Multikulturalizmlə bağlı həyata keçirilən tədbirlər Layihə

Multikulturalizmlə bağlı həyata keçirilən tədbirlər

II yazı

Yanvarın 15-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, sözügedən Mərkəzin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev "Dədə Qorqud" fondunun prezidenti, "Azərbaycan dünyası" beynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılov, rejissor Ziya Şıxlinski və "Mir" Dövlətlərarası Televiziya və Radio Şirkətinin şef-redaktoru Elvira Xusainovadan ibarət ziyalı heyəti ilə görüşüb. Dövlət müşaviri qonaqları salamlayaraq BBMM-də mütəmadi olaraq tanınmış elm, ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri ilə görüşlərin keçirildiyini vurğulayıb: "Sərəncamdan irəli gələn məsələləri, qarşımızda duran vəzifələri aydın şəkildə dərk eləyib ziyalılarımızla görüşürük ki, özündə başqasının halına acıma, mərhəmət, şəfqət, başqasının problemini özününkü kimi qəbul eləmək qabiliyyəti və bacarığını ehtiva eləyən multikulturalizm, tolerantlıq istiqamətində mühüm işlər həyata keçirək və gələcəkdə də birgə şəkildə daha hansı işləri görə biləcəyimizi müzakirə edək. Buradakı qonaqlar hər biri öz sahəsində böyük işlər görür. Mənə elə gəlir ki, biz fəaliyyətimizdə ümumi oxşar cəhətləri tapıb inkişaf elətdirsək və daha aydın, daha konkret perspektivlərə çıxa bilsək, hamımız bundan ancaq mənəvi cəhətdən qazanmış olarıq. Ən əsas işlərimizdən biri - ölkə rəhbərinin də təqdir etdiyi layihəmiz - xarici ölkələrdə "Azərbaycan multikulturalizmi" fənninin tədrisidir. Bu fənn bu gün Portuqaliyada, Almaniyada, İsveçrədə, İtaliyada, Rusiyada, Çexiyada, Gürcüstanda, Litvada, Belarusda, Bolqarıstanda keçilir və bu fənnin tədrisi perspektivdə də bir çox ölkələrdə nəzərdə tutulub. Adıçəkilən ölkələrdə bu fənn artıq ikinci semestrdir ki, tədris edilir. "Multikulturalizm ili"ndə yeni nailiyyətlər qazanmaq üçün ziyalılarımızın ideyaları, təkilfləri və dəstəyi bizim üçün çox önəmlidir". Mərkəzin icraçı direktoru Azad Məmmədov və Aparat rəhbəri Aytən Qəhrəmanın da iştirak etdiyi görüşdə qonaqların təmsil olunduqları qurum və təşkilatların "Multikulturalizm ili"ndə BBMM-lə birgə əməkdaşlıq perspektivləri müzakirə edilib, təkliflər dinlənilib".
Yanvarın 18-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə "20 Yanvar sınağı: Azərbaycançılıq nümunəsi" adlı dəyirmi masa keçirilib. Tədbirin moderatoru Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Azad Məmmədov Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cu ilin 20 Yanvar hadisələrini həmin gün Azərbaycan xalqına qarşı sovet imperiyası rəhbərliyinin həyata keçirdiyi hərbi təcavüz, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi xarakterizə edib.
Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının prorektoru Əlikram Abdullayev, Prezident Administrasiyasının millətlərarası münasibətlər, tolerantlıq və multikulturalizm məsələləri üzrə müşavirliyinin baş məsləhətçisi Etibar Nəcəfov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlı, millət vəkilləri Aydın Mirzəzadə, Cavanşir Paşazadə, Qafqaz müsəlmanları idarəsinin sədr müavini Qəmərxanım Cavadzadə, Rus pravoslav kilsəsi yeparxiyası nümayəndəsi Konstantin Ata, Avropa yəhudiləri icmasının rəhbəri Gennadiy Zelmanoviç, Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, AMEA Kimya İnstitutunun direktoru Vaqif Abbasov, udin icmasının rəhbəri Robert Mobili, "Samur" Ləzgi Milli Mərkəzinin rəhbəri Sədaqət Kərimova, "Talış" Mədəniyyət Mərkəzinin sədri Rafiq Cəlilov və başqaları çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüblər. Çıxışlarda vurğulanıb ki, milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib: " 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Həmin gün Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri Azərbaycan uğrunda, azadlıq uğrunda şəhid olmağa hazır olduqlarını göstərdilər. Bu ölməz qəhrəmanlıq Azərbaycan multikulturalizminin böyük tarixi köklərə malik olduğunu bir daha nümayiş etdirdi".
