Qüsurlarla “zəngin” teleseriallar Layihə

Qüsurlarla “zəngin” teleseriallar

Nuşirəvan Məhərrəmli: "Aparıcılar ədəbi-dil qaydalarını mütləq bilməlidir"
Qulu Məhərrəmli: "Dil təfəkkürün və ümumi səviyyənin göstəricilərindən biridir"
Arzu Soltan: "Serial bizim gündəlik həyatımızda baş verən hadisələrdən hazırlanmış bir filmdir"

Yerli telekanal və radiolarda Azərbaycan ədəbi dil normalarına riayət olunması problem olaraq qalır. Müxtəlif verilişlərdə, dublyaj olunmuş əcnəbi filmlərdə yerli seriallarda dil qanunlarının pozulması norma halını alıb. Məsələn, hazırda telekanalların bir çoxunda bir neçə serial yayımlansa da keyfiyyətinə görə tamaşaçının haqlı narazılığına səbəb olur. Eləcə də xarici filmlərin dublyajı zamanı yol verilən xətalar göstərilən filmi maraqsız və gülünc edir.
"Hazırda Azərbaycanın televiziya və radio məkanında ədəbi dil normaları, küçə, bazar, şou-biznes danışıq normalarına uduzur. Televiziya və radio məkanında bununla bağlı balans çox ciddi şəkildə pozulur". Bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyir. Onun sözlərinə görə, ölkədə bəzən belə bir fikir formalaşdırılır ki, xalq danışıq dili hər yerdə olmalıdır: "Bu tamamilə yanlış fikirdir. Azərbaycanda teleradio kanallarında çalışan aparıcılar kimliyindən asılı olmayaraq, ədəbi-dil qaydalarını mütləq bilməlidir. Dəvət olunan qonaqlarla, kinolarda, tamaşalarda isə xalq danışıq dili saxlanmalıdır. Amma istər idman, istər mədəniyyət, istərsə də xəbər aparıcıları Azərbaycanın ədəbi dil qaydalarını bilməlidirlər".
MTRŞ sədri həmçinin qeyd edib ki, Azərbaycanda orta təhsillərini ana dilində almayan insanların televiziyada aparıcılıq etməsi geniş hal alıb: "Bu məsələ, xüsusilə rus dilli insanların televiziyalarda aparıcılıq etməsi çox böyük nöqsanlarla müşahidə olunur. Cümlələrin həddən artıq düzgün şəkildə olmaması, eləcə də leksik, fonetik, qrammatik formada cümlələrin düzgün qurulmaması verilişin çox böyük nöqsanlarla müşahidə olunmasına səbəb olur. Bu sahədə də böyük işlər aparmaq lazımdır".
Nuşirəvan Məhərrəmli ümumrespublika yayımçıları olan televiziya kanallarını da tənqid edib. O qeyd edib ki, burada aparıcılar bəzən məhəlli dialekt, şivələrdən, jarqon, bayağı sözlərdən daha çox istifadə edirlər: "Bunlar hamısı birmənalı şəkildə olmaz. Ümumrespublika yayımçısı statusu almış hər bir televiziya kanalı Azərbaycan televiziyasıdır və burada aparıcılar artıq dialektdə, ləhcədə danışa bilməz. O, Azərbaycanın ədəbi dil qaydalarına uyğun danışmalıdır. Regional televiziya kanalında belə hallar müşahidə edilsə, bunu müəyyən mənada başa düşmək olar. Amma ümumrespublika yayımçılarında belə hallar baş verməməlidir".
