İnternet mediasında azadlıq Layihə

İnternet mediasında azadlıq

İnternetdə bloggerin və jurnalistin statusları fərqlidir

İndi elə bir ev, elə bir ailə yoxdur ki, orada internetdən, kompüterdən xəbərsiz insanlar olsun. Bir zamanlar necə ki, evimizi öncə radiosuz, sonra televizorsuz təsəvvür edə bilmirdik, müasir dövrdə də həyatı kompüter və bütövlükdə İKT-siz təsəvvür etmək mümkün deyil. Kompüterlə birlikdə sosial şəbəkələr, e-poçt, müxtəlif internet resurslarında müzakirə imkanları, köhnəlmiş də olsa forumlar az qala hər evə daxil olmuş yeni texnoloji vasitələrdir. İnternet həm də yeni bir jurnalistika növünü - onlayn jurnalistikanı ortaya çıxarıb. Yeni media mühiti adlandırdığımız bu məkanda etik davranış normalarının pozulması hallarına da sıx-sıx rast gəlirik.
Bu gün biz rəqəmsal məkanda - internet və özəlliklə sosial şəbəkələrdə rastlanan etika problemlərindən bəhs edəcəyik. Bu problemlər nələrdir?
1. Sosial şəbəkələrdə öz profilində başqasının şəklini yerləşdirmək. Bunu həmin şəxsin icazəsi olmadan yerləşdirmək düzgün deyil. Əgər o, bunları kiməsə göstərməyi lazım bilərsə, yəqin ki, özü yerləşdirərdi.
2. Sizə açıq, lakın başqaları üçün qapalı olan profildən informasiya və fotoların digər şəxslərə ünvanlanması. Dostlarınız bu materialları kimin görəcəyini özləri müəyyənləşdirməlidirlər.
3. Başqa insanların şəxsi məlumatlarına əsasən qeydiyyatdan keçmək. Əgər internet istifadəçiləri öz adını yazmaq istəmirsə, şərti adlardan istifadə etməlidirlər. Ən yaxşı halda foto yeri boş saxlanmalıdır, başqalarına aid fotolardan istifadə edilməməlidir. Şəklin yüklənməsi tələb edilir və zəruridirsə, məşhur insanların fotolarından istifadə etmək mümkündür.
4. Profildə ali təhsil və ya iş yeri haqqında qeyri-dəqiq məlumatların göstərilməsi. Tanış və kolleqalarınız sizin barənizdə axtarış verəndə narahatlıq hiss edə bilərlər. İş yerinizi yaxud ali təhsil aldığınız yeri yazmaq istəmirsinizsə, boş saxlamaq mümkündür.
5. Ümumi istifadə üçün nəzərdə tutulmayan məlumatların yerləşdirilməsi. Şəxsi yazışmalar funksiyasından istifadə edilə bilər.
6. Şərti adlardan istifadə edərək yalan məlumat ünvanlanması. Nəzərə almaq lazımdır ki, şərti adlar şəxsi məlumatların müdafiəsi üçün yolveriləndir, həmsöhbətin aldatılması üçün nəzərdə tutulmamalıdır.
7. Dostluğa qəbul etməyən şəxslərə qarşı aqressivlik. Ola bilər ki, istifadəçi öz şəxsi məlumatlarının sizə açıq olmasını istəmir. Buna sakit münasibət bəsləmək lazımdır.
8. Həhayət, məzmun və xəbərlərlə bağlı etika problemləri. Bu, daha geniş və ətraflı izah tələb edən mövzudur.
Yeni media mühitinin formalaşması ilə informasiyanın əldə olunması metodlarının dəyişməsi, redaksiya müstəqilliyi, redaksiya nəzarətindən uzaq olmaq, interaktivlik, sürət kimi imkanlar müəllif hüquqlarının pozulması, mənbəyə etibarsızlıq, rəqəmsal manipulyasiya, nifrətə söykənən və aqressiv məzmun və s. kimi problemləri də bərabərində gətirib. Əslində bunların əksəriyyəti ənənəvi jurnalistikada da yaşanan problemlərlə üst-üstə düşür.