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təqdim etdiyi digər xəbərlərdən bir neçəsinə də diqqət yetirək: "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi "Azərbaycan Multikulturalizmi" mövzusunda səyyar mühazirələrini davam etdirir. Bu qəbildən növbəti mühazirə martın 18-də (2015 ci il-red.) Ali Hərbi Məktəbdə baş tutub. Akademiyanın professor-müəllim heyəti və müdavimlərinin iştirak etdiyi tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin baş məsləhətçisi, tarix üzrə fəlsəfə doktoru Rəşad İlyasov olkəmizdə multikulturalizmin çağdaş tarixi-siyasi reallıqları barədə danışıb. Mərkəzin əməkdaşı multikulturalizmin müasir cəmiyyətlərin ideya-siyasi, sosial-mədəni və digər aspektlərdə tərəqqisini təmin edən aktual sahə olduğunu bildirib. Natiq qeyd edib ki, multikulturalizmi başlıca siyasi prioritetlərindən birinə çevirən Azərbaycan dövləti ölkəmizdə tarixən formalaşan çoxmədəniyyətlilik situasiyasının dayanıqlığını təmin etməklə yanaşı, bunun dünya siyasətinə dəyərli bit töhfə olaraq təqdim edilməsi isitiqamətində xeyli əhəmiyyətli təşəbbüslər irəli sürür. Bildirək ki, "Azərbaycan Multikulturalizmi" proqramı 2015-ci ilin əvvəlində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilib. Mühazirə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ölkəmizin müxtəlif bölgələrində il boyu davam edəcək "Azərbaycan Multikulturalizmi: səyyar dərslər" layihəsi çərçivəsində həyata keçirilib.
III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən çox ölkədən rəsmi şəxslər, bir sıra beynəlxalq təşkilatların rəhbər şəxsləri, 50-yə yaxın ölkədən nazir, nazir müavinləri, millət vəkilləri, nüfuzlu din xadimləri, beyin mərkəzlərinin və media qurumlarının təmsilçiləri, diplomatlar və səfirliklərin əməkdaşları olmalqa ümumilikdə 700 nəfərdən çox xarici ölkə nümayəndəsi iştirak edib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəvəti ilə sözügedən Foruma ABŞ-nın Los Angeles şəhərində yerləşən Simon Vizental Mərkəzinin Beynəlxalq Dinlərarası Münasibətlər üzrə məsləhətçisi Annette Blum da qatılmışdı".
ABŞ-dakı Simon Vizental Mərkəzinin Beynəlxalq Dinlərarası Münasibətlər üzrə məsləhətçisi Annette Blum Amerikada çıxan "The Huff Post" qəzetində Azərbaycanın tolerantlıq və multikulturalizm səhəsində təcrübəsini əks edən "Bakı, Dialoq və Sülh üçün Unikal Geosiyasi Mühit" adlı bir məqalə dərc etdirib. Məqalədə deyilir: "Oskar Uaylda məxsus belə bir aforizm var: "Həyat incəsənəti daha çox təqlid edir, nəinki, incəsənət həyatı". Əslində demək olar ki, müasir dövrümüzdə incəsənət xəyallarımızın mahiyyətini və ya yeni və olduqca yaradıcı olan anlayışların dərk edilməsi və formalaşdırılmasını müxtəlif şəkildə təcəssüm və təqdim edə bilir. Bu növ bədii prosesin ən bariz nümunəsi dialoqdur. Dialoq bəzən yaradıcılıq forması kimi özünü büruzə verən, lakin xarakter etibarilə, bəlkə də ən geniş yayılmış və ən təsiredici ifadə vasitəsi olan paylaşma və ünsiyyət prosesidir. Dialoqun incəsənət və innovasiyadakı gücünün sübutu bədii və ictimai fəaliyyətin, o cümlədən sosial ədalətin kəsişməsində özünü göstərir; bütün dünyada birlikdə fəaliyyət göstərən və bu əməkdaşlığın qavranılması məqsədilə dəyişikliyə təsir etmək üçün strateji alyanslar yaradan sektorlar əsas istiqamət təşkil edirlər.
