Cənubi Azərbaycanda milli mətbuat Layihə

Cənubi Azərbaycanda milli mətbuat

1982-ci ildə İranda nəşr olunan ana dilli mətbuat orqanları bağlandı

1945-ci ildə Rəsul Rzanın redaktorluğu ilə əski əlifbada Güney Azərbaycan üçün nəzərdə tutulmuş rəngli illustrasiyalı "Azərbaycan" adlı jurnal nəşr olunurdu. Bakıda nəşr edilib, Təbrizdə yayılırdı. Tədqiqatçı alim C.Həsənli yazırdı ki, jurnalın hər sayında Güney və Quzey Azərbaycanın ictimai-siyasi, mədəni, ədəbi həyatı, tarixi birlikdə əhatə olunurdu. İkincisi, jurnal Cənubi Azərbaycan üçün buraxıldığından Sovet Azərbaycanında hökm sürən bolşevik ideologiyasının tələblərindən bir qədər yayınır, Azərbaycan xalqının köklü mənafeyi, taleyi və tarixi ilə bağlı əsas məsələlərə toxuna bilirdi. Bütöv Vətən, eyni xalq, vahid millət məramı demək olar ki, "Azərbaycan"ın hər sayından duyulurdu. Azərbaycan tarixinin, mədəniyyətinin, ədəbiyyatının, sənətinin əsrlər boyu vəhdət şəklində inkişaf etməsini əyani şəkildə sübuta yetirirdi.
Uzun illər (xüsusilə 1920-ci illərdən sonra) hər iki tayda - sovetlər birliyində bolşevik, İranda şah rejimi tərəfindən "ikiyə bölünmüş Azərbaycan məsələsi" mövzusu yasaq olunmuşdu. 1941-ci ildən etibarən sonralar hər iki tayda ikiyə bölünmüş xalqın faciəsini: "ayrılıq, həsrət" motivlərinin ədəbiyyata gətirilməsinin bünövrəsi ilk dəfə "Vətən yolunda" qəzetinin və "Azərbaycan" jurnalının səhifələrində qoyulmuşdu.
Vətənpərvər, demokratik və milli ziyalıların nümayəndələrinin birləşdiyi "Azərbaycan Cəmiyyəti"nin 1941-ci il noyabrın 1-dən "Azərbaycan" qəzeti nəşr edilməyə başladı. Mətbu orqan Əli Şəbüstəri və İsmayıl Şəmsinin redaktorluğu çap edilirdi. Qəzet ilk sayındakı baş məqalədə yazırdı: "Azərbaycan"ın seçdiyi yol, mövcud vəziyyətin, əfkari ümuminin, habelə xalqın gündəlik ehtiyaclarının aynasına çevrilərək ictimai şüuru istiqamətləndirmək, onu işıqlandırmaqdır". Qəzet sonradan, 1945-ci ildən Azərbaycan Demokrat partiyasının orqanı oldu və partiyanın məqsəd, məramını sadə Azərbaycan dilində xalqa çatdırırdı.
O illərdə "Vətən yolunda" və "Azərbaycan" qəzetlərində folklorun toplanıb öyrənilməsi, yayılması işi geniş yayılmışdı. Uzun illər ana dilində təhsildən, mətbuatdan, kitab oxumaqdan məhrum olan azərbaycanlılar bəlkə də yalnız folklorun hesabına öz milli varlıqlarını qoruya bilmişdilər.
"Azərbaycan" qəzetində müntəzəm olaraq xalqın tarixi qəhrəmanlıq səhifələrindən, klassik ədəbi nümunələrdən, çağdaş şairlərin əsərlərindən parçalar dərc edilirdi. Qəzet səhifələrində ilk şerləri görünən Əli Fitrət, Hilal Nasiri, Mir Mehdi Etimad və başqalarının təşəbbüsləri nəticəsində ana dilində yazanların sayı artır, mətbuat aləminə yeni qüvvələr gəlirdi. "Azərbaycan" qəzeti ən yaxşı yazıçı və jurnalistləri öz ətrafında birləşdirə bilmişdi. Bunlardan Firudin İbrahimi, M.Turabi, H.Xoşginabi, İsmayıl Şəms, Q.Qəhrəmanzadə, Abbas Pənahi, Əhməd Musəvi və s. göstərmək olar. Amma "Azərbaycan"ın ən ən məzmunlu və dolğun məqalələri Seyid Cəfər Pişəvərinin qələmi ilə yazılmışdı.
