“Alyans artıq tərəfdaş ölkələrə üzv ölkə kimi yanaşmağa başlayıb” Siyasət

“Alyans artıq tərəfdaş ölkələrə üzv ölkə kimi yanaşmağa başlayıb”

NATO nümayəndəsi: "Azərbaycan alyansın müxtəlif təşəbbüslərinin aktiv iştirakçısıdır"

"NATO münaqişələrin sülh yolu həlli istiqamətində ATƏT kimi digər beynəlxalq təşkilatların fəaliyyətini dəstəkləyir". APA-nın məlumatına görə, bu sözləri NATO-nun Cənubi Qafqaz üzrə rezident zabiti Vilyam Lahue deyib.
V. Lahue bildirib ki, NATO-nun təhlükəsizliyi təminetmə işi ilk növbədə üzv ölkələrin təhlükəsizliyini təmin etməkdən ibarətdir. O qeyd edib ki, alyans münaqişələrin sülh yolu ilə həlli işinə birbaşa cəlb olunmayıb: "NATO bütün ölkələrdə, xüsusilə qonşu ölkələrdə stabilliyin olmasında maraqlıdır. Ona görə də biz Azərbaycan kimi tərəfdaşlarla sıx əməkdaşlıq qururuq. Azərbaycanla əməkdaşlığın məqsədi həm də stabillik və təhlükəsizliyin təmin olunmasına yönəlib. Bizim digər əməkdaşlıq edə biləcəyimiz sahələrdə yaxınlaşma prosesi davam edir. Azərbaycan alyansın müxtəlif təşəbbüslərinin aktiv iştirakçısıdır".
Azərbaycanın NATO-ya daxil olması perspektivi ilə bağlı suala cavab verən V. Lahue bunun Azərbaycanın suveren qərarı olduğunu deyib: "Bu gün Azərbaycan tam şəkildə tərəfdaş ölkə kimi NATO-ya inteqrasiya edib".
O həmçinin bildirib ki, NATO-nun Gürcüstanda yaradılacaq təlim-qiymətləndirmə mərkəzi Azərbaycan üçün də yeni əməkdaşlıq imkanları açacaq.
V. Lahue qeyd edib ki, Gürcüstan NATO ilə dərin əməkdaşlığa malikdir və bu, onların alyansın üzvlüyünə istiqamətlənmiş addımdır: "Rusiya artıq təhlükə mənbəyi olduğunu göstərib. Bu, alyansın əməliyyatlarında dəyişikliyə səbəb olur və tərəfdaşlarla iş prinsipinə dəyişiklik gətirir. NATO artıq tərəfdaş ölkələrə üzv ölkə kimi münasibət göstərməyə başlayıb. Bu, NATO üçün yeni inkişafdır. Region üçün digər vacib aspekt NATO-nun "Əsaslı dəstək" paketidir. Onun bir çox aspektləri gizli saxlanılır. Lakin bu çərçivədə NATO və Gürcüstanın birgə çalışacağı təlim-qiymətləndirmə mərkəzi yaradılacaq. Gürcüstan tərəfdaşlarımızın NATO standartlarına uyğunlaşdırılması istiqamətində çalışacaq. Bu, Azərbaycan üçün də əməkdaşlıq potensialı açır. Taktiki təlimlər bu ildən başlayacaq. Biz gələn ay bunun strukturunun nədən ibarət olacağı barədə informasiya verəcəyik. ABŞ bu prosesdə vacib rol oynayacaq. Bu ölkə 10 ildən çoxdur ki, Gürcüstanda təlimlər keçir".
V. Lahuenin sözlərinə görə, "Əsaslı dəstək" paketi çərçivəsində digər məsələ müdafiə institutunun yaradılmasıdır: "Onun funksiyası, hansı təlimlərin keçirilməsi müzakirə mövzusudur. Bu, Gürcüstan və Azərbaycan silahlı qüvvələri arasında əməkdaşlıq perspektivləri üçün yeni imkanlar yaradacaq. Azərbaycan oraya təlimlərdə iştirak etmək üçün hərbçilər göndərə biləcək".