İnsan haqları üzrə işçi qrupun fəaliyyətinin bərpası dəstəklənir Siyasət

İnsan haqları üzrə işçi qrupun fəaliyyətinin bərpası dəstəklənir

Səadət Bənənyarlı: "İşmi qrupun bərpası insan haqlarının vəziyyətinin yaxşılaşdırılmasına böyük töhfə olacaq"

Novella Cəfəroğlu: "Bu müsbət bir addımdır"

Azay Quliyev: "Bu, Azərbaycanın milli mexanizmidir"

2005-2008-ci illərdə fəaliyyət göstərmiş, Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət birgə işçi qrupu Azərbaycan prezidenti İlham Əliyevin və Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini bərpa edərək, 2014-cü il oktyabrın 22-də iclas keçirib. İşçi qrupundan verilən məlumata görə, qrupun tərkibinə Azərbaycan millət vəkilləri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşları, ölkədə tanınmış hüquq müdafiəçiləri, o cümlədən BMT-nin strukturlarında məşvərətçi statusa malik olan beynəlxalq qeyri-hökumət təşkilatların Azərbaycandakı nümayəndələri daxildir. İclasda dövlətin vətəndaş cəmiyyəti ilə açıq və səmərəli dialoq aparmaq üçün siyasi iradəsi qeyd edilərək işçi qrupunun bu dialoqa öz töhfəsini vermək əzmində olduğu vurğulanıb.
İşçi qrupunun üzvləri qrupun 2005-ci ildə imzalanmış Memorandumuna istinad edərək Azərbaycan cəmiyyətinin insan hüquqları ilə bağlı məsələləri belə dialoq yolu ilə səmərəli şəkildə həll etmək niyyətini təsdiq ediblər.
Qrupun üzvləri hüquqlarının pozulduğu ehtimal edilən şəxslərlə bağlı məsələləri müzakirə etməyə və bu məsələlərin həlli üçün hüquq müstəvisində zəruri tədbirlər görməyə, bu məqsədlə müvafiq dövlət orqanlarına, o cümlədən məhkəmələrə təkliflər verməyə hazır olduqlarını bildiriblər.
Qrupun həmsədrləri Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, katibliyə isə hüquq müdafiəçiləri Səadət Bənənyarlı və Sahib Məmmədov seçiliblər. Ümumiyyətlə insan haqları üzrə işçi qrupun fəaliyyətinin bərpası nə dərəcədə önəmlidir? İşçi qrupunun katibliyində təmsil olunan hüquq müdafiəçisi Səadət Bənənyarlı deyib ki, Azərbaycanda insan hüquqları üzrə işçi qrupunun fəaliyyətinin bərpa edilməsi ölkədə insan haqlarının vəziyyətinin yaxşılaşdırılmasına böyük töhfə olacaq. Səadət Bənənyarlı bildirib ki, ümumiyyətlə, məhkəmələr tərəfindən hüquqları pozulan insanlar müraciət edərlərsə, onların işləri araşdırılacaq, əvvəlcə həmin qrupa daxil olan vətəndaş cəmiyyəti üzvləri ilə görüş keçiriləcək, sonra isə həmin iclaslara çağırılacaq. Daha sonra qrupun qərarları tövsiyə şəklində müvafiq qurumlara təqdim olunacaq. Onun sözlərinə görə, qrupun bərpası bütün bu məsələlərin həllində müsbət rol oynayacaq. Eyni zamanda, qrupun bərpası vətəndaş cəmiyyətinin dövlət strukturları ilə dialoquna təkan verəcək: "Əslində qrupa daxil olan insanların dövlət strukturları ilə fəaliyyəti davam edirdi, amma belə bir dialoqun bu şəkildə aparılması müsbət bir hal olacaq". Səadət Bənənyarlı qrupun növbəti iclasının bir aydan sonra keçirilməsinin planlaşdırıldığını deyib. Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu İnsan Haqları üzrə İşçi Qrupunun işinin bərpa olunduğunu deyib: "Qrupa iki nəfər də əlavə olundu - Əliməmməd Nuriyev və Mirvari Qəhrəmanlı. Biz hesab edirik ki, işçi qrupu daha geniş tərkibdə olacaq. Bu birinci addımdır. İşçi qrupunda Prezident Administrasiyası, Milli Məclis üzvləri, hüquq mühafizə orqanlarının əməkdaşları və vətəndaş cəmiyyətinin nümayəndələri təmsil olunur. Bu insanların birgə məqsədi insan hüquqlarının pozulmasının qarşısını almaqdır. Bu müsbət bir addımdır. Həm də işçi qrupunun işini yalnız siyasi məhbus işinə yönəltmək düzgün deyil. Azərbaycanda nə qədər insanların hüquqları pozulur. Bu məsələlərin hamısını bir yerdə çözmək üçün Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərovun işçi qrupunun adını İnsan Hüquqları üzrə İşçi Qrupu adlandırması xoşuma gəldi. Yəni bu hamısını əhatə edəcək. Bilirsiniz, 2008-ci ildə işçi qrupunun fəaliyyəti qapandı. Çünki bir neçə adamı azadlığa buraxmadılar, adlarını çəkmirəm. 177 azad edilən məhbusun müqabilində bir neçə adam həbsdən buraxılmamışdı. Onun üstündə jurnalistlər yazdılar, Avropa Şurasında Ştrasserin (Avropa Şurasının siyasi məhbuslar üzrə keçmiş məruzəçisi, almaniyalı deputat Kristofer Ştrasser — müəllif) məruzəçi təyin olunması işçi qrupunu xitama verdi. Məhkəmələrin şəffaf keçirilməsi, məhkəmələrin heç kəsdən asılılığının olmaması ilə bağlı təkliflər verəcəyik. Çünki bütün məsələlər məhkəmələrdə həll olunur". Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev "İnsan hüquqları üzrə işçi qrupunun fəaliyyətinin bərpası Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinin göstəricisidir və dövlət başçısının bilavasitə razılığı ilə bu qrupun fəaliyyəti bərpa edildi",- deyə bildirib. Azay Quliyev deyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Avropa Şurasının baş katibi Torbyorn Yaqland arasında bu məsələ müzakirə olunub və AŞ rəhbərliyi ilə bu qrupun bərpa edilməsinə dair razılıq əldə olunub: "Bu faktın özü Azərbaycan dövlətinin vətəndaş cəmiyyəti ilə dialoqa nə qədər önəm verdiyini bir daha nümayiş etdirdi və vətəndaş cəmiyyəti də öz növbəsində ümummilli məsələlərlə bağlı hakimiyyətlə konstruktiv əməkdaşlığa hazır olduğunu göstərmiş oldu". Şura sədrinin sözlərinə görə, digər mühüm məqam ondan ibarətdir ki, bu qurumun işində həm dövlət qurumlarının yüksək vəzifəli təmsilçiləri, həm Milli Məclisin deputatları, həm də insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış nüfuzlu QHT-lər təmsil olundu: "Qrupun bərpa iclasında Prezident Administrasiyasının hüquq muhafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərovun və Avropa Şurası katibliyinin siyasi məsələlər departmentinin rəhbəri, həmçinin Baş Katibin işçi qrupdakı xüsusi nümayəndəsi cənab Aleksandr Gesselin iştirakı isə xüsusi əhəmiyyətə malik idi. Bütün bu amillər, yəni Qrupun işində səlahiyyətli dövlət təmsilçilərinin, peşəkar və nüfuzlu QHT sədrlərinin təmsil olunması onun legitim və ictimai etimada malik bir qurum olaraq gələcəkdə uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdən biri hesab edirəm".
