Vatikanın tarixi səhvi Siyasət

Vatikanın tarixi səhvi

Roma Papasının "erməni soyqırımı" ifadəsi aranı qatdı

Cavid

Roma Papasınn qondarma erməni soyqırımı haqqında dediklərindən sonra diplomatik qalmaqal başlayıb. Türkiyə mətbuatının verdiyi məlumata görə, Papa Fransiskin ötən gün Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdə çıxış edərək, "erməni soyqırımı" ifadəsini işlətməsindən sonra Türkiyə Vatikan səfiri Mehmet Paçacını geri çağırıb.
Səfir məsləhətləşmələr üçün çağırılıb.
Vatikanın Ankaradakı səfiri Antonio Lucibello isə xarici işlər nazirliyinə çağrılıb. Səfirə "xəyal qırıqlığı və üzüntü yaşadıq. Ölkənin baş naziri Əhməd Dağudoğlu isə Papanın dediklərinin ona mövqeyinə yaraşmadığını dilə gətirib.
Mərasimdə Ermənistan prezidenti Serj Sarkisyan və erməni din adamları da iştirak edib.
Xatırladaq ki, ötən gün Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdə Fransisk çıxış edərək, "erməni soyqırımı"nı XX əsrin ilk soyqırımı adlandırıb.
Ayindən sonra Papa ermənilərə yazılı mesaj verib. O, Tanrıdan türk və erməni toplumlarının uzlaşmasını, Dağlıq Qarabağ münaqişəsində tezliklə sülhün əldə edilməsini arzuladığını deyib.
Qeyd edək ki, birinci dünya müharibəsi zamanı Osmanlı İmperiyası tərəfindən törədildiyi iddia edilən soyqırım Türkiyə hökuməti tərəfindən tanınmır. Rəsmi Ankara tarixin yenidən araşdırılması üçün ermənilərə arxivlərin açılmasını təklif etsə də, ermənilər təklifləri qəbul etmirlər.

Erməni nazir Türkiyəni hədələdi

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İtaliyanın "Adnkronos" xəbər agentliyinə müsahibəsində Roma Papası Fransiskin yalançı "erməni soyqırımı" ilə bağlı verdiyi bəyanatına münasibət bildirərkən deyib ki, Türkiyə başqa bir dillə danışmağı başa düşmür.
Erməni nazir ayin zamanı Papanın işlətdiyi "20-ci əsrin ilk soyqırımı ermənilərə qarşı törədilib" sözlərini belə dəyərləndirib: "Son günlərdə çoxsaylı beynəlxalq təşkilatlar soyqırımı tanıyan bəyanatlar verir, qərarlar alırlar və Türkiyəyə də bu istiqamətdə addım atması üçün müraciət edirlər. Papanın açıqlamaları bu baxımdan ümumbəşəri dəyərlərə əlavə olundu. Türkiyə bunu anlamağa başlayanda, beynəlxalq cəmiyyət və Papa kimi böyük şəxsiyyətlərin də nə demək istədiyini anlayacaq. Türkiyə başqa bir dillə danışmağı başa düşmür. Papanın açıqlamaları erməni xalqı üçün bir sülh mesajıdır. Bu, eyni zamanda, beynəlxalq cəmiyyətə xitabən insanlığa qarşı cinayətlərin və soyqırımların qarşısını almaq üçün bir mesajdır".
Roma Papasının 1 milyard 200 milyon katolik xristianlarının lideri olduğunu vurğulayan Nalbandyan sözünə belə davam edib: "Onun fikirləri bütün bu insanların fikirlərini əks etdirir. Erməni cəmiyyəti də özünün gələcəkdəki günahlarının qarşısını almağa borcludur".
Türkiyə və Ermənistan arasında quru sərhədlərinin açılması və qarşılıqlı səfirlər təyin olunması ilə bağlı imzalanan protokolu xatırladan Nalbandyan iddia edib ki, imzalanan və müzakirə edilməyə başlanan bu protokol "Türkiyənin bu sülh prosesini irəli aparmaq üçün gücü olmadığı üçün kağız üzərində qaldı".
Ermənistan prezidenti Serj Sarkisyan isə Vatikandakı ayindən sonra "Ansa" xəbər agentliyinə verdiyi açıqlamada həyasızlığından qalmayıb: "Əminəm ki, Roma Papasının bu sözləri türk hökuməti və türk liderləri tərəfindən qəbul ediləcək. Türk hökumətini türk xalqından ayrı tuturam. Əminəm ki, Papanın sözləri, bir çox türkün qəlbinə və ağlına sirayət edəcək və ermənilərə qarşı aparılan soyqırımı haqda bir daha düşünməyə vadar edəcək".

