Qloballaşma dövründə dinlərarası və mədəniyyətlərarası dialoq Layihə

Qloballaşma dövründə dinlərarası və mədəniyyətlərarası dialoq

(əvvəli ötən sayımızda)

Bakıda keçirilən və 250-dən çox nümayəndəni əhatə edən 115 konfransda Avropa Şurasının üzvü olan ölkələrdən başqa, İslam ölkələrinin (İSESKO və ALESKO-nun) yüksək rütbəli rəsmiləri, müxtəlif beynəlxalq qeyri-hökümət təşkilatlarının təmsilçiləri o cümlədən, 16 nazir, 18 nazir müavini, 10 beynəlxalq təşkilatın rəhbəri iştirak edib. Qeyd edək ki, müzakirə olunan mövzuların mahiyyətinə, iştirakçıların tərkibi, əhatə olunan regionların miqyasına görə Bakıda keçirilən bu konfransı Avropa və İslam ölkələrinin tarixində mədəniyyətlərarası dialoq mövzusunda ilk beynəlxalq tədbir kimi dəyərləndirmək olar. Konfransda müzakirə olunan mövzular, əsasən, iki istiqaməti əhatə edib. Bunlar aşağıdakılardan ibarətdir:
– Mədəniyyət siyasəti və mədəniyyətlərarası dialoq: müxtəlif mədəniyyətlərin idarə edilməsinə dair yeni konsepsiya;
- İrs və mədəniyyətlərarası dialoq: hamımız birgə milli irsdən dünyəvi irsə doğru;
Bu mövzuları müzakirə edən konfrans iştirakçıları belə qərara gəlmişlər ki, millətlərarası dialoqa və regionların davamlı inkişafına təkan verən amillərdən biri millətlərin bütün dəyərlərini göstərən milli irsdir. Milli irsin qorunub saxlanılması isə hər bir millətin və xalqın prinsipial məsələsidir. Şərqlə Qərb arasında körpü rolu oynayan Azərbaycanın mədəniyyətlərin dialoqunda mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan AŞ-nın sabiq baş katibi T.Devis konfransdakı çıxışında deyib: "Bakı, Azərbaycan qeyri-adi bir məkandır. Bura tarix boyu müxtəlif mədəniyyətlərin qovuşma nöqtəsi, Şərq və Qərb, Şimal və Cənub arasında təbii bir körpüdür."
Tarixi reallıq göstərir ki, hər hansı bir xalq, hər hansı bir millət o halda mövcud olub inkişaf edə bilir ki, həmin millət və xalqlar öz mədəniyyətinin özünəməxsusluğunu itirmədən, öz mədəni identikliyini qoruyub saxlamaqdadır. Bu baxımdan bütün xalq və millətlər öz mədəni sərvətlərini başqa xalqlarla mübadilə edərək qarşılıqlı fəaliyyət əsasında ömür sürürlər. Buradan belə çıxır ki, tarixdə ayrı-ayrı ölkələr, xalqlar, sosiumlar və ayrı-ayrı şəxslər bəşəriyyətin mədəniyyətlə bağlı olan dialoq fəaliyyətinin konsepsiyasını hazırlamağa və onu həyata keçirməyə həmişə israrla səy göstəriblər. Tarixi inkişaf prosesində kulturoloji nəzəriyyələrin, bütövlükdə müxtəlif mədəniyyətlərin biri-birinə təsirində dialoq amili mühüm rol oynayıb. Məhz dialoq vasitəsilə 117 ayrı-ayrı xalqların mədəniyyətləri öz milli xüsusiyyətlərini saxlamaq şərtilə biri-birini zənginləşdirmiş və inkişaf etdirib. Dialoq anlayışının fəlsəfi mahiyyətini şərh etmək üçün, hər şeydən əvvəl monoloq və poliloq anlayışına diqqət yetirmək lazımdır. Monoloq dedikdə bir nəfərin müəyyən fikir irəli sürməsi, yaxud fərdin özünə, ya da ki bir qrup dinləyicilərə müraciəti başa düşülür. Poliloq – iki nəfərdən çox tərəflərin müəyyən ünsiyyət prosesində iştirakıdır. Dialoq ünsiyyət prosesində iki, yaxud daha çox fərdlərin bir-biri ilə fakir mübadiləsinə deyilir. Rus alimi f.e.d., professor V.M.Pivoyev dialoqu fəlsəfi anlamda şərh edərək yazır ki, dialoqda ünsiyyətin iki subyekti, iki "şüuru" iştirak edir və onlar öz fikirlərini ifadə etmək, bir-birini başa düşmək və anlamağa nail olmağa çalışırlar. Hər bir dialoq iştirakçısı üçün vacib şərt birincisi, öz fikrinin