Ermənilər Şuşanı “paytaxt“ seçməklə nəyə nail olmaq istəyirlər? Layihə

Ermənilər Şuşanı “paytaxt“ seçməklə nəyə nail olmaq istəyirlər?

Arzu Nağıyev: "Bir neçə məsələni siyasi, iqtisadi, hərbi baxımdan öz xeyirlərinə həll etmək niyyətindədirlər"

Elxan Şahinoğlu: "Buna hər vasitə ilə mane olmaq lazımdır"

Elman Cəfərli: "Ermənilərə ən yaxşı cavab Şuşanın Azərbaycan Respublikasının mədəni paytaxtı elan etməkdir"

Son zamanlar ermənilərin ard-arda təxribtalarının şahidi oluruq. Danışıqlar prosesini pozmaqda və status-kvonu saxlamaqda maraqlı olan Ermənistan bunun üçün müxtəliqf üsullara əl atır. Son günlər separatçı rejimin "paytaxt"ının Şuşaya köçürülməsi, xarici ölkələrdə nümayəndəliklərinin açılması kimi fikirlərin yayılması da bu qəbildəndir. Bndan başqa Kəlbəcərdə və digrər işğal altında olan Azərbaycan ərazilərində infrastruktur layihələrinin icrası, eyni zamanda, köçürülmə faktları da mövcuddur.
Ermənipərəst "Regnum" agentliyi öz mənbəsinə istinadən belə bir məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycanın işğal olunmuş torpaqlarında qondarma DQR rejimi yaradan Ermənistan Şuşanı bu rejimin "paytaxtı" etmək istəyir. Mənbə deyib ki, qondarma rejimin "paytaxtı"nın Xankəndindən Şuşaya köçürülməsi prosesi başlanıb.
Qeyd edək ki, bu addım Azərbaycan Konstitusiyasına, eləcə də beynəlxalq hüquq normalarına ziddir. Lakin Ermənistanın işğalçı rejiminin beynəlxalq hüquq normalarını tapdaladığı göz qabağındadır.
Burada düşündürücü sual qondarma rejimin "paytaxtı"nın Şuşaya köçürülməsi məsələsinin niyə məhz indi gündəmə gəlməsidir. Bu məsələnin məhz Şuşanın işğal günü ərəfəsində ortaya çıxması da diqqətdən yayınmır. Görünür, Ermənistan hakimiyyətinin işğal etdikləri Azərbaycan torpaqları ilə bağlı məkrli planları davam edir. Şuşaya köçmə işi də məhz işğal etdikləri torpaqları mənimsəmək məqsədlərindən xəbər verir.
Ermənistan mediası isə "paytaxtın" Şuşaya köçürülməsinin Qarabağda gərginliyin artmasına səbəb olacağını yazıb.
"Armeninareport" saytı yazır ki, Dağlıq Qarabağ münaqişəsində vəziyyət ipdən asılıdır və belə bir addım müharibəni körükləyə bilər.
Diqqətçəkən məqam odur ki, bu xəbərlərin yayılmasından sonra dünən günün sonunda qondarma rejimin sözçüsü David Babayan "paytaxtın" Şuşaya köçürülməsi haqda məlumatları təkzib etdi.
Onu da əlavə edək ki, Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən demək olar tamamilə dağıdılmış Şuşa hazırda sürətlə məskunlaşdırılır və şəhərdə tikintilər gedir. Regnum əlavə edir ki, separatçılar artıq Azərbaycanın tarixi şəhərinə "Mədəniyyət Nazirliyini" və digər dövlət idarələrini köçürüblər.
Agentliyin məlumatına görə, separatçılar "DQR" parlamentinin Xankəndidən Şuşaya köçürülməsi layihəsini müzakirə edirlər. Bu baş verərsə "DQR"in paytaxtı tamamilə Xankəndidən Şuşaya köçürülə bilər.
Ümumiyyətlə, bu təxribat xarakterli addımlar nə üçün atılır? Bizə hansı mesajlar verilir və Azərbaycanın alternativləri nə olmalıdır?
Politoloq Arzu Nağıyev diqqətə çatdırdı ki, ermənilər Şuşanı "paytaxt" seçməklə bir neçə məsələni həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan, yəni strateji baxımdan öz xeyirlərinə həll etmək istəyirlər: "Yəni əsrlər boyu alınmaz qalaya çevrilən Şuşanı zəbt etməklə bunlar öz "qəhrəman"lığını göstərmək istəyirlər...Digər tərəfdən dövlətin adını dəyişib Artsax qoymaqla yeniləşmə və təbii ki, özlərinin qondarma idarəçi qurumlarını ora köçürmək istəyirlər və İrəvana daha yaxın olurlar. Çünki qəflətən Dağlıq Qarabağla bağlı rayonların boşaldılması başlasa, ən son anda Şuşa və Laçın gündəmə gələ bilər. Bundan başqa ermənilərin lobbiçilik siyasəti Şuşa ilə Xankəndiyə daha çox bağlıdır. Yəni əsas məqamlar budur və Şuşa yüksəklikdə yerləşdiyi üçün həm də strateji əhəmiyyəti daha çoxdur. Təbii ki, Azərbaycan tərəfi belə halları daim nəzrə alıb və Beynəlxalq təşkiltlar da bu haqda məlumatlıdırlar. Bunun üçün də əsasən xarici siyasətdə mühüm addımlar atmaq lazımdır və düşünürəm ki, atılır...".