Hüquqi dövlətdə seçmək və seçilmək azadlığı Layihə

Hüquqi dövlətdə seçmək və seçilmək azadlığı

Seçmək və seçilmək hüququ əsas, fundamental vətəndaş hüquqlarından biridir

Müstəqillik əldə edildikdən sonra demokratik institutların inkişafı ölkə vətəndaşlarının ictimai-siyasi fəaliyyətə qoşulmasına, bu fəaliyyətdə aktiv iştirak etməsinə şərait yaradıb. Bu özünü siyasi partiyaların yaradılmasında, qeyri-hökumət təşkilatlarının təsis edilməsində, başqaları ilə birləşməkdə, kütləvi toplantıların keçirilməsində, hüquq və azadlıqların məhkəmə təminatında və digər hüquqların əldə olunmasında büruzə verib.
Bu kimi məsələlərdə də fikir azadlığı, insanların seçim imkanları əsas şərtlərdən biridir ki, bu da ölkə qanunvericiliyində təsbit olunub. Bu seçim hər bir vətəndaşın hüququdur. Lakin vətəndaş aktivliyinin ən miqyaslı təzahürü onların seçki prosesində iştirakıdır. Çünki seçki prosesi dövlətin idarə edilməsində, cəmiyyətin maraqlarına toxunan məsələlərin həllində iştirakın ən əlçatan, ən sadə və ən effektiv vasitəsidir.
Yaşadığımız dövrdə seçmək və seçilmək hüququ əsas, fundamental vətəndaş hüquqlarından biridir. Məlum olduğu kimi, bu hüququn və ümumiyyətlə seçkilərin tarixi ən qədim zamanlardan başlayır. Müasir seçkilərin mənbəyini axtarsaq gedib qədim yunan və roma dövlətlərində keçirilən seçkilərə çıxmalı olarıq. Müasir seçki hüququ dövlət hakimiyyətinin və yerli özünüidarənin təşkilinin hüquqi tənzimlənməsinin ayrılmaz hissəsidir. Dünyada gedən qloballaşma və inteqrasiya prosesləri, kommunikativ texnologiyaların inkişafı nəticəsində seçki mexanizmlərinin də universallaşması baş verir və seçkilərin beynəlxalq standartları yaranır.
Son onilliklərdə beynəlxalq seçki standartlarını müəyyən edən bir sıra mühüm beynəlxalq sənədlər qəbul olunub. Və hazırda demokratik hüquqi cəmiyyətlərdə seçki qanunvericilikləri bu sənədlərlə müəyyən edilmiş təməl norma və prinsiplərə əsaslanır. Bu gün beynəlxalq seçki norma və standartları İnsan hüquqları haqqında Ümumi Bəyannamə, İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası və onun 1 nömrəli Protokolu, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt kimi sənədlərdə müəyyən olunub.
İnsan hüquqları haqqında Ümumi Bəyannaməyə əsasən (21-ci maddə) hər bir şəxs dövlətin idarə olunmasında bilavasitə və ya azad şəkildə seçilmiş nümayəndələr vasitəsilə iştirak etmək hüququna malikdir. Xalqın iradəsi iqtidar hakimiyyətinin əsası olmalıdır: bu iradə öz ifadəsini gizli səsvermə yolu ilə, ümumi və bərabər seçki hüququ və ya səsvermənin azadlığını təmin edən digər eynimənalı formalar əsasında keçirilən mütəmadi və saxtalaşdırılmamış seçkilərdə tapmalıdır.
İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 nömrəli Protokoluna əsasən (3-cü maddə) iştirakçı dövlət qanunverici hakimiyyət orqanını seçərkən xalqın öz iradəsini sərbəst ifadə edə biləcək şəraitdə, ağlabatan dövriliklə gizli səsvermə yolu ilə azad seçkilər keçirməyi öhdələrinə götürürlər.
Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta əsasən (25-ci maddə) hər bir insan heç bir ayrı-seçkilik və əsassız məhdudiyyət qoyulmadan aşağıdakı hüquq və imkanlara malik olmalıdır:
a) dövlət işlərinin aparılmasında istər bilavasitə, istərsə də azad şəraitdə seçilmiş nümayəndələri vasitəsilə iştirak etmək;
b) səs vermək və ümumi və bərabər seçki hüququ əsasında gizli səsvermə yolu ilə keçirilən və seçicilərin sərbəst iradəsini təmin edən həqiqi vaxtaşırı seçkilərdə seçilmək.
