“Cəbhədə gərginliyin aradan qaldırılmasının yeganə yolu işğala son qoyulmasıdır” Layihə

“Cəbhədə gərginliyin aradan qaldırılmasının yeganə yolu işğala son qoyulmasıdır”

Elçin Mirzəbəyli: "Ermənistan prezidentinin son açıqlamaları isə işğalçı ölkənin belə bir niyyətinin olmadığını göstərir"

Bahar Muradova: "Son təxribatın arxasında həm də Ermənistanı bir alət kimi istifadə edən müəyyən dairələrin maraqları dayanır"

Elman Nəsirov: "Ermənistanın sonuncu təxribatı növbəti dəfə bu cinayətkar rejimin iç üzünü açdı"

Son günlər cəbhədə vəziyyət yenidən gərginləşib. Fevralın 25-dən başlayaraq ermənilər növbəti dəfə təxribata əl atsalar da Azərbaycan ordusu tərəfindən əks həmlələrlə geri oturdulublar. Ordumuz 5 şəhid verib. Qarşı tərəfdən isə itkilərin çoxsaylı olduğu bildirilir.
Bir sıra ekspertlər erməni təxribatlarının davam edəcəyi təqdirdə döyüşlərin genbişlənəcəyini və müharibənin başlanma ehtimalını istisna etmirlər.
Beynəlxlaq təşkilatlar isə öz ənənələrinə sadiq qalaraq işğalçının işğala son qoymasını tələb etmək əvəzinə, tərəfləri atəşkəsə riayət etməyə çağırırlar.
NATO-nun baş katibi Yens Stoltenberq də Azərbaycanla Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqları bərpa etməyə çağırıb. RİA Novosti agentliyinin yaydığı xəbərə görə, bu barədə Y.Stoltenberq Brüsseldə Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra bildirib: "Gərginliyin qarşısını almaq vacibdir. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Biz Azərbaycan və Ermənistanı danışıqlar masasına qayıtmağa çağırırıq". O həmçinin vurğulayıb ki, NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin isə mandatına uyğun olaraq, martın 1-də Ağdam rayonunun Çəmənli kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq keçirəcəklər. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndə səfir Anjey Kasprşik və onun səhra köməkçiləri Gennadi Petrika və Xristo Xristov keçirəcəklər.
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli bildirdi ki, cəbhədə gərginliyin aradan qaldırılmasının yeganə yolu işğala son qoyulması, Ermənistanın danışıqlar masasına oturmasıdır.
Onun sözlərinə görə, Ermənistan prezidentinin son açıqlamaları isə işğalçı ölkənin belə bir niyyətinin olmadığını göstərir: "Bu baxımdan müharibə hər gün davam edir və nə qədər ki, işğala son qoyulmayıb hərbi əməliyyatların daha da genişlənə biləcəyi ehtimalı qalır. Amma mən bunun 2-ci aprel döyüşü, yaxud 3-cü may döyüşü kimi təqdim edilməsinin tərəfdarı deyiləm. Münaqişənin istənilən ekskalasiyası fərqli bir formada təzahür edəcək. Yəni baş verə biləcək istənilən genişmiqyaslı qarşıdurma aprel döyüşləri ilə birbaşa əlaqəli olmayacaq. Hər yeni qarşıdurma həm hərbi, həm də siyasi müstəvidə yeni reallıqların yaranmasına səbəb olacaq. Bu baxımdan, lokal qarşıdurmalar istisna olunmaqla, istənilən hərbi toqquşmanın aprel döyüşlərindən daha genişmiqyaslı olacağı qənaətindəyəm".
"Şübhəsiz ki, bir Azərbaycan vətəndaşı kimi silahlı qüvvələrimizin döyüş qabiliyyətinə və gücünə inanıram", - deyən baş redaktor, aprel döyüşlərinin və nəticələrinin olduğu kimi təkrarlanana biləcəyi kimi, indiki şəraitdə əsaslandırılması mümkün olmayan bir mövqe sərgiləməyin də düz olmadığını bildirib. Elçin Mirzəbəyli əlavə edib ki, Ermənistanı danışıqlar masasına oturtmaq üçün aprel döyüşlərindən daha böyük və bəlkə də müharibənin taleyini həll edə biləcək nəticəyə nail olmaq lazımdır: "Ermənistan elə bir sarsıdıcı zərbə almalıdır ki, danışıqlar masasına otursun və sülh sazişinə imza atılanadək özünə gələ bilməsin".
Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib ki, təmas xəttində baş verən son hadisələr nəticəsində ermənilər birdəfəlik əmin oldular ki, onlar Azərbaycan torpaqlarında nəinki qalıb möhkəmlənə, imkanlarını genişləndirə bilərlər, əksinə, yaxın zamanlarda burada əldə etdikləri bütün mövqeləri geri verməli olacaqlar. Vitse-spikerin sözlərinə görə, Ermənistan tərəfindən təmas xəttində törədilən son təxribatın arxasında birmənalı şəkildə onun təcavüzkar siyasəti və bu siyasət nəticəsində güddüyü maraqlar, eyni zamanda, Ermənistanı bir alət kimi istifadə edən müəyyən dairələrin maraqları dayanır. Ermənistanın hazırda status-kvonun uzanması, onun saxlanması üçün səylər göstərdiyini vurğulayan B.Muradova əlavə edib ki, Ermənistan aprel döyüşlərində itirdiyi mövqeləri geri qaytarmağa çalışır: "Məqsəd də budur. Ona görə də vaxtaşırı belə təxribatlarla Azərbaycan ərazisinə soxulmaq istəyir və çox layiqli də cavabını alır".
B.Muradova əlavə edib ki, Azərbaycan vətəndaşlarının getdikcə daha çox artan əzmi, cəsarəti, ordunun döyüş qabiliyyətinin getdikcə daha çox yüksəlməsi ermənilərə onların bu hərəkətlərinin qarşısını qəti şəkildə alacağı barədə həqiqətləri anladır: "Ermənilər həm aprel döyüşlərində, həm də törətdikləri son təxribatlardan sonra anladılar ki, Azərbaycanla əvvəlki dildə danışa bilməzlər. Ermənilər son hadisələrdə bir daha öz qəti cavablarını aldılar. Onlar birdəfəlik əmin oldular ki, Azərbaycan ərazisində qalıb möhkəmlənə bilməzlər".
Millət vəkili Elman Nəsirov bildirib ki, Ermənistanın cinayətkar Sarkisyan rejimi təmas xəttində növbəti dəfə siyasi təxribata əl atıb. Onun sözlərinə görə, bu təxribat bütün dünyanın gözü qarşısında baş verir: "Xocalı soyqırımının 25-ci ildönümündə Ermənistanın növbəti təxribatı düşünülmüş addımdır. Onlar bu təxribatla dünya ictimaiyyətinin diqqətini Xocalı soyqırımından yayındırmağa cəhd etdilər. Onlar həm də bununla məsuliyyətdən yayınmaq istəyirlər. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Ermənistanda keçiriləcək 2 aprel seçkilərində daxili auditoriyanın diqqətini ölkənin problemlərindən uzaqlaşdırıb Dağlıq Qarabağa yönəltməyə çalışırlar. Ermənistanın niyyəti ondan ibarətdir ki, danışıqlar prosesi baş tutmasın, əgər baş tutarsa, gərginlik fonunda baş verərsə, danışıqlarda fundamental məsələlər diqqətdən kənarda qalsın və əsas məsələ atəşkəsin bərpası ilə bağlı olsun".
E.Nəsirov bildirib ki, Ermənistanın sonuncu təxribatı növbəti dəfə bu cinayətkar rejimin iç üzünü açdı: "Təxribat nəticəsində şəhid olmuş əsgərlərə münasibətdə cinayətkar rejim yenə də insanlığa yad olan addım atır, ATƏT-in Minsk qrupu bir gün əvvəl razılıq əldə etsə də, şəhid əsgərlərin nəşini neytral zonadan götürməyə imkan vermirlər. Ermənistan yenə götürdüyü öhdəliyi pozdu. Bunun səbəbi isə erməni tərəfinin ciddi itki verməsidir. Onlar bu təxribatları nəticəsində güclü zərbələr alıb, amma bunu gizlədirlər. Sarkisyan elə bilir ki, bu cür təxribatlarla, itkiləri gizlətməklə nüfuzunu bir az yüksəldəcək, amma onlar yanılırlar. Sarkisyan bu hərəkəti ilə onsuz da olmayan nüfuzuna növbəti dəfə zərbə endirdi".
