“Ermənistan hakimiyyəti nifrət və şiddətə təşviq etməklə tanınır” Layihə

“Ermənistan hakimiyyəti nifrət və şiddətə təşviq etməklə tanınır”

Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsi BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Üçüncü Komitənin iclasında qaldırılıb.
Baş Assambleya baxılması üçün Üçüncü Komitəyə sosial, humanitar məsələlər və insan hüquqları məsələlərinə aid gündəlikdə dayanan məsələləri təqdim edir.
Komitənin iclasında Qaçqınlar üzrə Ali Komissarın dünyada böhran səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan milyonlarla insanın ehtiyaclarını ödəmək üçün yeni model təklif etdiyi illik hesabatı təqdim olunub.
İclasda Azərbaycanı təmsil edən Həbib Mikayıllı Ermənistanda və işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə, eləcə də Ermənistanda monoetnik dövlət yaradılması faktına diqqət yönəldib. Onun sözlərinə görə, yüksək çinli erməni rəsmilər müntəzəm olaraq nifrət və dözümsüzliyi təbliğ edən bəyanatlar verirlər.
"Ermənistanın Azərbaycana qarşı təcavüzü qanunsuzdur, müstəqil dövlətlərdən birtərəfli ayırma beynəlxalq hüquqla qadağan edilir. Qanunsuz işğalın siyasi səbəblərdən davam etməsi onun qanuni hala gəlməsi demək deyil", - o əlavə edib.
Azərbaycan təmsilçisi Ermənistanı irqçi ideologiyadan imtina etməyə və öz qonşuları ilə sülh şəraitində yaşamağı öyrənməyə çağırıb. "Ermənistan Azərbaycana qarşı müharibəyə başlayıb, kütləvi şəkildə etnik təmizləmə aparıb, işğal olunmuş ərazilərdə Azərbaycan xalqının mədəni irsini məhv edib. Ermənistan hakimiyyəti nifrət və şiddətə təşviq etməklə tanınır", - o bildirib.
Onu da qeyd edək ki, noyabrın 24-də Brüsseldə Avropa Birliyinin "Şərq tərəfdaşlığı" sammiti keçiriləcək. Sammitdə Azərbaycan və Ermənistan dövlət başçılarının da iştirakı gözlənilir. İrəvan xeyli müddətdir ki, AB ilə çərçivə sazişi imzalamağa çalışsa da, nədənsə bu məsələ gecikir. Ləngiməyə səbəb kimi sənədə xalqların öz müqəddaratını təyinetmə prinsipinin salınması cəhdləri göstərilir.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva isə "Şərq tərəfdaşlığı" sammiti, Ermənistanın AB ilə çərçivə sazişi imzalamaq arzusu, Kataloniya presedenti fonunda Bakının Brüsseldən müsbət gözləntiləri ilə bağlı bildirib ki, beynəlxalq hüquq normalarında və beynəlxalq sənədlərdə birinci ərazi bütövlüyü məsələsi xüsusi olaraq vurğulanır. Yəni ərazi bütövlüyü ən vacib şərtlərin önündə gəlir. Ermənistan bu məsələyə qarşı hər zaman öz müqəddaratını təyinetmə adı altında hərəkət edib. Onlar istər Avropa Şurası, istərsə də digər beynəlxalq təşkilat və qurumlarda dəfələrlə buna cəhd ediblər: "Ancaq bu, mümkün olacaq iş deyil. Ermənilər xalq olaraq artıq öz müqəddaratlarını təyin ediblər və başqalarının əraziləri hesabına Ermənistan adlı dövləti yaradıblar. Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasından başqa ikinci alternativ qeyri-mümkündür. Bütün dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və işğal altında olan ərazilərimizin azad edilməsi ilə bağlı qətnamələr qəbul edilib. Avropa təşkilatları da bu məsələdə beynəlxalq sənədlərə istinad edirlər. Yəni BMT Təhlükəsizlik Şurasının və AŞPA-nın qətnamələrində Azərbaycanın ərazi bütövlüyü nəinki birmənalı şəkildə vurğulanır, eyni zamanda, işğal olunmuş ərazilərimizin qeyd-şərtsiz azad olunması ilə bağlı məsələlər də həllini tapır. Kataloniyada baş verənlər isə bunu bütün təfsilatı ilə bir daha dünya gündəminə gətirdi. Ona görə də ermənilər indi müxtəlif oyunlar və havadarları hesabına öz müqəddaratını təyinetmə məsələsinə əl atıblar. Ancaq bu addımlar heç bir nəticə verməyəcək".
Yeri gəlmişkən, ermənilər bir müddət öncə Kürd Muxtariyyətinə açıq dəstək nümayiş etdirsələr də, Kataloniya presendeti artıq Ermənistan əleyhinə işləməyə başlayıb. Bəs bu, Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində Bakının əlini gücləndirə bilərmi?
