“Hələ 1995-ci ildən QHT-lər müəyyən fəaliyyət istiqamətləri üzrə öz birliklərini yaratmağa cəhdlər edirdi” Layihə

“Hələ 1995-ci ildən QHT-lər müəyyən fəaliyyət istiqamətləri üzrə öz birliklərini yaratmağa cəhdlər edirdi”

İbrahim Əliyev: "Lakin, adətən, bu birliklər uzunömürlü olmurdu"

Əvvəli ötən sayımızda...
Tarix üzrə fəlsəfə doktoru İbrahim Əliyev əlavə edib ki, müstəqil Azərbaycan Respublikasında QHT-lərin inkişaf dinamikasına diqqət yetirdikdə artıq 1994-95-ci illərdən etibarən ictimai sektorun problemlərinə diqqət yetirilməsini və onların dövlət nəzarətinə götürülməsini müşahidə etmək olar: "Həmin vaxt Heydər Əliyevin rəhbərliyi altında ölkədə sabitliyin təmin edilməsi, ictimai həyatın bütün sahələrində quruculuq işlərinin nizama salınması və sürətləndirilməsi sayəsində beynəlxalq humanitar təşkilatlar Azərbaycanda fəaliyyətlərini genişləndirməyə və öz dayaq nöqtələrini yaratmağa başladılar. Ümumilikdə isə, bu beynəlxalq təşkilatlarin ölkədə fəaliyyət göstərməsi milli QHT-lərin bundan bəhrələnməsi üçün əlverişli şərait yaradırdı. Azərbaycanda QHT-lərin yaradılması və dəstəklənməsi ilə bir sıra beynəlxalq təşkilatlar məşğul olurdular. Milli QHT-lərin gücləndirilməsi istiqamətində aparılan işin nəticələri də artıq 1994-cü ildə özünü göstərməyə başlayırdı.
Beynəlxalq təşkilatlardan Açıq Cəmiyyət İnstitutu Yardım Fondu (Soros fondu), TASİS Fondu, Avrasiya Fondu, İSAR –Azərbaycan, BMT-nin İnkişaf Proqramı (UNDP), Dünya Bankı, Kanada Kooperasiya Fondu və digərləri müxtəlif proqramların maliyyələşdirilməsində yaxından iştirak edirdilər.
Beynəlxalq donor təşkilatlarının maliyyə dəstəyi ilə 1995-1999-cu illərdə milli QHT-lər tərəfindən həyata keçirilən layihələrin əsas istiqamətləri.
Bunlardan əlavə böyük dövlətlərin səfirlikləri qrantlar ayırmaqla QHT-lərin həyata keçirdikləri layihələri maliyyələşdiriblər. Təbiidir ki, bu dövlətlər həmin bu işdə öz konkret maraqlarından çıxış ediblər. Şübhəsiz, onların məqsədlərində Azərbaycanın maraqları ilə uyğun gələn məqamlar çoxdur. Lakin bu fəaliyyətin saf-çürük edilməsinin böyük əhəmiyyəti varr. Buna görə də Azərbaycan hökumətinin həmin münasibətləri tənzimləmək istiqamətində qanunvericiliyi təkmilləşdirməsi vacib idi. İctimai sektorun inkişaf etdirilməsində müəyyən nailiyyətlər olsa da, QHT-lərin üzləşdiyi müxtəlif xarakterli çətinliklər kifayət qədər çox idi". Onun fikrincə, bu çətinliklər onların gündəlik fəaliyyətində və gördükləri işin həcmində və keyfiyyətində özünü qabarıq şəkildə göstərirdi: "Azərbaycan hökuməti milli QHT-lərə hərtərəfli yardım etmək üçün daim yollar axtarır və bu istiqamətdə görülən işlərin miqyasını genişləndirirdi. Onun ictimai sektorun formalaşdırılması və inkişaf etdirilməsi sahəsində siyasəti mövcud reallıqlara söykənirdi. Eyni zamanda, dövlətin həyata keçirdiyi zəruri, lakin qeyri-populyar