Qarabağda savaş başlayacaqmı? Siyasət

Qarabağda savaş başlayacaqmı?

Elman Nəsirli: "Azərbaycan bu münaqişəni hərbi yolla həll etmək hüququna malikdir"

Asim Mollazadə: "Həmsədr ölkələr təcavüzkara qarşı sanksiyaları müəyyənləşdirmədiklərindən, sülhə nail ola bilmirlər"

Ceyhun Ələkbərov: "Bir gün səhərimizi Qarabağın azad olunması ilə bağlı xəbərlə açacağıq"

Cəbhə bölgəsində gərginlik davam edir. Xatırladaq ki, 2015-ci ildə Qarabağda savaşın başlanacağı ilə bağlı proqnozlar verilib. Davam edən gərginlik fonunda proqnozlar özünü doğrulda bilərmi, Qarabağda yenidən savaş başlaya bilərmi?
Politoloq Elman Nəsirli deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin iki yolu var: "Azərbaycan dövləti bu münaqişənin dinc yolla həllinə üstünlük verir və dövlətimizin problemin həlli yolunda antiterror əməliyyatlarına başlamamasının əsas səbəbi hələ ki, danışıqlar yolu ilə münaqişənin həlli limitinin tükənməməsidir". Onun sözlərinə görə, Azərbaycan bu münaqişəni hərbi yolla həll etmək hüququna malikdir: "BMT nizamnaməsinin 51-ci maddəsində yazılıb ki, ərazisi təcavüzə məruz qalan dövlətlərin kollektiv və ya fərdi şəkildə özünümüdafiə hüquqları var. Bu nöqteyi nəzərdən Azərbaycan həmin maddəyə, həmçinin qəbul edilən 4 qətnaməyə, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının Ermənistanı işğalçı elan etmələri ilə bağlı qəbul etdikləri qərarlara əsaslanaraq münaqişənin hərbi yolla həlli hüququna malikdir. Ancaq Azərbaycan bu problemi dünya birliyinin qəbul etdiyi qanunlar çərçivəsində həll etməyə çalışır. Bu gün dünyanın üzləşdiyi ən böyük problem beynəlxalq terrorizmlə bağlıdır. Son zamanlardakı terror aktları bir daha bunu təsdiqləyir. Belə olan təqdirdə Azərbaycan dövləti antiterror əməliyyatları həyata keçirib öz torpaqlarını geri qaytarmaq hüququna malikdir. Sadəcə Azərbaycan tərəfi əlavə qanlar tökülməsin deyə beynəlxalq təşkilatların dəstəyi ilə bu məsələni sülh yolu ilə həll etməyə səy gösərir. Ancaq beynəlxalq təşkilatlar bunu qəbul etməlidirlər ki, hər şeyin bir limiti var. Aparılan danışıqlar prossesini Ermənistan tərəfi bundan sonra da yubatmağa çalışsa, Azərbaycan dövləti məsələni müharibə yolu ilə həll etmək üçün siyasi qərarlar qəbul etmək iqtidarındadır. Bu müharibə antiterror əməliyyatları çərçivəsində keçirilə bilər. Bu problemi beynəlxalq təşkilatlar daha ciddi şəkildə dərk etməli və məsələnin dinc yolla həll olunması üçün Ermənistan hökumətinə təzyiqləri artırmalıdır. Əks halda, arzuolunmaz hadisələr baş verəcək və Azərbaycan antiterror əməliyyatlarına başlayacaq".
