Azərbaycanlıların soyqırımı Britaniya kitabxanasının arxiv sənədlərində Layihə

Azərbaycanlıların soyqırımı Britaniya kitabxanasının arxiv sənədlərində

2-ci yazı
Ötən yüzilin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlıları ardıcıl şəkildə soyqırıma məruz qoymaları ilə bağlı dünyanın müxtəlif kitabxanalarında arxiv sənədləri qorunub saxlanılır. Belə mənbələrdən biri də Britaniya kitabxanasının 1918-1920-ci illərlə bağlı arxiv sənədləridir. Tarixçi Nigar Gözəlovanın bu mövzuda araşdırmasında vurğulanır ki, Salonikdə Böyük Britaniya qoşunlarının baş komandanı general C.F.Miln 1919-cu ilin fevralında Londona imperiya Baş Qərargah başçısına məlumat verirdi: "Bakını işğal etdiyimiz zaman Şuşa Andronikin erməni ordusunun hücumlarından iki Türkiyə batalyonu tərəfindən müdafiə olunurdu. İndi şəhərə ermənilər doluşmuşlar. Hökumətin qayda-qanunu saxlamaq üçün mümkün olan hər şeyi etməsinə rəğmən, ermənilər tatarları öldürməkdədirlər, sonuncular da, təbii ki, qisas alırlar. Ora qayda-qanunu saxlamaq üçün Britaniya əsgərlərinin göndərilməsi zəruridir, fəqət təhlükəsizliyin təmin edilməsi üçün batalyon göndərilməsi daha yaxşı olardı".
Kəşfiyyat Bürosunun 1919-cu il 10 aprel tarixli həftəlik məlumatında qeyd edilirdi: "Şuşa əyalətində vəziyyət ermənilərin münasibəti üzündən qeyri qənaətbəxşdir. Ermənilər yerli tatar (Azərbaycan - N.G.) inzibati idarəçiliyinə əngəllər yaradır və güman edirlər ki, tatar general-qubernatoru Sultanov Türkiyə agentidir. Ermənistan hökuməti bu cür hərəkətlərlə yaxşı heç bir şeyə nail olmayacaqları ilə əlaqədar xəbərdar edilib və qeyd olunub ki, həm Sultanov, həm də Azərbaycan hökuməti Şuşa əyalətindəki vəziyyətə görə Böyük Britaniya qarşısında məsuliyyət daşıyır". Böyük Britaniya hökuməti tərəfindən xüsusi olaraq ezam edilmiş Cənubi Qafqazdakı Britaniya missiyasının təmsilçilərinin sonrakı məlumatlarında qeyd edilirdi ki, erməni silahlı qüvvələri heç bir mənfurluqdan çəkinmirdilər və Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının dinc azərbaycanlı əhalisinin məhv edilməsi üçün ən əcaib metodlardan istifadə edirdilər. Qafqazdakı Böyük Britaniyanın ali komissarı ser Oliver Uordropun öz hökumətinə unvanladığı məlumatlar bu cür faktlarla zəngindir. Onun 1919-cu il oktyabrın 2-də Londona göndərdiyi raportunda deyilirdi: "Bu yaxınlarda ermənilər Yeni Bəyazid, Aleksandropol və İrəvan bölgələrində 60 müsəlman kəndini dağıdıblar". Uordropun 1919-cu il 8 oktyabr tarixli məlumatından bəlli olur ki, Ermənistanın xarici işlər nazirinin notasına cavab olaraq Azərbaycan Cümhuriyyətinin xarici işlər naziri F.X.Xoyski ölkəsinin Ermənistandakı diplomatik nümayəndəsi Ə.Haqverdiyev vasitəsilə qeyd edirdi: "Ermənistan Respublikasının xarici işlər nazirinin diqqətinə çatdırın ki, Zəngəzur Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və bununla əlaqədar olaraq erməni hökumətinin notasında səslənmiş sualı Azərbaycan Cümhuriyyətinin daxili işlərinə müdaxilə deməkdir. Azərbaycan Cümhuriyyətinin hökuməti ölkənin müxtəlif bölgələrində hakimiyyət qurumlarının həyata keçirdiyi tədbirlər haqqında erməni hökuməti qarşısında hesabat verməyə özünü məcbur bilmir".