1945-ci ildə Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Milli Demokratik Hökumət quruldu. Məhz, həmin hökumət İranın daxilində Azərbaycanın milli muxtariyyət hüququnu bərpa edərək azərbaycanlıların öz ana dilində danışmaları, yazıb-oxumaları üçün şərait yaratdı. O illərdə ayrı-ayrı ədəbi-mədəni və siyasi cəmiyyətlərin, birliklərin öz mətbu orqanları mövcud idi. Təbrizdə Azərbaycan milli məclisinin orqanı olan "Azad millət", Azərbaycan həmkarlar ittifaqının "Qələbə", Azərbaycan Demokrat təşkilatının "Cavanlar", bunlardan başqa "Yeni Şərq", "Fəryad", "Xavər nou", "Təbriz", "Şahin", "Əxtəre-şimal", "Vətən yolunda", "Azərbaycan ulduzu", "Azərbaycan", "Şəfəq", "Demokrat", "Yumruq", "Ədəbiyyat səhifəsi", Ərdəbildə "Cövdət", "Yumruq", Urmiyədə "Qızıl əsgər", Zəncanda "Azər", Miyanada "Vətən" adlı qəzet və jurnallar çap olunurdu.
Azərbaycan yazıçı və şairlər cəmiyyətinin "Günəş", maarif idarəsinin "Maarif" kimi mətbu orqanları fəaliyyət göstərirdi. Bu nəşriyyatların təsisçi və redaktorları dövrün tanınmış ziyalıları idi. "Qələbə" qəzetinin redaktoru sonralar hər iki tayda repressiyaya məruz qalmış görkəmli şair Məhəmməd Biriya, "Azərbaycan ulduzu" qəzetinin redaktoru isə tanınmış ictimai xadim Hilal Nasiri idi.
1978-1979-cu illər İran inqilabından sonra Cənubi Azərbaycan ədəbi mühitində xüsusi bir canlanma başladı. 40-dan artıq ana dilli mətbuat orqanlarının nəşri, Tehran və Təbrizdə müxtəlif ədəbi birliklərin fəaliyyətə başlaması ədəbi prosesin təşkilatlanmasına, ədəbi qüvvələrin istiqamətlənməsinə, bədii əsərlərin oxuculara çatdırılmasına ciddi təsir göstərdi. İranın 1979-cu ilin dekabrında qəbul etmiş qanunun 15-ci maddəsində yerli və qövmi dillərin (etnik) kütləvi informasiya vasitələrində, mətbuatda işlənməsinə, məktəbdə isə milli ədəbiyyatın tədrisinə icazə verildi. Əsas qanunun 19-cu maddəsində isə ölkədə müxtəlif millətlərin, xalqların yaşaması dolayısı ilə olsa da etiraf edildi.
Qanunda nəzərdə tutulanların hamısı dərhal reallaşmasa da, Azərbaycann dilinin tədrisi sahəsinə heç cür yol tapılmasa da, mədəni həyatda bir sıra nailiyyətlər nəzərə çarpırdı.
İnqilabın qələbəsindən az sonra Xomeyninin Təbriz nümayəndəsi Ayətolla Mişkini özü: "Bu nə türkidir ki, radio-televiziyon danışır, yarsından çoxu farsdır" deyərək, Azərbaycan dilinin saflaşdırılmasını vacib sayırdı. Azərbaycan türkcəsi radioda artıq sərbəst işlədilməyə başlayır. Lakin təəssüf ki, bu günə qədər İranda ana dilində təhsil almaq, qəzet, kitab oxumaq kimi ən adi insan hüquqları pozulur.
1978-1979-cu illər İran inqilabı Cənubi Azərbaycanda milli mətbuatın dircəlişi üçün zəmin yaratsa da, 1982-ci ildə nəşr olunan ana dilli mətbuat orqanlarının, "Varlıq" istisna olmaqla, hamısı bağlandı. Hələ XIX əsrin sonlarında Güney Azərbaycanda maarif sahəsində gözəl bir ənənənin əsası qoyulmuşdu. Məktəb və mədrəsələrdə nəşr və mətbu nümunələr çap olunurdu. 1893-cü ildə Təbrizin "Müzəffəriyyə" mədrəsində "Nasiri" adlı qəzet çıxırdı. Bir çox üstün keyfiyyətləri ilə seçilən bu qəzetin redaktoru "Müzəffəriyyə" məktəbinin müdiri idi. İranda ilk üsuli-cədid məktəbinin əsasını qoymuş M.H.Rüşdiyyənin ardıcılları yeni məktəblər təsis etdirdilər. Onlar eyni zamanda bu məktəblərdə kitab, qəzet, jurnal nəşri ilə də məşğul idilər. Çox zaman bu işə mədrəsə və məktəblərin öyrənci və tələbələri də həvəslə qoşulurdular. 1907-ci ildə Təbrizdə işıq özü görən "Ümid" qəzeti Loğmaniyyə mədrəsəsinin tələbələri tərəfindən hazırlanmışdı. Bu ənənə bu gün də davam edir. Güney azərbaycanlıların təhsil aldıqları elm ocaqlarında qəzet və jurnallar dərc edilir. Bu, təbii ki, daxili ehtiyacdan irəli gəlir. İranın bir çox iri şəhərlərində, əsasən tibb və texniki sahələr üzrə təhsil alan azərbaycanlı tələbələr ana dilində mətbu orqanlarını çıxarmaqla bir növ mənəvi ehtiyaclarını ödəyirlər. Bununla, onlar fars dilinin mütləq üstünlüyünü aradan qaldırır, ana dilində yazıb-oxumağın, nəinki mümkün, həmçinin üstün və zəruri olduğunu açıb göstərməyə çalışırlar. Bu mətbu orqanlarda çox zaman milli kimlik və milli mədəniyyətlə bağlı bilgi və örnəklərə geniş yer verilir. Cənub mətbuatı üçün xarakterik xüsusiyyətlərdən biri də odur ki, öz səhifələrində fars dilində məqalə və materiallar dərc etməklə Azərbaycan xalqının milli varlığını, mədəniyyətini, zəngin tarix və ədəbiyyatını həm farsdilli, həm də İranın digər qeyri-azərbaycanlı xalqları arasında təbliğ edirlər.
