“Əli Kərimli niyə öz şəxsiyyəti ətrafıda pərəstiş yaratmağa meyllənir?” Siyasət

“Əli Kərimli niyə öz şəxsiyyəti ətrafıda pərəstiş yaratmağa meyllənir?”

Razi Nurullayev: "Axı onun siyasi mübarizəsinin müsbət çalarları yoxdur"

"AXCP-də daxili demokratiya yoxdur. AXCP funksionerləri belə iddia irəli sürürlər ki, Əli Kərimli məntiqli olduğu üçün yalnız onun təklifləri keçir. Həm də elə təkliflər verir ki, imtina etmək mümkün deyil. Çünki o bir məktəbdir, məntiqi və nitqi Demosfen nitqindən güclüdür, sözü Siseron müdrikliyinə kölgə salır, sərkərdəlik qabiliyyəti Sezarı üstələyib, yazdığı yazılar Sofokl pərəstişkarlarını utandırır". AXCP sədrinin keçmiş müavini Razi Nurullayev belə bir fikirlə çıxış edib. "Ay dostlar, siz nədən Şimali Koreyanın "çuçe" ideoloji xəttinə doğru yuvarlanırsınız? Şimali koreyalılar inanır ki, indiki lider Kim Yonq Unun atası Kim Çen In 3 yaşında ilk kitabını və tələbə olanda 3 il ərzində 1500 kitab yazıb. O, ilk dəfə olaraq qolf oynamağa gedib və 15 qolf topuna eyni zamanda zərbə endirib və onların 15-ni də qolf deşiklərinə salıb. Yəqin ki, sizə də bu cür miflər uydurmaq lazım gələcək. Mifologiya heç elm də deyil. Mifologiya ilə məşğul olanlar mifoloq adlanır" – deyə R.Nurullayev qeyd edib: " Radikal müxalifətin zəif tərəflərindən biri, onun öz orbiti ətrafında fırlanmasıdır. Düz 15 ildir ki, AXCP öz orbiti ətrafında fırlanır və hər tərəfə də dəmir pərdələr asılır. Bu pərdələrin o tərəfində kimin nə düşündüyü, nə fikirləşdiyi və nə istədiyi AXCP-yə məlum deyil. Əli Kərimli onun siyasətini dəstəkləyən adamlarla görüşür. Bir sıra hallarda kənar müxalifətlə də Milli Şura çərçivəsində görüşə bilir. Hər kəs də bilir ki, Əli Kərimlinin müxalifətçilik süzgəci və meyarı nədir. Ona görə də Əli Kərimli ilə görüşən şəxs özünü onun istəyinə uyğun, onun hava limanında necə aparmalıdırsa, o cür aparır. Belə təəssürat yaranır ki, hər kəs onu sevir. Bu isə yanlışdır. Reallıq başqadır. Bunu müşahidə edənlər bilir. Əslində isə, şəxsiyyətə pərəstiş yaratdığı kəslərdən dolayı az qisim insanın ona siyasi simpatiyası var. O, özü deyib özü eşidir, özü yazıb, özünə vurulur və yazdıqları Quran ayəsidir kimi, hər sətrinin, hər cümləsinin cəbhəçilər tərəfindən ictimailəşməsini istəyir. Cəbhəçilərin müəyyən qismi isə heç oxumadan candərdi Əli Kərimlinin adını nişanlayıb doğru və saxta profillərlə tirajlama siyasəti həyata keçirirlər. Elə buna görə də xalq ilə müxalifət arasında uçurum dərinləşib. Müxalifətin dediyini xalq eşitmir, xalqın səsini isə müxalifət eşitmir. Çünki, bütün yerüstü və yeraltı kommunikasiyalar sıradan çıxıb və ya çıxarılıb. Özləri üçün bir dairə cızıb onun içində fırlanmaqla, böyük siyasi məqsədlərin reallaşacağını gözləmək yanlışdır".
