Millətlərarası münasibətlərin KİV-də işıqlandırılması Layihə

Millətlərarası münasibətlərin KİV-də işıqlandırılması

2-ci yazı

Bu yazıda millətlərarası münasibətlərin kəskinləşməsi şəraitində (Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr dövründə) mərkəzi və regional KİV-in fəaliyyəti haqqında danışılır. Araşdırmaçı İlham Mazanlı: "Birinci dövrdə kütləvi informasiya vasitələrinin qarşısında sözügedən sahədə konkret olaraq hansı vəzifələr dururdu? Partiyanın tələbinə uyğun olaraq, respublikada zəhmətkeşlərin beynəlmiləlçilik ruhunda tərbiyə edilməsində mətbuatın strategiyasının əsasını aşağıdakı tematik istiqamətlər təşkil edirdi: milli məsələ üzrə marksizm-leninizm nəzəriyyəsinin, Sov.İKP milli siyasətinin mahiyyətinin, məqsəd və vəzifələrinin öyrənilməsi və təbliği; milli münasibətlər sahəsində Sovet hakimiyyətinin "tarixi zəfərlərinin", SSRİ xalqlarının "nailiyyətlərinin", "inqilabi, döyüş və əmək ənənələrinin", internasionalizmin təbliği; rus dilinin millətlərarası unsiyyət və SSRİ xalqları mədəniyyətlərinin qarşılıqlı zənginləşmə vasitəsi kimi təbliği; sovet xalqlarının əməkdaşlığınının və birgə əmək prosesində bir-birlərinə göstərdikləri qarşılıqlı yardımların işıqlandırılması; müxtəlif millətlərdən olan əmək adamlarının, onların milli xüsusiyyətləri, sosial-mədəni maraqları və gündəlik praktikada ehtiyacları nəzərə alınmaqla, yaxınlaşmasını və birliyini təmin edən tədbirlərin təbliği; respublikada yaşayan xalqların ölkədəki bütün millətlərlə əmək, sosial-peşə və mədəni əlaqələrinin müxtəlif formalarının təbliği; Sovet hökumətinin, Sov.İKP-nin "milli siyasətinin nailiyyətlərini" saxtalaşdıranların ifşa edilməsi üzrə əks-təbliğat işinin aparılması; "millətçiliyin və millətçilik qalıqlarının mürtəce mahiyyətinin, siyasi və sosial-mənəvi zərərinin" açılıb göstərilməsi".
Təhlillər göstərir ki, bu istiqamətlər özünün məzmununa görə kütləvi informasiya vasitələrinin cəmiyyətin ikişafının əvvəlki mərhələlərində apardığı fəaliyyətlə üst-üstə düşür, eyni zamanda onlar ölkənin yaşadığı tarixi dövrlə izah olunan yeni səciyyəvi cizgilərə də malikdirlər. Biz təqdim olunan elmi araşdırmada problematikanın bütövlükdə daha dərindən təhlil edilməsi məqsədi ilə yuxarıda göstərilən istiqamətlərin fərqli cəhətlərinin müəyyən edilməsinin vaciblyini xüsusi qeyd etsək də, bu istiqamətlərin artıq bir sıra elmi əsərlərdə (onların bəziləri barədə yuxarıda məlumat vermişik) əsaslı şəkildə tədqiq olunduğunu nəzərə alaraq, onların təfərrüatı ilə təhlil olunmasını qarşımıza məqsəd qoymamışıq. Bizim məqsədimiz milli münaqişə şəraitində kütləvi informasiya vasitələrinin fəaliyyətinin kompleks şəkildə öyrənilməsindən ibarətdir.
