Cəmiyyətdə azadlıq fəlsəfəsi Layihə

Cəmiyyətdə azadlıq fəlsəfəsi

Azadlıq həm də öz yaradıcılıq qabiliyyətini və fikrini müstəqil ifadə etmək imkanıdır

Şəxsiyyət azadlığı fəlsəfi dini, etik, sosial, siyasi və iqtisadi aspektlərə malikdir. Onun fəlsəfi aspekti insanın öz davranışlarında müstəqil olması və ya onun determinasiya olmasından ibarət olan iradə azadlığının şərhi ilə birbaşa əlaqədardır. Bununla əlaqədar determinizm və indeterminizm konsepsiyaları bir-birindən fərqlənirlər. Determinizm konsepsiyası universal səbəb-nəticə əlaqələrinin insanın davranışlarının, fikirlərinin, motivlərinin müəyyən etməsindən çıxış edir. İnderteminizm konsepsiyası isə ya mövcudluqların səbəblə müəyyən edilməsini tamamilə inkar edir, ya səbəbiyyəti şüur sahəsinə aid edir.
Azadlıq hər şeydən əvvəl dərk edilmiş zərurətdir (qanunauyğunluqdur), ikincisi, həmin idrakın nəticələrindən əməli surətdə istifadə etməkdən, yəni işi bilməklə qərar qəbul etməkdən ibarətdir. Determinizm konsepsiyası insanın azadlığının və məsuliyyətinin olmasını qəbul və sübut etməklə onun şəxsiyyətin həyatında böyük rol oynadığını, böyük mənaya malik olmasını irəli sürür.
Şəxsiyyətin azadlığı çoxplanlı və çoxaspektlidir. Onlardan iqtisadi, siyasi və mənəvi aspektlər şəxsiyyətlə, onun cəmiyyətlə münasibətlərində çox mühümdür. Fərdlərin normal həyat fəaliyyəti göstərmələrində ən vacib azadlıq vətəndaş hüquqlarının məcmusundan ibarət olan siyasi azadlıqdır.
Şəxsiyyət azadlığının dünyagörüşünə, ideologiyaya malik olmaq və onu azad surətdə təbliğ etməkdən ibarət olan digər tərəfi mənəvi azadlıqdan ibarətdir. Mənəvi azadlıq sistemində vicdan azadlığı, etiqad etməsi və ya inkar etməsi və s. var
Azadlıq şəxsiyyətin sosial statusunu xarakterizə edən tərəflərdən yalnız biridir. O, mütləq ola bilməz. Azadlığın nisbi xarakteri şəxsiyyətin digər şəxslər və bütövlükdə cəmiyyət qarşısında məsuliyyətində öz əksini tapır. Şəxsiyyətin azadlığı ilə məsuliyyəti arasındakı asılılıq proporsional nisbətdir. Cəmiyyət insana nə qədər azadlıq verirsə, insan həmin azadlıqdan istifadə etməkdə bir o qədər məsuldur.
Vətəndaş, şəxsiyyət isə hər şeydən əvvəl, yaşadığı cəmiyyəti, onda baş verən hadisə və prosesləri dərk etməli, dövlətin və hüququn ona verdiyi hüquq və imtiyazlardan istifadə etməli, eyni zamanda cəmiyyət qarşısında öz məsuliyyətini dərk etməli, ondan tələb olunan vəzifələri məcburi surətdə yerinə yetirməlidir. Suverenliyimizin tam təmin olunması uğrunda mübarizə şəraitində bəşəri və milli dəyərlərə yiyələnmiş insan yetişdirmək cəmiyyətimizin mənəvi tərəqqisinin əsas məqsədidir.
Fəlsəfə üzrə fəlsəfə doktoru Ağasəlim Həsənovun fikrincə, çağdaş dünya insanların müxtəlif azadlıqlar uğrunda (milli, siyasi, iqtisadi, fərdi və s.) apardığı mübarizələrlə zəngindir. Bu mübarizələr bəzən münaqişələrə, bəzən də vətəndaş müharibələrinə gətirib çıxarır. Nəticədə milyonlarla insan həyatını itirir, əlil olur, ya da öz vətənindən qaçqın düşərək başqa ölkələrə üz tutur. Bütün bunlara baxmayaraq insan yenə istədiyi azadlığa çatanadək mübarizə aparır və daha liberal azadlıqlar istəyir. Təbii olaraq sual yaranır: azadlıq nədir, o, hüdudsuzdurmu?
