“İqtidar artıq Amerikanın iç üzünü bilir” Siyasət

“İqtidar artıq Amerikanın iç üzünü bilir”

"Azadlıq radiosunun Azərbaycan hakimiyyətinə münasibətdə "Səs" və "Yeni Azərbaycan" qəzetlərindən fərqlənmədiyi vaxtlar olub"

BayMedia Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasın sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsinin sonuncu hissəsini təqdim edir

Əvvəli burada: http://www.baymedia.az/news.php?id=48722#.VLizUtKsVbI
-Azərbaycan hakimiyyətinin Amerikaya qarşı davranışlarında izaholunmaz dəyişikliklər baş verib. Sizcə rəsmi Bakının bu aqressivliyinin arxasında nə dayana bilər?
-Bu hakimiyyət Amerikanın siyasətinin mahiyyətini çox yaxşı bilir. Ona görə ki, vaxtilə Bakı ilə Vaşinqton arasında müəyyən danışıqlar, razılaşmalar, sövdələşmələr olub. Amerikanın özü Azərbaycanda baş verən bir çox prosesləri sadəcə qıraqdan seyr edib. Siz yəqin ki, Mirzə Xəzərin son açıqlaması ilə tanışsınız və o açıq şəkildə etiraf edirdi ki, vaxtilə bizə Vaşinqtondan rəsmi Bakının ciddi tənqidinə yol verilməməsi göstərişi verilirdi. Yəni iqtidar artıq Amerikanın iç üzünü bilir. Rəsmi Bakı görəndə ki, Vaşinqton istəyəndə Azadlıq radiosuna bir cür, istəməyəndə tamam başqa cür göstəriş verir, hətta özü də Azərbaycan hakimiyyətinin əleyhinə tənqidi materiallar ötürür, o zaman haqlı olaraq okeanın o tayından gələn demokratiya, insan haqları və söz azadlığı çağırışlarındakı səmimiyyətə inanmır. Mən Devid Kramerin də açıqlamasıyla tanış oldum, deyir ki, konqresin maliyyələşdirdiyi radionun bağlanması hökumətin səfehliyidir. Yəni bunu demək üçün gərək son dərəcə həyasız olasan. Əlbəttə, desəydi ki, müstəqil mətbuatın bağlanması səfehlikdir, o zaman bu bəyanatı hardasa başa düşmək olardı. Amma məqamı onun üzərinə vurğulayır ki, konqres tərəfindən maliyyələşdirildiyinə görə həmin radionun bağlanması səfehlikdir. Onun məntiqindən belə çıxır ki, başqa qəzeti və ya radionu bağlamaq olar, o zaman harda qaldı bunların səmimiyyəti? Biz hamımız bilirik ki, hər zaman bu radioya necə tapşırıq verilibsə, o cür də fəaliyyət göstərib. Yəni Azadlıq radiosunun "Səs" və "Yeni Azərbaycan" qəzetlərindən fərqlənmədiyi vaxtlar olub Azərbaycan hakimiyyətinə münasibətdə. Mirzə Xəzər də sağ olsun ki, bunu açıq mətnlə dedi ki, hətta bir çox jurnalistlər Vaşinqtonun qeyri-səmimi diqtəsinə etiraz əlaməti olaraq vaxtilə həmin radiodan uzaqlaşırdılar. Ona görə də hakimiyyət radionun mövqeyinin bu cür sərtləşdirilməsini görəndə radionun artıq söz azadlığı vasitəsi kimi deyil, Vaşinqtonun Bakıya qarşı bir alət kimi istifadə etməsi kimi qəbul edir. Ona görə də radikal qərarlar qəbul etməkdən də çəkinmir. Amma mən dəfələrlə söyləmişəm və bir daha təkrar edirəm ki, bizim çox ağrılı problemimiz var, ona görə də çalışmalıyıq ki, dünyanın super gücləri ilə qarşıdurmadan maksimum dərəcədə yayınaq. Yalnız o halda onlarla qarşıdurmaya getmək olar ki, bu, Qarabağın taleyi ilə bağlı olsun. Mən vaxtilə-2009-cu ildə Obama Türkiyəyə təşrif buyuranda parlamentdə çıxış edərək