“Başqa çıxış yolu olmayan İrəvan danışıqlara getməli, Azərbaycan torpaqlarını boşaltmalıdır” Layihə

“Başqa çıxış yolu olmayan İrəvan danışıqlara getməli, Azərbaycan torpaqlarını boşaltmalıdır”

Elxan Ələsgərov:"Bundan sonra Qarabağ problemi yol xəritəsi çərçivəsində həll olunmalıdır"




ATƏT-in Minsk qrupunun həmsədrləri Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşün yekunlarına dair bəyanat yayıblar. Bəyanatda ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan rəhbərliyi ilə iyunda görüşməyi planlaşdırdıqları qeyd olunub.
Ermənistanda isə gərginlik davam edir. Baş nazir Nikol Paşinyan deyib ki, Ermənistanda növbədənkənar parlament seçkiləri bu ilin sonunadək keçiriləcək. O, hökumətin seçkilərlə bağlı proqramı yaxın günlərdə parlamentə təqdim edəcəyini bildirib. Baş nazir Daşnaksütyun və Çiçəklənən Ermənistan partiyalarının üzvlərinə də vəzifə veriləcəyini diqqətə çatdırıb.
Ümumiyyətlə, görüş baş tuta bilərmi və nəticə əldə edilməsi mümkündürmü?
Eyni zamanda, Paşinyanın Azərbaycana qarşı mövqeyi də aressiya xarakteri daşıyır. Baş nazir seçilən kimi işğalda olan Azərbaycan ərazilərinə səfər etməsi bunu sübut edir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov isə bir müddət öncə Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatlarına tam hazır olduğunu açıqlayıb.
Onu da bildirək ki, Paşinyan Minsk qrupunun həmsdər dövləti Rusiyanın dövlət başçısı Putinlə görüşüb.
Politoloq Fərhad Mehdiyev deyib ki, Rusiya prezidenti Vladimir Putinin Ermənistan baş naziri Nikol Paşinyana inamsızlığı nəzərdən yayınmadı. Bunun belə olacağı əvvəldən məlum idi. O, qeyd edib ki, Nikol Paşinyanın Vladimir Putinlə görüşü Moskvanın ona münasibətini dəyişmədi: "Ermənilər Qərbə inteqrasiya olunub daha da güclənmək istəyirlər. Bu cəhdlərinin baş tutub-tutmayacağını zaman göstərəcək. Fikrimcə, Ermənistan özünün güclü diasporu hesabına Rusiyanın təsir dairəsindən çıxmağa cəhd edəcək. Rusiya bu məsələdə Ermənistana qarşı ancaq "Qarabağ kartı"ndan istifadə edə bilər. Lakin Rusiyanın Azərbaycana etibarı varmı? Bu barədə indi dəqiq söz demək mümkün deyil. Buna görə də növbəti Qarabağ müharibəsinin sonunda regiona Rusiyanın sülhməramlıları yerləşdirilə bilər. Bu da Rusiyanın ehtiyat planıdır".
Politoloq Elxan Ələsgərov deyib ki, Paşinyanın Qarabağla bağlı siyasəti birbaşa öz hakimiyyətini qoruyub saxlamağa və daxili auditoriyaya hesablanıb. Politoloq Azərbaycan prezidentinin ardından Müdafiə naziri Zakir Həsənovun Qarabağla bağlı son bəyanatının təsadüfi olmadığını vurğulayıb: "Paşinyanın Qarabağla bağlı siyasəti birbaşa öz hakimiyyətini qoruyub saxlamağa və daxili auditoriyaya hesablanıb. Yəni Ermənistanın yeni baş naziri "sərtliyi" ilə əslində sələflərindən fərqlənmədiyi görüntüsünü yaradır. Onun Dağlıq Qarabağın danışıqlarda tərəf kimi çıxış etməsini irəli sürməsi sadəcə bir fənd idi. Ermənistanda baş verənləri çox diqqətlə izləyən Azərbaycan müdafiə nazirinin son bəyanatı mövcud hərbi siyasi durumu yenidən təsdiqləsə də, özlüyündə çox mühüm məqamları ehtiva edir. Hesab edirəm ki, cəmiyyətə verilən mesajlar kifayət qədər açıqdır və artıq İrəvanın məcbur edilməsi prosesi başlayıb".