Yeni media mühitində ənənəvi media nümunələrinin seçilməsi, oxucu qazanması və tirajı qoruyub saxlaması ciddi problemə çevrilib. Bu səbəbdən ənənəvi media sosial şəbəkə və bloqlarla əməkdaşlıq etmək, işləmək məcburiyyətində qalır. Bu isə ənənəvi media üçün vacib hesab edilən peşə etikası qaydalarının ciddi deformasiyaya məruz qalmasına səbəb olur. Bunun nəticəsində xəbər portallarında yoxlanılmayan məlumatlar, bloq xəbərlərindən istifadə, sosial şəbəkələrdə şaiyə və mənbəyi bilinməyən xəbərlər baş alıb gedir. Üstəlik xəbərlərə yazılan "oxucu statusları" vəziyyəti lap qəlizləşdirir. Bu statuslar isə jurnalistlər üçün heç də ürəkaçan olmur.
Azərbaycanda yeni medianın ortaya qoyduğu etik fəsadlarla Avropa hələ 90-cı illərdə üz-üzə qalıb. İnternetdə etik prinsiplərin qorunması və əməl olunması üçün müxtəlif "reseptlər" təklif olunsa da son nəticədə vahid fikrə gəlmək mümkün olmayıb. İnternetdə etik tənzimlənmə ilə bağlı ilk cəhdlər internetin "qədim" vaxtlarında mövcud olub. "Netiket" adlandırlan bu qaydalar toplusu 80-ci illərdə populyar olan "Fidonet" şəbəkəsinin üzvləri tərəfindən müəyyənləşib. Sonralar şəbəkənin inkişafı nəticəsində bu qaydalar dəyişikliklərə uğrayıb.
Bəzi insanlar düşünür ki, əgər bir adamla üz-üzə deyilsənsə, ona nə istəsən və necə istəsən deyə bilərsən. Bu məsələlər ilə məşğul olan, yaxud dai İnternetdə qaydaları tənzimləyən qaydalar toplusuna "netiket" deyilir. Amma internet istifadəçilərinin çoxunun netiketdən xəbəri yoxdur.
"Netiket" iki sözün - "net" və "etiket" sözlərinin birləşməsindən yaranıb. "Net" anlaşıldığı kimi "şəbəkə" anlamı verir, "etiket" isə ümumiləşdirilmiş şəkildə davranış qaydaları toplusudur. Belə olduğu halda "netiket" şəbəkədə davranış qaydaları toplusu kimi anlaşılır. Elə "netiket"in rəsmi izahı da bu cür verilir: "Netiket Usenet, xəbər göndərişləri, bloqlar, forumlar və s. şəbəkələr üzərində ünsiyyət mədəniyyətini tənzimləyən ictimai razılaşma toplusudur".
Elə problem yaradan da bu ictimai razılaşma məsələsidir. Əgər insanlar ictimai davranış qaydalarından xəbərdar deyilsə, ictimai məsuliyyətin nə olduğunu bilmirsə, düşünürlər ki, əgər üz-üzə deyilsənsə, xəttin o başındakına nə istəsən deyə bilərsən. İnternetlə bağlı ilk etik kodeks "RFC1855" (Request for Comments) 1995-ci ildə Beynəlxalq "İnternet Sosiety" Təşkilatı tərəfindən dərc olunub. Bu kodeksə şəbəkə istifadəçiləri arasında bir sıra situasiyaları dəyərləndirmək, şəxsiyyət əleyhinə təhqir, yalan informasiya, plagiat və reklama qarşı mübarzə və s. daxil idi.
Bir neçə il əvvəl isə Web.2.0 konsepsiyanın müəllifi Tim Oreyli və Vikipediya sisteminin yaradıcısı Cimmi Uels tərəfindən "Bloggerin Davranış Kodeksi"i təqdim olundu. Kodeks 7 bənddən ibarətdir. Ən mühüm cəhətlərindən biri "Yolverilməz məzmun" anlayışındadır. Bu anlayışa görə, informasiya - əgər insanı təhqir və təhdid edirsə, yalandırsa, müəllif hüququnu pozursa, məxfilik öhdəliyini dağıdırsa, üçüncü tərəfin şəxsi həyatına müdaxilə edirsə "yolverilməz məzmun" sayılır.
Ölkəmizdə də internet mediada etik davranış qaydalarının formalaşdırılması aktual məsələdir. Bu baxımdan düşünürük ki, "Onlayn media və şəbəkə resurslarının etik davranış kodeksi" yaradılmalıdır. Bu kodesk, onlayn jurnalistlərin işini xeyli asanlaşdıracaq. İkincisi, onlayn jurnalist və bloggerin statusunun müəyyənləşdirilməsi onların digər şəbəkə fiqurlarından ayırd edilməsinə kömək edəcəkdir.
