“Azərbaycan Türkiyədən hər şey istəmək haqqına sahibdir” Siyasət

“Azərbaycan Türkiyədən hər şey istəmək haqqına sahibdir”

İsmayıl Alpər Coşqun: "Ermənilərin "soyqırım" iddialarına qarşı mübarizədə türk diasporunun üzərinə böyük vəzifə düşür"

"Azərbaycan və Türkiyənin həyata keçirdiyi bütün enerji layihələrində Naxçıvan da nəzərə alınır"

"Azərbaycan Türkiyədən hər zaman hər mövzuda hər şey istəmək haqqına sahibdir". Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun "Trend"ə müsahibəsində bildirib.
Səfir qeyd edib ki, Azərbaycan və Türkiyə bir çox məsələlərdə birgə hərəkət edirlər və bu məsələlərdən ən öndə gələni təbii ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir: "Bir şeyi bilmək lazımdır ki, Dağlıq Qarabağ münaqişəsinin bu şəkildə davam etdirilməsi mümkün deyil. Çünki Dağlıq Qarabağ və ərtaf rayonların işğal altında olması hər zaman potensial təhlükə mənbəyidir".
Diplomat onu da bildirib ki, Türkiyə, nə olursa-olsun, hər zaman Azərbaycana və Dağlıq Qarabağ məsələsinə Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" prinsipi ilə yanaşır.
Onun sözlərinə görə, Türkiyə, eyni zamanda, Dağlıq Qarabağ məsələsinə beynəlxalq hüquq çərçivəsində yanaşır və bu gün Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi, ortada işğal faktının olmasını kimsə inkar edə bilməz: "Problemin həlli üçün ilk növbədə işğalın aradan qaldırılması lazımdır. Dağlıq Qarabağ probleminin həlli üçün tərəflər ortaq iradə nümayiş etdirməlidirlər və bu iradəni ilk olaraq işğalçı tərəf nümayiş etdirməlidir. Beynəlxalq ictimaiyyət də Ermənistanı bu iradəni nümayiş etdirməyə sövq etməlidir".
İ.A.Coşqun əlavə edib ki, Azərbaycan tərəfi davamlı müzakirələr aparmaqla, münaqişənin dinc yolla həlli üçün danışıqları davam etdirməklə artıq bu iradəni nümayiş etdirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT sammitində Dağlıq Qarabağ məsələsini gündəmə gətirdiyini xatırladan diplomat qeyd edib ki, Türkiyə bundan sonra da bütün beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ problemini gündəmə gətirməyə davam edəcək.
Səfir bildirib ki, Türkiyə bölgənin gələcəyinin müəyyən edilməsində düşmənçilik, münaqişə və qarşılıqlı nifrətin olmaması qənaətindədir və Türkiyə ilə Azərbaycan əlində olan bütün imkanları regionun inkişafı üçün sərf etmək istəyirlər: "Azərbaycan və Türkiyənin bu təşəbbüsü İran, Rusiya və işğaldan əl çəkəcəyi təqdirdə Ermənistan üçün də faydalı ola bilər. Lakin təəssüf ki, Ermənistan rəhbərliyi bunları anlamaq əvəzinə, kor-koranə işğalı davam etdirməklə yanaşı, Azərbaycan və Türkiyəni ləkələmək siyasəti aparır. Bütün bunlarla yanaşı isə Ernənistan özünü məzlum dövlət kimi göstərməyə çalışır".
Diplomat əlavə edib ki, bu gün dünyada müzakirə olunan bir çox problemlər var və İraqdakı böhran, Suriya münaqişəsi fonunda Dağlıq Qarabağ ciddi problem kimi görünməyə bilər: "Dağlıq Qarabağ probleminə dondurulmuş münaqişə adı verilməsi doğru deyil, çünki bölgədə hər an ciddi problemlər yarana bilər".
İ.A.Coşqun deyib ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyünün qorunması, regionda sabitliyin və sülhün olması üçün əlindən gələni etməyə hazırdır: "Hesab edirəm ki, beynəlxalq ictimaiyyət bu məsələdə Türkiyədən daha çox şey tələb edə bilməz".