Millət vəkili Sabir Rüstəmxanlı efirdə əcnəbi sözlərdən istifadəni qınayır: "Bu, bizim ədəbi dilimizə hörmətsizlikdir". Tənqidçi, professor Qulu Məhərrəmli isə bildirir ki, seriallarda rus sözlərinin, jarqonların işlənməsinin bir ölçüsü olmalıdır: "Dil təfəkkürün və ümumi səviyyənin göstəricilərindən biridir. Yəni mən necə danışıram, necə düşünürəm və onu necə ifadə edirəm. Seriallarda əcnəbi sözlərin və jarqonların işlənməsi məqbuldur. Ancaq bunun bir ölçüsü olmalıdır. Dili bu şəkildə korlamaq olmaz. Mən də müşahidə etmişəm ki, bəzi müəlliflər sözü tapıb yerinə qoya bilmirlər və ya aktyorlar lazım olan səsləndirmədə o sözü tapmırlar. Buna görə də rus sözlərindən istifadə edirlər. Filmlərdəki dialoqlarda müəyyən ölçüdə jarqonlara yer verilməsi anlaşılandır. Çünki bu bizim həyatımızın müxtəlif sahələrinə dair mürəkkəb situasiyalar olur. Orada bəzən fikirləri ifadə edirlər. Tutaq ki, hansısa oğru aləmindən olan insanın fikrini ifadə etməsi çox ədəbi ola bilməz. Onun danışıq tərzi, üslubu jarqonlardan istifadə etməsini zəruri edir. Amma sadəcə olaraq, bizdə problem odur ki, seriallarda oğrular və kriminal aləmin adamlarını qəhrəmana çevirirlər. Onların da danışıq tərzi auditoriyaya dilin təmizliyi baxımından çox pozucu bir təsir göstərir. Ona görə də bu məsələlər konseptual yanaşma və bizim ekrana gətirdiyimiz qəhrəmanlarla, onun həyat tərzi, səviyyə ilə bağlıdır. Ona görə də mənə elə gəlir ki, bu məsələyə kompleks yanaşmaq lazımdır ki, biz kimləri serial qəhrəmanları edirik və onlar bizimlə hansı dillə danışırlar. Əgər aktyor serialda oğru, həbsdən yeni çıxmış adam rolunu oynayırsa, o, həbsxana jarqonu ilə danışacaq. Əgər o, bir qəhrəmandırsa və müəyyən bir toplumu ifadə edirsə, onun görünüşü, dili, təfəkkürü, danışığı da cəmiyyət üçün bir nümunə olacaq. Ona görə də serial çəkərkən bu incəliklərə fikir vermək lazımdır".
Kinoşünas Aydan Şükürlü tərcümə sahəsində ciddi problemlərin olduğunu düşünür: "Kino tərcüməsi çox incə və spesifik bir sahədir. O ciddi qayda-qanun tələb edir. Ancaq bu qaydalar çoxlarını maraqlandırmır. Hazırda Azərbaycanda yaxşı tərcüməçilər var, amma onları kino işinə yaxın buraxmırlar. Vaxtilə rus və digər dillərdən dilimizə çevrilən kino mətnləri ustalıqla tərcümə edilib. Görürsüz, necə qulağayatımlıdır, dinləyicidə qıcıq yaratmır. Kino və serial mətnlərinin tərcüməsi doğrudan da yarıtmaz vəziyyətdədir. Hesab edirəm ki, dublyajda mövcud olan qüsurların bir tərəfi də qüsurlu tərcüməyə gedib çıxır. Düşünmürəm ki, bu gün Azərbaycanda kino, serial mətnlərinin tərcüməsilə məşğul olan adamlar yoxdur. Var. Sadəcə, görünür, onlara müraciət edən televiziyalar yoxdur. Afaq Məsudun rəhbərlik etdiyi böyük bir Tərcümə Mərkəzi var. Məncə, Tərcümə Mərkəzində peşəkarlar işləyir, telekanallar bu məsələdə onların yardımından istifadə etməlidir. Televiziyalar onlara üz tutub işlərini onlara gördürmür ki, tamaşaçılara normal filmlər, seriallar tərcümə etsin. Əvvəllər professor Qəzənfər Paşayev ingilis dilindən çox gözəl tərcümələr edirdi. Yaxşı pul verib onu və digər mütəxəssisləri kino tərcüməsinə cəlb etsinlər. Sözümün canı odur ki, işi iş bilənə tapşırıb dilimizin incəliklərindən istifadə etməlidirlər".
