“Həmsədrlərin fəaliyyəti haqqında müsbət fikir söyləmək çox çətindir” Layihə

“Həmsədrlərin fəaliyyəti haqqında müsbət fikir söyləmək çox çətindir”

Əkbər Qoşalı: "Minsk Qrupunun tərkibində dəyişiklik olmalıdır"

"Dövlət başçımızın şəxsən, eləcə də, müvafiq sahəyə məsul rəsmilərin iştirakı ilə baş tutan görüşlər, aparılan danışıqlar, qəbul edilən bir sıra qətnamələr ictimaiyyətimizə bəllidir. Təbii, biz Xarici İşlər Nazirliyi mənsubu deyilik, üstəlik, bizdən "hansı səviyyədə, harada, neçə görüş oldu?" deyə statistika da tələb olunmur və diplomatik məsuliyyət daşımırıq. Bununla belə ixtisasından, daşıdığı vəzifə məsuliyyətindən və s. asılı olmayaraq, hamımızın vətəndaş məsuliyyəti var, vətəndaş marağımız, soydaş arzumuz, inamımız var". Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı "Xalq Cəbhəsi"nə müsahibəsində deyib. Onun fikrincə, bu arzu, inam və tarixi məsuliyyət üçbucağından çıxış edərək deyə bilərik ki, 2017-ci təqvim ili bizi Qarabağa qaytaran il olmadı amma hər halda uzaqlaşdıran il də olmadı: "Ən ümumiləşmiş şəkli ilə və hörmətli Elçin Mirzəbəylinin məşhur sözü ilə desək, iflasa bərabər işğalçılıq siyasətində inad edən Ermənistan, əslində ilbəil, bəlkə aybay geri gedir.
Bilirsiz, rəsmi adı ilə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" dediyimiz, daha konkret olsaq, Ermənistanın öz havadarlarının ciddi hərbi-siyasi, təchizati dəstəyi ilə həyata keçirdiyi işğalçılıq siyasətidir bu, bir elan olunmamış müharibədir. Təkrar edirəm, Ermənistanın məhz havadarlarının ciddi və hərtərəfli dəstəyi ilə həyata keçirdiyi! Əlbəttə, elan olunmamış müharibənin ən acınacaqlı illəri bizim də zəif, toparlana bilmədiyimiz vaxtlara təsadüf edib.Və nəhayət, indi yalnız diplomatiyamız deyil, bütün əməli çalışma sahələrimiz Vətənin müdafiəsinə yönəlməlidir. Bu necə olur? – Ən sadə şəkli ilə desək, hər kəs öz işini yaxşı görməklə! Anadolulu qardaş¬larımızın çox sevdiyim bir sözünü burada da təkrarlayaraq, demək istərdim, "Ən vətənpərvər kişi, kəndi işini iyi yapan kişidir".
-Növbəti ildən nə gözləmək olar, 2108-ci ildə bu istiqamətdə nə baş verə bilər?
- Təqvim dəyişmələrinin müəyyən psixoloji təsirləri ola bilər, rəsmi hesabatlılıqlar, planlamalar var, təbii, ancaq mən bütün halı ilə təqvim dəyişmələrinə deyil, dövlətimə inanıram, işimizin haqq iş olmasının verdiyi enerjiyə güvənirəm, qələbə əzmimizə dayanıram. 2018-ci ildə iqtisadiyyatımızın daha da güclənməsinə, düşmən ölkəninsə çöküşə daha da yaxınlaşacağına inanıram. Bu inam, 2018-ci il ərzində bəlkə müəyyən sonuclara vara biləcəyimizə işarədir.
Sualınıza uyğun olaraq, 2017-ci ildə Quzey İraqda və İspaniyanın Kataloniya bölgəsində keçirilən qanunsuz referendumlara uluslararası təpkilər və gəlinən sonucun da bizim əlimizi gücləndirdiyini, ərazi bütövlüyü mövzusunun daha çox ölkə tərəfindən və daha aydın şəkildə müdafiə edildiyini qeyd etmək istərdim; beləliklə, biz, ərazi bütövlüyü mövzusunun bir növ uluslararası səviyyədə güncəlləşməsi ilə 2018-ci ilə əligüclü gedirik.
- ATƏT-in Minsk Qrupunun fəaliyyəti necə qiymətləndirmək olar?