tədbirlərin bəziləri, bu və ya digər konkret məsələdə mövqeyi heç də həmişə cəmiyyətdə, xüsusən də QHT-lərin bir qismi tərəfindən birmənalı qarşılanmır, bəzən isə müqavimətlərlə müşahidə olunurdu. Azərbaycanın milli qeyri-hökumət təşkilatlarının inkişafına güclü təkan verən addımlardan biri 1997-ci ildə Azərbaycan hökumətinin BMT-nin İnkişaf Proqramı ilə "Azərbaycanda qeyri-hökumət təşkilatlarının institusional inkişafı və vətəndaş cəmiyyəti quruculuğuna kömək" adlı birgə layihə çərçivəsində "QHT-lərin Resurs və Təlim Mərkəzi"nin yaradılması oldu. Fəaliyyət göstərdiyi dövrdə bu mərkəz QHT-lərin təcrübə qazanması, onların kadr potensialının gücləndirilməsi, fəaliyyət istiqamətlərinin formalaşdırılması, əhali arasında QHT-lərin cəmiyyətdə yeri, rolu və əhəmiyyəti barədə geniş maarifləndirmə işlərinin aparılması, QHT-lərin şəbəkələşməsi, daxili və xarici əlaqələrinin nizama salınması baxımından kifayət qədər işlər gördü. Bu mərkəzin dövlətlə birgə əməkdaşlığı sayəsində QHT-lərin fəaliyyət dairəsi və coğrafiyası genişləndi. Onların ayrı-ayrı fəaliyyət sahələri üzrə ixtisaslaşması daha məqsədyönlu və səmərəli işləmələrinə kömək edirdi. Bu məqsədyönlü işin nəticəsində artıq 1999-cu ildə QHT-lərin əksəriyyətinin yönümü daha dəqiq və qəti idi". O, əlavə edib ki, təkcə paytaxtda deyil ölkənin regionlarında da QHT-lər yaranırdı: "Mərkəzin ayrı-ayrı regionlarda fəaliyyət göstərən yerli resurs mərkəzləri ictimai sektorun təşəkkülünə və möhkəmlənməsinə nail olurdu. Mərkəzinin məqsədyönlü işi ictimai sektorda QHT-lərin kooperasiyanın güclənməsində əhəmiyyətli nəticələr verməyə başladı. İlk QHT birliklərinin yaranması, bir tərəfdən, məşğul olduqları problemlərin həllində onların güclərinin birləşdirilməsinə xidmət edirdisə, digər tərəfdən, ictimai sektorun bütövləşərək daha da güclənməsinə kömək edirdi. Mərkəzin fəaliyyəti məhdud bir dövr üçün nəzərdə tutulmuşdu. Bu müddət başa çatdıqdan sonra onun funksiyasını milli QHT assosasiyaları yerinə yetirməyə başladı. 90-cı illərin axırlarında qeyri-hökumət təşkilatlarının yaradılması, istiqamətləndirilməsi və möhkəmləndirilməsi sahəsində əldə olunmuş müsbət nəticələr uzun illər bu sahənin başlıca problemlərindən olan dövlət qeydiyyatı məsələsində əhəmiyyətli dəyişikliklərə şərait yaratdı. 1998-ci ildə "Qrant haqqında" qanunun qəbul edilməsini isə QHT-lərin əsas maliyyə mənbəyinin qanun çərçivəsində tənzimlənməsi baxımından müstəsna əhəmiyyəti oldu". O, əlavə edib ki, bu qanunun qəbulu həmin məsələni hüquqi məcraya salmağa, dövləti və cəmiyyəti narahat edən bir sıra məsələləri tənzimləməyə imkan verdi: "Qrant alınmasının və sərfinin dəqiq çərçivələrinin müəyyənləşdirilməsi ictimai sektorun hüquqi bazasının mükəmməlləşməsində növbəti vacib bir tədbir idi. Onun bəzi müddəaları birmənalı qarşılanmasa da, onlar QHT-lərin fəaliyyətinin