Azadlıq - sərbəst yaşamaq, fəaliyyət göstərmək, öz yaradıcılıq qabiliyyətini və fikrini müstəqil ifadə etmək imkanıdır. Azadlığın fəlsəfi izahını vermək üçün bir sıra böyük filosofların fikirlərinə qısaca nəzər yetirək.
Böyük alman filosofu İmmanuil Kant əxlaqın siyasət üzərində üstünlüyü ideyasını irəli sürərək belə bir qənaətə gəlirdi ki, vətəndaşlar ən yaxşı hesab etdikləri üsullarla öz məqsədlərini reallaşdırmaq hüququna malikdirlər. Dövlət və hakimiyyət vətəndaşların əvəzinə onlara nəyin xoşbəxtlik gətirdiyini həll etməməlidir. Onlar bu barədə özləri düşünməli, azad seçim etməlidirlər. Lakin bir azadlıq digərlərinin azadlığını məhdudlaşdırmamalı və onunla bir araya sığmalıdır.
Azadlığın məhdudlaşdırılması qanunlar vasitəsilə mümkündür, yetər ki, qanunlar demokratik xarakterli olsun. İngilis filosofu Tomas Hobbsa görə, azadlıq qanunla yasaq edilməyən hər şeyi istədiyin kimi etmək, qanunun məcbur etmədiyini isə etməmək imkanıdır. Bu cür yanaşmada qanun və azadlıq bir-birini inkar etmir, qarşılıqlı olaraq məhdudlaşdırır. Yəni qanunlar çoxaldıqca azadlıq məhdudlaşır və ya əksinə, azadlıq genişləndikcə qanunlar məhdudlaşır.
Müasir dövrdə azadlığın liberal anlayışına xüsusi diqqət yetirmək lazımdır. Liberal yanaşmada qanun azadlığın əksi deyil, onun zəruri şərtidir, o, azadlığı məhdudlaşdırmır, əksinə, onu genişləndirir. Digər bir ingilis filosofu Con Lokk deyirdi: "Qanun olmayan yerdə azadlıq da yoxdur". Başqasının iradəsindən asılı olmaq insanı azadlıqdan məhrum edir, qanundan asılı olmaq isə insanı azad edir. Burada o qanunlar nəzərdə tutulur ki, onlar insana maksimum azadlıq verir. Beləliklə, liberal anlayışda qanun azadlığı deyil, azadlıq qanunu məhdudlaşdırır və onun həddini müəyyən edir.
Yeri gəlmişkən qeyd edək ki, fərdi azadlıq ideyası liberal təlimlərdə daha fəal müdafiə olunur və onlar əsasən bunlardır: söz və fikir azadlığı, informasiya azadlığı, mülkiyyət azadlığı, dini etiqad azadlığı, nikah bağlamaq və boşanmaq azadlığı və s. Liberalizm ideologiyasının əsasını təşkil edən fərdiyyətçilik, azadlıq və iqtisadi sərbəstlik yalnız Qərbə aid düşüncə tərzi olmayıb. Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti qadına seçib-seçilmək hüququ vermişdi. Bu, o zaman idi ki, ABŞ-da və bir çox Avropa ölkəsində qadınlar bu hüquqdan məhrum idilər.
Təcrübə göstərir ki, ictimai-siyasi mühit dəyişdikcə azadlığı tənzimləyən ən mükəmməl qanunlar belə dəyişə və ya yenisi ilə əvəzlənə bilər. Yeni qanunlar daha mütərəqqi olmalı və ölkə vətəndaşlarının konstitusiyada təsbit olunmuş fundamental hüquq və azadlıqlarını, o cümlədən sosial, siyasi, iqtisadi, şəxsi və mülkiyyət hüquqlarını təmin etməlidir. Deyilənlər hüquqi dövlət və vətəndaş cəmiyyəti qurmaq istəyən hər bir ölkə üçün çox əhəmiyyətlidir. Bu baxımdan Azərbaycan Konstitusiyası da istisna deyil. Konstitusiyamızın preambulasında ölkəmizdə "vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq", "qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq", "hamının layiqli həyat səviyyəsini təmin etmək", "ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək" kimi ideyalar əksini tapıb.
