“Xalqı qəzet oxumağa öyrədəcəyəm” Layihə

“Xalqı qəzet oxumağa öyrədəcəyəm”

Həsən bəy Zərdabi: "Dövran dəyişmiş, irəli addamış, hazırda həyat bizim qarşımızda başqa tələblər qoyur"

Həsən bəy Zərdabi öz şəxsi vəsaiti hesabına İstanbuldan ərəb əlifbasının şriftini gətirmiş, Bakıda kiçik nəşriyyat açmışdı. O vaxta qədər Azərbaycanda milli dildə nə qəzet, nə də kitab nəşr olunurdu. İşıq üzü görən kitablar yalnız xəttatların əziyyəti hesabına əlyazma şəklində başa gəlirdi. Bu kitablar da əksər hallarda fars dilində yazılırdı və Azərbaycan dili bir çoxları tərəfindən elm və ədəbi dildən uzaq bir dil kimi qələmə verilirdi.
"Əkinçi" qəzeti 1875-ci il iyulun 22-dən 1877-ci il sentyabrın 29-dək olan müddətdə ayda iki dəfə, 300-400 tirajla nəşr olunurdu. Mövcud olduğu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. Qəzetin nəşri heç də asanlıqla başa gəlməmişdir. Həsən bəy də "Əkinçi" qəzetinin yalnız naşiri və redaktoru deyil, həm də onun ədəbi əməkdaşı, müxbiri, korrektoru, mürəttibi, qəzetin abunə və yayımı üzrə müvəkkili olmuşdur. İlk vaxtlar qəzetin nəşri maddi ziyanla başa gəlirdi. Belə ki, geniş kütlə arasında qəzetə maraq oyatmaq üçün Həsçən bəy qəzeti xalq arasında pulsuz yaymağa məcbur idi. Lakin naşir ümidini üzmədən: "Xalqı qəzet oxumağa öyrədəcəyəm, adət edəcəklər, ondan sonra qəzetsiz darıxacaqlar" deyərək qəzetin fəaliyyətini davam etdirmişdi.
Həsən bəy Məlikovun həyat yoldaşı Hənifə xanım Məlikova vaxtı ilə yazırdı ki, "çardan qorxaraq qəzeti oxumayanların sayı, Allahdan qorxaraq oxumayanların sayından artıq idi". Həsən bəy isə özünə xas olan təmkinlə qeyd edirdi: "Axır ki, başa düşəcəklər ki, mən onların dostuyam, məktəb və teatrın əhəmiyyətini dərk edəcəklər. Əgər bunları bir qəzetdə verə bilsəydik - biz müsəlmanların bütün dünya görüşünü dəyişərdik".
Azərbaycan milli mətbuatının qazandığı "Əkinçi" qəzetinin ana dilinin saflığını qorumaq, geniş oxucu kütləsi ilə anlaşıqlı, ifadəli dildə danışmaq sahəsində göstərdiyi nümunə sonrakı 135 ildə də aktual olub. "Əkinçi" sadə, anlaşıqlı xalq dilində nəşr olunurdu. Mirzə Fətəli Axundov Həsən bəyə "Əkinçi"nin dili barədə tövsiyələrini verirdi. Məslən, 21 aprel 1875-ci il tarixli məktubunda yazırdı: "Sizin qəzetinizin məziyyətlərindən biri də üslub gözəlliyi, məlumatların şərhinin incəliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyüdür. Ona görə ki, Sizin qəzetiniz eyni zamanda, öz məqsədləri ilə tatar (Azərbaycan) dilinin qüsurlardan təmizlənməsinə çalışmalı və nümunə olmalıdır. Orfoqrafiya barədə qoy sizin gələcək redaktorunuz mənim komediyalarımın imla qaydalarını əsas tutsun".
Əlimərdan bəy Topçubaşovun "Azərbaycanın mayakı" adlı xatirə yazısında Həsən bəy Zərdabi və "Əkinçi" qəzetinin dili ilə əlaqədar söylədiyi fikirlər də diqqəti cəlb edir. O göstərirdi ki, Həsən bəy ona məxsus enerji ilə ana dilinin müdafiəsi üçün səylə çalışırdı: "O, dilin terminalogiyası imkan verdiyinə görə "Əkinçi"də fars və ərəb sözlərindən qaçmağa və müstəsna şəkildə türkcə-Azərbaycanca yazmağa çalışırdı; imkan daxilində ən sadə və asan başa düşülən xalq sözləri və ifadələri işlədilirdi". Əlimərdan bəy daha sonra qeyd edirdi ki, Həsən bəyin əleyhidarları ona irad tuturdular ki, ərəb və fars dillərini bilmədiyindən tərəkəmə (kəndli) jarqonuna əl atır. Əlimərdan bəy həmçinin bunu da nəzərə çatdırırdı ki, Həsən bəyin tənqidçilərinin əksəriyyəti və xüsusilə onların indiki uşaqları doğma dilin xalqın milli mənlik şüurunun oyanmasına bir çağırış olaraq Zərdabinin xidmətlərinin hər cür əhəmiyyətini başa düşürdülər və başa düşməyə bilməzdilər. Əlimərdan bəyin bu fikri də maraq doğurur ki, Həsən bəy xalqın özünün içərisindən müxbirlər yetişdirib onları kütlələrin lap içərilərinə göndərirdi, buna görə də "Əkinçi" xalqın salnaməsi adını qazanmışdı.