Səfir ermənilərin gələn il qondarma soyqırımla bağlı planlarına da münasibətini bildirib. O deyib ki, ermənilərin qondarma "soyqırım" iddialarına qarşı mübarizədə türk diasporunun üzərinə böyük vəzifə düşür. Səfirin sözlərinə görə, Türkiyə və Azərbaycan tarixlərinin səhv tanıdılmasının əsas səbəblərindən biri də Qərb ölkələrində Azərbaycan və türk dünyası əleyhinə çalışan diasporların güclü olmasıdır.
Səfir qeyd edib ki, Ermənistanın və erməni lobbisinin Türkiyəyə qarşı irəli sürdükləri qondarma "soyqırım" iddiaları yeni deyil, sadəcə olaraq 2015-ci ildə erməni lobbisi bu məsələni daha ciddi şəkildə qabartmaq və özünə tərəfdar toplamaq üçün daha aktiv fəaliyyət göstərəcək: "Türkiyəyə, türk tarixinə ləkəyaxma kampaniyaları 2015-ci ildə bitməyəcək və tələblərinin də sonu olmayacaq".
İ.A.Coşqun bildirib ki, Ermənistan və erməni lobbisi səhv yoldadırlar: "Ermənistan və erməni lobbisi 1915-ci il reallıqlarından uzaq olanlara dünyanı da inandırmağa çalışırlar. Dolayısilə, Ermənistan və erməni lobbisi regionda ortaq gələcəyin qurulmasına əngəl olan bir inanca sahibdir".
Səfirin sözlərinə görə, Ermənistan hakimiyyəti və erməni lobbisi özünü təsdiq etmək üçün 1915-ci il hadisələri zamanı "soyqırım" törədildiyi iddiasından və Türkiyəyə qarşı düşmənçilikdən istifadə edirlər: "Hazırda Ermənistan hakimiyyəti əhalini işlə təmin etmək əvəzinə, onları əsas problemlərdən yayındıraraq qondarma "soyqırım"ın 100 illiyinə yönəltmək istəyir".
Diplomat əlavə edib ki, Ermənistanın bu cəhdlərinə baxmayaraq, nə Türkiyənin, nə də Azərbaycanın tarixi keçmişində utanacaq, gələcəyimizə ləkə ola biləcək bir hadisə yoxdur.
İ.A.Coşqun ermənilərə hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın Baş nazir olduğu zaman 1915-ci il hadisələri ilə bağlı müraciətini oxumağı məsləhət görüb: "Türkiyə heç bir halda tarixi faktların saxtalaşdırılmasına imkan verməyəcək. 1915-ci il hadisələrinin araşdırılması üçün arxivlərimiz açıqdır. Dünyanın bir çox ölkələrinin parlamentinin təsir altında olan, həyatında bir dəfə də olsun Türkiyədə olmayan, türk tarixini bilməyən, beyinləri yuyularaq "soyqırım" iddialarına dəstək verməyə hazır olanlar var. Tarixi faktların araşdırılması üçün Azərbaycanla birgə fəaliyyətimiz daha da genişlənəcək".
Səfir ölkələrimiz arasında iqtisadi münasibətlərinə də toxunub: "Türkiyə və Azərbaycan qısa zamanda ciddi iqtisadi nailiyyətlər əldə ediblər".
O, qeyd edib ki, hər iki dövlət siyasi sabitliyi qoruyub saxlamaqla yanaşı, bunu bəşəriyyətin inkişafı istiqamətində istifadə edə bildi: "Azərbaycan və Türkiyənin iqtisadi layihələrinin xüsusiyyəti ondan ibarətdir ki, bu layihələr sadəcə iki ölkənin deyil, region ölkələrinin də rifahına xidmət edir".
Səfir deyib ki, Bakı-Tiflis-Qars dəmiryolu, Bakı-Tiflis-Ceyhan boru kəməri Azərbaycan və Türkiyənin həyata keçirdiyi önəmli layihələrdən biridir: "Təbii ki, TANAP layihəsi də ən öndə gələn layihələrdən biridir. TANAP və TAP layihələri dünyanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün önəmli layihələrdir və Azərbaycan və Türkiyənin bu layihələrlə qürur duyması ilə yanaşı, dünya ölkələri də bu layihələrə sahib çıxmalıdır".
İsmayıl Alper Coşqun vurğulayıb ki, Azərbaycan və Türkiyə həyata keçirdikləri bütün enerji layihələrində Naxçıvanı da nəzərə alırlar.
Səfir deyib ki, Türkiyə və Azərbaycanın əldə etdiyi razılaşmalar arasında Ərzurum-Qars-İğdır qaz xəttinin və Bakı-Tiflis-Qars dəmiryolunun Naxçıvana qədər uzadılmasıda var: "Hazırda bu layihələr üzrə danışıqlar davam edir".
Onun sözlərinə görə, Naxçıvanın bütün ehtiyaclarını qarşılamaq üçün Türkiyə Azərbaycanla əməkdaşlığını davam etdirəcək.