“ABŞ ilə Azərbaycan arasında olan münasibətlər soyumayıb” Siyasət

“ABŞ ilə Azərbaycan arasında olan münasibətlər soyumayıb”

Qabil Hüseynli: "Əksinə strateji tərəfdaşlıq səviyyəsində bu əməkdaşlıq yenə də davam edir"

Aytən Mustafayeva: "Dövlətimizlə bağlı qərəzli çıxışlarının arxasında erməni lobbisinin dayandığını söyləyə bilərik"

Zərdüşt Əlizadə: "Ortada daha köklü iqtisadi, geosiyasi maraqlar var"

Son zamanlar ən çox müzakirə olunan mövzulardan biri də Azərbaycanın Rusiya ilə daha yaxınlaşması və Qərbdən imtina etməsi ilə bağlıdır. Həqiqətənmi belədir, ekspertlər bu barədə nə düşünürlər?
Politoloq Qabil Hüseynli bildirib ki, bəzi siyasi dairələrdə Azərbaycanın qərbdən imtina edərək Rusiyaya meyl göstərməsi ilə bağlı yayılan informasiyaların heç bir əsası yoxdur. Onun sözlərinə görə, ABŞ ilə Azərbaycan arasında olan münasibətlər soyumayıb, əksinə strateji tərəfdaşlıq səviyyəsində bu əməkdaşlıq yenə də davam edir: "Bu əlaqələr yüksələn xətt üzrə inkişaf edəcək. Bu yaxınlarda ABŞ-ın ölkəmizə yeni təyin olunmuş səfiri Robert Sekuta da Azərbaycana gələcək. İnanıram ki, yeni səfirin gəlişi ilə bu əlaqələr daha üst səviyyələrə yüksələcək. Biliyiniz kimi, fevralın 2-də ölkə başçısı cənab İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu isə bir daha Azərbaycan-ABŞ münasibətlərinin normal səviyyədə olduğunu sübut edir. Ümumiyyətlə, Azərbaycan hökuməti tarazlaşdırılmış siyasət yürüdür. Bütün qonşu ölkələr ilə münasibətlərin normal olmasına çalışır. Hər bir ölkə ilə tarazlaşdırılmış əlaqələr qurmaq Azərbaycan hökumətinin xarici siyasətinə xas olan amildir. Tam əminliklə deyə bilərəm ki, Azərbaycan ilə ABŞ arasındakı münasibətlər hər zaman olduğu kimi, bu gün də normal müstəvidə inkişaf edir".
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Aytən Mustafayeva isə deyib ki,
ABŞ-ın Azərbaycanla bağlı fikirlərini ümumilikdə dövlət səviyyəsində deyil, ayrı-ayrı siyasətçilərin çıxışı kimi dəyərləndirirəm. Millət vəkilinin fikrincə, ABŞ-ın rəsmi siyasi dairələri heç vaxt ölkəmizlə haqq-hesab çəkilməyin zamanı olduğunu deyə bilməz. Çünki Azərbaycan ABŞ üçün maraqlı tərəfdaşdır: "Bu baxımdan, bir sıra Qərb təşkilatlarının, həmin təşkilatlarda olan şəxslərin dövlətimizlə bağlı qərəzli çıxışlarının arxasında erməni lobbisinin dayandığını söyləyə bilərik".
"Ermənistanda insan hüquqları ilə bağlı vəziyyətin kifayət qədər pis olmasına rəğmən, bu kimi şəxslər və bu yöndə fəaliyyət göstərən təşkilatlar Sarkisyan rejiminə qarşı heç bir kəskin münasibət bildirmədi" -deyə xatırladan Aytən Mustafayeva onu da vurğulayıb ki, bunun əvəzində Azərbaycanda mövcud olan demokratik mühitə qarşı qərəz, aqressiya sərgiləyirlər: "Azərbaycanın Avropa, eləcə də Qərb üçün çox önəmli enerji tərəfdaşı olması əlbəttə düşmənləri qıcıqlandırır. Əminik ki, bütün bu kimi qərəzli çağırışların arxasında məhz erməni əli, erməni lobbisi dayanır".
Politoloq Zərdüşt Əlizadənin fikrincə ABŞ-Azərbaycan münasibətləri heç də böhran həddində olmayıb: "Ortada daha köklü iqtisadi, geosiyasi maraqlar var".
NATO Əməkdaşlıq Təşkilatının sədri Sülhəddin Əkbər hesab edir ki, dünyada elə bir dövlət yoxdur ki, ABŞ-la münasibətlərinin inkişafını istəməsin: "ABŞ qlobal gücdür və dünya lideridir. Hər bir dövlət istəyir ki, ABŞ-la normal sıx münasibətləri olsun. Bəzi ölkələr buna müəyyən dərəcədə, bəziləri də qismən nail olur. Amma dünyada elə bir dövlət yoxdur ki, ABŞ-la münasibətlərinin inkişafını istəməsin. Regionda hərbi siyasi tarazlığı ancaq ABŞ və NATO yarada bilər. Azərbaycan gec-tez bu gerçəkliyi dərk etməlidir. Rusiyadan qorxaraq sonsuzadək bu konfliktin həllini yubatmağın anlamı yoxdur".
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, ABŞ-ın siyasətini konkret şəxslər müəyyən etməsə də, Kerri ilə bağlı məsələ ciddidir: "ABŞ-da Azərbaycana qarşı qərəzli mövqeyilə seçilən siyasətçilər olub, olacaq da. Hətta bütün prezidentliyə namizədlər "erməni soyqırımı"nı tanıyacaqlarına dair söz də verirlər. Xatırlayırsınızsa, Nelsi Pelosi adda bir siyasətçi vardı. Sonradan Nümayəndələr Palatasının sədri oldu. O bir neçə dəfə "soyqırımın" müzakirəyə çıxarılmasına cəhd də etdi, ancaq alınmadı. Con Kerri ilə bağlı məsələ ona görə həssaslıq tələb edir ki, bu adam ABŞ-ın dövlət siyasətini müəyyənləşdirən şəxsdir. Yadınızdadırsa, ABŞ Brayzanın səfir təyinatında ermənilərə güzəştli addım atdı. Brayzanı təsdiq etmədi. Azərbaycan da Kerri məsələsində ermənilərin Brayza tələblərinə uyğun davranmalıdır. Ən azından münasibətlərin normallaşması üçün bu şərti qoya bilər. Kerrinin ermənipərəstliyini sübut edən istənilən qədər dəlil var. Şəxsi mövqeyinə bir söz deyə bilmərik, ancaq dövlət katibi postunu tutursa, ya keçmiş mövqeyindən imtina etməlidir, ya da istefa verməlidir".

Əli