Rusiya Qarabağ münaqişəsinin həllinə maneədir Layihə

Rusiya Qarabağ münaqişəsinin həllinə maneədir

Ermənistan Kremlin maraqlarının qurbanına çevrilib

Son zamanlar Rusiyanın Azərbaycana təzyiqi artıb. Bu, özünü müxtəlif formada göstərir. Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi, Rusiya Xarici İşlər Nazirinin sözçüsü Mariya Zaxarovanın səsləndirdiyi qərəzli fikirlər, Rusiyanın açıq-aşkar işğalçı Ermənistanı silahlandırması və bu kimi digər faktlar münasibətlərdə kifayət qədər gərginlik yaradıb.
İranın ANAJ İnformasiya Agentliyinin yazdığına görə, Ermənistanda gedən daxili siyasi proseslər və Rusiyanın Dağlıq Qarabağ məsələsində ikili standartlardan çıxış etməsi Ermənistanla Azərbaycan arasında sülh şansını yox edir. Beləliklə, Azərbaycan tərəfi üçün yeganə alternativ işğalçıya qarşı genişmiqyaslı müharibəyə başlamaqdır. Odur ki, Ermənistanın işğal olunmuş ərazilərdəki raket hücumundan müdafiə sisteminin məhv edilməsi ATƏT-in Minsk qrupu üzvlərini o qədər də təəccübləndirməməlidir. Onlar bütün hallarda Azərbaycanla Ermənistan arasında balans yaratmalı olsalar da, indi daha çox Ermənistanı müdafiə etməyə çalışırlar.
Başqa sözlə, bu hadisəyə görə işğalçı tərəf yox, Azərbaycan qınanır. Bu, əlbəttə ki, erməniləri tam qane edir. Ümumiyyətlə, vasitəçilər indiyədək münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması ilə həll edilməsinin vacibliyi bir dəfə də dilə gətirməyib. Məsələn, Minsk qrupunun Laçın rayonunun işğalının növbəti ildönümündə verdiyi son bəyanatında bu məsələyə ümumiyyətlə toxunulmayıb.
Əvəzində Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməməsindən məyus olaraq Ermənistanın hərbi texnikasını məhv edən Azərbaycanın belə qanuni addımlarından narahatlığını ilk dəfə ifad’ etmir. Onların baş verənlərə belə reaksiyası göstərir ki, həmsədrlər mövcud vəziyyəti sülh yolu ilə dəyişmək iradəsinə və gücünə malik deyil.
Rusiyanın mövqeyi də birbaşa Ermənistanın maraqlarına xidmət edir. Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarovanın son insidentlə bağlı bəyanatında da Ermənistana məxsus zenit raket kompleksini məhv etmiş Azərbaycanın addımı dolayısı ilə pislənir. Bununla yanaşı, Zaxarovanın Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvinə etiraz edən Bakının mövqeyini tənqid etməsi də Yerevanı dəstəkləndiyinə açıq mesajdır.
Bütün bunlar göstərir ki, nə Rusiya, nə də Minsk qrupunun digər həmsədrləri Azərbaycanı razı salmaqda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlıdır. Bu isə Ermənistanı qeyri-konstruktiv mövqe tutmağa təşviq edir. Ermənistan prezidenti Serj Sarqisyanın Dağlıq Qarabağın müqəddəratının həmin ərazilərdə yaşayan əhali tərəfindən təyin edilməli olduğu haqda bəyanatları da bunun nəticəsidir.
Belə bir şəraitdə, işğal olunmuş ərazilərin təcavüzkarlardan azad edilməsi üçün hərbi yoldan başqa seçim qalmır. Bu halda Ermənistan öz böhranlı iqtisadiyyatı və güclü olmayan ordusu ilə işğalçılığı davam etdirə biləcəkmi? Gözləmək və prosesi izləmək lazımdır.
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Rusiyanın Ermənistanı silahlandırması, orada hərbi bazalarını genişləndirməsi və son illərdə Ermənistandakı bütün fabrik və zavodları özəlləşdirməsi və s. bütün bunlar bir daha göstərir ki, Ermənistan faktiki olaraq Rusiyanın vassalıdır: "Rusiya Ermənistana silahı pulsuz verir, biz isə silah almaq üçün onlara 4-5 milyard pul veririk. Həmçinin, ötən il Rusiya və Ermənistanın hərbi qoşun birlikləri yaradıldı. Bu, bizim rəsmilərdə narahatlıq yaratdı. Rusiya tərəfi isə bildirdi ki, bu, Ermənistanın təhlükəsizliyi üçün atılmış bir addımdır və heç bir halda üçüncü dövlətə qarşı yönələ bilməz. Amma həmin hərbi qoşun birliklərinə rəhbərlik edən erməni general açıq şəkildə bildirdi ki, Rusiya-Ermənistan qoşun birlikləri Dağlıq Qarabağ ərazisində Azərbaycana qarşı döyüşə bilər. Bu, nə deməkdir? Biz Rusiyadan reaksiya eşitmək istəyirdik. Amma reaksiya gəlmədi. Sanki belə də olmalı idi. Mən Rusiyanın regional siyasətini tənqid edəndə bəzi dostlarım deyir ki, sən Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirə bilərsən. Onsuz da bilirik ki, Rusiya Ermənistanın müttəfiqidir. Biz nə edə bilərik ki? Mən bu yanaşmaları doğru hesab etmirəm. Bəli, Rusiya Azərbaycanın qonşusudur. Normal münasibətlərimiz olmalıdır. Tərəfdaşlıq, iqtisadi əməkdaşlıq inkişaf etməlidir. Biz Rusiyadan hərbi texnika alırıq və almağa da davam edəcəyik. O cümlədən, Rusiyada milyonlarla soydaşımız yaşayır. Mən bütün bu amilləri nəzərə alıram. Amma Rusiyanın işğalçı dövlətə birbaşa yardımını görəndə susa bilmirəm, müəyyən mövqe ortaya qoyuram".
