Xocalı soyqırımından 26 il ötür Layihə

Xocalı soyqırımından 26 il ötür

Xarici ölkələrdə silsilə tədbirlər keçirilib

Xocalı soyqırımının törədliməsindən 26 il keçir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilib. Hücumda, həmçinin mayor Ohanyan Seyran Mişeqoviçin komandanlığı altında Sovet ordusunun 366-cı alayının 2-ci batalyonu, Yevgeni Nabokixin komandanlığı altında 3-cü batalyon, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeri İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və giziri iştirak edib.
Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu xalqımıza qarşı apardıqları soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi, öz amansızlığına və qəddarlığına görə, bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi.
Bu gün Xocalıdan olan məcburi köçkünlər respublikamızın 50 şəhər və rayonunda müvəqqəti məskunlaşıblar. Yaşayış şəraiti ağır olan Xocalı ailələri üçün də yeni qəsəbələr salınıb, binalar tikilib. Dövlətimizin başçısı onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması işini daim diqqətdə saxlayır.
Dünən dünya ölkələrində Xocalı soyqırımı ilə bağlı tədbirlər, etiraz aksiyaları keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq təşviqat kampaniyası çərçivəsində İsveçrədə Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.
Ölkənin paytaxtı Bern şəhərinin mərkəzi "Waisenhausplatz" meydanında baş tutmuş aksiya azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub.
Aksiyada Xocalı faciəsi zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən natiqlər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət" kampaniyası barədə danışıblar. Bildirilib ki, Xocalı soyqırımının baş verdiyi amansız hadisələrdən 26 il ötsə də, faciənin əsl səbəbkarları hələ də cəzalandırılmayıb və Ermənistanda yüksək vəzifələr tuturlar. Azərbaycanlı dinc əhaliyə qarşı törədilən soyqırımı aktına İsveçrə və dünya ictimaiyyəti tərəfindən hüquqi qiymətin verilməsinin vacibliyini vurğulanıb.
Daha sonra aksiya iştirakçıları tərəfindən üzərində "Xocalıya ədalət!", "Xocalı hadisələrinə siyasi qiymət verilməlidir!", "Biz torpaqlarımızın azad olunmasının tələb edirik" kimi sözlər yazılan transparantların və ermənilərin qəddarcasına qətlə yetirdikləri Xocalı şəhidlərinin fotolarının əks olunduğu lövhələr nümayiş etdirilib.
Aksiya çərçivəsində həmçinin "Waisenhausplatz" meydanında Xocalı soyqırımı qurbanlarına həsr olunan fotosərgi də təşkil edilib. Sərgidə qanlı gecəyə aid şəkillər, uşaqlar tərəfindən "Xocalı uşaqların gözü ilə" mövzusunda çəkilən rəsm əsərləri və dünyanın ən nüfuzlu mətbu orqanlarında qətliam barədə dərc olunmuş məqalələr nümayiş etdirilib. Sərgi yerli əhali və qonaqlar tərəfindən maraqla qarşılanıb. Aksiya təşkilatçıları sərgini izləyən şəxslərə soyqırım barədə əlavə məlumatlar verib və onların suallarını cavablandırıb.
Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı haqqında faktların əks olunduğu yüzlərlə məlumat kitabçaları hazırlanaraq müxtəlif yerlərdə əhali arasında paylanıb.
Aksiyada o cümlədən soyqırım qurbanlarının xatirəsinə hazırlanmış üzərlərində "Justice for Khojaly" internet saytının loqosu əks olunan 613 ədəd qara şar şəhər sakinlərinə paylanıb və tədbirin sonunda meydandan havaya buraxılıb.
Ukraynanın Odessa şəhərində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Ermənistanın baş konsulluğunun qarşısında etiraz aksiyası keçirilib. Əvvəlcə şəhərin mərkəzi hissəsində "Xocalı soyqırımı", "Cinayətkarlar cəzalandırılsın!", "Xocalıya ədalət!" şüarları ilə avtomobil yürüşü keçirilib. Aksiya iştirakçıları Ermənistanın Odessadakı baş konsulluğu qarşısında toplaşıblar.