Politoloq Arzu Nağıyev bildirib ki, ermənilərin bu addımı hansısa beynəlxalq görüşlər ərəfəsində baş verir: "Ermənilər bu təxribatlarla Azərbaycanda Avropa Olimpiya Oyunlarının keçirilməsinə mane olmaq istəyirlər. Ermənilər bu təxribatlarla Azərbaycanda Avropa Olimpiya Oyunlarının keçirilməsinə mane olmaq istəyirlər. Onlar bununla Cənubi Qafqazın müharibə ocağı olduğunu və bunu dünyaya "göstərməyə" çalışırlar. 2015-ci ilin ilk günlərindən cəbhədə atəşkəsin pozulması intensivləşib. Çox güman ki, ermənilərin bu addımı hansısa beynəlxalq görüşlər ərəfəsində baş verir. Eyni zamanda, ermənilər son atəşkəs pozulmalarında daha çox itkilər verirlər. İtki verən tərəf isə əsasən hücum taktikasını seçmiş tərəflərdir. Erməni separatçılarının bu etdikləri öz havadarları qarşısında hesabata bənzəyir. Onlar bununla öz himayədarlarına öz ismarışlarını çatdırırlar. Deyirlər ki, biz vuruşuruq. Biz sülh istəmirik. Bizim yolumuz ancaq müharibə yoludur. Bütün bu provokasiyalarla ermənilər yeni ilin başlaması ilə əlaqədar hesabat vermiş olurlar". Arzu Nağıyev bu təxribatların sonunun müharibə ilə nəticələnməyəcəyini də vurğulayıb. Politoloqa görə, müharibə olmasa da atəşkəsin pozulması da dayanmayacaq: "Lakin həm Rusiyanın, həm də Birləşmiş Ştatların bəyanatlarından aydın olur ki, bu hallar atəşkəs pozuntusundan o yana getməyəcək. Heç bir müharibə də olası deyil. Çünki ATƏT-in Minsk Qrupu ölkələri münaqişənin nizamlanmasında müharibə yolu seçməyib. Düşünürəm ki, bu atəşkəs pozuntularının sonu müharibə ilə nəticələnməyəcək. Bu hadisələr narahatlıq doğurmamalıdır. Buna baxmayaraq, atəşkəsin mütəmadi olaraq pozulması davam edəcək. Bu hal beynəlxalq qurumlar Ermənistana sanksiya tətbiq edənə qədər davam edəcək. Azərbaycan Ordusu bu təxribatların qarşısını almağa qadirdir. Eyni zamanda, ermənilərin ən alçaq təxribatlarına belə hazır olmalıdır".
Xatırladaq ki, erməni tərəfi son 10 gün ərzində cəbhədə 4 hərbçisini itirdiyini açıqlayıb. Azərbaycan Müdafiə Nazirliyi isə erməni təxribatlarının cavabının bundan sonra da daha sərt şəkildə veriləcəyini bildirib.
Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərov deyib ki, bir gün səhərimizi Qarabağın azad olunması ilə bağlı xəbərlə açacağıq: "Həmin gün çox uzaqda deyil". Təşkilat sədri Azərbaycan ordusu tərəfindən Ermənistan ordusunun bütün təxribatlarının qarşısını aldığını qeyd edib: "Düşmənlər onsuz da yaxşı dərk edirlər ki, Azərbaycan dövləti torpaqlarını işğaldan azad edəcək. Onlar torpaqları sona qədər işğalda saxlaya bilməyəcəklər. Ali baş komandanın əmri ilə ordumuz düşməni işğal altında qalan torpaqlarımızdan təmizləyəcək. Üstəlik, düşmənin hücumlarının qarşısının alınması Ermənistan ordusunda psixoloji gərginlik yaradıb. Azərbaycan müdafiə nazirinin cəbhə bölgəsinə sıx-sıx səfər etməsi bu prosesin tərkib hissəsidir və Ermənistana bir mesajdır", - deyə təşkilat sədri qeyd edib.
Ceyhun Ələkbərov Ermənistan hakimiyyətinə qarşı etimadsızlığın artdığını söyləyib: "Rüşvətxor və qaniçən erməni hakimiyyətinə qarşı dünya birliyi tərəfindən də sərt tənqidlər artmaqdadır. Hər gün dünya mediası Ermənistanın işğalçı siyasətini sərt tənqid edir".

Əli