Q.Paşayeva onu dq qeyd edib ki, rəsmi Bakı İrəvanın sözügedən cəhdlərinin reallaşmasına imkan verməyəcək. Ölkə başçısı da Azərbaycanın bununla bağlı mövqeyini birmənalı şəkildə ortaya qoyub. İkincisi, Azərbaycanın bu istiqamətdə mövqeyini daha da gücləndirən şərtlər çoxdur: bunlar beynəlxalq hüquq normaları, BMT başda olmaqla, beynəlxalq təşkilatların qətnamə və sənədləridir: "Üçüncüsü, artıq Kataloniyada yaşanan son proseslərin fonunda Avropada ölkələrin ərazi bütövlüyü məsələsinin vacibliyinin fərqinə varanların, ən əsası isə bu prinsipi dəstəkləyənlərin sayı artacaq. Əks halda Avropanın müxtəlif yerlərində separatizm meyilləri daha da arta və bu vəziyyət kəskin hal ala bilər. AŞPA-da Kataloniya ilə bağlı müzakirələrdə dəfələrlə ərazi bütövlüyü məsələsində mövqelərin sərtləşdirilməsinin və buna qarşı çıxanlara birlikdə mübarizənin vacibliyini birmənalı olaraq vurğulamışıq. Çünki ikili standartlar bütün Avropa üçün çözülməz problemlər yarada bilər. Bu məsələdə yetəri qədər dəstək görə bilməməyimizin əsas səbəbi beynəlxalq birliyin Ermənistana təzyiq göstərməməsidir. Ona görə də harada baş qaldırmasından asılı olmayaraq, işğal və separatizmlə bağlı məsələlərdə ikili standartlara son qoyulmalıdır. Hansı beynəlxalq platforma olursa-olsun, Ermənistan öz müqəddartını təyinetmə spekulyasiyaları adı altında maraqlarına dəstək toplamaq məqsədi güdür. Ancaq İrəvanın bu planı növbəti dəfə də fiaskoya uğrayacaq. Çünki Azərbaycan Ermənistanın bu yalan arqumentlərinin ifşa olunması istiqamətində çox ciddi iş aparır".
Deputat onu da əalvə edib: "Düşünürəm ki, Avropada artıq separatizm meyillərinin doğurduğu acı nəticələrlə bağlı narahatlıq artmaqdadır. Bu məqam şübhəsiz ki, Qərbin ölkələrin ərazi bütövlüyü məsələsinin müdafisəsinə diqqəti artıracaq. Zənnimcə, ermənilər bu məsələdə hər hansı ciddi bir dəstək ala bilməyəcəklər. Azərbaycan hər platformada bütün dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır. O üzdən analoji yanaşmanın Azərbaycana da göstərilməsini tələb edirik. Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair ikinci bir yanaşma qəbuledilməzdir. Ermənistan AŞPA-nın ilk iclasından Qarabağ məsələsini öz müqəddaratını təyinetmə adı altında müxtəlif proseslərlə eyniləşdirərək dəstək almağa cəhd etsə də, İrəvanın bütün cəhdləri boşa çıxıb. Hesab edirəm ki, növbəti dəfə də eyni yanaşma olacaq və təmsilçilərimiz bütün lazımı addımları atacaqlar. Ermənilər istəklərinə nail ola bilməyəcəklər. İrəvanın Qarabağa dair növbəti məkrli planı iflasa uğrayacaq".
Politoloq İlqar Vəlizadə də noyabrın 24-də Brüsseldə Avropa Birliyinin (AB) növbəti "Şərq tərəfdaşlığı" sammitində qəbul olunacaq sənədlərin Azərbaycan üçün nəticələrinə münasibət bildirərkən deyib. O bildirib ki, sammit ərəfəsində Ermənistan Prezidenti Serj Sərkisyanın Moskvaya səfəri təsadüfi deyil:
"Bu səfərin yeganə məqsədi Avropa ilə Ermənistan arasında imzalanması planlaşdırılan sənədin Rusiyanın regiondakı maraqlarına xələl gətirməyəcəyinə Kremli inandırmaqdır. Hətta Sərkisyan müntəzəm olaraq, Avropa ilə əməkdaşlıq sənədinin yenilikləri ilə bağlı məlumatları şəxsən özü Rusiya Prezidenti Vladimir Putinə ötürmək üçün belə səfər edib. O, bir daha əmin etməyə çalışacaq ki, həmin sənəddə Rusiya əleyhinə heç bir bəndə yer verilməyəcək".
Politoloq qeyd edib ki, Azərbaycan tərəfi Kataloniya presedentini əsas tutaraq, bütün münaqişələrə eyni yanaşmanın olmasını tələb edə bilər:
"Ancaq çox təəssüflər olsun ki, uzun illərdir Dağlıq Qarabağ məsələsində Azərbaycana qarşı ikili standartlar hökm sürür. Başqa regionlarda baş verən separatçı proseslər Avropa və başqa ölkələr tərəfindən kəskin şəkildə tənqid olunur. Ancaq həmin dövlətlər Dağlıq Qarabağ probleminin həlli məsələsində gözləmə mövqeyində durmağa üstünlük verirlər. Bu vəziyyət uzun illərdir davam edir və Azərbaycana qarşı bu mövqe Dağlıq Qarabağ probleminin tənzimlənməsinə ciddi şəkildə maneələr törədir. Digər məsələ isə beynəlxalq sənədlərdə Qarabağın mübahisəli torpaq kimi verilməsidir. Burada heç bir mübahisəli ərazidən söhbət gedə bilməz. Çünki Qarabağ Azərbaycanın əzəli torpağıdır. Həmin dövlətlər bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirsələr də, digər tərəfdən öz işçi sənədlərində bunu təkzib edən fikirlərlə çıxış edirlər. Bu yanaşma nə qədər davam edəcəksə, o qədər də Dağlıq Qarabağ mübahisəsinin tənzimlənməsi ləngiyəcək".
Cavid