İnternetdə jurnalist statusunun müəyyən edilməsindəki problem bir sualı açıq qoyur: şəbəkədə yazan kimləri jurnalist hesab etmək olar? Bloqerin yazdığı yazıya görə məsuliyyəti jurnalistdən tam fərqlidir. Bu onların cəmiyyət qarşısında sosial məsuliyyətindəki fərqindən irəli gəlir. İndiki anlamda jurnalist bloggererdən fərqli olaraq yazılarına görə, qanun və peşə etikası kodeksi qarşısında məsuliyyət daşıyır. Eyni zamanda "vətəndaş jurnalistikası" statusunda yazan blogger azad söz huququnu əldə bayraq tutaraq operativ şəkildə informasiya yaya bilər. Lakin burada jurnalist və bloggerin yaratdığı məzmunu müqayisə edərkən birincinin peşə fəlaiyyətini ortaya qoyduğunu, ikincinin isə həvəskar kimi çıxış etdiyini demək olar.
Amma burada bir məsələ açıq qalır. Tutaq ki, jurnalist səhv məlumatı yayıb və bundan sonra yazıda düzəliş edib, təkzib verib. Çap mediasında bunun sxemini təsvir etmək asandr. Səhəri gün səhv getmiş yazının təkzibini kağızda vermək mümkündür. Amma internetdə bunu təsəvvür etmək olmur. Əgər bu yanlış xəbər onlayn portaldan "copy paste" edilərək qarşısıalınmaz formada yayılıbsa bunu necə tənzimləmək mümkündür? Redaksiya hətta bu yalan məlumatı portaldan silsə belə xəbər internetdə həmişəlik qalır. Odur ki, internet şərtləri daxilində etik pozuntunu ləğv etmək imkanları hələ xeyli dumanlı qalıb.
Müəlliflik hüquqları internetdən çox-çox öncə yaradılmışdır və heç də həmişə hər hansı bir sürəti çıxarılmış, mənbəsi redaktə olunmuş əsərlərin hüquqi cəhətdən düzgün şəkildə internetdə yayılmasına imkan vermir. Universal çıxışa nail olmaq üçün kimsə bizə pulsuz, ictimai və standartlaşdırılmış şərait yaratmalıdır ki, hansı ki, internet reallıqları və müəlliflik hüquqları reallıqları arasında balans yarada bilsin. Bu kimsə, elə "Creative commons"dur.
"Creative commons" müəllif hüquqlarını qorumanın yeni sistemidir. Yaradıcı insanlara başqalarının onların işindən necə istifadə edə biləcəyinin yolunu göstərir. Lisenziya, "Creative Commons İnterneyşnl" tərəfindən hazırlanıb. Əsərlərini internet vasitəsilə nümayiş etdirən yaradıcı insanlara öz müəlliflik hüquqlarını qorumağa və əməkdaşlıq qurmağa kömək etməyi nəzərdə tutur. Bunun nəticəsində həm internet resurslarının həcminin artırılması, həm də əqli mülkiyyət məhsullarına daha ucuz çıxış imkanı yaradılması nəzərdə tutulur.
Onu da qeyd edək ki, sosial media hökumətlərin mühüm sosial kommunikativ ünsiyyət vasitəsi kimi qəbul olunur. "İREX-Azərbaycan"ın direktoru Ancela Nikoara sosial media tərəfindən informasiya toplanmasının əsas problemləri kimi informasiyanın dəqiqliyini, səhihliyini, müəllifin təhlükəsizliyini, hüquqi bazanı, jurnalistlərin işinin yaradıcılıq nöqteyi-nəzərdən təşkilini göstərib.
"Jurnalist balans, obyektivlik, dəqiqlik, dürüstlük prinsiplərinə riayət etməlidir", deyə İREX-in Yeni Media layihəsinin rəhbər müavini Ələsgər Məmmədli bildirib.
Ekspert sosial medianın rolunun, ənənəvi KİV-də onlara istinadların artdığını etiraf etsə də, sosial mediada etik normaların hələ də formalaşmadığını vurğulayıb: "Bizdə ənənəvi mediada balans, dürüstlük problemi mövcud idi, indi də bu problem sosial şəbəkələrə keçib".
Qafqazinfo.az informasiya saytının redaktoru Elbrus Erud sosial şəbəkənin əsas problemlərindən biri kimi müəllif hüquqlarının pozulmasını göstərib: "Çox vaxt biz xəbər, məqalə yerləşdirən kimi onlardan başqa resurslar ilkin mənbəyə istinadsız istifadə edir".

Cavid