İnsanın hüquq və azadlığının qorunması hüquqi dövlət anlayışı ilə sıx bağlıdır. Sadə desək, hüquqi dövlət elə bir dövlətdir ki, vətəndaş böyük ehtimalla dövlətin onun fəaliyyətinə necə cavab verəcəyini bilir. Əgər vətəndaş qanundan kənar nəsə etsə, dövlətin cavabı məhz qanunun tələb etdiyi cəza olacaq. Dövlətlə vətəndaş arasında qarşılıqlı münasibətlər yalnız hüquq müstəvisində, yəni qanunla tənzimlənir, vətəndaşa qarşı digər hərəkətlər və ya təhdidlər yolverilməzdir. Təəssüf ki, müasir dövrdə də insan azadlığını təhdid edən hallarla rastlaşırıq.
Azadlıq məhdudlaşdırılanda nə baş verir? Bəzən siyasi hakimiyyətlər rəvan idarəetməni insan azadlıqlarının məhdudlaşdırılmasında görürlər. Lakin bu cür yanaşma yanlışdır. Son illər ərəb ölkələrində baş verən ictimai-siyasi hadisələr göstərdi ki, insan azadlığının məhdudlaşdırılması sonda böyük faciələrə səbəb olur. Əslində həmin hadisələr illərcə yığılmış şüuraltı proseslərin nəticəsi idi. Zahirən sabit görünən ərəb cəmiyyəti gerçəkdə barıt çəlləyini xatırladırdı. Odur ki, bir başa sükut pozuldu...
Ən yüksək sosial rifah içində yaşamaq belə insanın azad cəmiyyətdə yaşamaq istəyini qarşılaya bilməz. Bəzi ölkələrdən gənclərin Avropaya üz tutmasını təkcə yoxsulluqla əlaqələndirmək düzgün deyil. Məsələn, Küveyt neftlə zəngin ölkədir, orada adambaşına düşən gəlir çox yüksəkdir. Lakin gənclər Avropada yaşamağa üstünlük verirlər. Səbəbsə aydındır - azad cəmiyyətdə yaşamaq. Deməli, azad olmayan ölkə həm də öz insanını - bəlkə də gələcəyin böyük istedadlarını itirir.
Dövlətlə vətəndaşlar arasında istənilən problemin çözüm yolu humanist yanaşma olmalıdır. Son günlər Türkiyədə baş verənlər ciddi qarşıdurma həddinədək yüksəldi. Ənənəvi olaraq daxili və xarici faktorlar fəallaşdı. Proseslərin dramatikləşməsində maraqlı olanlar Taksim olaylarına dəstək verdilər. Etirazçılara qarşı sərt bəyanatlar verib zor tətbiq etməklə vəziyyəti sabitləşdirmək cəhdləri Türkiyənin demokratik imicinə zərbə oldu. Deməli, azadlıq həm də imic məsələsidir.
Hər bir ölkənin davamlı inkişafının əsasında insan faktoru dayanır. Amma necə insan? İnsan fərd kimi doğulur, şəxsiyyət kimi formalaşır. Azad cəmiyyətdə yaşamaq insanın şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərir. Belə mühitdə formalaşan şəxsiyyət öz hüquq və azadlıqlarını bildiyindən onu kölə vəziyyətinə salmaq çətin olur. Azad olmayan cəmiyyətsə fərdlərin mexaniki toplumuna çevrilir. Nəticədə immuniteti zəif olan cəmiyyət formalaşır, bu isə elə zəif dövlət deməkdir.
Azadlıq nisbi anlayışdır, onun hədləri təkcə qanunla yox, həm də əxlaqi prinsiplərlə müəyyənləşir. Bu prinsiplər müxtəlif cəmiyyətlərdə fərqli ola bilər. Lakin bəzi Avropa ölkələrində əxlaqa zidd qanunlar qəbul edilir. Məsələn, eyni cinsdən olanların nikahının qanuniləşdirilməsi cəmiyyətin mənəvi-əxlaqi sisteminə böyük zərbədir. Belə qanunla azadlıq vermək heç vaxt təqdir oluna bilməz. Azad olmaq əxlaqsız olmaq deyil. Azadlıq məsuliyyət yaradır. Məsuliyyətini dərk et ki, azad olasan.

Cavid