“Mətbu sistemi geniş olan millətin fikri də işıqlı olur” Layihə

“Mətbu sistemi geniş olan millətin fikri də işıqlı olur”

M.Ə.Rəsulzadə mətbuatı millətin çırağı hesab edirdi

Mətbuat tariximizdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Məmməd Əmin Rəsulzadənin özəl yeri var. Bütün yaradıcılıq boyu müxtəlif mətbu orqanlarda, sosial və siyasi mövzularda yazılar yazmış görkəmli jurnalist daim elm, maarif və insan özgürlüyünü müdafiə etmişdi. Mətbuatda azad sözü və azad mətbuatı demokratiyanın qarantı kimi görən Məmməd Əmin bəy yaşadığı bütün ölkələrdə də məhz bu məsələni qabartmışdı. Ümumiyyətlə, Rəsulzadə mətbuatı millətin çırağı hesab edirdi. "Mətbuat azadlığı" məqaləsində yazırdı: "Hər ölkənin mədəniyyətinin inkişafı onun ədəbiyyatının inkişafı ilə bağlı olduğu kimi, hər millətin siyasi vəziyyəti də onun mətbuat azadlığı ilə bağlıdır. O millət, o məmləkət xoşbəxt və azaddır ki, onların mətbuatı azad və xoşbəxt olsun. Bu məsələni lazımınca dərk etmək və anlamaq istəyiriksə, onda gərək mətbuat tarixini oxuyub araşdıraq, onun vəzifələrini və müxtəlif vəziyyətlərini təhlil edək. Nə qədər ki, həyat şəraiti, yaşayış tərzi sadə, qeyri-müstəqim idi, yazı da xüsusi və şəxsi səciyyə daşıyırdı. Amma yavaş-yavaş ictimai məsələlər genişləndikcə xəbərlər və yazılar xüsusilikdən çıxdı, ümumi məlumata və ümumi mənafeyə xidmət etdi.
Mətbuatın tərifi və xüsusiyyətləri haqqında demək olar ki, mətbuat ümumi məsələlərin yazılı şərhidir, bir ümumi mənafeyə xidmət edir, onu bütün xalqın nəzərinə çatdırır. Mətbuat üçün üç şərt lazımdır: birinci - yazmaq, ikinci - ümumi mənafe, üçüncü - yaymaq. Əgər bunların biri yoxdursa, mətbuat da yoxdur. Yazı ümumi mənafeyə xidmət edib geniş yayılmırsa, o, mətbuat yox, şəxsi yazıdır. Mövzunun ümumiliyini, həmçinin yayılmasını müqayisə etsək, demək olar ki, mətbuatda gedən yazı ümumi mənafeyi güdmürsə, xalqın nəzərinə çatmırsa, o, mətbuat hesab oluna bilməz. Bunlar mətbuatın xüsusiyyətləridir. Həmin xüsusiyyətləri öyrənib dərk etmədən bilmək olmaz ki, mətbuatın vəzifələri, mətbuat azadlığı nədir və ona nə lazımdır?"
Məmməd Əmin məqalədə mətbuatın vəzifələrindən yazır və yerli mətbuatı Avropa mətbuatı ilə müqayisə edərək problemləri göstərir: "Təzə informasiya vermək, tərbiyə etmək, maarifləndirmək yeni mətbuatın vəzifələrindəndir, o, bu vəzifəni tədriclə, təbii surətdə yerinə yetirir, qalın qaranlıq pərdələri qaldırıb onlarm arxasındakı zülm, sitəm və təzyiqlərin kökünü kəsməyə çalışır. Mətbuat elmi, siyasi və bəşəri informasiyanı çoxaldır, bu isə insanların zehninin işıqlanmasına səbəb olur. Mətbu sistemi geniş olan millətin zehni, fikri də işıqlı olur. İnkişaf etmiş millət o millətdir ki, onun mətbuatı azaddır, ciddidir, başqalarına nisbətən çoxuna müyəssər olandır. Bilik və informasiyanın əsas qaynağı həyatdır. Bilik və məlumatsız həyat, əsl həyat deyil, cansızdır, ölüdür.
Mətbuat bir müəllim vəzifəsini yerinə yetirir. O, xalqın tərbiyəçisidir. O, mənəviyyatdan uzaq ola bilməz. O, təmiz, saf olmalı, əxlaqdan kənara çıxmamalıdır, kənara çıxsa, öz mənafe və məqsədinə xidmət edə bilməz. Aşağı səviyyəli yazı, söyüş, abırı aparan yazı, fitnə-fəsad törədən yazılar - bax bu üç əxlaqdan kənar çıxışlar mətbuatı hörmətdən salar, əxlaqdan məhrum edər.