Ssenarist Arzu Soltanın fikrincə, rus sözləri dilimizdə özünə yer tapıb: "Azərbaycanda serial işi yenidir. Buna görə də serial işindən tam mükəmməllik gözləmək hələ tezdir. Seriallarda rus ifadələrindən ona görə istifadə edilir ki, biz uzun illər Rusiya ilə bir ölkə çərçivəsində yaşamışıq. Buna görə də rus sözləri dilimizdə özünə yer tapıb. Gündəlik danışığımızda rus sözlərindən istifadə edirik. Seriallarda rus sözlərindən istifadə edilməsi ondan irəli gəlir ki, biz insanların real həyatda necə danışdıqlarını olduğu kimi saxlamaq istəyirik. Onda dialoqlar daha canlı və cəlbedici olur. Məsələn, biz Azərbaycan dilində artıq və yaxud daha sözünün yerinə "uje" işlədirik. Serialdakı bir personaj "uje" sözünün yerinə artıq, daha sözlərini deyəndə süni səslənir. Orta nəslin nümayəndələri ana, atasına mama, papa deyərək müraciət edir. Serial bizim gündəlik həyatımızda baş verən hadisələrdən hazırlanmış bir filmdir. Yəni bu, ciddi bir sənət əsəri deyil. Amma son zamanlar real danışıqda rus sözləri azalır, yerini türk sözləri alır. Özümüz də bilmədən mətbuatda da, filmlərdə, televiziyada anadolu türkcəsindən istifadə edirik. Ümid edirəm ki, dilimiz yavaş-yavaş təmizləndikcə, bu məsələ seriallarda da öz əksini tapacaq".
Kinorejissor Şeyx Əbdül Mahmudbəyov göstərilənləri serial yox, televiziya tamaşası adlandırdığını deyir: "Serial fəlsəfəsi başqadır, kino başqa. O göstərilənlər film deyil, televiziya tamaşasıdır. Onlar buna film deyirlər. Əgər dramaturgiyada ssenarini yazan filmə xidmət edən bir replika atsa, bu başqa məsələ. Hansısa bir millətin dilindən deyilirsə, bu başqa, yox əgər yaltaqlıqdan deyilirsə, bu başqa. Azərbaycanın bu günə qalmasının günahı daha çox, ermənilərdə yox, Rusiyadadır. Mən rus xalqını yox, rus ideologiyasını, rusun imperiya siyasətini nəzərdə tuturam. Bu mənada rus sözlərindən istifadə etməyə, ruspərəstlik etməyə görə qələt edirlər. Elə şeylər var ki, onu millətin, xalqın adı ilə kinoya, sənətə, efirə çıxartmaq olmaz. Bu xalq öz kökünə, soyuna qayıtmalıdır. Qoy bilinsin ki, kim bizdəndi, kim bizdən deyil. Burada təxribat, yaltaqlıq, xəyanət, nadanlıq da var. Bunun da nəticəsidir ki, ortaya gic-gic seriallar, kino çəkənlər çıxıb. Hərə çiyninə bir videokamera qoyub deyir ki, mən kino çəkirəm. Peşəkardılarsa, sənəti bilirlərsə, savadları varsa, buyursunlar ciddi bir işlə məşğul olsunlar. Hər şeyin alverini edirdilər, indi də başlayıblar kino alveri etməyə".
Dilçi Səfurə Telmanqızı film mətnlərinin peşəkarların əlindən keçmədiyini, bu səbəbdən də qüsurlarla "zəngin" olduğunu deyir: "Son illər bu problem çox aktuallaşıb. Filmlərin tərcüməsilə əsasən televiziyalar özləri məşğul olur, onlar da mətnlərin tərcüməsini peşəkara tərcümə etdirmək əvəzinə bu işi rus və Azərbaycan dillərini ortabab bilən əməkdaşlarına həvalə edirlər. Filmlərin çoxu rus dili vasitəsilə tərcümə edildiyi üçün rus dilinin adını çəkdim. Bəzi televiziyalar filmləri ingilis dilindən tərcümə etdiklərini deyir. Halbuki, onu peşəkar bədii kino tərcüməçisi deyil, kanalın ingilisdilli xəbərlərini aparan tərcüməçi-aparıcı tərcümə edir. Bu da kino mətnlərini nöqsanlardan xali etmir. Bəzən elə olur ki, dublyajda hərfi tərcümə gedir. Hətta titrlərdə orfoqrafik və məna səhvlərinə rast gəlinir. Göstərilən süjetlə altyazı uyğun gəlmir. Tərcümə prosesinə sözün bütün incəliklərini bilən peşəkarlar cəlb olunmalıdır. Tərcüməçilər sinonimləri bilmədikləri üçün digər mənada işlənən sözlərdən istifadə edir. Hətta balaca uşaq da baxanda görür ki, burada nəsə uyğun gəlmir. Tərcümə zamanı sözlərin məna incəliklərinə və işlədilmə yerinə diqqət yetirilməlidir".

Ülviyyə Tahirqızı