Bütün dünyada sülhə dəstək olan bir mexanizm kimi dialoq aparmaq potensialında olan aktivistlər, rəssamlar və dindarlar üçün bu işlərin qlobal səviyyədə dərk olunması əhəmiyyətli dəyişikliyə təsir etmək baxımından zəruridir. Bəs bu perspektivli istiqamətlərin reallaşdırılmasında bizə kömək etmək üçün dialoqun rolu nədən ibarətdir? Daha da təkmilləşmək, insan fəaliyyətinin və sülhü bərpa edən və qoruyan potensial sistemlərin daha yaxşı modellərini yaratmaq üçün biz hansı nümunələri araşdırmalı və onlardan nəticə çıxarmalıyıq? Dünya dinləri ilə əlaqəli təşkilat olan "Dinlər sülh üçün" təşkilatının daxil olduğu QHT-lər üçün bir aktivist, eyni zamanda incəsənət sahələrində aktivizmin tərəfdaşı və dəstəkçisi kimi bu sual mənim üçün əhəmiyyət kəsb edir. Azərbaycana, Bakıya son səfərim zamanı baş verən proseslərdə bu xüsusiyyəti görmək imkanına malik oldum.
2015-ci ildə Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumunun panelisti və iştirakçısı kimi mən dialoqun keyfiyyətlərinin və xüsusiyyətlərinin multikulturalizm və sosial harmoniyanın standartlarına və xarakterinə necə kömək etdiyi barədə məlumat vermək məqsədilə həmkarlarından və liderlərdən ibarət böyük bir beynəlxalq qrupa qoşuldum. Səfərimdən öncə mən Azərbaycan haqqında bir-birinə zidd olan fikirlər eşitmişdim, lakin buna baxmayaraq müəyyən səbəblərdən iştirakla bağlı dəvəti böyük məmnuniyyətlə qəbul etdim.
Hər şeydən öncə diqqətimi çəkən maraqlı məqam ondan ibarət idi ki, İslam dünyasında ilk dünyəvi demokratiya 1918-ci ildə məhz Azərbaycanda yaradılıb. Bundan əlavə, mühafizəkar və bəzən də radikal ideologiyalarla əhatə olunmasına baxmayaraq Azərbaycan qadınlara səsvermə hüququnu 1919-cu ildə verib. Bu hadisə Birləşmiş Ştatların qadınlara cəmiyyətdə və rəhbərlikdə onların rolunun zəruriliyini göstərən həmin vacib hüquqların verilməsindən bir il öncə baş verib.
Nəhayət, Azərbaycana səfərlə bağlı dəvəti qəbul etməyimin üçüncü səbəbi Azərbaycanın İsraillə dostluq münasibətlərinin uzunmüddətli tarixə malik olmasıdır. Bu iki ölkə dünya ilə bağlı ortaq fikrə sahibdir və onların müxtəlif güclü dəyərləri var. Mən Bakıda olarkən "Simon Wiesenthal" Mərkəzindəki həmkarım Ravvin Kupper ilə birlikdə yəhudi icmasına və sinaqoqa baş çəkdim. Yəhudi icması müsəlmanların çoxluq təşkil etdiyi Bakıda dinc şəraitdə yaşayır... Azərbaycan bütün dini əqidələrdən və mədəniyyətlərdən olan insanların azad yaşadığı və bərabər imkanlara malik olduğu bir dövlətdir".

Uğur