Mühacirətdə yaşamış ziyalılarımızın yaradıcılığında Azərbaycançılıq ideyası Layihə

Mühacirətdə yaşamış ziyalılarımızın yaradıcılığında Azərbaycançılıq ideyası

2-ci yazı

Ötən yüzildə ictimai-siyasi proseslər nəticəsində Azərbaycandan kənarda – mühacirətdə yaşamağa məcbur olan ziyalılarımızın, ictimai-siyasi xadimlərimizin yaradıcılığındakı Azərbaycançılıqla bağlı məqamlar çoxdur. Akademik Bəkir Nəbiyevin araşdırmalarına görə, M.Ə.Rəsulzadənin "Azərbaycan şairi Nizami" (1950) monoqrafiyası öz sanbalı və siqləti ilə seçilir. Azərbaycanda milli qurtuluş hərəkatının ən görkəmli xadimlərindən və ilk Demokratik Cümhuriyyətimizin banilərindən biri kimi tanınan M.Ə.Rəsulzadə həm də məşhur publisist və alim idi. Onun yaradıcılığının baş mövzusu Azərbaycandır. Yəni M.Ə.Rəsulzadə məqalə və kitablarının başlığına çıxarıb-çıxarmamasından asılı olmayaraq, bütün əsərlərində Azərbaycanın tarixini, siyasi coğrafiyasını, dilini, ədəbiyyatını, ədəbi-mədəni əlaqələrini, xalqımızın mənəvi gücünü, azadlıq eşqini, istiqlal əzmini tədqiq edib. Bu mənada onun sayı-hesabı hələ dəqiq müəyyənləşdirilməmiş, bir yerə toplanıb tam halda nəşr olunmamış irsini "Azəbaycannamə" kimi şərəfləndirmək ədalətli olardı. Hələ "Azərbaycan cümhuriyyəti" kitabında o, "Ədəbi və milli intibah" adlı xüsusi fəsildə "Koroğlu", "Əsli və Kərəm", "Aşıq Qərib" kimi folklor örnəklərimizin xalq ruhundan xəbər verən dastanlar olub Azərbaycanda geniş yayıldığından, Füzuli irsinin ölməzliyindən bəhs etmiş və belə bir fikri əsaslandırıb ki, bu böyük sənət duhasının yaradıcılığı sayəsində "Azərbaycan türk ədəbiyyatı müstəqil bir cərəyan halına düşüb". Alim XX əsrdə bir tərəfdən türk, digər tərəfdən də rus ədəbiyyatından təsirlənən Hadi, Sabir, Cavid, Cavad, Səhhət kimi sənətkarların yaradıcılığını fərqləndirib.
C.Məmmədquluzadənin "Anamın kitabı", S.S.Axundovun "Laçın yuvası", H.Cavidin "Peyğəmbər" dramları, Ə.Cavadın "Nədən yarandın?" şeiri kitabda nisbətən geniş təhlil olunub. H.Cavidin əsərlərinin dili alimin çox xoşuna gəlib, xüsusən, "Səyavuş"da o, türk şeirinin gözəllik sirlərini "bilən bir sənətkarın ifadə parlaqlığını" görüb. M.Ə.Rəsulzadənin fikrincə, bolşevik dövründən əvvəlki yazıçılardan sovet idarəsi altında ən böyük uğur C.Cabbarlıya nəsib olmuşdu. Dramaturqu ancaq kollektivçilik ruhunun təmsilçisi hesab edən tənqidçilərdən fərqli olaraq, M.Ə.Rəsulzadə bu istedadlı sənətkarın öz pyeslərinə verdiyi adlarda bir fərdiyyətçilik mübəlliği kimi çıxış etdiyini söyləyir və fikrini sübut etmək üçün oxucuları onun əsərlərinin adlarına bu baxımdan xüsusi diqqət verməyə çağırırdı. S.Vurğunun Stalini idealizə edən bəzi şeirlər yazdığını göstərməklə yanaşı alim onun "Vaqif" mənzum dramını "Azərbaycan səhnəsinin Azərbaycan vətənpərvərliyinə rəvac verən ən uğurlu əsəri" adlandırıb. S.Vurğunun şairlik qüdrəti haqqında aydın təsəvvür oyatmaq üçün "Çağdaş Azərbaycan ədəbiyyatı" əsərində "Vaqif" pyesindən Qacarla Vaqifin məşhur dialoqu tam şəkildə nümunə kimi verilib ("Aha, baş əyməyir hüzurumda bu…"). Çağdaş Azərbaycan ədəbiyyatı barədə mülahizələrini yekunlaşdıran alim iqtibas kimi gətirdiyi nümunələr əsasında belə düzgün bir nəticəyə gəlmişdi ki, hər cür sensor maneələrinə və partiya orqanlarının çox sərt nəzarətinə baxmayaraq "qırmızı istilanın kommunizm ölkəsində milli hissi öldürdüyünə dair söylənən bədbin hökmlər mübaliğəlidir. Bu hiss yaşayır, çarpışır və millətin ruhunu əks etdirən aynada – onun ədəbiyyatında öz əksini tapır".
