəliklər götürmüşdü. Lakin ermənilər məqsədlərinə nail olduqdan sonra üzərilərinə götürdükləri bütün öhdəlikləri birtərəfli qaydada pozaraq, işğalçılıq siyasətini davam etdiriblər. Beləliklə, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi barədə həm Batum müqavilələrinin müvafiq maddələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirib. Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi haqqındakı qərarına yenidən baxılmalı, həmin qərar qüvvədən salınmalı və Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır.
Politoloq Qabil Hüseynli düşünür ki, həmin ərazilərin tarixi Azərbaycan torpaqları olduğu artıq sübuta yetirilib: "Y.Mahmudovun son tapıntıları da və ciddi surətdə öz təsdiqini tapan məlumatları da belə hesab edirəm ki, ölkəmizin bu iddianı beynəlxalq təşkilatlar qarşısında qaldırması üçün kifayət edir. Lakin bu məsələ hazırda siyasiləşdirilməlidir. Aşkar olunan tapıntılar müəyyən mənada siyasiləşdirilərək, beynəlxalq qurumlara müraciət edilməldir".
Bu fikrə münasibət bildirən politoloq deyir ki, Azərbaycan bu məsələni məhkəmə, həm də siyasi yolla gündəmə gətirə bilər: "BMT-yə müraciət etməklə və itirilmiş ərazilərin geri qaytarılması məsələsi kimi də gündəmə gətirə bilər. Doğrudur, bu məsələlər hələ ki, təbliğat planında bizə xeyli üstünlük gətirə bilər. Yəni, belə bir ideyaya qapılmamalıyıq ki, dərhal beynəlxalq təşkilatlar iddia edilən əraziləri bizə qaytaracaq. Ancaq hər halda məhkəmə qərarları faktların ekspertizasını keçirəcək, məhkəmə tədqiqatı aparılacaq və bunun əsasında müəyyən bir nəticəyə gəlinəcək. Ən azından bu hüquqi qaydaya əsaslanmalıdır".
"Daha sonra isə BMT məhkəmənin qərarlarına əsaslanaraq bunu siyasi formada əsaslandırmalıdır" - deyən Q.Hüseynli əlavə edib ki, Azərbaycan bu məsələnin hüquqi və siyasi prosedurlarını işləyib hazırlamalı və icraya qoymalıdır: "Bu məsələdə də əsas əlaqələndirici qurum Azərbaycan Xarici İşlər Nazirliyidir. O da bu məsələni AMEA ilə birlikdə hazırlayıb ərsəyə gətirməlidir".