Deputat bildirib ki, bu gün qrup mühüm qərarlar qəbul etdi: "Həmin qərarlar içərisində katibliyin yaradılması, həmsədrlərin seçilməsi məsələsi var idi. Təqdirəlayiq haldır ki, katiblik və həmsədrlik institutunda təmsil olunan şəxslərin iki nəfəri vətəndaş cəmiyyətini , iki nəfər icra hakimiyyətini, bir nəfər isə parlamenti təmsil edən şəxslərdir. Mən bu qrupun fəaliyyətini çox yüksək qiymətləndirirəm. Artıq biz Azərbaycanda bütün hüquqi məsələləri daxildə müzakirə etmək üçün çox gözəl bir platforma yaratmışıq. Bu, Azərbaycanın milli mexanizmidir və bu milli mexanizm özünü tam şəkildə doğruldacaq və düşünürəm ki, artıq bundan sonra insan hüquqları və məhbuslarla bağlı məsələlərin həlli ölkədən kənarda deyil, hər hansı bir beynəlxalq qurumun istəyinə və gündəliyiniə uyğun deyil, məhz ölkənin daxilində öz həllini tapacaq. Mən bunun məhz belə olacağına çox ümid edirəm". Jurnalist Xədicə İsmayılovanın vətəndaş cəmiyyətinin nümayəndələrinə qarşı qərəzli fikirlərinə münasibət bildirən Azay Quliyev bu fikirlərlə tanış olduğunu deyib: "Çox təəssüflər olsun ki, Xədicə İsmayılova bütövlükdə vətəndaş cəmiyyətini özünün əsassız ittihamları ilə aşağılamağa çalışdı və İnsan Hüquqları üzrə İşçi Qrupa QHT sektorundan üzv olan şəxslərə etimadı olmadığını göstərdi. Xoş məramla yaradılan belə bir platformaya, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarını narahat edən məsələlərin həllinə yönəlmiş bir təşəbbüsə kölgə salmağa cəhd etdi, hətta onun baş tutmaması üçün müxtəlif bəyanatlar da səsləndirdi. Mən bu cür davranışı qəbul edilməz və yersiz hesab edirəm". Azay Quliyev qeyd edib ki, İnsan Hüquqları üzrə Qrupun vətəndaş cəmiyyətindən olan nümayəndələri X.İsmayılovanın bu hərəkətinə kəskin reaksiya verdilər, onu pislədilər: "Xədicə İsmayılovanın bu hərəkəti vətəndaş cəmiyyəti anlayışına, siyasi mədəniyyət anlayışına, dialoq anlayışına, tolerantlıq anlayışına tamamilə ziddir. Xədicə İsmayılovanın bu cür qərəzli mövqeyi AŞ-nın departament rəhbəri tərəfindən də bəyənilmədi və təəssüf hissi doğurdu". Azay Quliyev hesab edir ki, Xədicə İsmayılovanın heç bir haqqı yoxdur ki, vətəndaş cəmiyyəti təmsilçilərinə belə bir yanaşma sərgiləsin, onlara qarşı bu cür hərəkətlərə yol versin: "Xədicə İsmayılovanın hərəkətlərindən belə nəticəyə gəlmək olar ki, o bu qrupun fəaliyyətinin bərpasından və orada təmsil olunan şəxslərin köməkliyi ilə vətəndaş cəmiyyətini qayğılandıran məsələlərin həll olunma perspektivindən çox narahatdır. Hətta Xədicə İsmayılova Avropa İttifaqının komissarları Ketrin Eşton və Ştefan Fülenin Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı əfv fərmanına göstərdiyi müsbət reaksiyanı da həzm edə bilmədi, onları da aşağılamaqdan çəkinmədi. Görünür dövlətimizin son günlər qəbul etdiyi mühüm qərarlar, xüsusilə qrupun yenidən fəaliyyət göstərməsi insan hüquqlarından və məhbus məsələsindən Azərbaycana qarşı təzyiq kimi istifadə edənlərin və bu məsələləri bir növ şəxsi maraqları naminə faydalananların işinə yaramadı və planlarını alt-üst etdi. Ona görə də Xədicə İsmayılova və onun arxasında duran qüvvələrin belə pozucu fəaliyyətini və qərəzli davranışını anlamaq çətin deyil.

Əli