-ATƏT-in Minsk Qrupu, daha doğrusu, qrupun həmsədrlərinin fəaliyyəti haqqında müsbət fikir söyləmək çox çətindir. Azərbaycanlı olan kəsin istər rəsmi, istər qeyri-rəsmi, hətta poetik ovqatda... ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti, bəlkə daha doğru olar desək, fəaliyyətsizliyi haqqında müsbət bir söz dediyini eşitmiş, oxumusunuzmu? Ona görə də, tarix gələcəyi gözləmədən, necə deyərlər, yaşana-yaşana Minsk Qrupunun həmsədrlərinə öz qiymətini verib. Demək, həmsədrlik institutunda yaxud bütövlükdə qrupun tərkibində dəyişiklik olmalıdır. Qrupun konkret zamana dayalı öhdəliyi olmalıdır və o zamandan sonra öz yetkisini itirmiş sayılmasına baxılmalıdır...
- Bir sıra ekspertlər Rusiyanı həlledici faktor hesab edirlər. Bu baxımdan, konkret olaraq, Rusiyanın mövqeyini necə xarakterizə etmək olar?
- Rusiya Minsk Qrupunun həmsədridir. Daha necə xarakterizə etmək olar? Bir öncəki cavabımız daha çox Rusiyaya aiddir. Rusiya tarixi məsuliyyətindən çıxış etməlidir, yaxşı bələd olduğu bölgəyə ədalətli barış gəlməsində maraqlı olmalıdır. Özünün çoxmillətli ölkə olduğu gerçəkliyindən də çıxış edərək, millətlərarası birgəyaşayışa, mədəniyyətlər və sivilizasiyalararası dialoqa konkret töhfələr verməlidir, haqlı ilə haqsızı, işğala məruz qalanla işğalçını bir tut¬mamalıdır.
Ermənistan forpost olsa da, onun etibarına güvənmək mümkün deyil, əlinə düşən ilk fürsətdəcə əks cəbhədə yer alacağı şübhəsizdir; Ermənistan Rusiya Federasiyasının üzərində bir yükdür və rus xalqı bunu nə qədər tez qiymətləndirsə, hamı üçün o qədər yaxşı olar.
-İctimai təşkilatlar Dağlıq Qarabağla bağlı necə fəaliyyət göstərir? Sizcə, onların fəaliyyətini qəna¬ət¬bəxş saymaq olarmı?
-Bildiyimiz kimi dövlətimiz üçüncü sektora konspetual olaraq yanaşır, vətəndaş cəmiyyətinin inkişafına davamlı dəstək verir. Belə konseptual yanaşma, mövcud dəstək, milli donor institutlarının yaranması nəyi ifadə edir? Onu ifadə edir ki, ictimai qurumlar ölkə həyatının ayrılmaz tərkib hissəsidir, onlara ehtiyac var. Bu ehtiyacın özlüyündə ən çox hiss olunduğu yer isə əlbəttə, ölkəmizin təxirəsalınmaz maraqlarının müxtəlif səviyyələrdə, fərqli platformalarda müdafiəsi ilə bağlıdır, onu ehtiva edir, deyə düşünürəm. Ən azından, ərazi bütövlüyümüz bərpa olunana, respublikamızın bütün ərazisi boyu dövlətimizin unitar, suveren hüquqları bərpa olunanadək ictimai təsisatlar, dövlət maraqlarımıza töhfələrlə çıxış etməyə çox önəm verməlidir. Qarabağsız Azərbaycanda xarici donorların neçənci dərəcədən gətirib, bizimçün güncəl qıldğı məsələlər¬dənsə, məhz Qarabağa qayıdışımıza köklənmiş, haqq səsimizi yaymağa xidmət edən layihələr daha güncəldir. Biz öz dövlətimizin yanında indi olmayıb da, bəs haçan olacağıq? Çağırışımız "Öncə Vətən!" şəklindədir; QHT mandatı, QHT missiyası gözəldir, amma Qarabağın qaytarılmasına xidmət daha gözəldir, bütöv Azərbaycan ondan da gözəldir, böyük gələcəyə aparan yol müqəd¬dəsdir.