M.Ə.Rəsulzadənin ədəbiyyatşünaslıq sahəsində ən sanballı əsəri "Azərbaycan şairi Nizami" monoqrafiyasıdır. Bu kitab şairin əsərlərini və onun ətrafında aparılmış tədqiqatları orijinalında, yəni farsca oxuyan, yüksək elmi səviyyəyə və incə bədii zövqə malik olan bir alimin çoxillik araşdırmalarının məhsuludur. Dörd fəsildən ibarət kitab Nizami Gəncəvinin dövrü, mühiti, həyatı, yaradıcılığı, ədəbi sələflərinə münasibəti, sənətdə xələflərinin şairə münasibəti, "Xəmsə"nin bədii xüsusiyyətləri, Nizami ədəbi məktəbi və s. haqqında sanballı monoqrafiyadır. Müqəddimədə müəllif Nizaminin irsi və onun yaradıcılıq taleyi ilə bu və ya digər dərəcədə bağlı olan bir sıra çox vacib problemləri işıqlandırıb.
Bunlardan biri Şərq mədəniyyətinə türklərin, Azərbaycan xalqının verdiyi qiymətli töhfə məsələsidir. O, belə bir fikri əsaslandırır ki, Şərq aləmində bəzi hallarda islam mədəniyyəti adı altında birləşdirilən elm, ədəbiyyat, incəsənət, xüsusən poeziya əsərlərinin yaranmasında ərəblərlə bərabər, onlar qədər, bəzi sahələrdə hətta onlardan da artıq türklərin və farsların xidmətləri var. Bu sahədə adları bir qayda olaraq həmişə birinci çəkilən görkəmli sənət korifeyləri arasında fars Ə.Firdovsi, özbək Ə.Nəvai ilə yanaşı azərbaycanlı N.Gəncəvinin də şərəfli adı xüsusi əzəmətlə səslənir.
Şairin əsərlərindən aldığı çoxsaylı faktlar və onların elmi təhlili əsasında müəllif dönə-dönə təkrar edir ki, Nizami qəlbi türk sevgisi, Qafqaz şəraiti ilə bağlı olan, yurdunun tarixi müqəddəratından və ölkəsinin özünəməxsus gözəlliklərindən bəhs edən bir Azərbaycan şairidir. Nizaminin şəxsiyyəti məsələsi bütün əsər boyu müəllifin diqqət mərkəzindədir. Lakin kitabın birinci fəslində Nizaminin tərcümeyi-halına dair müxtəlif mənbələrdən toplanmış faktları, eləcə də şairin Azərbaycan hökmdarları ilə münasibətlərinə dair onun özünün "Xəmsə"də yazdıqları əsasında tədqiqatçı bu böyük söz ustadının şəxsiyyətini bugünün oxucusu üçün daha da doğmalaşdırır, vüqarı, əyilməzliyi, mənəvi ucalığı barədə təsəvvürləri zənginləşdirir. Bu zəmində Nizaminin dünya ədəbiyaytında mövqeyi məsələsinin qoyuluşu bizə daha inandırıcı görünür. Azərbaycan, İran və Hindistanın görkəmli söz ustalarından gətirilən etiraflar bir daha təsdiq edir ki, "aşiqanə məsnəvilər yazmaqda… heç kim şeyx həzrətlərinin (Nizaminin) səviyyəsinə yüksələ bilməyib. Nizaminin izilə getmək və onun xırmanından qalan başaqları toplamaq məqsədilə Əmir Xosrov Dəhləvi kimi bəzi şairlər "Xəmsə" yazmışlarsa da, əsərlərinin yalnız adlarını ustadınkına bənzədə biliblər".
Monoqrafiyanın ən geniş fəsillərindən biri "Xəmsə"dəki məsnəvilərin onların yazılış tarixinə uyğun bir ardıcıllıqla təhlilinə həsr olunub. "Sirlər xəzinəsi"ndəki bütün "məqalə"lərin ideyasını yığcam şərh edən alim onları müşayiət edən hekayələri də açıqlayır. Bizim zəmanəmizdə dərslik və müntəxəbatlarda tanınan adlarla desək, "Kərpickəsən qoca ilə cavanın dastanı", "Sultan Səncər və qarı", "Ənuşirəvanla bayquşların söhbəti" kimi mənzum hekayələrin məzmununu açır. Bütövlükdə "Sirlər xəzinəsi"ni təlqinçi, tərbiyəvi əsər adlandırır, insan əxlaqını kamilləşdirməyə xidmət baxımından çox yüksək qiymətləndirir.