başqası tərəfindən eşidilməsi, sonra isə başqasını düzgün anlamaq arzusudur. Dialoq "özünün" və "özgənin" şüurunun dialektik ziddiyyətidir. Dialoq – hər biri ayrı-ayrılıqda mövcud olan, biri-digərindən asılı olmayan "özgəni" anlamağa və onun fikrini mənimsəməyə, "özünün fikrinin suverenliyini saxlamağa cəhd edən prosesdir. Biz dialoq anlayışını əgər mədəniyyətə tətbiq etsək V.M.Pivoyevin yuxardakı fikri ilə razılaşmamaq mümkün deyildir. Tarixi təkamül prosesində bütün mədəniyyətlər qarşılıqlı təsir nəticəsində bir-birini zənginləşdirmişdir. Bu qarşılıqlı təsir prosesi eyni regionda yerləşən və bir-birinə qonşu olan xalqların mədəniyyətində daha çox özünü göstərib. Məsələn, Qərbin və Şərqin təsiri ilə formalaşan Rusiya mədəniyyətinin inkişafını buna misal göstərmək olar. Bu fikri Azərbaycan mədəniyyətinə də aid etmək olar.
Belə ki, Şərq və Qərbin qovuşuğunda yerləşən Azərbaycanın mədəniyyətinin formalaşması və inkişafında həm Şərq, həm də Qərbin təsiri tarixən özünü göstərib. Tarixən həm Şərq, həm də Qərb sivilizasiyası ilə bağlı olan Azərbaycan indiki dövrdə də, həm Qərb, həm də Şərq mədəniyyətinin daşıyıcısı kimi çıxış edir. Bu fikri əsaslandırmaq üçün Azərbaycan Prezident İlham Əliyevin 7-9 aprel 2011-ci il tarixində Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında söylədiyi fikirlərə diqqət yetirək. Forumdakı çıxışında Azərbaycanın İslam dünyasının, Şərq mədəniyyətinin tərkib hissəsi olduğunu vurğulayan Prezident bu haqda deyib: "Azərbaycan İslam dünyasının tərkib hissəsidir. İslam dəyərləri, milli dəyərlər bizim üçün çox əzizdir. Müstəqillik dövründə Azərbaycan çox böyük və uğurlu yol keçib. Müstəqillikdən əvvəlki dövrdə milli mənsubiyyətimizi, milli xarakterimizi qoruyub saxlamaq üçün bizim tariximiz, mədəniyyətimiz, dilimiz, dinimiz müstəsna rol oynayıb".
Son illərdə Azərbaycan bir çox beynəlxalq mədəniyyət tədbirlərinin keçirildiyi mərkəzə çevirilib. Məsələn, təkcə, 2010-cu ildə bir çox beynəlxalq mədəniyyət tədbirləri respublikamızda keçirilib. Bu tədbirlər aşağıdakılardır:
1. Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı;
2. Qəbələ II Beynəlxalq Musiqi Festivalı;
3. Bakı Birinci Teatr konfransı;
4. Milli Teatr Festifalı;
5. Çexov adına Beynəlxalq Teatr Festivalının "İpək yolu" mərhələsi;
6. Vokalçıların Bülbül adına V Beynəlxalq Müsabiqəsi;
7. IV Beynəlxalq Rostropoviç Festivalı və s.
Yuxarıda göstərilən beynəlxalq səviyyəli mədəniyyət tədbirlərinin respublikada keçirilməsini mədəni əməkdaşlıq və mədəniyyətlərarası dialoqda Azərbaycanın rolunu və əhəmiyyətini göstərən mühüm hadisə kimi dəyərləndirmək olar. Xüsusən, "Euronews" telekanalının 2010-cu ilin yekununa həsr olunmuş verilişində Avropanın ən nüfuzlu mədəniyyət hadisələrinin sırasında Bakıda Beynəlxalq Caz Festivalının keçirilməsinin xüsusi qeyd edilməsi də Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə inteqrasiyası və beynəlxalq mədəniyyət tədbirlərindəki fəaliyyətini göstərən faktlardan biridir. Azərbaycan mədəniyyətinin genişmiqyaslı təbliği ilə bağlı həyata keçirilən tədbirlər mədəniyyətimizin hərtərəfli inkişafının geniş vüsət alması ilə şərtlənir. Keçmiş postsovet məkanında formalaşan kulturoloji nəzəriyyələrin müxtəlif regionlarda yayılmasında mədəni əlaqələrin genişləndirilməsi mühüm rol oynayıb. Məsələn, müxtəlif ölkələrdə mədəniyyət günlərinin keçirilməsi mədəni əlaqələrin genişlənməsində əsas amillərdən biridir.