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu diqqətə çatdırdı ki, işğal altındakı torpaqlarda infrastruktur işləri və köçürülmə müharibəyə səbəb olacaq. Elxan Şahinoğlu əlavə edib ki, separatçıların işğal olunmuş Azərbaycan torpaqlarında yaratdığı rejimin "paytaxtı" Şuşaya köçürməsinə, Kəlbəcərdə məktəb, uşaq baxçası, xəstəxana və su elektrik stansiyasının tikintisinə hər vasitə ilə mane olmaq lazımdır: "Necə ki, rəsmi Bakı separatçıların Xankəndidə təmir etdiyi hava limanının istifadəsinə əngəl olursa və separatçılar qorxularından bu hava limanından istifadə edə bilmirlərsə, təyyarələr enib-qalxmırsa, eyni taktikadan Şuşa və Kəlbəcərlə bağlı da istifadə etmək lazımdır". Onun sözlərinə görə, separatçı rejimin son zamanlar birdən-birə belə təxribat xarakterli hərəkətlərə əl atmasının arxasında böyük məkrli plan dayanır. "Axı, hansı qüvvədir ki, seprataçıların bu təxribat xarakterli hərəkətlərinin təhlükəsizliyinə zəmanət verir?! Odur ki, bununla bağlı olaraq dərhal Minsk Qrupu həmsədrləri Bakıya çağırılmalı və onlar baş verənlərin hansı nəticələrə gətiriləcəyindən xəbərdar edilməlidirlər".
Politoloqun fikrincə, ümumiyyətlə beynəlxalq aləmə elan olunmalıdır ki, işğalçı Ermənistanın bu cür destruktiv hərəkətlərini davam etdirməsi, işğal altındakı torpaqlarda infrastruktur işləri və köçürülmə nəticədə müharibəyə səbəb olacaq.
Politoloq həmçinin diqqətə çatdırıb ki, Ermənistan hakimiyyəti və erməni lobbisi Dağlıq Qarabağ separatçılarının mövqelərini gücləndirmək üçün "nümayəndəliklər" açmağa da çalışır, harda gəldi "bayraqlarını" dalğalandırır, bir sözlə Azərbaycana qarşı təxribatla məşğuldurlar: "Ən çox da Rusiyada fəaldırlar. Biz bundan şikayətçiyik, Rusiyada erməni separatçılarına böyük imkanlar yaradıldığını deyir və izahat tələb edirik. İzahat isə yoxdur. Belə olan halda biz də öz imkanlarımızı hərəkətə gətirməliyik. Məsələn, Azəbaycan Rusiyanın Volqoqrad və Həştərxan şəhərlərində məktəblər tikib, parklar açıb, bir sözlə pul yatırıb və buna görə həmin şəhərlərin rəhbərləri Azərbaycana minnətdardırlar. Ancaq elə rusların yaxşı bir misalı var, "quru sağ ol ilə iş düzəlmir". Dağlıq Qarabağın azərbaycanlı icmasının iştirakı ilə bu şəhərlərdə dəyirmi masalar təşkil edilsin, işğaldan danışılsın, məsələnin sülh yolu ilə həlli haqqında fikirlər çatdırılsın. Bu prosesə Sülh Platformunu da qoşmaq olar. Moskva və Sankt-Peterburda da bu çalışmaları genişləndirmək lazımdır. Erməni lobbisi Moskva və Sankt-Peterburda separatçıların "bayrağını" qaldırırsa, bizim də buna cavabımız Dağlıq Qarabağın azərbaycanlı icmasını tanıtdırmağımız olmalıdır".
Araşdırmaçı jurnalist, "Cümhuriyət" qəzetinin redaktoru Elman Cəfərli isə vurğuladı ki, Qondarma rejimin mətbuat xidmətinin rəhbəri David Babayan bunu təkzib edib: "Bildirib ki, bu ideya əvvəllər olub, ancaq bu gün gündəmdə deyil. Ancaq mənim fikrimcə, məsələ mediaya çıxıbsa demək bu, qondarma DQR rəhbərliyində müzakirə olunub. Ermənilər də yaxşı bilir ki, Şuşa tarixən Qarabağın siyasi və mədəni mərkəzi olub. Rusiya ilə Qarabağ xanlığı arasında 1805-ci ildə imzalanmaş Kürəkçay müqaviləsində də o zamankı Qarabağ xanı İbrahim xanın statusu "Şuşalı və Qarabağlı İbrahim xan" kimi göstərilir. Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılanda da ermənilər Şuşanın mərkəz olmasına çalışıblar, lakin şuşalıların müqaviməti ilə üzləşiblər. Ermənilərin indi də belə bir niyyəti var və Şuşanı paxtaxt kimi görmək istəyirlər. Onlar bununla Şuşa şəhərinə sahiblənmək istəyirlər. Lakin Şuşa işğal olunmuş Azərbaycan şəhəridir. Şuşada tarixən Azərbaycan türkləri yaşayıblar. Ermənilər bütün Qarabağa, o cümlədən Şuşaya sonradan köçüblər. Bu tarixi faktı inkar etmək olmaz. Hesab edirəm ki, Azərbaycan dövləti buna səssiz qalmamalı, etirazını bildirməlidir. Ermənilərə ən yaxşı cavab Şuşanın Azərbaycan Respublikasının mədəni paytaxtı elan etməkdir".

Əli