Davudoğlu Roma Papasına səsləndi

Türkiyənin baş naziri Əhməd Davudoğlu Roma Papası Fransiskin yalançı "erməni soyqırımı" ilə bağlı verdiyi bəyanatına sərt təpki verib.
Davudoğlu Papaya səslənərək deyib: "Dini liderlərdən bizim gözləntimiz sülh haqda müraciətləri ola bilər. Roma Papası vaxtilə Türkiyəyə səfər etdiyi zaman sülh mesajları vermişdi. İndi isə tarix sahəsində savadı olmadığını bugünkü bəyanatı ilə sübuta yetirdi".
Qərb dünyasına müraciət edən Davudoğlu bunları bildirib: "Tarixi mübahisələri açsaq, bundan ən çox utanc duyacaq faktorlar Avropanın içindəki faktorlardır. Avropadan qaçan yəhudilərə qucaq açan türklər olub. Xarici amillər olmasaydı, 1915-ci il hadisələri baş verməyəcəkdi. İztirabları birtərəfli oxumaq cənab Papaya yaraşmaz. Roma Papasının bəyanatı yüksələn irqçiliyə bonus verir. Arxivləri açaq dedik, amma könülləri qapalı olanlara arxivləri açmaq bir fayda vermir".
"Papa özünü erməni keşişi kimi təqdim etdi"
Milli Məclisin deputatı Adil Əliyev Papa Fransiskin qondarma "erməni soyqırımı"nı genosid adlandırmasına sərt reaksiya verib.
Millət vəkili qeyd edib ki, Papanın çıxışı heç nəyi dəyişməyəcək: "Təəssüf ki, Papa Fransisk heç bir tarixi əsası olmayan və qərbin oyunu olan qondarma erməni soyqırımı haqqında cəfənf fikirlər səsləndirməklə, bununla da özünü erməni keşişi kimi təqdim etdi. Hansı soyqırımdan söhbət gedə bilər ki, o zaman öldürülən və soyqırıma məruz qalan Türk xalqı olub. Maraqlıdır Ermənistan və erməni lobbisi nədən Türkiyənin ortaq tarixi komissiyanın yaranmasına maraq göstərmir. Deməli, ermənilər yaxşı bilirlər ki, heç bir soyqırım hadisəsi baş verməyib. Arxivlərlə işləmək istəmirlər. Arxiv sənədləri ermənilərin yüz ildir ki, Türkiyəyə qarşı apardığı yalanlarını sübut edəcək. Hətta bu gün müasir əcnəbi tarixçilər də ermənilərin yalanlarını alt-üst edirlər. Papa Fransisk çıxışı ilə tarixi ədalətsizliyə imza atdı. O, əgər din xadimi idisə, çıxışını barış və sülh üzərində qurmalı, Ermənistanı ədalətli mövqe sərgiləməyə dəvət etməli idi. Ancaq Fransisk ermənipərəst çıxışı ilə bir daha Vatikanın erməni məsələsində mahiyyətini ortaya qoydu. Tarixi faktlara istinad etmədən bu, çıxışını bircə adı var: birtərəfli və qərəzli, ikiüzlü siyasət. Bunun başqa adı ola bilməz". Onun sözlərinə görə, ermənilərin son 150 ildə Anadoluda, Azərbaycanda, Güney Azərbaycanda, Türküstanda törətdikləri soyqırım siyasətinin izləri hələ də yaddaşlardan silinməyib: "Tapılan toplu məzarlıqlar onların vəhşiliklərini gerçək faktlarla sübut edir. Heç çox uzağa getməyək, 90-ci illərin sonlarında Qarabağda və Xocalıda yaşanan soyqırım hadisələri ermənilərin əməllərindən xəbər verir. Bunu o zaman xarici mətbuat da yazırdı. Papa Xocalı soyqırımını görmək istəmir. Qondarma erməni soyqırımını müdafiə edən siyasətçilər gerçək faktları görmək üçün gözlərinə həqiqət eynəyi taxmalıdırlar. Papanın çıxışı heç nəyi dəyişməyəcək. Bu siyasət Türk dünyasına qarşı yönəlib. Biz hər zaman qardaş Türkiyənin yanındayıq. Sonda sözümü İslam peyğəmbəri,həzrəti Məhəməd (s) sözü ilə yekunlaşdırmaq istəyirəm: İslam peyğəmbəri buyurur: "Mən ancaq gördüyümə və duyduğuma əsaslanaraq qərar verirəm: gizli şeylər isə Allaha aiddir, onlara yalnız o qarışır"".
"Papalığın özünün də tarixi ermənilərinki kimi vəhşilik tarixidir"
