“Yusif Vəzir Çəmənzəminli həbsxanada belə qələmi yerə qoymayıb” Layihə

“Yusif Vəzir Çəmənzəminli həbsxanada belə qələmi yerə qoymayıb”

O, öz kimliyini gizli saxlamaq üçün ən az 15 təxəllüsdən istifadə edib

Onun həyatı çətinliklər içərisində keçib. Anadangəlmə yazıçı olan Y.V.Çəmənzəminli Azərbaycan ədəbiyyatı tarixində özünəməxsusluğu ilə seçilir. O, 1887-ci ildə Şuşa şəhərində anadan olub. Atası Məşədi Mirbaba Mirabdulla oğlu Vəzirov Şuşa bəylərindən biri idi. Yusif Vəzirin daşıdığı Vəzirov soyadı XVIII əsr Qarabağ hökmdarı İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən biri olan Mirzə Əliməmmədağanın tutduğu vəzir vəzifəsi ilə bağlı olaraq nəsildən-nəslə keçib. İbrahimxəlil xanın vəziri Mirzə Əliməmmədağa Vəzirov soyadını daşıyan Məşədi Mirbaba (Yusif Vəzirin atası) nəslinin ulu babasıdır. 1797-ci ilin iyununda İran hökmdarı Ağaməmməd şah Qacar Şuşanı zəbt etdiyi zaman İbrahimxəlil xan tərəfindən Türkiyə dövlətinə yenicə səfir təyin olunmuş Mirzə Əliməmmədağanı dustaq etdirib qətlə yetirir. Uzun illərdən sonra Türkiyədə səfirlik etmək Mirzə Əliməmmədağa nəslinin nümayəndəsi Y.Çəmənzəminliyə nəsib olur. O, 1919-cu ildə yeni yaranmış Azərbaycan Demokratik Cümhuriyyətinin Türkiyədə ilk səfiri olur. Yusif Vəzirin atası Məşədi Mirbaba İran, Orta Asiya və Türkiyənin bir qismini gəzmişdi, fars və türk dillərini mükəmməl bilirdi.
Yusif Vəzir Şuşada Molla Mehdinin məktəbində oxuyur. Məşədi Mirbaba oğlu Yusifi Ağdama aparır, təhsili ilə özü məşğul olur, ona türk və fars dillərini öyrədir. Yusif 1896-ci ildə Şuşa realnı məktəbinə daxil olur. Yusifin riyaziyyata o qədər də marağı yox idi. Yusif oxuduğu kitablarda rəssamların və heykəltəraşların tərcümeyi-halına diqqət yetirərdi. Hələ kiçik yaşlarında rəsm əsərləri çəkməklə məşğul olmuşdu. Gözlənilmədən onun böyük qardaşı Əbülhəsən xəstələnir, 1904-cü ildə vəfat edir. Bu hadisə Yusifi sarsıdır. Bir müddətdən sonra qardaşı Əbülhəsənin yaratdığı zəngin kitabxana Yusifə verilir. Yusif Vəzir kitabxanadaki rus və əcnəbi klassiklərin kitablari ilə yaxından tanış olandan sonra onda rəsm ilə bərabər ədəbiyyata da böyük maraq oyanır. Çexovun şirin və duzlu hekayələri Yusif Vəzirin çox xoşuna gəlir.
1906-ci ildə atası vəfat edir. Onun vəfatından sonra ailə 19 yaşlı Yusifin himayəsində qalır. O, yatalaq xəstəliyindən yatır. Yusifin bibisi onun sağalacağına ümidini itirib Şuşaya göndərir. Yusifin üç ay yataqdan qalxa bilməməsi ailəni böyük çətinliklər qarşısına qoyur. Ailə köməksiz qalır. Yusifin anası Seyid oğlunun həyatını xilas etmək üçün əlindən gələni edir. Ailənin ağır vəziyyətində Yusif hələ uşaq ikən Güney Azərbaycanın "Çəmənzəmin" adlı kəndindən qaçaraq Şuşaya pənah gətirmiş, Yusifgilin Həyətlərində sığınacaq tapmış Həsənxan, Nifti və Fərəc qardaşları onlara kömək edir. Yusif sağaldıqdan sonra anasına deyir: "Əgər mən gələcəkdə adlı-sanlı adam olsam, sədaqətli qonşularımızın kəndlərinin adını özümə təxəllüs qəbul edəcəyəm".
Yusif Vəzir Bakıya gəlir, realnı məktəbin altıncı sinfinə daxil olur. Şuşadakı milli ədavət Vəzirovlar ailəsini də ata-baba yurdundan didərgin düşməyə məcbur edir. Onlar Aşqabada köçməli olurlar. 1907-ci ildə Yusif Vəzirin "Molla Nəsrəddin" jurnalında "Bakı realnı məktəbinin altıncı sinif şagirdi Mir Yusif Vəzirov" imzası ilə yazısı çap olunur. Bu yazıdan sonra ona təhqir və hədələmə məktubları gəlir.
