“Maksimum sərbəstlik və maksimum azadlıq bizim cəmiyyətin qarşısına qoyduğu hədəfdir” Siyasət

“Maksimum sərbəstlik və maksimum azadlıq bizim cəmiyyətin qarşısına qoyduğu hədəfdir”

Bahar Muradova: "Amma hüdudsuz sərbəstlik və azadlıq yoxdur, onun hüdudlarını qanunlar müəyyən edir"

"Biz "Diffamasiya haqqında" qanunun qəbuluna çox tələsirik. Biz zamanı qabaqlamağa çalışırıq. Əgər media ilə bağlı məlum hallar olmasaydı, hesab edirəm ki, "Diffamasiya haqqında" qanunun qəbul olunmasının vacibliyini vurğulayanların sayı daha çox olardı". Bu barədə Milli Məclis sədrinin müavini Bahar Muradova "Gün.az"a müsahibəsində bildirib.
Onun sözlərinə görə son hadisələr o cür düşünənləri də bir az daha artıq düşünməyə vadar etdi ki, bu sahədə hələ qayda yaradılmasına ehtiyac var: " Bilirsiniz, bu qanunu istənilən zaman qəbul etmək olar, amma o işləyəcəkmi? Bax, sual budur. Mən də düşünürəm ki, bu, o zaman işlək olacaq ki, hər kəs öz məsuliyyətini dərk edəcək. Yəni, qanun məsuliyyətini dərk etməyənləri məsuliyyətə çağırmaq, cəlb etmək və onu ona məcbur etmək üçündür. Biz bu məcburetmə hissəsini o zaman aradan qaldıra və bu o zaman effektli ola bilir ki, insanlar artıq öz məsuliyyətini dərk edir. Nəyi demək, nəyi deməmək lazım olduğunu düzgün müəyyən edir". Vitse-spiker vurğulayıb ki, özlüyündə qanunların bir çəkindirici funksiyası da var: "Bu gün əgər bizim müvafiq qanunlarımızda şərəf və ləyaqətin alçaldılması, şəxsiyyətin təhqiri, böhtana və iftiraya, yalan məlumatlar yaymağa, müəyyən məqsədlər üçün şantaja görə məsuliyyət nəzərdə tutulubsa, deməli, bu cür hallar bizim cəmiyyətdə olduğu üçün bu var və bunun da mövcudluğu özlüyündə bir çəkindirici funksiya daşıyır. Amma bu o demək deyil ki, bu hallar mövcuddursa, bu elə hamıya tətbiq olunur.
Qanunun gücü yalnız qanunu pozana tətbiq olunur. Onun öz işini bilən, öz fəaliyyətini düzgün müəyyənləşdirən insanlara nə aidiyyəti var? O, sadəcə, qanunu norma kimi, belə bir normanın mövcudluğu barədə informasiyanı qəbul edir.
Amma qanun o zaman tətbiq olunur ki, o pozulur. Nəinki şəxsiyyəti alçaltmaq, ümumiyyətlə, şəxsiyyətə qarşı yönəlmiş hər hansı bir cinayət halının aradan qaldırılması üçün qanunvericilikdə məlum müddəalar var. Əgər şəxsiyyətə xətər yetirməyə, onun sağlamlığına zərər gətirməyə görə, hətta kimsənin əmlakına çox yüngül bir ziyan vurmağa görə məsuliyyət müəyyən ediriksə, o zaman nəyə görə insan üçün ən vacib olan nüfuz, onun işçi nüfuzu, onun peşəkarlığı, onun şəxsiyyəti, onun ictimaiyyət arasındakı hörməti ayaqlar altına salınsın?
Nədən biz bunun məsuliyyətini müəyyən etmirik? Ona görə mən belə hesab edirəm ki, bu gün hələlik Azərbaycan cəmiyyəti o qanunun qəbuluna hazır deyil. Demokratiya, azadlıq, bütün mənalarda sərbəstlik qanunla müəyyən olunmuş dairədə və çərçivədədir, çünki hüdudsuz sərbəstlik və azadlıq yoxdur. Onun hüdudlarını qanunlar müəyyən edir".
Bahar Muradova qeyd edib ki, maksimum sərbəstlik və maksimum azadlıq bizim cəmiyyətin qarşısına qoyduğu hədəfdir: "Biz bu hədəfə addım-addım və nəaliyyətlərlə getməliyik. Yox, biz əgər bu hədəfləri qarşımıza qoyaraq, amma bütün bu problemləri nəzərə almadan, yalnız o hədəfə çatmaq naminə ona yaxınlaşmaq istəyəcəyiksə, əlbəttə, bu cəmiyyəti irəliyə yox, geriyə aparacağıq.
Ona görə təkamül prosesi bizim həm iqtisadi, həm siyasi, həm hüquqi, həm sosial sahədə inkişaf prinsipimiz olduğu nəzərə alınaraq, bu sahədə də əsas prioritet istiqamət kimi götürülməlidir. Belə hesab edirəm ki, təkamül nəticəsində biz bütün hədəflərimizə zamanında və layiqincə çatmağa nail olacağıq.
Bu, bizim istəyimiz, arzumuz, məqsədimizdir və Azərbaycan cəmiyyəti o məqsədə doğru bütün təcrübələri öyrənərək, ləng yox, daha sürətlə çatmaqda israrlıdır. Mən də hər kəsə çağırış edərək, bildirmək istəyirəm ki, onlar "Diffamasiya haqqında" qanunu qəbul etmək bir məqsəddir" şüarından kənar duraraq, cəmiyyətimizi ona hazırlamaq işinə öz töhfələrini versinlər ki, burada da ilk növbədə yer Azərbaycan mediasına ayrılır. Media özü-özünü bu prosesə hazırlamalıdır.
Odur ki, cəmiyyət də, müvafiq qanunyaradıcılığı ilə məşğul olan qurumlar da gördükdə ki, Azərbaycan mediası, ümumiyyətlə, Azərbaycan ictimaiyyəti buna hazırdır, o zaman nədən onu qəbul etməyək ki? Yəni, burada ziddiyyətdən söhbət gedə bilməz, əksinə bunlar bir-birinə, necə deyərlər, şərait yaradan və bir-birini şərtləndirən əsas amillərdir".