Millət vəkili Fazil Mustafa Roma papasının səfərini ciddi uğur kimi qiymətləndirməyin əleyhinə olduğunu bildirib. Onun fikrincə, bu, daha çox xristian dünyasının həmrəyliyi kimi xarakterizə oluna bilər: "Roma papasının İrəvana səfəri ciddi uğur hesab edilməməlidir. Çünki bu, hər şeydən əvvəl xristian həmrəyliyinin göstəricisidir və onun verdiyi siyasi bəyanat da bunu göstərir. Papanın bu bəyanatı 1915-ci il olaylarına ədalətsiz yanaşmanın isbatıdır. Xocalı soyqırımı ilə bağlı papa bircə dəfə də bəyanat verməyib və bu vəhşiliyi qənamayıb. Papalığın özünün də tarixi vəhşilik tarixidir. Bu tarix insanlığa böyük faciələr gətirən xaçlı yürüşlərinin tarixidir. Keçmişində amansız cinayətlər olan bu qüvvələr təbii ki, məhz belə addım atmalıdır". Millət vəkili baş verənlərə özünütənqid aspektindən yanaşmağın da gərəkli olduğunu vurğuladı: "Lakin bir tərəfdən də bunu anlayışla qarşılamaq lazımdır. Hər-halda xristian dünyasının ağlı bizimlə müqayisədə tarixi zaman baxımındna daha çevik işləyir. Bizlər illər sonra keçmişə qayıdaraq müəyyən şeylərin yanlış olduğunu, ağlımızı doğru istifadə etmədiyimizi görürük. Baxın, mən bir nümunə deyəcəm. Mən bir təklif səsləndirdim və bildirdim ki, 24 aprel tarixində Azərbaycan da tədbir keçirsin. Çanaqqala zəfərinin 100 illiyini Azərbaycan da qeyd edək. Bir jest edək, bir addım ataq. Göstərək ki, biz bu günü zəfər bayramı kimi qeyd edirik. Göstərək ki, Türkiyə ilə necə həmrəyik. Əgər bunu eləmiriksə, başqası niyə fəaliyyətsizlik göstərməlidir? Papa niyə addım atmamalıdır? Yetkililər təşəbbüskarlıq göstərmir, problem yaradıb daha sonra bizi bu problemin arxasıycan sürüyürlər. Biz də bu prosesi izləməli oluruq. Ona görə də Roma papasını qınamaq olmaz. Qarşı tərəf daha çevikdir. Biz isə qərarları zamanında və doğru verə bilməməyin əziyyətini çəkirik. Heç olmasa biz bir addım atmalıyıq". F.Mustafa 24 aprel tarixinin Azərbaycanda da qeyd edilməsinin zəruri olduğuna diqqət çəkdi: "24 aprel günü biz nə edəcəyik? Biz nə deyəcəyik? Heç olmasa türklərin ümumi həmrəyliyini keçirək və orada göstərək ki, biz bir yerdəyik. Biz bir yerdə elan etməliyik ki, qondarma erməni soyqırımı iddiası absurddur və bizim özümüzə qarşı soyqırım törədilib. Çox təəssüf ki, deyəcəyimiz yoxdur. Buna görə də papanın siyasətinin dalınca deyinmək kursunu izləməliyik. Çünki özümüz yaradıcı olmayanda başqalarının yaratdığı, başqalarının qurduğu kompozisiyalara züy tutmaq məcburiyyətində qalırıq. Başqa yolumuz qalmır".
Türk nazir Roma Papasını ASALA-ya haqq qazandırmaqda suçladı
Papa Fransisk 1915-ci il hadisələrinə dair verdiyi açıqlaması ilə erməni terror təşkilatı ASALA-nın cinayətlərinə bəraət qazandırır.
Bunu Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri Volkan Bozkır bildirib. O qeyd edib ki, Osmanlı ərazisində "erməni soyqırımı"nın törədilməsini sübut edən bircə sənəd belə mövcud deyil. "Roma Papasının bəyanatı Türkiyə üçün tarixi saxtalaşdırmaqdan başqa bir şey deyil", – deyə nazir vurğulayıb. Türkiyə XİN də öz açıqlamasında bildirib ki, Roma Papasının açıqlaması Türkiyə üçün heç bir rol oynamır. Ümumilikdə 110 terror hadisəsi törədən ASALA terror təşkilatının cinayətlərinin üçdə birindən çoxu müxtəlif dünya ölkələrinin aeroportlarına qarşı yönəldilib. ASALA tərəfindən törədilən terror aktlarının 50 faizdən çoxuna müxtəlif diplomatik missiya əməkdaşları, o cümlədən 42 nəfər Türkiyə diplomatı məruz qalıb. Həmçinin bu təşkilat tərəfindən müxtəlif din xadimləri və KİV nümayəndələrinə də qarşı cinayətlər törədilib.