1910-cu ildə o, Kiyevə gedir, Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinə daxil olur. Kiyevdəki 5 illik tələbəlik dövründə vətənlə əlaqəni kəsmir. Yusif Vəzir Bakıda nəşr olunan qəzetləri və jurnalları müntəzəm olaraq alır və Azərbaycanda baş verən hadisələrlə yaxından tanış olur. 1912-ci ildə "Yeddi hekayə", 1913-cü ildə isə "Həyat səhifələri" adlı kitablarını Kiyevdə çap etdirir. 1917-ci ildə Kiyevdə oxuyan azərbaycanlı tələbələri ətrafına toplayaraq Türk Ədəbi Mərkəziyyə firqəsi "Musavatin" Kiyev şöbəsini yaradır. Həmin şöbəyə başçılıq etmək üçün Yusif Vəzir sədr seçilir. Müstəqil Ukrayna Respublikası yarandıqdan sonra Azərbaycan Demokratik Cumhuriyyəti Yusif Vəziri Ukraynada diplomatik nümayəndə təyin edir. 1919-cu ildə isə o, səfir kimi İstanbula göndərilir. 1925-ci ildə qardaşı Miri 29 yaşında Parisdə vəfat edir. Yeganə qardaşının vaxtsız vəfatı Yusif Vəziri sarsıdır. O, vətəni Azərbaycana qayıtmağı qərara alır. Yusif Vəzir 1926-cı ilin aprel ayında həmişəlik olaraq mühacirətdən vətənə qayıdır. Yusif Vəzirin 1937-ci ildə cürbəcür bəhanələrlə işdən kənar edilir. 1938-ci ilin avqust ayında Yusif Vəzir Urgəncə yola düşür. O, Urgənc pedaqoji instituta baş müəllim və eyni zamanda institut kitabxanasına müdir təyin olunur. 1940-cı il yanvar ayının 25-də Yusif Vəzir Urgəncdə həbs edilib Bakıya gətirilir. O, altı aya yaxın Keşlə həbs düşərgəsində saxlanıldıqdan sonra 1940-cı ilin iyul ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsinə göndərirlər. 1943-cü il yanvarın 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində vəfat edir.
Onun zəngin yaradıcılığına nəzər yetirdikdə məlum olur ki, 1930-35-ci illərdə Azərbaycan Neft İnstitutunda işləyən zaman həmin institutda çıxan jurnalında məqalələr nəşr etdirib. Bir çox hekayələri "Maarif və mədəniyyət" jurnalında və başqa mətbuat orqanlarında işıq üzü görüb. Sonralar "Qızlar bulağı", "Studentlər", "1917-ci il" adlı romanlarını çap etdiri. 1935-ci ildə "Həzrəti-Şəhriyar" adlı komik pyesini bitirir. Uzun illər tədqiqatçıların diqqətindən kənarda qalan "Həzrəti-Şəhriyar" komediyası ilk dəfə 1980-ci ildə "Qobustan" jurnalının 4-cü nömrəsində çap olunub.
Yusif Vəzir tərcümələr üzərində də işləyib. L.Tolstoyun, İ.Turgenevin, A.Neverovun, N.Qoqolun, B.Lavrenevin, L.Seyfulinanın, V.Hüqonun və s. bir neçə əsərlərini rus dilindən Azərbaycan dilinə tərcümə edib. Kinossenarilərin tərcüməsində də fəal iştirak edib. İlk səsli film olan "Çapayev" filminin ssenarisini də Azərbaycan dilinə 1936-cı ildə Y.V.Çəmənzəminli tərcümə etmişdi. Yazıçı 1937-ci ilin aprel ayında tamamladığı "İki od arasında" adlı tarixi romanı işdən çıxarıldığı üçün çap etdirə bilməmişdi. Sağlığında nəşr etdirə bilmədiyi bu tarixi roman ilk dəfə 1964-cı ildə "Azərbaycan" jurnalında ixtisarla "Qan içində" adı ilə çapdan çıxmışdı.
