“Erməni lobbisi sistemli və proqramlı şəkildə işləyir” Layihə

“Erməni lobbisi sistemli və proqramlı şəkildə işləyir”

Zaur Məmmədov: "Rusiyadakı ermənilər və onların maraqlarına xidmət edən qruplar bilərəkdən Azərbaycana qarşı etnik kartlardan yararlanır"

Elnur Eltürk: "Ermənistan və erməni lobbisi bəzi separatçıları öz maraqları naminə istifadə edir"


Erməni lobbisi bütün cəbhələrdə Azərbaycana qarşı hücum taktikasını həyata keçirir. Azərbaycanı qaralamaq üçün bütün vasitələrdən istifadə edən erməni lobbisi ən həyasız üsullara əl atır. Son zamanlar bəzi vətən xainlərindən istifadə edilir və belə hücumlardan biri Rusiyadan təşkil olunur. Burada Rusiyadakı bəzi çevrələr Ermənistanın anti-Azərbaycan siyasətinin alətinə çevrilməsi müşahidə edilir.
Qeyd edk ki, Rusiya və Azərbaycan qonşu dövlətlər olmaqla yanaşı bir çox sahələrdə səmərəli əməkdaşlıq edirlər. Bu əməkdaşlıq siyasi sahədə var.
Məlum olduğu kimi, Rusiya və Azərbaycan arasında, iki ölkənin rəhbərliyi arasında həmişə qarşılıqlı anlaşma mühiti hökm sürüb.
Azərbaycan öz ərazisindən Rusiyaya qarşı üçüncü tərəflərin, beynəlxalq terror şəbəkəsinin, ayrı-ayrı separatçı qüvvələrin istifadəsinin, belə qüvvələrin respublikamızdan keçərək Rusiyaya sızmasının qarşısını alıb. Rusiya və Azərbaycan terrorizm və ekstremizmin yayılmasının qarşının alınması məqsədilə birgə əməliyyatlar keçiriblər.
Azərbaycan KİV-ləri və vətəndaş cəmiyyəti təsisatları Rusiyanın ərazi bütövlüyü ilə bağlı məsələlərin müzakirəsində həmişə xalqlarımızın əlaqələrinə zidd mövqe tutmaqdan çəkiniblər.
Lakin təəssüf ki, eyni fikirləri Rusiyanın bəzi çevrələrinə, onların təsirində olan KİV-lərə və vətəndaş cəmiyyəti təsisatlarına şamil etmək mümkün deyil.
Rusiyanın müəyyən strukturlarına sızmış erməni əsilli şəxslər artıq həmin strukturları, Rusiya mediasını və vətəndaş cəmiyyəti təsisatlarını Ermənistan dövlətinin anti-Azərbaycan siyasətini yürütmək üçün alətə, Moskvanı öz məkrli planlarının həyata keçirilməsi üçün platsdarma çevirməkdədir.
Bir müddət əvvəl, Ermənistanda Azərbaycan əleyhinə "ikinci cəbhə" açmaq məqsədilə Azərbaycan dövlətinə, o cümlədən mənsub olduqları talış bölgəsinə və talışəsilli vətəndaşlarımıza xəyanət etmiş Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov kimilərdən istifadə edilərək telekanal və mərkəzlər açılmışdı.
Azərbaycan ictimaiyyətinin, ilk növbədə talışəsilli vətəndaşlarımızın qınağı səbəbindən erməni xüsusi xidmət orqanları taktikalarını dəyişərək həmin qurumların fəaliyyətini Moskvaya köçürüblər.
Bu fəaliyyətlərdə adı keçən F.Aboszadə 1981-95-ciillərdə BDU-da işləyib, əvvəl Kommunist Partiyası, sonra isə AXC hakimiyyəti dövründə sürətli karyer sıçrayışı etmək cəhdləri uğursuzluqla nəticələnib, "Politologiya" dərsliyi adıyla AXC-ni və onun sədrini öyən kitab yazması da "lazımınca" qiynmətləndirilməyib. Mənsub olduğu linqvistik icmanı regional separatçılıq avantürasını çəkmək cəhdi isə bölgə əhalisinin qətiyyətli səyi ilə iflas uğrayıb.
