“Ermənistan və sahibləri ilk növbədə planlarını müəyyənləşdirməlidirlər” Layihə

“Ermənistan və sahibləri ilk növbədə planlarını müəyyənləşdirməlidirlər”

Asim Mollazadə: "Hazırda bu plan yoxdur"

Qabil Hüseynli: "Həmsədrlərin Ermənistana səfəri bir növ tanışlıq xarakteri daşıyacaq"


ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 13-də Ermənistana səfər edəcək. İrəvanda vasitəçilərlə XİN başçısı arasında ilk əlaqə olacaq. Görüşdə həmçinin gələcək addımlar müzakirə olunacaq.
Ekspertlərin fikrincə, həmsədrlərin səfərində danışıqlar prosesinin bərpası və hər hansı irəliləyişə nail olunması inandırıcı deyil. Çünki Paşinyan peşəkar siyasətçi deyil, ziddiyyətli addımlar atır və Dağlıq Qarabağ danışıqlarına zərbə vuracaq açıqlamalarla çıxış edir. Paşinyanın bir neçə gün öncə Dağlıq Qarabağ danışıqlarında içtirak etmək üçün mənəvi haqqının olmamasını deməsi onun hansı səviyyədə siyasətçi olmasını ortaya qoyur.
Deputat Asim Mollazadə deyib ki, Ermənistan və onların sahibləri ilk növbədə planlarını müəyyənləşdirməlidirlər: "Hazırda bu plan olmadığı üçün yaxın müddətdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsbət irəliləyiş gözləmirəm". Ermənistanın hazırkı rəhbərliyinin çox fərqli, anlamağı mümkün olmayan bəyanatlar verdiyini xüsusi vurğulayan deputat söyləyib ki, bütün bunlar düşmən ölkənin sülhə hazır olmadığını göstərir: "Ermənistan ciddi danışıqlar aparmağa hazır deyil. Belə olan halda, münaqişənin həlli ilə bağlı müsbət nəsə gözləmək mümkün deyil". Həmsədrlərin iyunun 13-də Ermənistan səfərinə münasibət bildirən A.Mollazadə qeyd edib ki, ATƏT-in Minsk qrupunun bu səfəri də turist səfərindən fərqlənməyəcək.
Politoloq Qabil Hüseynli bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistana səfəri bir növ tanışlıq xarakteri daşıyacaq. Onun sözlərinə görə, Ermənistanda siyasi hakimiyyət dəyişib: "Təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibət də ciddi surətdə dəyişib. Bu dəyişiklik demək olar ki, danışıqlar yolunda ciddi problemlər yaratmaqdadır. Zənnimcə, həmsədrlər bu yolları tutmuş maneələri aradan qaldırmaqla daha çox məşğul olacaqlar. Səfərdən əhəmiyyətli nəsə gözləmirəm. Çünki Ermənistan tərəfi mövqeyini daha da sərtləşdirib və çox ağılsız bir təkliflər irəli sürməkdədir. Bəzən bu təkliflərin birinin digəri ilə əlaqəsini məntiqi cəhətdən düzüb qoşa da bilmirlər. Ona görə də həmsədrlərin səfəri ancaq danışıqlar praktikasını yeniləmək və tərəfləri qabaqcadan şərtlər irəli sürmədən danışıqlar masası arxasında əyləşdirməyə çalışacaqlar. Danışıqların gündəliyini əvvəlki dövrdə əldə edilmiş müəyyən razılaşmaları da saxlamaqla yenidən bərpa etməyə çalışacaqlar. Çünki Nikol Paşinyan hər şeyi sıfırdan başlamaq istəyir. Bir sözlə, həmsədrlərin səfəri hələ ki texniki xarakter daşıyacaq. Bu kifayət qədər mürəkkəb bir səfərdir".