Tənqidi kobud, ədəbsiz və nalayiq olan yazılar - aşağı səviyyəlilər sırasına daxildir. Bu qəbildən olan mətbuata əxlaqca geri qalmış, tərbiyə görməmiş cəmiyyət üzvləri arasında, mədəni münasibətin nə olduğunu anlamayan yenicə ayılmış millət və yenicə ayaq tutmuş ölkələrdə təsadüf edilir. Ümumi tərəqqi genişləndikcə bu cür ədəbsiz yazılar da mətbuat səhifələrində azalır. İnkişaf və tərəqqinin məntiqi də bunu tələb edir. Digər tərəfdən mədəniyyət yüksəldikcə, əxlaq normaları da bərqərar olur, xalq aşağı səviyyəli yazılara dözmür. İrandakı vəziyyət bu baxımdan ən yaxşı nümunədir. Bu günkü mətbuatla nöçə il əvvəlki İran mətbuatı arasında nə qədər böyük fərq olduğu göz qarşısındadır. Bu fərqi görmək üçün indi bizim təzə mətbuatın qələm mübahisələri ilə başqa mədəni ölkələrin mətbuatını müqayisə edin. Əlbəttə, bir afrikalı bizim qəzetləri oxusa ləzzət alacaq, amma onu bir fransız nəzərdən keçirsə heyrətə düşəcək. Əgər aşağı səviyyəli yazılar, ümumiyyətlə, geridə qalmış ölkələrin mətbuatı payına düşürsə, abır-həyadan kənar və şəhvətpərəst yazılar da mədəni ölkələrdəki mətbuata məxsusdur. Bizim məqsədimiz o yazıları tənqid etməkdir ki, insanlarda şəhvətpərəstlik oyatmaq, ya pis məqsədlər üçün nəşr olunur. Rusiyada onlar "qara ədəbiyyat" adlanır, yəni onların alıcıları cahil, pis, əxlaqsız adamlar hesab edilirlər. Belə yazılara bəzən hekayələr, romanlar və bu səpgidən olan digər kitablar da daxildir. Bunların məzmunu şəhvətpərəstlik və eşqbazlığın təsvirindən ibarətdir. Onları yazmaqdan məqsəd müxtəlif macəraları oxucunun yadına salıb onda şəhvətpərəstlik hissləri oyatmaqdır. Bu cür kitablar asan və sadə dildə yazılır, ucuz olur, mədəni hesab olunan ölkələrin əksərində, xüsusilə Fransada çox yayılmışdır. Bizim ədəbiyyat içində Şeyx Sədinin qəzəlləri böyük ədibin əxlaqının nə səviyyədə olduğunu göstərir, Übeyd Zakaninin divanı da bu qəbildəndir. Übeyd Zakani keçmişdə İstanbulda çap olunmuşdu, amma burda hökumətin qorxusundan yayıla bilmədi. Həmin kitab vaxtilə Tehranda İstanbul nəşri adı ilə buraxıldı, bir çox nüsxəsi yuxarıda göstərilən aşağı təbəqə arasında yayıldı. Bu növ ədəbiyyatdan ibarət olan bir sıra kiçik kitabçalar dəxi milli mətbuat və ədəbiyyatımızı ləkələyir.
Bu cür yazılar aşağı səviyyəli adamların, varlı və yuxarı təbəqənin əxlaqsız məişətindən doğur. Eyni zamanda yoxsulluqdan, dəhşətli ehtiyacdan və daha yaxşı yaşamaq arzusundan irəli gəlir. Bu bir ədəbiyyatdır ki, həm yüksək səviyyəli varlılar, həm də aşağı səviyyəli cahillər arasında yayılır. Belə əsərlər əxlaqsız varlı ailələrində uşaqlara zövq verən, mövhumi inam və məmnunluq yaradan halva kimi görünür. İnkişaf etmiş ölkələrdə meydana gələn varlılar yoxsulların iş və əməyi hesabına harınlaşmışlar. Yoxsullar isə təhsildən kənarda qalır, öz zəkalarının qüdrətindən istifadə edib, elm yolu ilə öz məişətlərini təmin edə bilərdirlər. Diqqət edilərsə, onların əxlaqının aşağı səviyyədə olmasının da buradan doğduğu aydınlaşar.
Nəhayət, bu cür nəşrlərin zərərli və təhlükəli əxlaqi təsirinin də çox olduğunu söyləyə bilərik.
Pozğun qələmə alınan yazı, əsərlər həm əxlaqa, həm də tərbiyəyə böyük zərər yetirir. Öz xeyirləri üçün cürbəcür yalanlar, qərəzli qara fitnəkarlıq və iftiralar dərc edən mətbuat pozğun mətbuatdır, nəşrdir. Bu cür ədəbiyyat ancaq və ancaq pul qazanmaq naminə nəşr olunur, onların puldan başqa qayələri yoxdur. Belə mətbuatın səsi pul üçün çıxır, sakit olub susması da puldan asılıdır. Onu Avropada "zəkai söyüş" adlandırırlar. Həqiqətən də belədir. Əxlaqsız qadınla belə mətbuatın nə fərqi var? Hər ikisi bir cərgədəndir. Onlar həya və abırlarını yelə verirlər, vücudlarını nəcis qiymətinə satırlar. Əxlaqsız qadın öz vücudunu hərraca qoyur, kim çox pul versə onunla gedir. Pozğun jurnalist də özünü hərraca qoyur, qələminin və vicdanının ixtiyarını "səxavəti" çox olanların ixtiyarına verir.