Hənifə xanım Məlikova yazırdı ki, Həsən bəy ömrünün axırına qədər saf türkcənin tərəfdarı olmuşdur. Onun "Əkinçi"sinin dili bütün qafqaz müsəlmanları arasında aydın anlaşılırdı. Hənifə xanım "Əkinçi"də dil məsələlərinin qoyuluşuna və tətbiqinə dair bir sıra konkret məqamlara toxunurdu. Məsələn, diqqətə çatdırırdı ki, Həsən bəy krımlılardan, volqaboyu tatarlarından və sibirlilərdən ərəb dilində məqalələr alırdı. Həsən bəy ərəbcəni yaxşı bilən bir Kazanlı molla tapıb bu məqalələri tərcümə etdirib nümunə kimi müəlliflərinə qaytarır, onlardan ana dilində yazmalarını xahiş edirdi. Bu müxbirlər sonra öz dillərində yazmağa başladılar. Həsən bəy onlara öz ana dilində yazmağı öyrətməklə fəxr edirdi. "Əkinçi" qəzetində Azərbaycan dili ilə əlaqədar məsələlərə ciddi əhəmiyyət və geniş yer verilirdi. Hər şeydən əvvəl, qəzetin redaktorunun, fəal müxbirlərinin dərc olunmuş yazıları özü nümunə idi. İstisna bu ola bilərdi ki, bir sıra hallarda "Əkinçi" sözü, necə deyərlər, "əks cəbhənin" nümayəndələrinə verir, onları "öz dillərində" danışdırırdı.
"Əkinçi"nin fəaliyyət göstərdiyi dövrdə maarifçilik mədəniyyətinin mühüm tərkib hissələrindən biri də kitab çap mədəniyyəti, lazımlı kitabların digər dillərdən türk-Azərbaycan dilinə tərcüməsi idi. Qeyd etmək lazımdır ki, bu məsələlər "Əkinçi"dən sonra da, xüsusilə, XX əsrin lap ibtidasında Həsən bəy Zərdabinin maarifçilik fəlsəfəsində əhəmiyyətli yer tutub.
"Əkinçi"dən bir parça: "Bir neçə ildir Osmanlı dövləti məktəbxanalar açıb hər bir elmi öz dillərində xalqa öyrədir. Çünki onların kitablarını bizim adama oxumaq çətindir, yaxşı olardı ki, bizim millət qeyrəti çəkən qardaşlar bir icma bina edib, ol kitablardan gətirib, bir az dəyişdirib, çapxana açıb, öz dilimizdə çap elədib, xalqa müftə, ya bir az qiymətə paylasın ki, bizim məktəbxanalarda sair kitabların əvəzində ol kitablar oxunsun... Elm kitablarımız olsa, onları oxurlar və necə ki, su damcı-damcı düşmək ilə daşı deşər, habelə o kitabları oxumaqdan elm və ədəb mürur ilə xalqın könlündə nəqş bağlayıb möhkəmlənər".
Həsən bəy Zərdabi fəaliyyətinin bütün dövrlərində, o cümlədən "Əkinçi"nin çıxdığı vaxtlarda xalqın şüuruna təsir etmək, onu avamlıq və xurafat buxovlarından azad etmək, kütlədə milli mənlik şüurunu inkişaf etdirmək məsələlərinə böyük əhəmiyyət verirdi. O, "Əkinçi" qəzeti səhifələrində dünyanın aparıcı ölkələrində çıxan qəzetlər haqqında müntəzəm olaraq məlumat dərc edir, onların çap və yayılma mədəniyyəti barədə şərhlər verir, "Əkinçi"ni bu qəzetlərlə müqayisə edir, müəyyən ziyalı dairələrində təəssübkeşlik hissini oyatmağa çalışırdı.
Həsən bəy "Əkinçi"nin elə ilk nömrəsində bəyan etmişdi: "Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu tövr dünyanın gərdişinə görə gərək habelə öz rəftarını da dəyişdirsin, necə ki məsəldir deyərlər, sən zəmanəyə saz olgunan. Zəmanənin dəyişilməyi, əlbəttə, hər anlıyan kəsə məlumdur və bu tövr zəmanənin dəyişilməyi bizim ilə deyil, həmçinin biz qadir deyilik ki, zəmanəni dəyişilməkdən saxlayaq. Ol kəslər ki, həmişə bizə etibar edib bizim sözlərimizə əməl ediblər, zəmanə dəyişildiyinə görə gün-gündən tərəqqi edib irəli gediblər. Onların belə irəli getməyinə mane olmaq, yəni onları keçən zamanənin qaydası ilə saxlamaq məsləhət deyil ("Daxiliyyə").