"Xəmsə"nin ikinci əsəri olan "Xosrov və Şirin"dən bəhs edərkən M.Ə.Rəsulzadə əvvəlcə onun janrını müəyyən etmiş və məsnəvini haqlı olaraq mənzum roman adlandırıb. Qədim Şərqdə Xosrov və Şirinin məhəbbət macərasına dair ayrı-ayrı epizodların qələmə alındığı ədəbi məxəzləri yada salan alim belə hesab edir ki, Nizami bu hekayəti tam şəkildə nəzmə çəkən ilk şairdir və onun əsərinin məziyyəti qəhrəmanların daxili aləmini, psixologiyasını dərindən əks etdirməsindədir. M.Ə.Rəsulzadə "Xəmsə"nin digər nümunələri kimi "Xosrov və Şirin" romanının da məzmununu yığcam şəkildə öz əsərində verib və bizim qənaətimizə görə haqlı iş görüb. Eyni üsuldan müəllif "Yeddi gözəl" və "İsgəndərnamə" haqqında bölmələrdə də istifadə edib, bilavasitə həmin əsərlərin konkret məzmunundan çıxış edərək onların təhlilini verib.
"İsgəndərnamə"nin təhlilində M.Ə.Rəsulzadə bu əsərin "Xəmsə"nin digər nümunələrindən fərqləndirən özünəməxsusluğu üzərində dayanaraq nizamişünaslıq elmi üçün yeni olan bir xüsusiyyəti aşkarlayır. Alim göstərir ki, bu əsər müəyyən tarixi şəxsiyyət və hadisələr haqqında yazıldığına, epik vüsətinə baxmayaraq, onda dərin bir lirizm var. İsgəndərin hər bir hərbi və siyasi qələbəsi eyni zamanda bir eşq macərası ilə süsləndirilir. Beləliklə, əsərdə "İsgəndər bir imperator, peyğəmbər, filosof olduğu qədər də bir aşiqdir". Alim Nizami "Xəmsə"sini müəyyən mövzular üzrə araşdırır, şairin farslar və fars mədəniyyəti, türkçülük aləmi və türklər, Qafqaz torpağı haqqında mülahizələrini, eləcə də bəşəriyyətin zərif cinsi olan qadın haqqında fikirlərini təhlil edib ümumiləşdirir. Məsnəvilərdən gətirdiyi faktlar əsasında sübut edir ki, Nizami "türk" kəlməsilə öz əsərlərində gözəl, mərd, qəhrəman, ağıllı kimi keyfiyyətləri ifadə edib.
Bu keyfiyyətləri Nizami özünün qadın qəhrəmanlarında da görüb və dönə-dönə təqdir etmişdi. Xosrovun cənazəsi yanında özünü həlak etmiş Şirin haqqında şairin bu sözləri çox ibrətamizdir: "Afərin Şirinə və onun şirin ölümünə, can verib, can almağına!" M.Ə.Rəsulzadənin fikrincə, Nizami bu sözləri türk ənənələrindən, Qafqaz şəraitindən ilham alaraq yazıb".
Araşdırmadan daha sonra məlum olur, M.Ə.Rəsulzadənin Nizami haqqında kitabı mühacirət ədəbi fikrinin, özəlliklə nizamişünaslığın ən dəyərli uğurlarından biri, bəlkə də birincisi olub XX əsrin ikinci yarısından etibarən Azərbaycanda ədəbiyyat elminin inkişafına ciddi kömək edib: "Anadilli poeziyamızın Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi, Xətai, Füzuli kimi klassiklərinin yaradıcılığı haqqında da mühacirət ədəbiyyatşünaslığının maraqlı qənaətləri var. Mühacir alimlər XV əsrin sonu – XVI əsrin əvvəllərini anadilli poeziyamızın ən parlaq dövrü kimi təqdim edir, onun qısa bir zamanda çiçəklənməsini ayrıca vurğulayırdılar. Ə.Yurdsevərə görə, Səfəvilərin Azərbaycan dilini dövlət dili elan etməsi XVI əsrdə bu dildə yaranmış ədəbiyyatı ən kamil inkişaf səviyyəsinə çatdırmışdı. Hələ 1923-cü ildə M.Ə.Rəsulzadə İstanbulda işıq üzü görmüş "Azərbaycan Cümhuriyyəti" əsərində Füzulini "bütün türklüyün dahi şairi" kimi səciyyələndirir və qeyd edirdi ki, "Hafiz divanı farslar üçün nə isə, Azərbaycan türkləri üçün də Füzuli divanı odur". Molla Pənah Vaqifi modern Azərbaycan ədəbiyyatının banisi sayan Ə.Cəfəroğlu onun ədəbiyyatımıza gətirdiyi yenilikləri, lirikasının ana motivlərini belə səciyyələndirir: "Şeirlərində şəklən əski klassik ədəbiyyata bağlı qalmaqla bərabər, ifadə, mövzu, hətta təbir və kəlmə xəzinəsi baxımından da tamamilə azəri xalqının ruhuna sadiq qalıb. Dili sadə və xalq dili idi..."

Uğur