Sadalanan və digər beynəlxalq sənədləri nəzərdən keçirərkən aydın olur ki, müasir seçki standartları ümumi, bərabər, azad, gizli və birbaşa seçki hüququna və seçkilərin mütəmadiliyi prinsipinə əsaslanır.
Konstitusiyamıza əsasən (1-ci maddə) Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Konstitusiyada ölkə vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ təsbit edilib.
Azərbaycan xalqının iradəsi ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad keçirilən seçkilərdə, habelə ümumxalq səsverməsində - referendumda öz təzahürünü tapır. Dövlətimiz Azərbaycan Respublikası vətəndaşlarının iradəsinin azad ifadə edilməsinə seçki hüququnun prinsip və normalarının müdafiə edilməsi yolu ilə təminat verir.
Seçki Məcəlləsi Milli Məclisin deputatlarının, ölkə Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin - referendumun təşkili və keçirilməsi qaydalarını müəyyən edir.
Bu Məcəlləyə əsasən (12-ci maddə) (Konstitusiyanın 56-cı, Məcəllənin 14-cü maddələri) Milli Məclisə seçkilərin, prezident seçkilərinin, bələdiyyələrə seçkilərin, referendumun keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının seçmək, referendumda səs vermək, seçkilərin (referendumun) gedişini müşahidə etmək, seçkiqabağı (referendumqabağı) təşviqatda iştirak etmək, qanunla (Seçki Məcəlləsi ilə) nəzərdə tutulmuş seçki hərəkətlərində və referendumun hazırlanması ilə bağlı hərəkətlərin həyata keçirilməsində iştirak etmək hüququ, başqa sözlə aktiv seçki hüququ vardır.
Onu da bildirək ki, hüquqi dövlət insan hüquqlarının qorunduğu, vətəndaşların dövlətə hörməti və etibarı, konsensusun, stabilliyin, tolerantlığın, dialoqun hökm sürdüyü şəraitdə mövcud ola və uğurla inkişaf edə bilər. Siyasi hüquq və azadlıqlar vətəndaşın əsas konstitusiya hüquq və azadlıqları hesab olunur. Siyasi hüquq və azadlıqlar konstitusiyanın (49, 50, 52, 54 - 58-ci) maddələri ilə təsbit olunub. Bu baxımdan, hüquq və azadlıqlar dövlətin təbiətini müəyyənləşdirir. Hakimiyyət üzərində nəzarət, demokratik rejimin və hüquqi dövlətin əsas əlamətidir. Hüquqi dövlətin əsas əlamətlərindən biri kimi siyasi hüquq və azadlıqlar: dövlətin və onun orqanlarının fəaliyyəti və təşkilində demokratiyanın bilavasitə və müxtəlif nümayəndəli formalarında iştirak etmək səlahiyyətidir. Buraya seçki və müraciət etmək hüququ daxildir; Vətəndaş cəmiyyətinin həyatında (söz və mətbuat azadlığı, yığıncaq və nümayiş azadlığı, birləşmək hüququ) fəal iştirak etmək səlahiyyətidir. Dövlətin idarə olunmasında iştirak etmək hüququ həm də dövlət və onun vətəndaşı arasında qarşılıqlı münasibətlərin əsas prinsiplərdən biridir. Konstitusiyanın 54-cü maddəsində vətəndaşların cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ təsbit olunub, onların dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə müstəqil müqavimət göstərmək hüququ da müəyyən edilib. 55-ci maddədə vətəndaşların dövlətin idarə olunmasında bilavasitə və ya nümayəndələri vasitəsilə iştirak etmək, dövlət orqanlarında qulluq etmək hüququ da öz əksini tapıb. Bunun üçün müvafiq qanunlar da qəbul edilib. Seçki hüququ xalqın iradəsini azad ifadə edən demokratik təsisatlardan biridir. Seçki sistemi konstitusiya hüquqi normaları ilə tənzimlənir. Seçki hüququ dövlət hakimiyyəti, yerli özününidarəetmə, bütövlükdə, hüquqi sistemin səmərəliliyini yüksəldən əsas amildir. Seçki hüququ xalq suverenliyinin ifadəsi və xalq hakimiyyətini həyata keçirmək formasıdır. Konstitusiyanın 56-cı maddəsində vətəndaşların dövlət orqanlarına seçmək və seçilmək, referendumda iştirak etmək hüququ təsbit edilib. Demokratik seçki xalqın dövlət idarəçiliyi prosesində daha məqsədyönlü iştirakına