“Azərbaycanın daxilində çox az qüvvə tapmaq mümkündür ki...” Siyasət

“Azərbaycanın daxilində çox az qüvvə tapmaq mümkündür ki...”

Nizami Cəfərov: "...Bakıda keçiriləcək Birinci Avropa Yay Oyunlarına qarşı çıxsın"

Ülvi Quliyev: "Kimsə cəmiyyətdə mənfi rəy formalaşdırmağa çalışırsa, demək ki, o Azərbaycan dövlətinə, onun milli maraqlarına qarşı çıxır"

Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı bəzi beynəlxalq qurumların qara piar kampaniyası davam edir.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov bildirib ki, Azərbaycanın daxilində çox az qüvvə tapmaq mümkündür ki, Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına qarşı çıxsın: "Onlar barmaqla sayılacaq insanlardır və onların arxasında kimlərin durduğu, kimlərin bu insanları ortaya atdığı da məlumdur. Ancaq bütün ölkə ictimaiyyəti, xalqımız fəxr edir ki, Azərbaycanda belə mühüm beynəlxalq tədbir keçirilir. Azərbaycan böyük sayda idmançılar və idmançılardan da bir neçə dəfə böyük sayda qonaqları qəbul edəcək. Bunların da Azərbaycan xalqı üçün xeyri var. Bu oyunların xalqımız üçün heç bir pis tərəfi yoxdur. Odur ki, ümumi ictimai-siyasi fikir, ona reaksiya da kifayət qədər səviyyəlidir. Biz bunu həmişə görmüşük, müdafiə etmişik. Bundan sonra da belə prosesləri bir millət və xalq olaraq müdafiə edəcəyik. Ona görə ki, Azərbaycan dövləti xalqın iradəsini ifadə edir". Onun fikrincə, bu idman yarışı Azərbaycanın dünyada tanınması üçün mühümdür: "Mən siyasi, iqtisadi və mədəni tanışlığı nəzərdə tuturam. Bu, elə bir böyük hadisədir ki, heç bir digər idman forumu bununla müqayisə edilə bilməz. Başqa sözlə, mühüm idman forumları dünyada bir ölkəni məşhurlaşdıra da bilər, mənfi təsəvvürlər də yarada bilər. Azərbaycan dövləti bu gücdədir ki, birinci Avropa Oyunlarını keçirir. Nəzərə almalıyıq ki, bu, Avropa məkanında ilk oyunlardır. Ən mühüm cəhət ondan ibarətdir ki, bu yarım ay və ya iyirmi gün müddətində keçiriləcək tədbir deyil. Bu tədbirin aylardır dünyanın müxtəlif dövlətlərində təqdimatı keçirilir. Şübhə etmirik ki, tədbirin özü də yüksək səviyyədə baş tutacaq. Bundan sonra da belə nəhəng bir foruma ev sahibliyi etdiyi üçün Azərbaycan illər boyu gündəmdə olacaq. Bu, həm də Azərbaycanın gücünün qiymətləndirilməsi deməkdir. Azərbaycan miqyasında olan ölkələrin heç biri Avropa Oyunlarına ev sahibliyi etmək iddiasında deyil. Amma Azərbaycan bu iddiada olub. Burada söhbət Azərbaycanın imkanlarının görünməsindən və təqdim olunmasından gedir. Bu mənada, kim düşünsə ki, birinci Avropa Oyunları ilə bağlı Azərbaycanın bu təşəbbüsündə hansısa qüsurlu cəhət var, deməli, həmin adam Azərbaycanı sevmir. Söhbət bu qədər konkretdir". Millət vəkili əlavə edib ki, bəzi beynəlxalq hüquq müdafiə təşkilatlarının Avropa Oyunlarının boykot edilməsinə dair çağırışlarına da təbii baxmaq lazımdır: "Biz dəqiq bilirik ki, Azərbaycanın düşmənləri var, ölkəmizin müstəqilliyinə, inkişafına, ayaq üstə durmasına qarşı olan ciddi qüvvələr var. Təbii baxmaqla yanaşı, həm də buna qarşı mübarizə aparmaq lazımdır. Hazırda dövlətimiz, ideoloqlarımız, məsələnin mahiyyətinə yaxşı bələd olan insanlarımız tərəfindən mübarizə aparılır. Bu, əslində, bütün dünyada belədir və bizdə də belə olması təbiidir. Əgər xatırlayırsınızsa, "Eurovision" öncəsi də bu tip söhbətlər, münasibətlər ortaya qoyuldu. Bəlkə də, indi ondan da böyük səs-küy yaradacaqlar, kampaniya aparacaqlar. Çünki bu "Eurovision"dan da böyük tədbirdir. Burada maraqlı olan qüvvələr var, təbii ki, bizim adları üstündə olan düşmənlərimiz var, onlar həmişə Azərbaycanın əleyhinə olublar. Azərbaycanın torpaqları boş yerə işğal edilməyib. Bu işğalı edənlər, prosesə dəstək verənlər, indiyə qədər işğalın aradan qaldırılmasına imkan verməyənlər bizim dostlarımız deyil ki. Onlar ya birbaşa, ya da dolayısı ilə bizə daima maneə olmağa çalışacaqlar".