Əlbəttə, hazırda, QHT-lərimizin mütləq çoxunun məhz milli mövqedə durdğunu desək, yanlış olmazdı. Hər QHT-nin yüksək peşəkarlıq göstərdiyini, arzuolunan səviyyədə çalışdığını demək çətindir, ancaq illər keçdikcə kəm-kəsirlər azalır, yeni liderlər yetişir, gənc nəsil daha in-formasiyalı, həvəsli görünür və s. Bu həvəs, bu informasiyalılıq, İKT-dən səmərəli istifadə imkanları təcrübə ilə birləşdikdə isə konkret nəticələr əldə olunur.
-Konkret olaraq, vətənpərvərliklə bağlı həyata keçirilən layihələri uğurlu hesab etmək olarmı?
-Dediyimiz kimi, həvəsliliklə peşəkarlıq birləşdiriləndə daha olumlu sonuclara varıla bilir. Elə bilirəm, bayaqdan danışdıqlarımız, təbii axarı ilə vətənpərvərlik mövzusunu da ehtiva etmək¬dədir. Əgər insanımızın, özəlliklə gənc nəslin canında bir pərvərlik qanadlanması varsa, o məhz vətənpərvərlik olmalıdır. Vətən ötəryi-keçəryi deyil, Vətən vəfasız ola bilmir, Vətən itirmir, unutmur..! Vətən həm hər birimizindir və həm də bütövlükdə hamımızındır!
Vətənpərvərlik mövzusu qrant layihələri elan edən bütün milli donor institutlarımızın elanlarında aparıcı xətt kimi keçir. Bu yaxşıdır. Elə bilirəm, donorlar hesabat mərhələsində görülmüş işlərə həssaslıqla yanaşır, özəlliklə, söhbət Vətəndən gedirsə...
Atatürkün sözü ilə desək, "Mövzuu-bəhs Vətənsə, gerisi təfərrüatdır!"
Baxın, dövlət başcımızın, Dünya azərbaycanlılarına bu ilki müraciətinə diqqətinizi cəlb etmək istərdim: "Biz Vətənimizin hərtərəfli inkişafı ilə bağlı qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün əzmlə çalışırıq. Ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsində, qədim və zəngin mədəniyyətinin təbliğində, Azərbaycana qarşı təxribatçı əməllərin qarşısının alınmasında diaspor təşkilatlarının da üzərinə mühüm vəzifələr düşür. Buna görə də xaricdə yaşayan həmvətənlərimiz milli maraqlarımızın müdafiəsi naminə azərbaycançılıq ideyası ətrafında sıx birləşməlidirlər. İnanıram ki, sizin məqsədyönlü və birgə fəaliyyətiniz gücümüzü daha da artıracaq, hamımızı dərindən narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasına, ölkəmizin ərazi bütövlüyünün bərpasına sanballı töhfəsini verəcəkdir." – Görürsüz, dövlətimizin başçısı, Ali Baş Komandımız dünya azərbaycanlılarına müraciətdə məhz Vətənə bağlılıq, vətənpərvərlik məqamlarını vurğulayıb. Bu həm istiqamətverici bir sənəddir, həm də Prezident örnəyidir. Elə bilirəm, harada yaşamasından, hansı işlə məşğul olmasından asılı olmayaraq, bütün həmvətənlərimiz bu çağırışa gücünün yetdiyncə cavab verəcək, öz töh¬fələri ilə çıxış edəcəkdir.
Elə söhbətin axarınca çıxış edərək, bütün xalqımızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə, eləcə də, Yeni Təqvim İlinin gəlişi münasibəti ilə təbrik edirəm! Arzu edirəm, ağrılar-acılar hər bir soydaşımız üçün keçmişdə qalsın, gələn günlər, aylar, illər uğurlu gəlsin!
Bayramları bayram kimi yaşaya bilək! Dilqəm Əsgərovun, Şahbaz Quliyevin can sağlığı ilə doğmalarına qovuşduğu günü görək! Əsirlərlə, girovlarla, itkin düşənlərimizlə bağlı mümkün olan ən yaxşı xəbərləri eşidək, bundan sonra bir kəmsə elə acınacaqlı aqibətlə üzləşməsin! Şuşada, Laçında, Kəlbəcərdə... dalğalanan üçrəngli müqəddəs bayrağımıza baxdığımız gün... gözümüzdən axacaq sevinc və qürur yaşları kədərimizi yuyub aparsın, bizləri böyük sabahların aydınlığına qovuşdursun!

Əli