“Lap qədimlərdən müxtəlif mədəniyyətlərin və dinlərin formalaşdığı Azərbaycan...”! Layihə

“Lap qədimlərdən müxtəlif mədəniyyətlərin və dinlərin formalaşdığı Azərbaycan...”!

Məhəbbət Paşayeva: "Spesifik, müxtəlif və zəngin mədəni irsə malikdir"

"Lap qədimlərdən müxtəlif mədəniyyətlərin və dinlərin formalaşdığı Azərbaycan spesifik, müxtəlif və zəngin mədəni irsə malikdir. Azərbaycanın mədəni irsində islamdan əvvəlki inancların izlərinin üzə çıxarılmasında Qafqaz Albaniyası dövrü ölkəmizin tarixində xüsusi yer tutur və böyük əhəmiyyət daşıyır. Azərbaycanlıların mənəvi irsini təşkil edən alban mədəniyyəti və etnosu tarixdə müəyyən transformasiyaya uğrasa da, alban mədəniyyətinin izləri azərbaycanlıların zəngin və qədim ənənələrində, dini ayinlərində, tarixi abidlərində və xalq inanclarında bizim günlərə qədər qorunub saxlanılıb". Bunu tarix elmləri doktoru, professor Məhəbbət Paşayeva bildirib. O, deyib ki, müxtəlif dini dünyagörüşlərinin, xristian və islam dinlərindən əvvəlki inancların qorunub saxlanılması, onların bir-biri ilə çulğalaşması, ümumi sitayiş yerlərinin istər müsəlmanlar, istərsə də xristianlar tərəfindən ziyarət edilməsi və dini mərasimlərin ümumi olması nəticəsində hazırda Azərbaycanda dinlərin sinkretizmi yaranıb: "Azərbaycan əhalisinin dini etiqadından asılı olmayaraq Komrad (Qəbələ), Armatay (Zaqatala), Kürmük (Qax), Kiş (Şəki) kimi qədim alban məbədlərini ziyarət etməsi birmənalı şəkildə təsdiq edir ki, onlar hətta xristian və islam dinlərini qəbul etdikdən sonra da öz qədim adət-ənənələrini unutmayıblar.
Belə ziyarət yerlərindən biri də Qax rayonunda yerləşən Kürmük məbədidir. Qədim alban məbədi Kürmük həm müsəlmanların, həm də xristianların ziyarət yeridir. Erkən orta əsrlərə aid qədim alban ibadətgahlarının izlərini mühafizə edən Kürmük məbədi müxtəlif konfessiyalarlardan olan minlərlə adımın ziyarətgahıdır. Bu məbəd yerli sakinlərin monoteist dinləri - xristianlığı və islamı qəbul edəndən sonra öz qədim inanclar sistemini unutmadığına əyani nümunədir.
Kürmük məbədi erkən orta əsrlərə aid alban monastırının qədim xarabalıqları üzərində ucaldılıb. 2006-cı ildə aparılan arxeoloji qazıntılar nəticəsində məbədin ərazisində qədim tikililərin qalıqları tapılıb. Məlum olub ki, erkən orta əsrlərə (I-III əsrlər) aid bu alban məbədində müxtəlif tarixi dövrlərdə bərpa işləri aparılıb.
Bu arxeoloji məlumatları tarixi və etnoqrafik tədqiqatlar da təsdiq edir. Məsələn, XIX əsrin ayrı-ayrı mənbələri göstərir ki, Kürmük kilsəsinin yaxınlığındakı qayalıq yerlərdə qədim məbədin oyma fraqmentləri qalıb. Yerli əhalinin sözlərinə görə, Kürmük məbədi yaxınlığındakı yüksək qayalıq ərazidə qədim zamanlarda Ay məbədi mövcud olub. Bu qədim ziyarətgah zəmanəmizə qədər gəlib çıxıb. Antik mənbələr, habelə arxeoloji və etnoqrafik tədqiqatlar belə deməyə əsas verir ki, uzaq keçmişdə həmin ərazidə Ay məbədi yerləşib".