Bundan sonra Rusiyaya sığınan F.Aboszadə erməni xüsusi xidmətlərinin və Rusiyanın bəlli çevrələrinin tapşırığı ilə fəaliyyət göstərir.
Azərbaycan dövlətinə və xalqına təhqirlər yağdıran Zabil Məhərrəmov da hazırda "fəaliyyəti"ni İrəvandan Moskvaya köçürüb və bu təxribatı planlarını da elə oradan həyata keçirir. Bir müddət əvvəl bu şəxs mətbuatda "bizim qardaşlarımız türklər yox, ermənilərdir. Ermənistan bizim pənahımızdır" bəyanatı ilə çıxış edən satqın, Vətən xainidir.
Azərbaycan əleyhinə bu tipli aqressiv fəaliyyətin Moskvada rahatlıqla özünə meydan tapması Rusiya-Azərbaycan münasibətlərinin ruhuna ziddir. Bununla yalnız Azərbaycana deyil, Rusiyanın mənafelərinə xəyanət edilir.
Rusiya tərəfi erməni lobbisinin Moskvanı get-gedə öz xəyanətlərinin qurbanına çevirməsinin, onu geostrateji əhəmiyyətlə bölgələrdə daha çox təcrid etməsinin fərqində olmalıdır.
Məsələyə münasibət bildirən politoloq Zaur Məmmədov deyib ki, dünyada çox güclü erməni lobbisi fəaliyyət göstərir: "Bu lobbi tarixən sistemləşmiş və proqramlı şəkildə işləyir". Politoloqun sözlərinə görə, Rusiyadakı ermənilər və onların maraqlarına xidmət edən qruplar bilərəkdən Azərbaycana qarşı etnik kartlardan istifadə edir: "Hesab edirəm ki, bu hallar ancaq bir tərəfin maraqlarına hesablanıb - bu da ermənilərdir".
Z. Məmmədov həmçinin, erməni xüsusi xidmətlərinin və Rusiyanın bəlli çevrələrinin tapşırığı ilə çalışan Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov kimi talış əsilli şəxslərin fəaliyyətindən də danışıb. Politoloq qeyd edib ki, Azərbaycanda yaşayan hər bir etnik qrup öz ölkəsindən razıdır:"Hər kəs milliyyətindən asılı olmayaraq eyni hüquqlara malikdir. Hesab edirəm ki, ayrı-ayrı seperatçı şəxslər xarici qüvvələr tərəfindən idarə edilir".
Araşdırmaçı jurnalist Elnur Eltürk isə "Xalq Cəbhəsi"nə açıqlamasında bildirdi ki, şübhəsiz, bu işin arxasında birbaşa erməni lobbisi dayanır: "Ermənistan və erməni lobbisi bəzi separatçıları öz maraqları naminə istifadə edir. Keçirilən qondarma tədbirlər də bunu təsdiqləyir. Təəəsüf ki, Rusiyada bu tədbirlərin keçirilməsi bəzi dairələrə göz yumurlar. Belə halların baş verməsi bizə yad deyil. 90-ci illərdə Azərbaycanda bir sıra şəxslərin həbs edilməsi zamanı istintaqa məlum olmuşdur ki, separatçılar Ermənistanda təlim keçiblər. Bu gün qondarma televiziyanın fəaliyyət göstərməsi açıq-aydın hər şeyi ortaya qoyur. Özlərini milli azlıqların nümayəndəsi kimi təqdim edənlər bir şeyi dərk etməlidir ki, Azərbaycanda yaşayan xalqları parçalamaq və bir-birinə qarşı qoymaq mümkün deyil. Yüz illərdir ki, bir yerdə mehriban və sakit yaşamağımız onlara ən yaxşı cavabdır. Xərclənən vəsaitlərin heç bir mənası yoxdur. Buna baxmayaraq ayıq olmalıyır ki,düşmənin fəaliyyətini izləyə bilək".