Ziyanlı mətbuat və pozğun yazı da cəmiyyətə çox əziyyət verən zəhərdir, bəladır, beynəlxalq miqyasda kapitalizm meydana gələndən, zəhmətkeş fəhlə sinfi öz hüquqları uğrunda mübarizəyə qalxandan sonra bu cür nəşrlər geniş intişar tapdı. Elmi həqiqətləri danmaq, tənqidi yazıların qarşısını almaq, ümumin irəliləməsinə və zəhmətkeşlərin beynəlxalq əlaqələrinə mane olmaq üçün yuxarıda söhbət gedən mətbuat varlıların əlində alət olubdur.
Qanunvericilik məclisinə seçkilər zamanı pozğun mətbuat siyasətə qoşulur. İqtidarın cəmaətin, ümumin əlinə keçməsindən qorxuya düşərək ona maneə olmağa çalışır. Külli miqdarda pul xərcləməklə mətbuat vasitəsilə hər şəkil və formada olursa-olsun xalq arasına iğtişaş salıb hamını bir-birinə vurmağa başlayır. Xalqın fikrini döndərmək istəyir".
Məmməd Əmin Rəsulzadə hələ XX əsrin əvvəlində mətbuatın dördüncü yerdə durduğunu qeyd edirdi: "Mətbuat mühüm milli qüvvələrdən biridir O, milli iqtidarda dördüncü yerdə durur. Yəni iqtidarın yç qüvvəsi: birinci- qanunverici, ikinci- icraedici, üçüncü - hüquq orqanları. Bundan sonra mətbuat gəlir. Millət mətbuat vasitəsilə məlumatlanır, camaat onun səhifələrində elmi, ədəbi və siyasi xəbərlərlə tanış olur. Mətbuatı hava kimi fərz etmək olar. O, hər gün insan zəkasının məhsulunu öz səhifələrində dərc edir. Mətbuat dövrünün mədəniyyət carçısıdır, siyasət üzərində nəzarətçi (olan) kütləvi təbliğat vasitəsidir, ictimai fikri formalaşdırandır. Bu mövqedə mətbuat mühüm qüdrət və qüvvət kəsb edir. Ona dünyadakı dördüncü hakimiyyət ünvanı nahaq yerə verilməyibdir.
Hökuməti nalayiq işlərdən çəkindirən, onun fəaliyyətini bir an belə gözdən qoymayan, ciddi əsasla tənqidə rəvac verən, nöqsanları açıb göstərən, hakim dairələrin yaramaz hərəkətlərinin qarşısına dəmir sədd çəkən də mətbuatdər. Mətbuat elmi, siyasi və bəşəri informasiyanı çoxaldır, bu isə insanların zehninin işıqlanmasına səbəb olur. Mətbu sistemi geniş olan millətin zehni, fikri də işıqlı olur".
Mətbuatın ölkə həyatında oynadığı rolu kimsə Məmməd Əmin Rəsulzadə qədər geniş izahını verməyib. "Mətbuat azadlığı"
məqaləsi müasir dövr üçün çox aktualdır, çünki milli mətbuat yenə də məqalədə sadalanan problemləri yaşayır.
Ömrü boyu milləti savad almağa, elm öyrənməyə səsləyən ziyalı mətbuatdakı çıxışlarının bir çoxunu bu mövzuya həsr etmişdi. "Himmət və qeyrət vaxtıdır" adlı məqaləsində də savadsızlıq və cahillik ilə mübarizənin məhsulu idi: "İlahi, havaxtacan bizlər gecə-gündüz fikrə qərq olacaq, millətimizın dərdini və dalda qalmağını özümüzə vəzifə biləcəyik? Məgər bizlərə tərəqqi etməyə maneə vardır?
Bəli, vardır! Nə şeydi bizə mane olub? Himmətsizlik, kibr və qürur, mədəniyyətə ədəmi-meyl. Müsəlmanam - deyib, oturub baxmaq. Bəli, bir para əhli-maariflərimiz yeri düşəndə köhnə islam mədəniyyətilə təfaxür edərlər ki, bu hal alim babası ilə fəxr edən cahil nəvənin gülünc halına bənzər. Zamanımızda millətimizin təfaxür etməli nəyi vardır? Məgər vaxt gəlməyib ki, bu dərdlərin çarəsini edək? Qardaşlar! gəlin, hamımız birdən himmət edək, məktəbxanələr açaq, cəmiyyəti-xeyriyyələr təsis edək, füqəraya əl tutaq. Ta Allah da bizim əlimizdən tutsun".

Ülviyyə Tahirqızı