“Danışıqların aktivləşməsi daha geniş miqyasda baş verən digər hadisələrlə bağlıdır” Layihə

“Danışıqların aktivləşməsi daha geniş miqyasda baş verən digər hadisələrlə bağlıdır”

Zahid Oruc: "Rusiya son illər güclənsə də, hazırda Qafqaz regionunda savaş onlar üçün arzuedilən deyil"

Son zamanlar Dağlıq Qatrabağla bağlı danışıqlar prosesində hərəkətlilik yaşansa da bu uzun sürmədi və yenidən səssizlik dönəmi başladı. Bu isə o demıkdir ki, prosesdə irəliləyiş yoxdur və Moskva əslində danışıqlar adı altında imitasiya ilə məşğuldur. Əsas məqsəd status-kvonu saxlamaq və münaqiçəli vəziyyəti mümkün qədər uzatmaqdır.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc bildirib ki, son zamanlar Dağlıq Qarabağ problemi ilə bağlı danışıqların aktivləşməsi daha geniş miqyasda baş verən digər hadisələrlə bağlıdır. Millət vəkilinin fikrincə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Rusiyaya, 4 gün sonra Rusiya xarici işlər nazirinin isə Bakı və İrəvana səfərləri ilə əslində, ötən ilin aprel döyüşlərindən sonra yaranmış fasilə ortadan götürülür ki, bu da təsadüfi baş vermir: "Çünki əvvəla, tərəflər silahlanmanı gücləndirdikcə Ermənistan görür ki, bu vəziyyətdə Azərbaycanla ayaqlaşa bilməyəcək. Bu yarışı udmaq onlar üçün çox çətindir. Əksinə, bu, onları iqtisadi cəhətdən bir az da var-yoxdan çıxarır. Ona görə də bu şəraitdə onlar danışıqlara qayıtmaq mövqeyini tutdular. Digər tərəfdən, açığı bu Moskvadan İrəvana verilən tapşırıq idi. Əks halda onlar üçün 3-cü və ya 4-cü cinahda döyüşmək, hərbi qüvvələrini yeritmək, resurslarını tükətmək çox riskli addım olardı".
Onun sözlərinə görə, öz regional və qlobal ambisiyalarını yürütmək istəyən Rusiya son illər güclənsə və imkanları artsa da, hazırda Qafqaz regionunda savaş onlar üçün arzuedilən deyil: "Bu səbəbdən əvvəlcə Azərbaycan və Ermənistan prezidentləri İsveçrədə danışıqlar apardı, daha sonra xarici işlər nazirlərinin görüşü oldu. Şübhə etmirəm ki, bütün bunlardan sonra ortaya hansısa sənəd çıxarılıb".
Ancaq Z.Oruc hesab edir ki, Türkiyə prezidenti Ərdoğanın Rusiyalı həmkarı Putinlə görüşdə Qarabağ məsələsini qaldırması Azərbaycanın mövqeyini gücləndirir: "Bu məsələ özündə bir tərəfdən, onun İlham Əliyevlə aparılan koordinasiya nəticəsində həyata keçirildiyini və Türkiyənin xarici siyasətində də öncül yerlərdən birini tutduğunu göstərirsə, digər tərəfdən, Ankaranın Cənubi Qafqazdakı siyasi varlığını və hər hansı məsələdə israrlı mövqe tutması faktını ehtiva edir. Hətta Putinin dilindən Dağlıq Qarabağ probleminin yaxın zamanlarda həllinə inamın az olması ilə bağlı mesajı verilsə də, məncə qarşıdakı dönəmdə bu işlər və planın reallaşması güclənəcək.
Söhbət hansı plandan gedir? Məsələ bundadır ki, son illər Türkiyənin Qərblə münasibətləri həddən artıq pisləşib. Xüsusilə, ABŞ-la münasibətlər hətta Donald Trampın prezidentliyi dövründə də yaxşılaşmadı. Deməli, burada söhbət Obamanın şəxsiyyəti və onun Ərdoğanın islahatlarına siyasi münasibətindən yox, sistemin Türkiyəyə baxışından gedir. Bu ərəfədə Rusiya fəal hərəkətə keçərək Qafqaz regionunda Türkiyə ilə müəyyən razılaşma mövqeyini tuta və onu Qərbin bölgədən sıxışdırılmasına cəlb edə bilər. Suriyadakı hadisələrdə və onun siyasi arxitekturasının müəyyənləşməsində həlledici qüvvə olan bu dövlətlər gələcəkdə Qafqaz məsələlərində də fəal rol oynaya bilər. Məhz buna görə ermənlər Azərbaycan-Rusiya-Türkiyə danışıqlarını "separatçı" adlandırır, bunu öz mənafelərinin ziddinə olan hadisə kimi dəyərləndirir, hətta Qərbi az qala bu münasibətləri pozmağa çağırırlar. Ermənilər açıq-aşkar Türkiyənin Rusiya ilə yaxınlaşmasından qorxur, təkcə Qarabağ deyil, yüz ildən çoxdur Türkiyəyə qarşı daha geniş miqyasda yürüdülən məsələlərdə onların maraqlarına zərbə olduğunu düşünürlər".
Parlament üzvünün qənaətincə, Türkiyə adətən, regionda ABŞ-ın maraqlarının daşıyıcısı kimi çıxış edib və onun Qafqaz regionundakı addımları da buna xidmət edirdisə, indi vəziyyət dəyişə bilər: "Rusiya həmin əlaqələri fraqmentasiya olaraq Qarabağa deyil, ümumən bölgə üçün daha geniş formada tətbiq edə bilər. Onsuz da ABŞ-Rusiya münasibətləri yaxşılaşmayacaq, əksinə, pisləşəcək. Ən azından yaxın onillikdə bunu gözləməyə dəyməz. Çünki Rusiyaya qarşı sanksiyaların dərinləşməsi fonunda bu münasibətlər bir sıra hallarda real toqquşma həddinə gəlib çatacaq. Belə olan təqdirdə Dağlıq Qarabağ probleminin həllini ATƏT-in Minsk qrupu çərçivəsində axtarmaq ümidsiz işdir. Rusiya çalışacaq bununla bağlı digər formatları hərəkətə gətirib aktivləşdirsin. Moskva bu yolla Türkiyəni də hadisələrin gedişinə qoşmaqla Qərbi bölgədən çıxışdırıb çıxara bilər".
Qeyd edək ki, danışıqlar prosesində hərəkətlilik yaşandığı dönəmdə mətbuatda "Putin planı" və "Lavrov planı" ifadələri də geniş müzakirə olundu. Amma Lavrovun Bakı səfərindın sonra bir sıra ekspertlər bildirdilər ki, Lavrovun heç bir yeni planı və təklifləri yoxdur. Danışıqlar prosesində Bakını qane edəcək yeni təkliflər olmadığından və Rusiyanın şərləri qəbul edilmir, bu səbəbdən də yenidən səssizlik hökm sürür.