Uordrop lord Kerzona Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri N.Yusifbəylinin 1919-cu il 16 noyabr tarixli məktubunu göndərdi. Həmin məktubda deyilirdi: "Zəngəzur Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və sülh konfransında bu qisimdə nəinki bizim tərəfimizdən, həmçinin Müttəfiq Britaniya Komandanlığı tərəfindən bu cür nəzərdən keçirilirdi; polkovnik Haskell və başqaları Zəngəzur vilayətinə bizim mübahisəedilməz hüququmuzu tanımışdılar". Özünün 1919-cu il 3 dekabr tarixli məlumatında Uordrop göstərirdi: "Ən sonunda baş nazir Yusifbəyli 23 noyabr sazişinin ziddinə olaraq ermənilərin hərbi əməliyyatlara davam etmələri ilə əlaqədar narazılığını izhar etdi və 9 kəndin məhv edildiyini bildirdi". Ertəsi gün göndərilmiş məlumatda o, qeyd edirdi: "Azərbaycan hökuməti erməni nizami dəstələri tərəfindən bu yaxınlarda törədilmiş müsəlmanların kütləvi qətlləri və 15 kəndin məhv edilməsi haqqında Zəngəzur və Dərələyəzdən məlumatları mənə çatdırıb. Mən İrəvana etiraz göndərərək dərhal təhqiqata başlamağı, müqəssirləri cəzalandırmağı və erməni nümayəndə heyətini yubanmadan Azərbaycanla görüşməyə göndərməyi tələb etdim".
O.Uordropun 1919-cu il 11 dekabr tarixli məlumatında göstərilirdi ki, "Qarabağdakı komandanın məlumatlarına əsasən, dekabrın 1-də nizami erməni qoşunları iki topla və 6 pulemyotla Kığı dərəsində (Kigy Pass) 9 tatar kəndinə basqın edib, onları yandırıb və qarət edib. Noyabrın 26-da ermənilər Oxçu bölgəsindəki bütün dinc müsəlmanları topladılar; hərbi yaşda olan kişiləri dinamitlə partlatdılar, qadınlar və uşaqlar da daxil olmaqla yerdə qalan əhalini isə məsciddə qətlə yetirdilər. Zəngəzur müsəlmanları çaxnaşma içərisindədir". Uordropun 1919-cu il 15 dekabr tarixli məlumatında deyilirdi: "Azərbaycanın baş naziri teleqram göndərərək erməni nizami topçu qoşunlarını ittiham edirdi; sonuncular Zəngəzurun kəndlərini məhv etməklə qırğın törətmişdilər. O, qeyd edir ki, dekabrın 9-da Gorusdan cənub-şərqdə Kədəkləkli, Əsgərli və Pərçəvan (Kedeclaklu, Askerlu and Perchevan) kəndləri məhv edildi və mühasirəyə alınmış Oxçu ilə Kığı dərəsindəki (Ohchi and Kigy Glens) müsəlman kəndləri artilleriya atəşi ilə dağıdıldı. O, Azərbaycanın Zəngəzurda bircə əsgərinin belə olmadığını söylədi.Zati-aliləri Zəngəzurdakı erməniləri tərksilah etmək üçün bitərəf ölkələrdən zabitlər göndərməyi xahiş edir; əks təqdirdə Azərbaycan mehriban qonşuluğu təmin etməkdən ötrü tədbirlər almaq məcburiyyətində qalacaq".
Uordropun 1919-cu il 30 dekabr tarixində göndərdiyi məlumatda göstərilirdi: "Bu gün alınan məlumatlara əsasən, erməni hökuməti dekabrın 21-də Zəngibasar bölgəsinin müsəlmanlarına qarşı hərbi əməliyyatlara başlayıb. Həmin tarixdə Qarğabazar, dekabrın 22-də isə Uluxanlı kəndləri dağıdılmışdır. Hazırda Çobankər Qaraqışlaq kəndi uğrunda döyüş gedir. Əgər bu məlumatlar doğrudursa, onda şübhə yoxdur ki, Ermənistan 23 noyabr sazişini pozmuşdur". Bir başqa ingilis nümayəndəsi Qrandinin 1920-ci il 25 yanvar tarixli məlumatında göstərilirdi: "Azərbaycan hökuməti Zəngəzurda erməni topçu kolonnası tərəfindən daha 24 kəndin məhv edilməsi və kütləvi qırğınlar törədilməsi haqqında məlumat verir. Azərbaycanda ictimai fikir olduqca həyəcanlıdır və hökuməti Müttəfiqlərin fəaliyyətsizliyinə görə ittiham edir". O.Uordropun 1920-ci il 28 yanvar tarixli məlumatında qeyd olunurdu: "Zəngəzurda erməni təcavüzü haqqında məlumatlar daxil olmaqda davam edir ki, bu da əhalinin Azərbaycan hökumətindən narazılığını gücləndirir. Əhali hökumətdən yubanmadan tədbirlər görməyi tələb edir".