Azərbaycan mədəniyyətinin başqa ölkələrdə, xüsusən, Yaxın və Orta Şərq ölkələrində təbliğində, həmin ölkələrdə keçirilən mədəniyyət günləri mühüm əhəmiyyət kəsb edib. Əsasən 2000-ci ildən sonra müxtəlif ölkələrdə keçirilən Azərbaycan mədəniyyət günlərinin sayı çoxalıb, coğrafiyası isə genişlənib. Mədəniyyət günləri həm Qərb, həm də Şərq ölkələrində keçirilib. Məsələn, 2010-cu ilin 30 noyabrından dekabrın 2-dək İordaniyada keçirilən Azərbaycan mədəniyyət günləri milli mədəniyyətimizin təbliği sahəsində çox uğurlu olub. Mədəniyyət günləri çərçivəsində İordaniyanın Əmman və Zərka şəhərlərində bir çox tədbirlər keçirilmiş, Əmmanın Kral Mədəniyyət Mərkəzində yerləşən sərgi salonunda "Azərbaycan ənənə və müasirliyin qovuşuğunda" adlı fotosərgi açılıb.
Tədbirin açılışında iştirak edən respublikamızın mədəniyyət və turizm naziri Ə.Qarayev ölkəmizin mədəniyyəti, incəsənəti, muğamlarımız, eyni zamanda işğal olunmuş ərazilərimizdə erməni vandalistləri tərəfindən dağıdılmış tarixi və mədəni abidələr haqqında məlumat verib. Azərbaycan qərb ölkələri ilə də öz mədəni əlaqələrini həmişə genişləndirməyə çalışıb ki, bu da Qərbin Azərbaycan mədəniyyətinə marağının getdikcə artması ilə şərtlənir. 2009-cu ilin 17-19 noyabr tarixində Macarıstanın paytaxtı Budapeşt şəhərində "Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu" mövzusunda IV elmi konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasının Macarstandakı səfrliyinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub. Konfransın işində tarix, iqtisadiyyat, hüquq, siyasət, etnoqrafiya, ədəbiyyat və s. sahələr üzrə AMEA-nın tanınmış alimləri iştirak ediblər. Konfrans iştirakçılarına təbrik məktubu göndərən Macarıstanın xarici işlər naziri P.Balayin Azərbaycanla mədəni əlaqələrin əhəmiyyətindən bəhs edərək konfransa göndərdiyi məktubda bildirib: "Azərbaycan mədəniyyətinin nadir dəyərlərini, o cümlədən onun memarlığını, ədəbiyyatını, xalq musiqisini, xalq ənənələrini və dil irsini nəzərə alsaq qarşımızda elə bir əlvan mənzərə açılar ki, Azərbaycan xalqı haqlı olaraq onunla fəxr edə bilər".
Qeyd edək Şərqdə, İslam ölkələrində bəzi şəhərlərin İslam mədəniyyətinin paytaxtı elan olunduğu kimi, bu ənənə Qərbdə, Avropa ölkələrində də həyata keçirilir. Məsələn, 2009-cu ildə Litvanın paytaxtı Vilnüs şəhəri də Avropa mədəniyyətinin paytaxtı elan olunub. Göstərmək lazımdır ki, Azərbaycanın Litva ilə o, cümlədən Pribaltika ölkələri ilə mədəni əlaqələri son illərdə xeyli genişlənib. Məsələn, Azərbaycanla Litva arasında mədəniyyət və turizm sahəsindəki əlaqələri buna misal göstərmək olar. Məsələn, Litvanın Turizm Departamentinin direktoru xanım Niele Klikine 2009-cu il aprel ayında Bakıda səfərdə olarkən Litva Respublikasının Azərbaycandakı səfirliyində keçirilən mətbuat konfransında Litva və Azərbaycanın mədəni əlaqələrindən danışaraq Litva şəhərlərinin mədəni-tarixi abidələri, turizm imkanları haqqında geniş məlumat verib.

Cavid
Davamı var