Onun fikrincə, Strabon xristianlığı qəbul etməmişdən əvvəl albanların Heliosa (Günəş), Zevsə (Yer və Göy Allahı), o cümlədən İberiya yaxınlığında yerləşən Selena (Ay) məbədinə sitayiş etmələrindən yazır. Strabonun İberiya yaxınlığında göstərdiyi, Selena məbədinin yerləşdiyi yer isə Şəki vilayətidir: "Tarixi etnoqrafik tədqiqatlar onu da göstərir ki, Qafqaz Albaniyasının şimal-qərb ərazisini əhatə edən, əsas siyasi-inzibati mərkəzlərdən biri olan Şəki vilayəti Ay məbədləri ilə zəngin olub. Həmin arealda, müasir Azərbaycanın Şəki-Zaqatala regionunda Ay kultunun izləri bizim günlərədək gəlib çıxıb. Buna paralel olaraq, Azərbaycan Respublikasının şimal- qərb regionunda eramızdan əvvəl III minilliyə aid arxeoloji abidələrdə aypara şəklində başdaşlarının aşkar edilməsi də hələ qədim zamanlarda bu yerlərdə Ay kultuna inancın olmasının əyani təsdiqidir. Bu regionda mövcud olan Komrad, Almatay, Kürmük, Kiş alban məbədləri ilkin təyinatına görə qədim albanların sitayiş etdikləri müqəddəs üçlüyə – Göy, Günəş və Ay allahı şərəfinə inşa edilib, sonralar, erkən xristianlıq dövründə xristian mərasimlərinin keçirildiyi xristian məbədlərinə çevrilib. Arxeoloji və etnoqrafik tədqiqatlar təsdiq edir ki, Armatay, Kürmük, Kiş, Qum bazilikası, girdə planlı Ləkit məbədi kimi erkən xristianlıq abidələrinin çoxu qədim dövrlərdə politeist inancların dini mərasimlərinin keçirildiyi qədim məbədlərin təməlləri üzərində ucaldılıb. Xristianlığın Qafqaz Albaniyasına yayılması və dövlət dininə çevrilməsi zamanı xristianlıqdan qabaqkı ibadətgahların yerlərində xristian məbədləri tikilib. Qədim dini etiqadlarına sadiq qalan ölkə sakinləri həmin ibadətxanaları "ocaq", "pir" adlandırmağa davam ediblər, monoteist etiqaddan qabaqkı inanclarının elementlərini klassik ideologiyaya daxil ediblər. Kürmük məbədi də qədim Ay məbədlərindən birinin yerində inşa edilən erkən orta əsrlərə aid alban tikililərindən biridir.
XIX əsrdə Rusiya İmperiyası Azərbaycan torpaqlarında siyasi hökmranlığını möhkəmləndirmək məqsədi ilə xristianlaşdırma siyasəti yeridir və gücləndirilmiş şəkildə rus pravoslav məzhəbini yaymağa başlayır. Bu məqsədlə 1836-cı ildə Rusiya imperatoru I Nikolayın fərmanı ilə Alban Apostol Kilsəsinin fəaliyyəti dayandırılır. Nəticədə xristian albanlar pravoslav, yaxud qriqorian kilsəsinə üz tutmağa məcbur olur, qriqorianlaşmaya və gürcüləşməyə məruz qalırlar. Həmin dövrdən başlayaraq, Rusiya məmurları müsəlman matrisasını "sıyıqlaşdırmaq" məqsədi ilə alban tayfalarının nəsilləri olan ingiloylar arasında pravoslav kilsəsinin təsirini gücləndirməyə, buna paralel olaraq, onları müsəlman təbəqəsindən qopararaq gürcüləşmə məcrasına yönəltməyə, bununla da onları etnik köklərindən qoparmağa çalışırlar".
O, əlavə edib ki, 1892-1894-cü illərdə qədim Kürmük alban məbədinin yerində pravoslav kilsəsi tikilir: "Pravoslav kilsəsinin məhz qədim alban məbədinin yerində inşa edilməsinin səbəbi lap qədimlərdən region sakinlərinin bu ziyarət yerinə əhalinin axınını təmin etmək, tədricən onlara pravoslav məzhəbini qəbul etdirmək məqsədi daşıyır. Ancaq dini mənsubiyyətindən asılı olmayaraq yerli əhali bu yeri Kürmük məbədi, "ocaq", "pir" adlandırmağa davam edir və burada müxtəlif mərasimlər həyata keçirir. Həmin mərasimlər arasında "Kürmükoba" bayramı diqqəti xüsusi cəlb edir. Həmin bayram barədə XIX əsrin müəllifləri öz əsərlərində yazıblar. Onlar bildiriblər ki, "Kürmükoba" bayramında yerli sakinlər çox vaxt ayrı-ayrı ibtidai dini mərasimləri, habelə qurbankəsmə ayinini icra edirlər.