Bu qəzetlərin tez-tez qapanmasının səbəbləri əvvəl maddi vəsait və maddi texniki imkanların məhdudluğu ilə bağlıdırsa, digər tərəfdən öz səhifələrində milli-siyasi və milli-ictimai problemlərin kəskin şəkildə qoyulması, siyasi tələblərlə, şüarlarla çıxış etməsi, bir sözlə milli-siyasi məzmun və xarakter kəsb etməsi ilə bağlı olur.
Tək Cənubi Azərbaycanda deyil, bütün İran boyu ali təhsil ocaqlarında tələbələrin köməyi ilə onlarla dərgi və qəzetlər nəşr olunub. Məsələn, "Kimlik" qəzeti Sənəndəc şəhərinin türkdilli tələbələri tərəfindən, "Çiçək" dərgisi Tehranın Tibb Universiteti, "Səs" qəzeti Zəncan universiteti tərəfindən hazırlanaraq nəşr edilirdi. Daşıdıqları adları kimi sabaha, gələcəyə ümid hissləri ilə dolu olan və tələbə gənclərin yeni fikir, arzu, istək, diləklərini öz səhifələrində əks etdirən bu mətbu orqanlar bütün İran boyu səpələnmişdi: Tehranda "Çiçək", "Dilşad", "Ərdəm", "İşıq", Təbrizdə "Səhər", "Araz", "Yurd", İsfahanda "Məzun", "Səhənd", "Dan ulduzu", Qəzvində "Araz" və s. Bundan başqa internet şəbəkəsində belə mətbu nümunələrin müxtəlif variantları mövcuddur.
Təəssüf ki, son illər İrandan ziyalı soydaşlarımıza qarşı ürək ağrıdan xəbərlər eşidirik. Güney Azərbaycan mediasında çalışanlar haqsız olaraq təqiblərə və təzyiqlərə məruz qalırlar. Qısaca qeyd etmək olar ki, hazırda Güney Azərbaycan mediası tənəzzül və repressiya dövrünü yaşayır.
Tədqiqatçı Pərvanə Məmmədli yazıçı Cəlal Ali Əhmədin hələ ötən əsrin 50-60-cı illərində söylədiyi bir həqiqəti xatırladır. O yazırdı ki, Cənubi Azərbaycanda baş verən bütün böhranlı vəziyyətlər dil məsələsindən doğur: "Mədəniyyətin, təhsilin, mətbuatın və kitab nəşrinin hələ yayılmadığı dövrdə İranda dil müxtəlifliyi elə bir problem doğurmurdu. 1920-ci illərin əvvəllərində Tehran hökuməti bütün ölkədə əhalinin birdilli olmasına çalışdı. Bütün səyini nəinki türk dilini məhdudlaşdırmağa, hətta onu məhv etməyə yönəltdi".
Uzaqgörənliklə söylənilən bu fikir indi də qüvvədədir. Çağdaş dövrdə mərkəzi hökumətlə Cənubi Azərbaycan arasında baş verən bütün ixtilafların kökündə əsasən dil məsələsi durur. Əsrlər boyu İranın möhkəmlənməsində və tərəqqisində əsas rol oynayan, yeri gələndə canını belə əsirgəməyən Azərbaycan türkləri bu gün də öz hüquqları uğrunda yorulmadan mübarizə aparırlar. Bu müqəddəs işdə çətinliklərlə nəşr edilən hər bir mətbuat nümunəsinin adicə bir sayının da böyük siyasi, mədəni əhəmiyyəti var.

Ülviyyə Tahirqızı