Politoloq bildirib ki, Azərbaycan ilk mərhələdə torpaqlarını işğaldan azad etmək üçün vəziyyətə uyğun hərəkət edəcək:
"Yəni vaxtı daralan və başqa çıxış yolu olmayan İrəvan danışıqlara getməli, Azərbaycan torpaqlarını boşaltmalıdır. Nəhayət, bundan sonra Qarabağ problemi yol xəritəsi çərçivəsində həll olunmalıdır. Bu səpkidə artıq Rusiyadan da səslər gəlməkdədir. Rusiyadan yeddi rayonun qaytarılması ilə bağlı verilən son bəyanatları Ermənistana təzyiq və hədə-qorxu kimi də qiymətləndirmək olar".
Millət vəkili Tahir Mirkişili vurğulayıb ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfəri və orda verdiyi bəyanatlar qanunsuz, populist və qeyri-peşəkar idi: "1992-ci ilə ATƏT-in Nazilər Şurasının qərarı ilə danışıqların formatı müəyyən olunub. Uzun illərdir ki aparılan danışıqları özündə əks etdirən beynəlxalq sənədlər var. BMT-nin 4 qətnaməsi var. Bütün bunlara rəğmən verilən populist bəyanatlar Ermənistanın daxili auditoriyasına yönəlib və yaxın aylarda Ermənistanda keçiriləcək seçkilərdə öz mövqelərini möhkəmlətməyə hesablanıb. Ümid edirik ki, Ermənistanın əvvəlki rəhbərliyindən fərqli olaraq N.Paşinyan tezliklə münaqişənin həllinin bu cür bəyanatlardan deyil, beynəlxalq hüquq normaları çərçivəsində yanaşmalardan asılı olacağını anlayacaq. Əks halda işğalçılıq siyasəti sayəsində faciəvi duruma düşən Ermənistanı yeni inqilablar və müharibə gözləyir".
Onun sözlərinə görə, ATƏT sənədlərin də münaqişənin tərəfləri kimi Ermənistan və Azərbaycan göstərilir: "Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları isə münaqişədə maraqlı tərəf kimi tanınır və işçi sessiyalarda iştirakları mümkün sayılır. Danışıqlar formatının dəyişdirilməsi cəhdi proqnozlaşdırıla bilinməyən nəticələrə səbəb ola bilər. Danışıqların uzadılması hər zaman Ermənistanın mövqeyi olub. Amma son hadisələr onu göstərdi ki, münaqişənin həll olunmamasının ən acı nəticələri məhz Ermənistanda müşahidə olunur. Qərb dövlətlərinin regionda, xüsusən də Azərbaycanda böyük iqtisadi və geosiyasi maraqları mövcuddur. Bu baxımından münaqişənin tezliklə beynəlxalq hüquq normaları çərçivəsində həll olunması inkişafda və əmin-amanlıqda maraqlı olan bütün dövlətlərin marağındadır. Paşinyanın hakimiyyətə kimin gətirməsindən asılı olmayaraq o tezliklə Ermənistan reallıqlarını görəcək. Əgər o sələfindən fərqli olaraq əhalinin sosial-iqtisadi güzəranını yaxşılaşdırmaq, Ermənistanı təcrid vəziyyətindən çıxartmaq barədə düşünəcəksə yeganə yol işğal siyasətinə son vermək, Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa etmək olacaq. Əks halda Paşinyan da sələfi kimi xalq tərəfindən devriləcək".