Zərdabi göstərirdi ki, "insanın hər bir hərəkəti və fikir dərəcatı beyinlədir və beyin başda və beldə olur, oradan da bədənin hər tərəfinə damarları gedir" ("Əkinçi", 1875, N:5).
Həsən bəy Zərdabi dövrünün şairlərini məzəmmət edərək mənasız şeirlərdən əl çəkib, xalq həyatını əks etdirən şeirlər yazmağı tələb edirdi. Millətin oyanması işində mahnı və nəğmələrin rolundan danışaraq "Əkinçi"də yazırdı: "...Mahnı vacibi şeydir, ona binaən onun mənasını yaxşılaşdırmaq səyinə düşmək lazımdır. Hər taifənin vətəndarlıq və millətin keçmişdə olan yaman və yaxşı günlərini şərh edən mahnıları olur; bu mahnılar ağızdan-ağıza düşüb, milləti birləşdirməyə bais olur. Amma bizim mahnılara baxan gərək təəccüb eyləsin, xudavənda, onları kim və nə üçün düzəldib! Onların çoxunu ki, avam çağırır, heç mənası yoxdur. Məsələn, - Ağacda oturub sərçə, niyə uzunsan, ey küçə; sən harda qaldın ey beçə, ey yar, ey yar, ey qara göz" ("Əkinçi", 1877, N:18).
Uzun illər keçdikdən sonra Həsən bəy "Əkinçi" zamanında bəhs olunan bu məsələni xatırlayaraq, "Bizim nəğmələrimiz" adlı məqaləsində yazırdı: "Keçmişdə "Əkinçi" qəzeti çıxanda ol vəqtin şairlərindən yazıb təvəqqə eyləmişdim ki, bülbülü və gülü tərif və bir-birilərini həcv etməkdən əl çəkib, elm təhsil etməyin nəflərindən və biz müsəlmanlara olan zülmlərin barəsində şeirlər yazıb onları bizim aşıqlara xoş sövt ilə oxumağı öyrətsinlər ki, aşıqlar onları toylarda oxuyub əhalini oyatmağa səbəb olsunlar; onlardan bircə Seyid Əzim Şirvani elm təhsil etməyin nəflərindən bir neçə şeir yazmışdı. Amma qeyr şairlərimizdən heç bir cavab gəlmədi" ("Həyat" qəzeti, 1906-cı il, N:6).
Həsən bəy Zərdabi gənc və tərəqqi yolu ilə gedən insanlara müraciət edərək çətinliklərdən qorxmayaraq Vətənin, millətin maraqlarını üstün tutmağa çalışırdı: "Ey elm təhsil edən cavanlarımız! Doğrudur, bizim Vətən qardaşlarımız ilə üns tutmaq çətindir. Siz danışdığınızı onlar başa düşməyib, əfalınızı şəriətə namüvafiq hesab edib, sizə kafir deyib incidəcəklər! Amma insaf deyil, beş gün ömrün ləzzətindən ötrü milləti, qardaşlarınızı atıb, onları kor və sərgərdan qoyasınız... Qoy şüaralar sizi həcv etsin, mollalar lənət oxusun, avamünas daşa bassın, siz millət üçün zəhmət çəkərsiniz və gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaqlar" ("Əkinçi" qəzeti, 1876-cı il, N:11).
Azərbaycanda maarif carçısı, xalqa istiqamətlənmiş "xitabət kürsüsü" kimi ad qazanmış "Əkinçi" qəzetində türk dilli müsəlman aləmində böyük əks-səda doğurmuşdu. Burada yalnız böyük maarifçi, müəfəkkir, türkçü İsmayıl bəy Qaspıralıya və onun nəşr etdirdiyi "Tərcüman" qəzetinə "Əkinçi"nin, şəxsən Həsən bəy Zərdabinin göstərmiş olduğu müsbət təsirdən bir neçə kəlmə qeyd etmək yerinə düşər. Hənifə xanım Məlikova "Xatirələrində" göstərirdi ki, İsmayıl bəy Qasprinski Krımdan, Baxçasaraydan Həsən bəyə məktub yazaraq "Tərcüman" adlı qəzet buraxmaq istədiyini xəbər verir, həmçinin Həsən bəydən bu işdə ona xeyir-dua verməsini xahiş edirdi. Həmçinin xahiş edirdi ki, Həsən bəy qəzetin idarə edilməsinə rəhbərliyi öz üzərinə götürsün. İsmayıl bəyin məktubu Həsən bəydə bayram əhval-ruhiyyəsi yaratmışdı və Həsən bəy təkrarən Zərdab kəndində yaşadığı vaxtlarda "Tərcüman" qəzetini abunə olaraq alar, özü oxuyar və başqalarına da oxutdurardı.

Ülviyyə Tahirqızı