və bütün bunların sintezinin məntiqi yekunu kimi cəmiyyətin, dövlətin sivil inkişafına geniş imkanlar açır. Demokratik seçkinin ən əsas şərti hesabat vermək məsuliyyətindən əlavə həm də aşkarlıq, şəffaflıq, obyektivlikdir. Demokratik cəmiyyətlərdə seçicilərin azad seçim hüququna kənar müdaxilələrin minimuma endirilməsi üçün onların gizli səs vermək hüquqları təmin olunub. Söz azadlığı vətəndaş cəmiyyəti və hüquqi dövlətin əsasını təşkil edir. Bu azadlıq demokratik, tolerant cəmiyyətin mövcudluğu formasıdır. Hüquqi dövlətdə heç bir vətəndaş söz azadlığına görə təqib oluna bilməz. Məlumat azadlığı söz azadlığından ayrılmazdır. Konstitusiyanın 50-ci maddəsində hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığına, kütləvi informasiyanın azadlığına təminat verildiyi, KİV-də, mətbuatda dövlət senzurasının qadağan olunduğu təsbit olunub. Söz, mətbuat, informasiya azadlığı yalnız müəyyən qaydalar daxilində məhdudlaşdırıla bilər. Söz azadlığının məhdudlaşdırılması iki halda əhəmiyyət kəsb edir. Birincisi, o qadağanedici normaların (etika, hüquq) xarakterinə əsaslanır. İkincisi, o, normaların təsir yönümünə (din, hakimiyyət, şəxsiyyət) aiddir. Çağdaş konstitusiyalarda vətəndaşların siyasi fəallığının formalarından biri kimi sərbəst toplaşmaq hüququ təsbit olunub. Konstitusiyanın 49-cu maddəsində "hər kəsin başqaları ilə birlikdə sərbəst yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququna təminat" verilib. Bu demokratik təsisatlar ictimai və hüquqi dövlət həyatının problemlərinə dair kütləvi və fərdi münasibətin açıq formasını ifadə edir. Sərbəst toplaşmaq hüququ vətəndaş cəmiyyətinin dövlət hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət vasitəsi, müasir demokratik dövlət atributludur. Vətəndaş cəmiyyəti strukturlarında birləşmək hüququ vətəndaşın siyasi fəallığını artırır, cəmiyyətin ictimai-siyasi həyatında iştirakını təmin edir. İctimai birliklərin və təşkilatların aşağıdakı formaları mövcuddur:
ictimai hərəkatlar,
ictimai fondlar,
siyasi partiyalar,
həmkarlar ittifaqları,
sahibkarlıq və xeyriyyə cəmiyyətləri və s.
Konstitusiyanın 58-ci maddəsində hər kəsin birləşmək, ictimai birlik və təşkilat yaratmaq hüququna təminat verilib. Bir sözlə, Əsas Qanunda təsbit olunan insan hüquqları idarəçiliyin əsası və dövlətçiliyin idealıdır.
Azərbaycan dövləti də insan ləyaqətini, onların azadlıq və bərabərliyini, şəxsiyyətin özünəməxsusluğunu, iradə azadlığını qoruyur. Azərbaycan Respublikasında insan hüquq və əsas azadlıqlarının həyata keçirilməsinin təmin olunması, ölkədə məhkəmə islahatlarının həyata keçirilməsi, Azərbaycan Milli Məclisinin fəaliyyətinin və seçki sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı yeni müddəaların Azərbaycan Konstitusiyasında təsbit edilməsi məqsədilə 24 avqust 2002-ci il tarixində referendum keçirilməsi də dövrün zəruri tələbləri ilə şərtlənib. Referendumun nəticəsi kimi insan hüquq və azadlıqlarının daha səmərəli həyata keçirilməsinə, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) İnstitutunun təşkili və fəaliyyəti ilə bağlı bir sıra mühüm müddəalar konstitusiyada əksini tapıb. Həmçinin, ilk dəfə olaraq, hər kəsin pozulmuş insan hüquq və azadlıqlarının bərpası məqsədilə Konstitusiya Məhkəməsinə birbaşa müraciət hüqüqu tanınıb. Konstitusiyada, ilk dəfə olaraq, hər kəsin onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının, bələdiyyələrin normativ aktlarından, məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada 130-cu maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi və pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə şikayət vermək hüququ təsbit olunub.

Cavid