Politoloq Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri olaraq, Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmadığına təəssüfləndiyini bildirib: "ABŞ və Fransadan fərqli olaraq, Rusiyanın Ermənistana təsir etmək imkanı var, amma bu imkandan istifadə etmir. Ona görə də bu bizdə haqlı suallar yaradır. Lakin biz bu məsələdə Rusiya ilə toqquşa bilmərik. Düzdür, mən bir müstəqil politoloq kimi deyə bilərəm ki, bəli, Rusiya münaqişənin həllində mənfi rol oynayır. Amma təəssüf ki, rəmi səviyyədə Rusiyanın Minsk qrupundakı fəaliyyətinin əlehinə getmək və onun Minsk qrupundan getməsi kimi kəskin şərt irəli sürmək münasibətlərin daha da gərginləşməsinə gətirib çıxarar. Sonrakı mərhələni də düşünmək lazımdır. Çünki biz bilmirik ki, Rusiya Azərbaycan qarşı hansı növ təxribatlar edə bilər. Rusiya əlindən gələni edəcək ki, Azərbaycanı zəiflətsin. 90-cı illərdə Rusiya ilə münasibətlərdə soyuqluq baş verdi, nəticədə biz əldə etdiyimiz torpaqları yenidən itirdik. Şimal və cənubda separatçı hərakatlar baş verdi. Təbii ki, bunlar Rusiyanın əli ilə oldu. 2008-ci il Rusiya-Gürcüstan savaşını yada salaq. Rusiya Gürcüstana müdaxilə etdi. Tanklar Tiflisə qədər gəlmişdi. Rusiyada işləyən gürcülər təyyarə ilə deportasiya edildi. Mən demirəm ki, Rusiyadan qorxmalıyıq, çəkinməliyik. Və ya Gürcüstana edilənlər bizə də edilə bilər. Amma hər halda Rusiyanın regiondakı həlledici rolunu nəzərə almaq lazımdır. Ona görə də biz Gürcüstan və Ukrayna kimi Rusiya ilə münasibətlərin gərginləşməsinə gedə bilmərik. Bu, Rusiyanın Azərbaycanda destruktiv fəaliyyətinə yol aça bilər".
Politoloq Vasif Əfəndiniun fikrincə, Rusiyanın Ermənistanı silahlandırması, Mariya Zaxarovanın qərəzli fikirləri Dağlıq Qarabağ münaqişəsinin həllinə birbaşa maneədir və eyni zamanda rəsmi Bakıya hədədir: "Münaqişəni elə Rusiya yaradıb və onun həll olunmamasına da maneədir. Rusiya bölgədə bir yaradır, Cənubi Qafqazda bütün münaqişələrin yaranmasının ssenaristidir. Rusiya Azərbaycana pulla satır silahı, Ermənistana isə pulsuz verir. Moskvanın əli olan, nüfuz etdiyi yerdə həmiçə münaqişələr var. Rusiay bu gün barmağını Qarabağ münaqişəsi məsələsindən çəkərsə, sabah o problem həll olunacaq. Maraqlıdır ki, Rusiyanın işğaslçı Ermənistanı dəstəklədiyini elə onların öz media rəhbərləri də təsdiqləyirlər. Məsələn, panarmenian.net-ə belə bir xəbər yaymışdı ki, "Rusiya bu gün" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyov Rusiyanın Azərbaycana satdığı silahdan əldə etdiyi gəlirlə Ermənstanı da silahlandırdığını iddia edib: "Azərbaycan bazardan pulla silah alır. O bu silahı ABŞ-dan, İsraildən və ya Rusiyadan ala bilər. Rusiya dünyada ikinci ən böyük silah satıcısıdır. Rusiyanın bazara çıxardığı silahı digər ölkələr kimi Azərbaycan da alır. Rusiyanın Azərbaycana silah satması Ermənistan üçün də sərfəlidir. Rusiya Azərbaycana satdığı silahdan əldə etdiyi gəlirlə həm öz hərbi sənayesini inkişaf etdirir, həm də Ermənistanı silahlandırmaq üçün imkan əldə edir. Bir sözlə Rusiya Azərbaycana satdığı silahdan əldə etdiyi gəlirlə Ermənistanı silahlandırır. Daha dəqiq desək Azərbaycan Rusiydan aldığı silahla həm də Ermənistanı silahlandırır". Görürsüz, Rusiya hansı məkrli planlardan istifadə edir. Rusiyanın işğalçıya dəstəyini elə onun təmsil olunduğu Minsk qrupunun digər həmsədr ölkələri də bilir, elə beynəlxalq təşkilatlar da. Amma nədən bu azqınlığın qarşısı alınmır, bu başqa mövzudur. Fakt odur ki, Ruysiya Cənubi Qafqazda törətdiyi bütün təxribatlardan yalnız milli maraqları üçün istifadə edir. Ermənistan da bu maraqların qurbanına çevrilib".

Cavid