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) sədri, politoloq Mübariz Əhmədoğlu isə diqqətə çatdırıb ki, rəsmi İrəvan özünə xas metodla Rusiya xarici işlər naziri Sergey Lavrovun regiona gətirdiyi Putin planını açıqladı: "Dağlıq Qarabağ tənzimlənməsi mərhələli variantda reallaşdırılır.
O qeyd edib ki, Dağlıq Qarabağ tənzimlənməsinə dair Putin planında məsələlər iki böyük qrupda cəmləşdirilib və bu qrup özü 3 tərkib hissədən ibarətdir: "Birinci, ətraf rayonlardan 5-i və Laçın rayonunun bir qisim kəndləri ilkin olaraq Azərbaycana qaytarılır. İkinci, Dağlıq Qarabağ ermənilərinə müvəqqəti status verilir. Status ATƏT-də qeydə alınır. Müvəqqəti statusda məqsəd Dağlıq Qarabağ azərbaycanlılarının Dağlıq Qarabağa qayıtmasına şərait yaratmaqdır. Üçüncü, Ermənistan cəmiyyətini sakitləşdirmək üçün tədbirlər reallaşdırılır".
Politoloq deyib ki, bunu rəsmi İrəvan özü Putindən xahiş edib: "Lazım gələcəyi təqdirdə KTMT Ermənistanın daxilinə qoşun yeridə bilər. Aİ ilə Ermənistan arasında "Çərçivə sazişi"nin imzalanmasına RF-in maneçilik etməməsi də Ermənistan cəmiyyətinin sakitləşdirici tədbirlər siyahısındadır. Ermənistan ABŞ-la da bir neçə birgə layihə reallaşdıra bilər".
O qeyd edib ki, bu qrupa aid məsələlər də 3 addıma bölünür: "Laçının qalan hissəsinin və Kəlbəcərin Azərbaycana qaytarılması və Laçın dəhlizinin texniki parametrləri razılaşdırılır.
Digər tərəfdən, Dağlıq Qarabağın statusunun müəyyən olunması istiqamətində Dağlıq Qarabağ azərbaycanlıları və erməniləri arasında məqsədyönlü layihələr reallaşdırılır. Dağlıq Qarabağ azərbaycanlıları və erməniləri arasında aparılan sosioloji tədqiqatlar nəticəsində Dağlıq Qarabağın yekun statusunun müəyyənləşməsinin vaxtı təyin edilir".
Politoloq bildirib ki, Aİ sülhməramlı missiyanı reallaşdıracaq dövlətlərin tərkibini müəyyənləşdirib və artıq bəzi Balkan ölkələrində sülhməramlılar hazırlaşdırılır. Deməli, Dağlıq Qarabağ tənzimlənməsində beynəlxalq güclərin siyasi iradəsi ortalıqdadır: "Ermənistanın Rusiyadan istədiyi yeganə zəmanət ərazilər Azərbaycana qaytarıldıqdan sonra Dağlıq Qarabağın statusunun referendumla müəyyən edilməsinə Azərbaycanın maneəsini neytrallaşdırmaqdır".
M. Əhmədoğlu deyib ki, RF Ermənistana belə zəmanət verməyib. V.Putinin Dağlıq Qarabağ tənzimlənməsində məqsədyönlü və faydalı aktivləşməsi iki sehrli cümlədə özünü ehtiva edir: "Putinin Azərbaycana göndərdiyi S.Lavrov: Putin Azərbaycan Prezidentinə verdiyi bütün vədləri yerinə yetirəcək. Türkiyə prezidenti R.T.Ərdoğan RF prezidenti V.Putini Dağlıq Qarabağ münaqişəsini həll etmək gücündə olan yeganə lider adlandırdı. Başqa sözlə, Türkiyə rəhbərliyi Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsində Azərbaycanın xeyrinə olan mövqeyini öz adına çıxmamaq barədə öhdəlik götürdü".
Politoloq Ermənistan yenilənmiş Sankt-Peterburq variantı üzrə Dağlıq Qarabağ tənzimlənməsini qəbul etmək istəmirdi, Kazan variantı üzrə tənzimlənməyə razılığını bildirmişdi: "Görünür, V.Putin öz mövqeyini qəbul etdirməkdə israrlıdır. Çünki S.Sərkisyan dəfələrlə Putinin təkliflərini rədd edib. Putin bunların hamısının əvəzini çıxacaq. Ermənistanın Gürcüstana təzyiq variantını gündəliyə gətirməsi də V.Putinin mövqeyini dəyişməyəcək".

Əli