Regiondakı hadisələrin, Dağlıq Qarabağ münaqişəsinin köklərinin və səbəblərinin, münaqişənin Azərbaycan və erməni, eyni zamanda mərkəzi kütləvi informasiya vasitələrində işıqlandırılmasının təhlili göstərir ki, mətbuat bu şəraitdə heç də cəmiyyətdəki funksiyasına uyğun olaraq layiq olduğu yüksək mövqeyə qalxa bilməyib. Bəzi qəzetlər əksər hallarda hadisələrlə bağlı ictimaiyyətə doğru informasiya vermir, durğunluq dövrü təbliğatının cəbbəxanasından götürdükləri "növbətçi" ifadələrlə, xalqlar arasında dostluğun və birliyin möhkəmlənməsinə ümumi çağırışlarla insanların başının altına yastıq qoymaq taktikasını seçmişdilər. Bununla bərabər, əhalini çaşdıran, həm müsahibəyə və mikrofona "buraxılan" şəxslərin, həm də jurnalistlərin özlərinin siyasi və peşəkarlıq baxımından yetkin olmadıqlarını nümayiş etdirən materiallar çap edilirdi. Bu cür materiallar və burada yol verilən ciddi məzmun və prinsip qüsurları iki xalq arasında müasibətlərdəki gərginliyin yumşaldılmasına deyil, əksinə, daha da kəskinləşməsinə xidmət edir, bir çox hallarda isə mərkəzi mətbuata inamsızlıq hissini gücləndirirdi. Azərbaycan və rus dillərində çap olunan nəşrlərin eyni ölçü parametrləri (tezliyi, həcmi, məzmunun kateqoriyası və elementləri, informasiyanın nişanı) və tipi (forma və janrlar) üzrə tədqiqi (kontent-analizi) Dağlıq Qarabağ Muxtar Vilayətindəki hadisələrə qədərki dövrdə respublika mətbuatında milli və transmilli ideyaların təbliği sahəsində real vəziyyətin mövzu üzrə dəqiq araşdırılmasına imkan yaradır.
Birinci dövrə aid tədqiqatlar təsdiq edir ki, beynəlmiləlçilik mövzusu respublikanın partiya və gənclik mətbuatı üçün kifayət qədər ənənəvidir. "Vahid ailədə", "SSRİ bizim vətənimizdir", "Doğma ölkəmiz boyunca", "Biz beynəlmiləlçilərik", "Xalqların qardaşlıq ailəsində", "Bütün ölkə tikir", "Biz Azərbaycandanıq" və s. bu kimi daimi rubrikalar altında müttəfiq respublikalar arasında qarşılıqlı əlaqələr, əməkdaşlıq, nəhəng tikintilərdə azərbaycanlıların iştirakı barədə publikasiyalar çap olunur.
Qəzetlərin arxiv dəstlərini vərəqləyərək, belə bir paradoksal (inanılmaz) nəticəyə gəlmək olur ki, planetin "qaynar nöqtəsi" olan Dağlıq Qarabağ uzun müddət Azərbaycan kütləvi informasiya vasitələri üçün, mahiyyət etibarı ilə, "bağlı zona" olub". O dövrü ətraflı xarakterizə edən araşdırmaçı vurğulayır ki, demək olmaz ki, milli və transmilli həyat məsələlərinə qəzet səhifələrində kifayət qədər yer ayrılır: "Əksinə, bizim fikrimizcə, hətta bəzən bu məsələlərin işıqlandırılmasına diqqətin azaldılması tendensiyası müşahidə olunur, xüsusilə də gənclər mətbuatında bu tendensiya daha çox nəzərə çarpır. Məsələn, "Azərbaycan gəncləri" qəzetində 1987-ci ildə cəmi 59 tematik material çap olunub və bu 1982-ci ildə çap olunanlardan iki dəfə azdır. "Молодежь Азербайджана" qəzetinin tematik çıxışları əsasən bir "coğrafiyanı" – Bakını əhatə edir. Bu materialların xeyli hissəsi isə (30 %) yalnız məlumatlandırma funksiyasını yerinə yetirir, yəni faktı təsdiq edir, lakin millətlərarası münasibətləri konkret insan taleləri vasitəsi ilə açmağa cəhd göstərmir. Bildiyimiz kimi, informasiyalılıq, davamlılıq, informasiya axınının stabilliyi oxucu auditoriyasına ideoloji təsirin mühüm aspektləri hesab olunur. Lakin təhlillər beynəlmiləlçilik ruhunda tərbiyə tematikası üzrə publikasiyalarda bu parametrlərin özünü lazımi səviyyədə və keyfiyyətdə büruzə verə bilmədiyini göstərir. Redaksiyaların fəaliyyətində dəqiq strategiyanın olduğu hiss olunmur, jurnalistlərin peşəkarlığı problemin işıqlandırılması istiqamətində irəli sürülən tələblərdən xeyli aşağıdır, problematika üzrə qəzet materiallarının 70%-i SİTA və Azərinformdan "iqtibas edilmişdir". Redaksiyalarda, nadir istisnalar olmaqla, milli problematika üzrə ixtisaslaşmış jurnalistlər tapmaq çox çətindir. Sanki, bu problemlər o qədər sadə və mənasızdır ki, onların dərindən təhlil edilməsinə və ya da ətraflı öyrənilməsinə ehtiyac yoxdur.