Millət vəkili Aydın Mirzəzadə deyib ki, Azərbaycan Fəxrəddin Aboszadə və Zabil Məhərrəmova iş, çörək versə də, Rusiyaya sığınan bu şəxslər vətənlərinə xəyanət etmiş insanlardır. Onun sözlərinə görə, bu gün sözügedən şəxslər erməni xüsusi xidmətləri və Rusiyanın müəyyən dairələrinin əlində oyuncağa çevriliblər.
Deputat bildirib ki, Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov kimilərinin timsalında Azərbaycan əleyhinə aparılan fəaliyyətin əsasında daha çox xaricdə müəyyən antiazərbaycan mərkəzlərini genişləndirmək siyasəti durur: "Azərbaycanın inkişafı, qazandığı böyük nüfuz və uğurlar xaricdə müəyyən dairələri daim narahat edib. Bu dairələr Azərbaycanın daxilinə nifaq toxumu salmaqla, yaxud da insanlarda yanlış təsəvvür yaratmaqla ölkəmizin inkişafına mane ola bilməyəcəklər. Azərbaycana qarşı aparılan bu aqressiv siyasətin heç bir nəticəsi olmayıb və ola da bilməz. Bu gün hər bir azərbaycanlı ölkəsinin müstəqilliyinin qorunmasına öz təhfəsini verir. Hesab edirəm ki, sözügedən şəxslərin hərəkətləri Azərbaycan Cinayət Məcəlləsinin tələblərinə cavab verərsə, onlara qarşı hüquqi proses başlana bilər. Ancaq bir məsələ də var ki, bu şəxslər Azərbaycanda onlara qarşı cinayət işi açılmasından istifadə edərək, beynəlxalq aləmdə guya təqib edildiklərini iddia edə və öz çirkin kampaniyalarına yeni bir rəvac verə bilərlər. Rusiyanın bəlli çevrələrinin əlində bir alətə çevrilmiş bu şəxslərdən hər şey gözləmək olar".
Millət vəkili bildirib ki, onlara qarşı hər hansı bir prosedur bu şəxslərin diqqət mərkəzinə çıxmasına və apardıqları çirkin kampaniyaların daha da genişlənməsinə səbəb ola bilər: "Əgər onların fikirləri geniş auditoriya toplamırsa və Azərbaycanda dəstək qazana bilmirsə, heç belələrinə əhəmiyyət verməyə dəyməz. Bu gün 10 milyonluq Azərbaycan üçün qeyd edilən soyadlar heç bir anlam kəsb etmir. Bu xəyanətkarlar heç bir zaman xalqın diqqətini cəlb edə bilməzlər".
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) sədri, politoloq Mübariz Əhmədoğlu bildirib ki, talış seperatizmi Azərbaycandan kənarda mövcuddur: "Dövlətin apardığı siyasət nəticəsində ölkə daxilində bu məsələ ilə bağlı heç bir problem yoxdur".
Politoloqun sözlərinə görə bir qrup şəxs var ki, onlar xəstə düşüncənin daşıyıcısıdır: "Həmin şəxslər elə başa düşür ki, İranla Rusiya Azərbaycanın düşmənidir və ermənilərlə birləşib Rusiya ilə İranı Azərbaycanın əleyhinə qaldıra biləcəklər. Bu şəxslər anlamır ki, Rusiya və İran Azərbaycan prezidentinin təşəbbüsü ilə iki sammit keçirib, Avrasiya materikinin mahiyyətini dəyişən geostrateji nəqliyyat-kommunikasiya layihələri reallaşdırırlar".
Politoloq deyib ki, digər tərəfdən də kimlərsə həmin qüvvələri provokasiyaya təhrik edir: "Ermənistanın daxilində başa düşüblər ki, talış kartı Azərbaycanın əleyhinə işləməyəcək. Rusiyanın daxilində başa düşürlər ki, Rusiya cəmiyyətində Azərbaycanın nüfuzu getdikcə artır. Buna görə də ermənipərəst qüvvələr Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaq üçün həmin adamları ortaya atıblar".
M. Əhmədoğlu bildirib ki, həmin qüvvələrdən İsmayıl Şabanov adlı bir şəxs son dövrlərdə mətbuatda aktivdir.
Politoloq əlavə edib ki, belə ki, İrandakı talışların sayı Azərbaycandakından azı 3 dəfə çoxdur. Lakin İranda bir dənə də olsun talış dilini tədris edən məktəb, mətbu orqan yoxdur. Azərbaycan radiosunda isə bütün etnik qrupların dilində veriliş hazırlanır.
Politoloqun fikrincə, seperatçılıq etmək istəyən qüvvələrin qarşısına kimsə, ya da özləri məqsəd qoyub ki, Azərbaycanı şərləsinlər.
O sonda deyib ki, bütün bunlara baxmayaraq bizim millət monolitdir və heç kəs Azərbaycanda milli-etnik zəmində münaqişə sala bilməyəcək.


Əli