prezidentin İstanbula getməməsini alqışladım. Bilirsiniz ki, hətta Hillari Klinton da buna görə prezidentə zəng edib dəvət elədi, amma prezident ora getməkdən imtina etdi. Niyə? O pərdələri götürməmək üçün. Prezident bilirdi ki, İstanbula getsə masaya hansı məsələlər qoyulacaq və Ərdoğanla birlikdə Obama çalışacaq ki, Ermənistan-Türkiyə sərhədlərinin açılmasına Azərbaycanın razılığını alsınlar, eyni zamandan Dağlıq Qarabağ məsələsində Azərbaycandan daha qəbuledilməz güzəştlər tələb olunacaq. O zaman mən söylədim ki, prezidentin bu imtinası çox müdrik diplomatik gedişdir. Bunu etməməklə prezident həm bu projeyə öz diplomatik etirazını bildirdi, həm oyunları pozdu, həm də Obama ilə pərdəni aradan götürmədi. Yadınızdadırsa mən o zaman çıxışımda demişdim ki, biz Şərq xalqıyıq, "Axırıncı aşırım" filmində də bir yer var ki, Kərbəlayi İsmayıl Abbasqulu bəylə üz-üzə gəlməmək, pərdəni götürməmək
üçün qışın oğlan çağında dağa çıxmağa məcbur olur. Yəni bizim mentalitetdən gələn o ağayana münasibəti pozmamaq üçün prezident o vaxt İstanbula getmədi. Amma mən bu gün tam həqiqi deyirəm ki, 5-6 adamın həbsinə görə nə insan hüquqlarını müdafiə təşkilatlarıyla, nə də dünyanın super gücləriylə qarşıdurmaya getməyi doğru hesab etmirəm. Sözsüz ki, ola bilsin mənim və ictimaiyyətin bilmədiyi hansısa məqamlar var. Yəni iqtidarın əlində daha ciddi faktlar var ki, bu adamlar Azərbaycan üçün hazırlanan təhlükələrdə, bəlkə də fəlakətlərdə rol alıblar, yaxud onlara belə bir rol həvalə edilməsi nəzərdə tutulub. İqtidarın bu təhlükələrdən qorxmağa və ehtiyatlı davranmağa çox ciddi əsasları ola bilər. Çünki iqtidar bu ölkənin gələcəyi üçün məsuliyyət daşıyan əsas qüvvədir. Yəni biz bu gün Suriyanın, Misirin, İraqın, Liviyanın hansı gündə olduğunu görürük. Məgər Amerika bu ölkələrə demokartiya gətirdi? O dağıntıdan və fəlakətlərdən başqa bu xalqlara nə verdi ki? Yəni Azərbaycan iqtidarının əlində bu ölkələrdəki kimi qurulmuş hansısa məkrli ssenarini pozmaq üçün əsaslar və həbs olunanların da bu ssenarilərdə istifadə olunacağına dair şübhələr varsa, bu zaman bəlkə də bu həbslərə haqq qazandırmaq olar. Onda da yenə də ictimaiyyət bu barədə məlumatlandırılmalıdır ki, insanlar söhbətin nədən getdiyini bilsinlər. Yəni onlar əsaslandırmalıdırlar ki, hansı təhlükə onları bu cür sərt addımlara məcbur edir. Amma mən o adamların hər birini tanıdığma, onların hansı nüfuz sahibi olduqlarını bildiyimə görə bu fikirdəyəm ki, bu insanlar bizim cəmiyyət üçün təhlükə mənbəyi deyillər. İnanmıram ki, bu cür insanlardan hətta istifadə etməklə də ölkədə hansısa ciddi qarşıdurmalar yaratmaq mümkün olsun. Ona görə də hökuməti çağırıram ki, həmin şəxsləri azad etmək lazımdır. Kimin ki, barəsində həbs qətimkan tədbiri seçilib, bunlar ev dustaqlığı ilə əvəz olunmalıdır. Eyni zamanda iqtidar xaricdən idarə olunmayan, xarici dairələrə bağlı olmayan qüvvələrlə də oturub danışmaldır ki, siyasi və iqtisadi islahatları necə dərinləşdirmək, cəmiyyəti mümkün xarici təhlükələrdən necə qorumaq olar.