O hesab edir ki, Dağlıq Qarabağ münaqişənin həlli artıq Ermənistan dövləti üçün "olum ya ölüm" halına gəlməkdədir: "Münaqişə həll olunmadıqca Ermənistanda dövlətçilik dağılmaqda, əhali isə xaricə qaçmaqdadır. Ona görə ümid edək ki, N.Paşinyan öz xalqını düşünərək, xalqın ona verdiyi etimad kvotumunu məhz gec də olsa Ermənistanın sivil ölkə olmasına xərcləyəcək. Azərbaycan ərazisini işğal etməyə son verərək, mehriban qonşuluq şəraitində inkişafa üstünlük verəcək. Ermənistanın bir ölkə kimi var olmasının yeganə yolu məhz budur".
Deputat Asim Mollazadə hesab edir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin iyunda Ermənistan rəhbərliyi ilə planlaşdırdığı görüşdən Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müsbət heç nə gözləmirəm. Çünki, bu proses 25 ildir ki, diplomatik turizmə çevrilib. Onun sözlərinə görə, illərdir ki, təcavüzkara qarşı heç bir sanksiya müzakirə olunmur, BMT-nin qətnamələri yerinə yetirilmir: "Ermənistan danışıqlar prosesini dəfələrlə pozmasına baxmayaraq heç bir ictimai qınaq yoxdur. Danışıqlar nəticəsizdir, ATƏT-in Minsk qrupu münaqişəni dondurulmuş münaqişəyə çevirir. Bu baxımdan iyunda keçiriləcək görüşdən münaqişənin həllinə dair müsbət nəticə gözləmirəm". A.Mollazadə qeyd edib ki, Ermənistanda gedən prosesləri də nəzərə aldıqda, yaxın müddətdə problemin həlli istiqamətində müsbət nəticə gözlənilmir: "Hazırki vəziyyətdə münaqişənin heç bir həlli yoxdur. Ermənistanın yeni baş naziri Nikol Paşinyan da bundan öncəki rəhbərlərin fikirlərini ifadə edir. Mənə elə gəlir ki, ümumiyyətlə, Paşinyan və onun inqilabı da hansısa oyunun tərkib hissəsi idi. Səfalətdə olan Ermənistan guya inqilab edir və burada demokratik proseslərin getdiyini nümayiş etdirmək istəyir. Mən hakimiyyət dəyişikliyi nəticəsində Ermənistanın düzgün istiqamətdə inkişafına inanmıram". Deputat söyləyib ki, baş verənlərlə bağlı Azərbaycan səbirli olmalıdır: "Çünki burada söhbət Ermənistandan getmir. Düşmən ölkənin arxasında təhlükəli qüvvələr dayanır".
Asim Mollazadə həmçinin əlavə edib ki, Elmar Məmmədyarov növbəti dəfə həmsədrlərlə görüşdü: "Bizim bu görüşdən elə bir gözləntimiz yoxdur. Çünki həmsədrlər indiyə qədər öz siyasətlərində heç bir dəyişiklik etməyiblər". Bildirib ki, həmsədrlər təcavüzkara qarşı sanksiyaların tətbiqini müzakirə etmirlər və Ermənistan da danışıqlar prosesini pozur: "Ona görə də bunu növbəti səmərəsiz görüş hesab edirəm".
Politoloq Qabil Hüseynli isə diqqətə çatdırıb ki, görüş Azərbaycanın təşəbbüsü ilə keçirilib və danışıqlar prosesinin davam etdirilməsi məqsədilə irəli sürülüb: "Çünki Ermənistanın yeni rəhbərliyinin mövqeyi danışıqlar prosesinə mənfi təsirlidir".
O, bildirib ki, Nikol Paşinyan ermənilərin öz müqəddəratını təyin etməsi iddiasındadır: "Azərbaycan tərəfi həmsədrlərlə müzakirələrin hansı çərçivədə davam etdirilməsi barədə öz mövqeyini bildirib. Ermənistanın yeni şərtləri nəzərə alınmadan danışıqlar prosesi davam etdirilməlidir".


Əli