"Çəmənzəminli" Yusif Vəzirin təxəllüslərindən biridir. Yusif Vəzirov 1904-cü ildən etibarən öz kimliyini gizli saxlamaq üçün ən az 15 təxəllüsdən istifadə edib. Yazıçı Firuz Mustafa hesab edir ki, Azərbaycanın böyük yazıçısı Yusif Vəzir Çəmənzəminlinin məzarının vətənə gətirilməsi ədibin ruhuna böyük diqqət və sayğı nümunəsi olardı: "Yusif Vəzir Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfiri kimi fəaliyyət göstərərkən gənc dövlət qırmızı imperiyanın qanlı caynağına keçdi, səfarətxana öz fəaliyyətini dayandırmalı oldu. O, bəlkə də Türkiyədə qalsaydı, daha dolğun bir həyat yaşaya bilərdi. Yusif Vəzir sovetlərin qələbəsindən sonra Parisə mühacirət etmişdi, orada "Paris xəbərləri" qəzetində "Şərq məktubları" başlığı altında köşə yazıları ilə çıxış edirdi. O, bəlkə də Parisdə qalsaydı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında daha fəal iştirak edərdi. Yusif Vəzir Özbəkistanın Urgənc şəhərindəki Xorəzm Vilayət Pedaqoji İnstitutunda rus dili müəllimi kimi kollektivdə böyük nüfuz qazanmışdı. O, öz pedaqoji fəaliyyətini davam etdirsəydi, sonralar sakit bir alim ömrü yaşayardı. 30-cu illər repressiyası Yusif Vəzirin və onun ailəsinin həyatına böyük faciələr gətirdi. O, öz isti yuvasından, ev-eşiyindən, el-obasından, göz bəbəyi kimi sevdiyi Vətənindən didərgin düşdü. Yusif Vəzirin həyatının son illəri Özbəkistanla bağlı olub. 1937-ci ildə müxtəlif bəhanələrlə işdən azad edilmişdi. Heç yerdən bir qəpik gəliri olmayan Yusif Vəzir Azərbaycan kommunistlərinin o vaxtkı başçısı Mircəfər Bağırova ərizə ilə müraciət edir, heç bir cavab almır. Yerli hakimiyyətdən bir kömək görməyən yazıçı 1937-ci il iyun ayının 8-də Ümumittifaq K(b)P-nın Baş katibi İ.V.Stalinə ərizə ilə müraciət etməli olur. Onun ərizəsinə Baş katibdən də bir cavab gəlmir. Yusif Vəzir bir aya yaxın Moskvada qalır, "əlaqədar" idarələrin qapısını döyür, Stalinə yazdığı ərizə barədə dəfələrlə Mərkəzi Komitəyə müraciət edir, hər yerdə eyni laqeydliklə qarşılanır. Təzədən Bakıya qayıdan Yusif Vəzir qonşu ölkələrdə iş axtarmaq məcburiyyətində qalır. 1938-ci ildə "Kommunist" qəzetində oxuduğu bir elanın sorağı ilə sənədlərini Özbəkistana göndərir. Müsabiqədən uğurla keçən Yusif Vəzir Urgəncdəki pedaqoji instituta baş müəllim və eyni zamanda institut kitabxanasına müdir təyin olunur. Amma az sonra yazıçı həbs edilib Bakıya gətirilir.
Günlərin bir günü böyük ədibin uyuduğu qəbristanlığın yerini müəyyənləşdirmək qərarına gəldim. Təbii ki, Yusif Vəzirin qəbrinin dəqiq yerini iki mənbədən öyrənmək olardı: onun öldüyü həbs düşərgəsindən və dəfn olunduğu qəbristanlıqdan.
Beləliklə, mən Yusif Vəzirin (Vəzirov Yusif Çəmənzəminlinin) dəfn olunduğu qəbristanlığı, daha dəqiq desəm, onun məzarını axtarmaq qərarına gəldim. Dost-tanışlardan, məlumat kitabçalarından, mətbuatdan xeyli məlumat əldə etdim.
Suxobezvodnoye Qorki (indiki Nijni Novqorod) şəhərinin 115-120 kilometrliyində, Semyonov rayonunun şimal-qərb hissəsində yerləşən qəsəbədir. Ərazisi 380 hektardır. 1963-cü ildən şəhər tipli qəsəbə statusu daşıyan bu yer ötən əsrin 30-cu illərində dustaqlar üçün "iş yeri" kimi fəaliyyətə başlayıb. Yusif Vəzir ən ağır məhbəs şəraitində belə son nəfəsinəcən qələmi yerə qoymayıb. O, hər gün yazıb-yaradıb. Sürgün dostlarının yazdığına görə, böyük ədib son nəfəsində məhbəs nəzarətçisindən xahiş edib ki, onun yazdıqlarını həbsxana çardağının altında əlçatmaz, xəlvəti bir yerdə gizlətsin. Həmin yeri ədibin özü əvvəlcədən müəyyənləşdiribmiş. Nəzarətçi hörmətlə yanaşdığı ziyalı məhbusun xahişini yerinə yetirir. Amma "susuz quru yerin"- Suxobezvodnoyenin yağış və çisəyi həmin yazıları elə o əlyazmaların müəllifinin ömrü, həyatı kimi çürüdüb məhv eləyib".

Uğur