Prezident İlham Əliyev: Altı əlavə modul tipli xəstəxananın fəaliyyəti nəticəsində bizdə təqribən 6 minə yaxın çarpayı fondu yaranır Siyasət

Prezident İlham Əliyev: Altı əlavə modul tipli xəstəxananın fəaliyyəti nəticəsində bizdə təqribən 6 minə yaxın çarpayı fondu yaranır

Altı əlavə modul tipli xəstəxananın fəaliyyəti nəticəsində bizdə təqribən 6 minə yaxın çarpayı fondu yaranır.

Bunu Prezident İlham Əliyev iyulun 29-da Şəkidə modul tipli xəstəxana ilə tanışlıqdan sonra həkimlərlə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bu gün ölkəmizin dörd şəhərində modul tipli xəstəxanalar açılır. Bu, çox əlamətdar hadisədir. Onlardan biri Şəki şəhərində, digərləri Qobustan, İsmayıllı, Qəbələ şəhərlərində. Beləliklə, bir gündə biz əlavə 800 çarpayı əldə edirik, koronavirusla bağlı mübarizədə əlavə imkanlar yaradılır.

Mən təqribən üç ay bundan əvvəl modul tipli xəstəxanaların alınması ilə bağlı göstəriş vermişdim. Bildirmişdim ki, qısa müddət ərzində 10 xəstəxana ölkəmizə gətirilməlidir. Artıq 9-u hazır vəziyyətdədir. Onuncu xəstəxana isə yəqin ki, avqust ayında istifadəyə veriləcək. Beləliklə, bu proqram tam icra edilir. Bu günə qədər beş xəstəxana açılıb və 10 xəstəxananın fəaliyyəti nəticəsində bizim əlavə 2 min çarpayılıq xəstəxanalarımız olacaq.

Bunun xüsusi əhəmiyyəti var. Çünki hazırda koronavirus xəstəliyi Azərbaycanda və bütün dünyada daha geniş vüsət alır. Hər gün Azərbaycanda yüzlərlə insan xəstələnir. Belə olan halda, çarpayıların çatışmazlığı çox böyük problem yarada bilərdi. Necə ki, inkişaf etmiş bəzi ölkələrdə biz bu problemləri görürük. Bu ölkələrdə, hətta inkişaf etmiş ölkələrin səhiyyə sistemi buna davam gətirə bilmir. Bunu nəzərə alaraq biz operativ qaydada bu məsələləri həll etməyə çalışırıq və buna nail oluruq. Onu da bildirməliyəm ki, hər biri 200 çarpayılıq modul tipli əlavə 6 xəstəxananın ölkəmizə gətirilməsi məsələsi həll olunur. Yaxın gələcəkdə onlar da gətiriləcək.

Bununla paralel olaraq, artıq Fövqəladə Hallar Nazirliyinin 800 çarpayılıq xəstəxanası açılıb. Həmçinin 1300 çarpayılıq ikinci xəstəxana da açılacaq. Beləliklə, orada 2100 çarpayı olacaq. Artıq iki min çarpayı fondu vardır. Bu, 4100 çarpayı edir. Altı əlavə modul tipli xəstəxananın fəaliyyəti nəticəsində bizdə təqribən 6 minə yaxın çarpayı fondu yaranır. Əlbəttə ki, əgər bu məsələlər öz həllini tapmasaydı, biz bu gün koronavirusla bağlı çox böyük problemlərlə üzləşə bilərdik".