İran XİN: Cavad Zərifin Bakı səfəri tarixi səfər olacaq Siyasət

İran XİN: Cavad Zərifin Bakı səfəri tarixi səfər olacaq

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Bakı səfəri tarixi səfər olacaq.

Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə APA-nın Tehran müxbirinin Cavad Zərifin Bakıya səfərinə dair sualını cavablandırarkən bildirib.

“Azərbaycan İran üçün çox əhəmiyyətli dövlət, qardaş və qonşu ölkədir. Cənab Zərifin regiona səfəri çox uyğun bir zamanda baş tutur. Bundan öncə azərbaycanlı dostlarımız İrana səfər etmişdi. İki ölkə arasında iqtisadi-siyasi əməkdaşlıq və sərhəd məsələləri sahəsində çox önəmli razılıqlar əldə olundu, müzakirələr aparıldı”, - deyə S. Xətibzadə qeyd edib.

İran XİN başçısının Azərbaycan səfərinin əhəmiyyətindən danışan S. Xətibzadə vurğulayıb ki, Cavad Zərifin Bakı səfəri ikitərəfli və regional əlaqələrlə bağlıdır: “Düşünürük ki, bölgədə iki tərəfli və bir neçə tərəfli əlaqələrin inkişaf etdirməsinə ehtiyac var. Cənab Zərifin Bakıya budəfəki səfəri tarixi bir səfər olacaq”.