Onun fikrincə bunun heç bir effekti olmayacaq: "Ona görə ki, boykot çağırışı edənlərin əsaslandığı "motivlər" və "hədəflər" əsassızdır. Təbii ki, bir şeyə etiraz edəndə onun səbəbini ortaya qoymalısan. Onların ortaya qoyduğu səbəbləri bizlər görürük. Müəyyən edirik ki, bütün bunlar tamamilə əsassız və mənasız şeylərdir, sadəcə, suyu bulandırmaq naminə kampaniya aparırlar. Əminəm ki, bu kampaniya aparanların özləri də bilirlər ki, müvəfəqqiyətli bir nəticə əldə edə bilməyəcəklər. Sadəcə olaraq, bu, düşmənin xarakteri və xislətidir. Ancaq bu idman forumunun keçirilməsi prosesində düşmənlərimiz dostlarımızdan çox az olacaq...
Radikal müxalifət artıq hər şeyə "yox" və "pis" deməyə adət edib. Əlbəttə, bu, doğru yanaşma ola bilməz. Əslində, Azərbaycanın radikal müxalifətinin dediyi ilə oturub-durulsa, onda gərək ölkəmiz günü-gündən geri gedə, absurd təkliflər üzərində düşünməklə məşğul ola. Artıq on ildən çoxdur müşahidə edilir ki, bu müxalifətlə uzağa getmək olmaz. Amma yenə də çox müsbət hal oldu ki, müxalifətin böyük hissəsi durumu anladı və nisbətən normal mövqe seçdi. Azərbaycan iqtidarının təklifi ilə müxtəlif partiyalar bir yerə toplandılar, məsləhətləşmələr keçirildi və sonda da qərara alındı ki, bu prosesi davam etdirmək lazımdır".
Millət vəkili, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev bəzi beynəlxalq və yerli təşkilatların Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı xoşagəlməz rəy formalaşdırmaq cəhdləri ilə bağlı münasibət bildirərkən deyib ki, Bakıda keçiriləcək I Avropa Oyunları Azərbaycanın milli, dövlətçilik maraqları baxımından böyük əhəmiyyətə malikdir. Kimsə, hansısa qüvvə I Avropa Oyunları ilə bağlı cəmiyyətdə mənfi rəy formalaşdırmağa çalışırsa, demək ki, o Azərbaycan dövlətinə, onun milli maraqlarına qarşı çıxır. Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi edəcək və bir ilkə imza atacaq.
Ü.Quliyev qeyd edib ki, bu məsələ ilə bağlı insanlara yanlış məlumatlar vermək istəyənlər, ölkəmizə qarşı qarayaxmalar var: "Onlar bu çirkin əməllərini davam etdirmək istəyirlər. Amma bilmək lazımdır ki, I Avropa Oyunları Azərbaycan üçün, onun təbliğatı üçündür.
Bakıda "Eurovision" mahnı müsabiqəsi keçiriləndə də müxtəlif qarayaxma kampaniyası ilə məşğul olanlar, Azərbaycana qarşı düşmənçilik siyasəti yeridənlər vardı. O zaman Azərbaycan bu işin öhdəsindən çox yüksək şəkildə gəldi və hesab edirəm ki, Azərbaycandakı görülən bu işlər "Eurovision" tarixində yadda qaldı. O zaman "Cristal Hall" inşa olundu və bu gün dünyanın ən mükəmməl zallarından biri olaraq azərbaycanlıların ixtiyarındadır. Həmin "Cristal Hall"a baş çəkən nəinki azərbaycanlılar, hətta əcnəbilər də heyrətə gəlirlər. I Avropa Oyunları ilə bağlı tikilən idman obyektləri də eyni nəticəni verəcək".
Federasiyanın prezidenti hesab edir ki, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi məsələsinin özü ilk növbədə tarixi, idman hadisəsidir: "Nəzərə alınmalıdır ki, Avropa ölkələrinin əksəriyyəti öz idmançıları ilə birinci Avropa Oyunlarında təmsil olunacaq. Onların azarkeşlərini də bura əlavə etsək, demək ki, ölkəmizin təbliğatında birinci Avropa Oyunlarının əhəmiyyəti çox böyükdür. Birmənalı şəkildə birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bizim üçün tamamilə yeni bir səhifə açır. Azərbaycanın adət-ənənələri, mədəniyyəti, tarixi, milli xüsusiyyətlərinin gələn qonaqlara çatdırılmasında birinci Avropa Oyunlarının müstəsna əhəmiyyəti olacaq. Bu, həm də turizmin inkişafına böyük töhvə olacaq ".
Ü.Quliyev, həmçinin bu Avropa Oyunlarının karatenin olimpiya idman növləri sırasına salınmasına təsir edəcəyini də istisna etməyib: "Çox təəssüf ki, bu günə qədər karate olimpiya oyunlarına salınmayıb. Ancaq artıq Avropa Oyunlarına salındısa, ümumən dünya karateçilərinə, eyni zamanda, bizə, Azərbaycan karateçilərinə böyük hədiyyədir. Buna görə bütün dünya karateçiləri cənab prezidentə minnətdardılar. Bu, bizim üzərimizə məsuliyyət qoyur və biz də məsuliyyətimizi hiss edirik. Eyni zamanda, bu etimadı doğrultmaq bizim borcumuzdur. Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları Yay Olimpiya Oyunları səviyyəsində olacaq. Ona görə də bu, bizim üçün çox sevindiricidir. Hesab edirəm ki, Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etməklə karatenin olimpiya oyunlarınasalınmasına yol açacaq. Karate təlim, tərbiyə deməkdir. Əminik ki, Azərbaycan karateçiləri bu oyunda öz sözlərini deyə biləcəklər".

Əli