Azərbaycan cəmiyyətinin ictimai maraqlarının təmin edilməsinə yönəldilməsi və bu sahədəki mənfi meyllərin qarşısının alınması üçün böyük əhəmiyyət daşıyırdı. Çünki həmin vaxta qədər Azərbaycan əleyhinə açıq şəkildə fəaliyyət göstərən qüvvələr ifşa edilərək neytrallaşdırılmışdılarsa da, ictimai sektorda üstüörtülü şəkildə bu işi davam etdirən və maliyyə yardımları aldıqları bəzi xarici təşkilatların sifarişi ilə ölkəmizə qara yaxan, onun nailiyyətlərinə kölgə salmaq istəyən qüvvələr qalmaqda idi. Adını hüquq müdafiəçiləri qoyaraq, Azərbaycanda qondarma siyasi məhbus siyahıları tərtib edərək, hüquqların boğulması haqqında dünyaya car çəkən, ölkənin xarici düşmənləri, o cümlədən erməni separatçıları ilə işbirliyi qurmağa cəhd edən qüvvələr qanunda olan boşluqlardan istifadə edərək istədikləri kimi fəaliyyət göstərirdilər. Haqqında danışılan qanunlar qəbul edildikcə onların təsir imkanları da zəifləyirdi". O, bildirib ki, hələ 1995-ci ildən QHT-lər müəyyən fəaliyyət istiqamətləri üzrə öz birliklərini yaratmağa cəhdlər edirdi: "Lakin, adətən, bu birliklər uzunömürlü olmurdu. 1999-cu ildə onların da fəaliyyətində müsbət irəliləyişlər müşahidə olunmağa başladı. Həmin dövrdə üçüncü sektorda daha cox diqqəti cəlb edən QHT birlikləri Milli QHT Forumu, QHT Konqresi, Azərbaycanın Gənclər Təşkilatlarının Milli Şurası, Miqrasiya məsələləri ilə məşğul olan QHT-lərin Forumu və Qadın təşkilatları birlikləri və s. idi. QHT birliklərinin üzvlərinin sayı QHT-lərin özləri kimi, onların birlikləri də da çoxsaylı çətinliklər və problemlərlə üzləşirdi. Lakin onların birləşməsi bu çətinliklərin öhdəsindən daha uğurla gəlməyə imkanı verirdi. Bu birliklərin ən parlaq nümunələrindən biri 1999-cu ildə yaradılmış Milli Qeyri-Hökumət Təşkilatları Forumu idi. Onun gərgin işi sayəsində QHT-lərin fəaliyyətini cəmiyyətin daha çox ehtiyac hiss etdiyi istiqamətə yönəltmək, regionlarda QHT təbliği və onun dayaqlarının yaradılması, ictimai sektorunun gücünün və təsirinin artırılması və digər vacib məsələlərdə əhəmiyyətli nəticələr əldə edildi". Onun fikrincə, QHT Forumunun Azərbaycanın regionlarındakı geniş maarifləndirmə və təşkilatlandırma işi diqqəti xüsusilə cəlb edir: "Onun səyi ilə 2002-ci ildə forumun 5 region mərkəzində - Əli Bayramlı (indiki Şirvan), Şəmkir, Mingəçevir, Qəbələ və Quba şəhərlərində QHT-lərin regional təlim və resurs mərkəzləri yaradılmışdı ki, bu da üçüncü sektorun bütün ölkə ərazisində inkişafına əhəmiyyətli kömək edib.
QHT-lər dövlət əhəmiyyətli işlərin, yeni qanunların müzakirələrinə daha fəal şəkildə cəlb olundular. Onlar ictimai sektora aid olan bir sıra qanun layihələrinin hazırlanmasında yaxından iştirak etmiş və qanunvericilik təşəbbüsü ilə Milli Məclisə müraciət etmişdilər.
Qəbul edilmiş yeni qanunlar QHT-lərin normal fəaliyyəti üçün yaradılmış hüquqi bazanı gücləndirdi".