Araşdırmaçı vurğulayır ki, O.Uordropun məlumatlarında Qars vilayətinin müsəlman əhalisinin faciəvi durumu haqqında da bilgilər ehtiva olunur. Bəlli olduğu kimi, ingilislər Cənub-Qərbi Qafqaz Respublikasını ləğv etdikdən sonra 1919-cu ilin mayında sözügedən vilayətdə hakimiyyəti Ermənistana vermişdilər. Uordropun 1920-ci il 28 yanvar tarixli məlumatında qeyd edilirdi: "Burada olan Azərbaycan nümayəndələri martın 5-də öz hökumətləri ilə əlaqə saxlayaraq bildirmişdilər ki, erməni hakimiyyət orqanları Çaldır, Zaruşat, Şunalal ("Shuunal el") (söz buraxılıb) bölgələrindən olan müsəlmanlara öz kəndlərini tərk etməyi əmr edib, həmçinin (söz buraxılıb) martın 1-də əhali tərksilah olmaq haqqında ultimatum alıb, mühasirəyə alınmış kəndlər isə dağıdılıb. O, xahiş edirdi ki, qaçqınların Azərbaycana getmələrinin təmin edilməsi haqqında ərz-halları qəbul edilsin".
Beləliklə, Britaniya diplomatik missiyasının 1919-cu ilin sonundan 1920-ci ilin əvvəlinə qədər dövrü əhatə edən yalnız bu məlumatlar əsasında belə bir nəticəyə gəlmək mümkündür ki, Zəngəzurda, Naxçıvanda və Qarabağda təqribən 69 kənd dağıdılmış, onların bütün dinc sakinləri isə məhv edilmişdi. Eyni zamanda, sözügedən dönəmin sənədləri ingilis komandanlığının Cənubi Qafqazda ərazi ixtilaflarının, o cümlədən erməni-Azərbaycan münaqişəsinin həllinə dair tutduğu mövqeyin qeyri-ardıcıllığına əyani şəkildə dəlalət edir. Arxiv sənədləri sübut edir ki, erməni terrorçuları hətta silah və döyüş sursatlarını belə Britaniya hökumətindən alırdı. Bir sənəddə deyildiyi kimi, "Mayor Hibbondan türklərdən müdafiə üçün aldığı bütün silah və artilleriyanı Andronik əhaliyə (erməni silahlı birləşmələri nəzərdə tutulur - N.G.) verib". Bir başqa sənəddə isə göstərilirdi ki, "belə ki, alyans (Antanta - N.G.) bu qoşunları (Andronikin silahlılarını - N.G.) əvvəllər maliyyələşdirdiyinə görə qoşunlar buraxılana kimi Andronikə hər ay 200000 rubl ödəmək təklif olunur". Eyni zamanda, öz cinayətlərini qonşuların üzərinə yıxmağa çalışan erməni təbliğatının yalançılığı haqqında Britaniya hakim dairələrində tədricən möhkəm əminlik formalaşmağa başlamışdı. Məsələn, Britaniya zabitləri hesab edirdilər ki, "böyük Ermənistan" haqqında bütün bu söhbətlər ekstremistlərin işinə yaramaqla milli hərəkatın atəşini körükləyir və kürdləri yenidən türklərin tərəfinə cəlb etməklə panislamizmin qüvvələrini möhkəmləndirir". Erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarında çoxsaylı vəhşilikləri haqqında məlumatlar alan Qrandi "erməni baş nazirinə teleqram vuraraq hücumları kəsməyi və silahlı dəstələri çıxarmağı tələb edib. Tələb yerinə yetirilmədiyi təqdirdə o, Əlahəzrət Hökumətinə Ermənistana yardım göstərməməyi tövsiyə edəcəyi ilə hədələyirdi".
Qrandinin 1920-ci il yanvarın 29-da göndərdiyi şifrəli teleqramda Uordropa aşağıdakı təlimatlar verilirdi: "Siz Azərbaycan hökumətinin irəli sürdüyü ittihamları cidd-cəhdlə təhqiq etməlisiniz. Əgər sizin tərəfinizdən xatırlanan faktlara dair dəlillər tapılarsa, erməni hökumətinə ciddi xəbərdarlıq etməniz və hücumlara dərhal son qoyulmasını tələb etməniz lazım gələcək. Siz həmçinin Azərbaycan hökumətini məlumatlandırmalısınız ki, Ermənistan hökumətinə qəti etiraz göndərmək haqqında Əlahəzrət Hökuməti tərəfindən təlimatlandırılmışsınız".
Beləliklə, Ermənistanın Cənubi Qafqazın müsəlman əhalisinin sistemli soyqırımına yönəlmiş təcavüzkar siyasəti göstərilən dövrün çoxlu sayda Britaniya arxiv sənədlərində öz əksini tapır. Britaniya arxivlərində tərəfimizdən aşkar edilmiş sənədlər göstərir ki, 1918-1920-ci illərin keşməkeşli siyasi hadisələri gedişində ən ağır fəlakət və müsibəti Azərbaycan əhalisi yaşamışdı. Bundan əlavə, Britaniya arxivinin məlumatları sübut edir ki, Azərbaycanın XX əsrin əvvəllərinin, xüsusən də 1918-1920-ci illər tarixi təhriflərdən, saxtalaşdırmalardan təmizlənməli və yenidən araşdırılmalıdır".
Uğur