Deputat Rövşən Rzayev vurğulayıb ki, Ermənistanın Sarkisyanın rəhbərliyi ilə cəbhədə təxribatlara əl atmasında məqsəd ölkəsində keçiriləcək seçkilərdə müəyyən qədər uğur qazanmaqdır. Ermənistanın işğalçı siyasətindən əl çəkmədiyini deyən R. Rzayev ATƏT-in Minsk qrupu çərçivəsində dövlətlərin bu cür hadisələrin qarşısının alınması istiqamətində heç bir addım atmadığını, əksinə şərait yaratdığına təəssüfləndiyini qeyd edib: "ATƏT-in Minsk qrupu dövlətləri bu istiqamətdə lazımı addımlar ata bilərlər. Lakin bunu etmirlər. Düşünürəm ki, bu problem yaxın zamanlarda öz həllini tapacaq".
Deputatın sözlərinə görə, Ermənistan rəhbərliyi Qarabağ kartından istifadə etməklə uğur qazanmağa çalışır: "Lakin onun bu istəyi təmas xəttində heç də yaxşı nəticələrə gətirib çıxarmır, xoşagəlməz hallara səbəb olur. Bu baxımdan beynəlxalq aləm bu məsələyə ciddi qiymət verməli, ikili standarlardan əl çəkməli, münasibətlərini beynəlxalq hüquq normalarına uyğun şəkildə bildirməlidir".
R. Rzayev qeyd edib ki, bütün bunlar azmış kimi, Ermənistanın meyitlərin çıxarılması proseduru başlayan zaman beynəlxalq vasitəçilərin iştirakı ilə əvvəlcədən əldə edilmiş şərtləri pozması beynəlxalq hüquqa, konvensiyalara ziddir: "Əgər böyük dövlətlər aparılan danışıqlara düzgün qiymət verib, mövqelərini birmənalı şəkildə vurğulamasalar, Cənubi Qafqazda böyük problemlər ola bilər. Azərbaycanın öz ərazisində anti-terror əməliyyatı keçirmək hüququ var. Bu əməliyyatın keçirilməsində böyük dövlətlər də maraqlı və dəstək olmalıdırlar. Onların bu addımı atmaması, Ermənistanın işğalçılıq siyasətini davam etməsinə şərait yaradır. Bundan əlavə, digər dövlətlərin siyasətçiləri, politoloqları müharibə çağırışı edərək, onu qaçılmaz hesab edirlər. Bu cür çıxışların özü də təxribat xarakteri daşıyır".
Millət vəkili Azər Badamov deyib ki, son günlər erməni təxribatlarının aktivləşməsini Ermənistandakı siyasi qeyri- stabillik ilə əlaqələndirərdim: "Günü –gündən zəifləyən və iqtisadi problemlərin girdabına batmış Ermənistan Qarabağda təxribatlar törətməklə ictimaiyyətin diqqətini ölkədaxili problemlərdən yayındırmaq istəyir". Onun sözlərinə görə, aprel ayının əvvəlində Ermənistanın parlamentinə seçkilər keçiriləcək: "Amma ölkədə mövcud cəllad rejimdən erməni ictimaiyyəti narazıdır və artıq bu narazılıqlar kütləviləşməyə başlayıb. Erməni hakimiyyəti isə seçkilərdə uğursuzluğa düçar olacağından qorxaraq, Azərbaycanla təmas xəttində təxribatlar törətməklə ictimaiyyətin diqqətini ölkə daxili problemlərdən yayındırmaq istəyir. Amma təmas xəttində törədilən hər bir təxribat çoxlu erməninin məhvi ilə nəticələnir və düşünürəm ki, bu günlərdəki itkiləri görəndə erməni ictimaiyyətinin Sarkisyana nifrəti daha da artacaq. Nə qədər ki, Ermənistanda cəllad Sarkisyan rejimi var, orada heç bir yaxşı yaşayış və inkişaf ola bilməz. Azərbaycan əsgəri ölkəni mərdliklə, qururla qoruyur və hər bir erməni təxribatına amansızcasına cavab verir. Belə təxribatlar davam etdirərlərsə, Ermənistanın təxribat törətməyə əsgəri qalmayacaq".

Əli