O, əlavə edib ki, müxalifətdaxili birləşmələr, koalisiyalar və digər birliklər heç zaman xalqın ümumi maraqları üzərində qurulmayıb. "Müxalifətin ən uğurlu birləşmə modeli sayıla bilən və şəxsən iştirakçısı və təsisçilərindən biri olduğum İctimai Palata AXCP və Müsavat partiyalarının dartışmasının qurbanına çevrildi. Kimliyini müxtəlif adlar atlında gizləməklə ekspert, müstəqil, vəkil və başqa peşələr adıyla səs çoxluğu qazanmaq naminə yaxın bildikləri hər kəsi ictimai mövqeyinə, statusuna rəğmən oraya üzv etdilər. Yəni, hər bir üzv öhdəlik götürərək İP-ə daxil olurdu. Tərəf tutmaqdan imtina edən digər siyasi təşkilat və partiyalar isə İctimai Palatadan kənar saxlanıldı. İctimai Palata məhz bu öhdəliklərin qurbanı oldu və cəmiyyətin ideal mübarizə variantı ola biləcək bir qurum siyasi iflasa uğradı. Əli Kərimli bu iflasdan sevindi. Nədən? Cəmiyyətin növbəti dəfə ölən inamına görə bir siyasi liderin sevinməsi nədən doğur görəsən? Siyasi korluqdanmı, alınan tapşırıqdanmı? Təəssüf ki, cəbhəçi dostlarımız hələ də bunun fərqində deyillər. Fərqində deyillər ki, müxalifətdə olmaq nə sənət, nə peşə, nə də Allahın verdiyi doğal, konstitusiyadan irəli gələn siyasi hüquq deyil. Sadəcə siyasi liderin və ya partiyanın avtoritar rəhbərinin yanlış siyasətinin nəticəsidir" – deyə R.Nurullayev qeyd edib. Razi Nurullayev hesab edir ki, fərqli notlar üzərində yaradılan Milli Şura gündən-günə Əli Kərimli tərəfə əyilir. Onun sözlərinə görə, Əli Kərimlinin süzgəcindən keçməyən adamlar Milli Şuranın üzvü ola bilmir: "Milli Şuranın hələ də cəlbedici qalmasının sirri Cəmil Həsənlinin şəxsiyyəti, eyni zamanda Rüstəm İbrahimbəyov mifi üzərində qalır". R.Nurullayev Əli Kərimlinin istefa verməli olduğunu da vurğulayıb. "Məhəmməd Əmin Rəsulzadənin şəxsiyyətinə böyük hörmətlə yanaşıram. Düşünürəm ki, o dünyanın ən böyük siyasi şəxsiyyətlərindən biridir. "İnsanlara hürriyyət, millətlərə azadlıq" şüarını dünyaya gətirən bir şəxsiyyətə pərəstiş etmək yalnış sayıla bilməz. Əbülfəz Elçibəy də mübarizəsi, saflığı və ideyalara sadiqliyi ilə könüllərdə məhəbbət qazana bilib. Ona da pərəstiş etməyi yanlış saymıram. Heydər Əliyev də Azərbaycan tarixində özünə yer tutub. Ona səmimi pərəstiş edənlər var. Buna da münasibətim normaldır. Düşüncəmə görə, hər hansı bir şəxsə nəticəyə görə pərəstiş etmək olar. Stalinə də pərəstiş etmək qüsurlu deyil. Leninin də pərəstişkarları var. Mao Tsedunun da pərəstiş edənləri başa düşüləndir. Bəs Əli Kərimli niyə öz şəxsiyyəti ətrafıda pərəstiş yaratmağa meyllənir? Axı onun siyasi mübarizəsinin müsbət çalarları yoxdur. Nəticə də yoxdur. 25 ildir ki, tənqid etməkdən dolayı ortaya heç bir nəticə qoymayıb" – deyə Razi Nurullayev bildirib.

Əli