Azərbaycanın Ukraynadakı səfirliyi və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Odessa vilayəti təşkilatının birgə təşkil etdiyi etiraz aksiyasında Ermənistan hakimiyyətindən işğalçı qoşunlarını Azərbaycan torpaqlarından geri çəkməyi tələb edən aksiya iştirakçıları mənfur düşmənin indiyədək törətdiyi hər bir cinayətə görə tarix qarşısında cavab verəcəklərini vurğulayıblar. Aksiyada "Rədd ol Qarabağdan!", "Terrora son qoy!", "Qarabağ bizimdir, bizim olacaq!", "Xocalı soyqırımına görə cavab verəcəksiniz!" kimi şüarlar səsləndirilib.
Etiraz aksiyası cinayətkar Ermənistan hakimiyyətinə ünvanlanmış qətnamənin oxunması ilə başa çatıb və səmaya Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması məqsədilə qara şarlar buraxılıb.
Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Türkiyədə təşkil olunan silsilə tədbirlərdə iştirak etmək üçün qardaş ölkədə səfərdə olan Azərbaycan nümayəndə heyəti Kocaeli şəhər valisi Hüseyn Aksoy, Körfəz rayon icra hakimiyyətini başçısı Həsən Hüseyn Can və Körfəz bələdiyyəsinin sədri İsmayıl Baranla görüşüblər.
Kocaeli şəhər valisi Hüseyn Aksoy bildirib ki, Azərbaycanın 20 ildən artıqdır üzləşdiyi Dağlıq Qarabağ problemi qardaş Türkiyəni də narahat edir. O, Türkiyənin daim Azərbaycanın yanında olduqlarını deyərək Xocalı soyqırımından danışıb. Bildirib ki, Qərb ölkələri bu faciəyə biganə yanaşırlar. Beynəlxalq təşkilatlar ermənilərin törətdiyi bu soyqırımına düzgün hüquqi qiymət verməlidir.
Həsən Hüseyn Canla görüşdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi rayon bələdiyyəsinin sədri Nazim Qaraxanov və Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev Xocalı soyqırımından bəhs ediblər. Həsən Hüseyn Can bildirib ki, Xocalı soyqırımı Türkiyənin də ağrı-acısıdır. O vurğulayıb ki, tarixən ermənilərin türk xalqlarına qarşı törətdikləri vəhşiliklər 1992-ci il fevralın 26-da Xocalı şəhərində təkrarlanıb.
İsmail Baranla görüşdə isə o qeyd edib ki, Azərbaycanı narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Türkiyəni də narahat edir.
Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Xocalı soyqırımı hər zaman unudulmayacaq. Ermənilərin Xocalıda törətdikləri vəhşiliyin qətliam yox, soyqırımı olduğunu vurğulayan bələdiyyə sədri dünya ictimaiyyətini buna laqeyd qalmamağa çağırıb.
ABŞ-ın Çikaqo şəhərində də Xocalı Qətliamının 26-cı ildönümü münasibətilə etiraz aksiyası keçirilib.
Miçiqan prospektində həyata keçən aksiyada Ermənistanın Xocalıda həyata keçirdiyi qətliama və Qarabağın işğalına etiraz edilib. Aksiyaya ABŞ-da yaşayan Azərbaycan vətəndaşları ilə yanaşı, Türkiyənin Çikaqo baş konsulu Ümid Acar da daxil olmaqla çoxlu sayda türkiyəli də iştirak edib.
Aksiyada "Ermənistan beynəlxalq qanunları pozur", "Xocalı üçün ədalət istəyirik", "Erməni əsgərləri Azərbaycandan çıxmalıdır!" kimi şüarlar səsləndirilib.
Amerikalıların da maraq göstərdiyi aksiya insidentsiz başa çatıb.
Azərbaycan Respublikasının Qazaxıstandakı Səfirliyinin və Türküstandakı Azərbaycanlı Tələbələr Təşkilatının dəstəyilə Türküstan şəhərində Beynəlxalq Əhməd Yasəvi Universitetində Xocalı Soyqırımının 26-cı ildönümünə həsr olunmuş "Xocalı Soyqırımı türkdilli tələbələrin yaddaşında" adlı anım tədbiri keçirilib. Tədbir çərçivəsində Xocalıda baş vermiş hadisələri ehtiva edən şəkillərdən ibarət sərgi təşkil olunub. Fevral ayının 22-də baş tutmuş tədbirdə universitetin vitse-prezidenti Mustafa Erən, Sosial Elmlər fakultəsinin dekanı Məhmət Toplu, İntizam və Mədəniyyət şöbəsinin müdiri Ləzzət Esentayeva, Beynəlxalq Münasibətlər kafedrasının müdiri Eftal Şükrü Batmaz, müəllim kollektivi və müxtəlif türk toplumlarından gəlmiş tələbələr iştirak ediblər.
Tədbirin əvvəlində Xocalı Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Əli