Millətlərarası münasibətlərin kəskinləşməsi və bu müstəvidə milli qarşıdurmalar ölkədə gedən aşkarlıq və yenidənqurma şəraitində baş verirdi və artıq bəzi ittifaq və region kütləvi informasiya vasitələri bu hadisələrin işıqlandırılmasında fəal mövqe və peşəkarlıq nümayiş etdirirdilər. Beynəlmiləlçilik hisslərindən söz gedən materiallarda müttəfiq respublikaların qarşılıqlı iqtisadi əlaqələri birtərəfli işıqlandırılırdı, "meydança sahibi" olan qəzet öz respublikasının töhfəsini "qiymətləndirir", başqalarının adını çəkməyi belə unudurdu. Beləliklə, milli və beynəlmiləlin işıqlandırılmasında balanslaşdırma və qarşılıqlı tamamlama aspekti pozulurdu. Azərbaycan KİV-lərinin redaksiya siyasətlərindəki və fəaliyyətlərindəki "çatışmazlıqlar" isə göz qabağında idi".
Dağlıq Qarabağ Muxtar Vilayəti və onun ətrafında baş verən hadisələrlə əlaqədar Azərbaycan kütləvi informasiya vasitələrinin fəaliyyətində yeni mərhələ başlayır: "Bu mərhələdə millətlərarası münasibətlər problemlərinə həsr olunmuş materialların həcmi və kəmiyyəti kəskin şəkildə artır. Lakin bu materialların təhlilinə keçməzdən əvvəl, bu hadisələrin köklərinə qısa bir tarixi ekskurs etməyi məqsədəuyğun hesab edirik. Dağlıq Qarabağ hadisələrinə qədər neçə on illər idi ki, Ermənistanın yaradıcı ziyalılarının, partiya və dövlət xadimlərinin böyük bir hissəsi tərəfindən "Qarabağ məsələsi" adlandırılan problem süni şəkildə yaradılır və şişirdilirdi. Millətçilik mülahizələri erməni jurnalistikasında, ədəbiyyatında və kinematoqrafiyasında əvvəllər olduğu kimi, hadisələrin gedişi dövründə də "sanballı" yer tuturdu. S.Kaputikyanın "Karvanlar hələ yol gedir", "Xəritənin və qəlbin meridianları", M.Şaginyanın "Tarixdə mühüm tarix", B.Ulubabyanın "Albaniya", "Aqvank" və "Aran" toponimləri haqqında", S.Ayvazyanın "Erməni taleyi", V.Petrosyanın "Erməni eskizləri", G.Eminin "Ermənistan haqqında yeddi mahnı", Z.Balayanın "Ocaq" və s. çoxsaylı əsərlərdə erməni xalqının "müstəsnalığı" və qonşu gürcü və azərbaycan xalqlarından "intellectual üstünlükləri" ardıcıllıqla və məqsədyönlü şəkildə təbliğ olunur, "dənizdən dənizə uzanan" "Böyük Ermənistan" ideyası və onun masştabları "əsaslandırılırdı". Beləliklə, Ermənistanın Azərbaycana və Gürcüstana ərazi iddialarının və de-"tarixi erməni torpaqları" olan Dağlıq Qarabağın, Naxçıvanın və Cavaxetiyanın Ermənistana qaytarılmasının "qanuniliyi" artıq xeyli vaxt idi ki, geniş oxucu auditoriyasına, xüsusilə də erməni gəncliyinə "peyvənd edilirdi". Təəssüf ki, ermənilər bu səpkidən olan qəzet-jurnal materiallarını, kitabları və digər təbliğat məhsullarını mərkəzi nəşrlərdə çap etdirməyə çalışır və əksər hallarda buna nail olurdular.
Azərbaycanda nəşr olunan "Kommunist", "Бакинский рабочий", "Azərbaycan gəncləri", "Молодежь Азербайджана" qəzetlərinin, Ermənistanda çıxan "Коммунист" (rus dilində) qəzetinin və mərkəzi mətbuatın – xüsusi olaraq "Правда" və "Известия" qəzetlərinin sözügedən problematika üzrə tədqiqi aşağıdakı tendensiyaları aşkar edir: Azərbaycan KİV-lərinin mövqeyi bütün aspektlər üzrə konstitusiyanın müvafiq müddəaları, sovet qanunvericiliyinin normaları, münaqişənin səbəb və vəziyyətinə verilən rəsmi qiymətləndirmə ilə üst-üstə düşür; erməni mətbuatının mövqeyinin rəsmi mövqe ilə, yəni dövrün qanunvericiliyi ilə, insanların ictimai həyatın müxtəlif səviyyələrində qarşılıqlı münasibətlərinin təsbit edilmiş hüquqi normaları ilə ziddiyyət təşkil etməsi göz qabağındadır".

Uğur