Hazırda "Kümrükoba" bayramında həm xristian, həm də islam dinlərinin elementləri əksini tapıb, amma bayram prosesində qədim inancların və təbiətlə bağlı mərasimlərin qalıqları daha çox təzahür edir. Lap qədimlərdən təbiətlə bağlı mərasimlərin rəmzi kimi tanınan "Kümrükoba" bayramı prinsip etibarilə Kürmük çayı ilə bağlıdır. Həmin mərasimin aprel və noyabr aylarında, yəni daşqınların çoxaldığı dövrdə keçirilməsi belə düşünməyə əsas verir ki, Kümrük məbədi, habelə "Kümrükoba" ayininin özü regionun həyat mənbəyi olan bol sulu Kümrükçaydan qaynaqlanır. Kümrükçayın ətraf ərazilərə bol bərəkət bəxş edən suları bəzən dağıdıcı daşqınlara çevrilirmiş ki, bu da həmin regionun sakinlərinin şüurunda onun gücünə inam formalaşdırıb. Buna görə də ildə iki dəfə - daşqınların çoxaldığı erkən baharda və payızda Kürmükçayın şərəfinə mərasim həyata keçirilir. "Kümrükoba" ifadəsinin tərkibindəki "oba" sözü bayramın lokal xarakter daşıdığını göstərir. Məlum olduğu kimi, Azərbaycanda patronomik birliyi göstərən terminlərdən biri olan "oba" bu bayramın yalnız həmin xoronimin, yəni Kürmükobanın - Kürmük diyarının, Kürmük çayı yaxınlığındakı yerin bayramı olduğunu göstərir".
Onun fikrincə, amma son illər gürcü pravoslav kilsəsinin Kürmük məbədinin adını dəyişdirib Müqəddəs Georgi kilsəsi qoymağa, paralel olaraq, qədim mərasimin – təbiətin qüdrətinə həsr olunmuş "Kümrükoba" bayramının ilkin mahiyyətini təhrif edərək, onu "Müqəddəs Georgi Günü" bayramı adlandırmağa əsassız cəhdləri getdikcə güclənir: "Bu bayramı Müqəddəs Georginin doğum günü şərəfinə dini mərasim kimi təqdim etməyə çalışan Gürcüstan tərəfi hamıya aydın olan sadə həqiqəti, məhz xristian dinində hər hansı şəxsin şərəfinə olan heç bir bayramın ildə iki dəfə keçirilmədiyini unudur. Gürcüstan tərəfinin "Kürmükoba" bayramına xristian xarakteri vermək, onu "Müqəddəs Georgi Günü" kimi təqdim etmək cəhdləri boşdur və "sabun qovuğuna" bənzəyir. Qaxlılar üçün isə bu bayram həmişə "Kürmükoba" bayramı olaraq qalır və onlar bayram zamanı müqəddəs yer kimi məbədi ziyarət edirlər. "Kürmükoba" bayramına dini etiqadından asılı olmayaraq yaxınlıqdakı regionlardan minlərlə zəvvar axışıb gəlir. Tarixinə sadiq qalan insanlar bayram zamanı xristian dinindən əvvəlki inancların izlərini qoruyub saxlayan dini ayinləri - Aya, Günəşə və təbiətə sitayiş ayinlərini icra edir, ağacların budaqlarına parça qırıntısı bağlayır, qaya daşlarında şam yandırır, ürəklərində arzu tutur, məbədin həyətində xoruz, toyuq və hətta qoyun kəsirlər ki, bu da dini sinkretizmin mühüm əlamətlərindən biridir.
Bu bayramda dini mənsubiyyətindən asılı olmayaraq geniş kütlələrin, yəni həm müsəlmanların, həm də xristianların iştirak etməsi həmin mərasimin qədim ibtidai köklərə malik olduğunu birmənalı şəkildə təsdiq edir. Kürmükçayın qüdrətinin bayram edilməsi rəmzi olan "Kürmükoba" bayramı özünün bütün tarixi ərzində ilkin mahiyyətini, Ay və Su kultu ilə bağlı olan qədim məhsul mərasimi izlərini qoruyub saxlayıb. Regionun yerli əhalisi qədim alban mədəniyyəti matrisasına söykənən ümumazərbaycan ənənələrini də əbədiləşdirib və əsrlərin sınağına baxmayaraq, Azərbaycan tarixinin ən erkən mərhələlərində formalaşan qədim dünyagörüşünü qoruyub saxlaya bilib".

Əli