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru, politoloq Mübariz Əhmədoğlu diqqətə çatdırıb ki, Ermənistan hökumətinin son iclaslarının birində Nikol Paşinyan Dağlıq Qarabağın adından danışıq aparmağa mənəvi, siyasi hüququnun olmadığını bildirdi: "Özündən əvvəlki rəhbərlər əslən Dağlıq Qarabağlı olduqları üçün onlar Dağlıq Qarabağın adından buna görə danışırmışlar. Niko Paşinyan isə ermənistanlıdır". Onun sözlərinə görə, N.Paşinyanın bu yanaşmasının kinayə ilə cavabı daha səlisdir: "N.Paşinyan özünü Ermənistanın rəhbəri hesab etmir. Paşinyan Ermənistan-Diaspor-Dağlıq Qarabağ üçlüyünü qəbul etmir. Reallıqda isə Nikol Paşinyan həqiqətən savadsızdır. Adicə təklif formalaşdıra bilmir. Onun dedikləri yarımçıqdır. Əgər o Ermənistana rəhbərlik edirsə, deməli Ermənistanın bütün hərəkətlərinə məsuliyyət daşıyır. Erməni ekspertləri də etiraf edirlər ki, Dağlıq Qarabağ müstəqil deyil. Orada şəxsiyyət vəsiqələrindən tutmuş avtomaşınların nömrələrinə qədər hər şey Ermənistana məxsusdur, büdcə Ermənistandan ayırmaların hesabına doldurulur, təbii qaz Ermənistandan gedir. Amma ən vacibi Ermənistanın təxminən 20-25 minlik ordusu Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla işğal olunmuş ərazilərində yerləşdirilib. Rəhbəri olsaydı Ermənistanın bu addımlarının məsuliyyətini daşıyardı. Ona görə N.Paşinyana mümkün qədər üsyankar inqilabçı imicindən xilas olmaq lazımdır. Real praqmatizm tamam fərqli məsələdir.
N.Paşinyanın real praqmatizmi daddığını bilirik. Sosial yığım fondları ilə bağlı qərarını 180 dərəcə dəyişdi. Çünki Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Ermənistana kredit verməyəcəkdir. Eləcə də Ermənistanın xarici borcunun restruktizasiyası ilə bağlı əldə olunmuş razılaşmaları ləğv edəcəkdir. N.Paşinyan anladı və mövqeyini dəyişdi. Dağlıq Qarabağ tənzimlənməsində N.Paşinyanın savadsızlığı və təcrübəsizliyi daha ciddi fəsadlar yarada bilər. Azərbaycan sabit və güclənən dövlətdir. Ermənistan xaos yoluna qədəm qoyub. Naxçıvandakı yüksəkliklərin itirilməsi proseslərin başlanğıc istiqamətini göstərdi. O zaman N.Paşinyan məsuliyyətini anlamasa da məsuliyyət özü N.Paşinyanı anladacaqdır".
Deputat Elman Məmmədov vurğulayıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesində tərəf kimi iştirak etməli olduğunu deməsi onun həm də təcrübəsizliyindən xəbər verir. E.Məmmədov bildirib ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejim münaqişənin həlli üzrə aparılan danışıqlarda tərəf kimi iştirak edə bilməz: "Bu bəyanatı səsləndirən Paşinyan da, digərləri də yaxşı bilirlər ki, Azərbaycan torpaqları xaricdəki havadarlarının köməyi ilə Ermənistan tərəfindən işğal olunub, yəni bu işğal dövlət səviyyəsində olan işğaldır. Xocalıda soyqırım Ermənistan tərəfindən törədilib. Lakin bunlar həmişə məsuliyyəti üzərilərindən atmaq üçün bu cür bəyanatlar səsləndirirlər. Paşinyandan soruşmaq lazımdır ki, əgər doğrudan da qondarma rejim "müstəqil ölkə"dirsə, özünü müdafiə edirsə, orada erməni hərbçilərinin nə işi var? Bəs Ermənistan bu rejimin "müstəqilliyi"ni niyə tanımır? Baş nazir postuna gələn kimi niyə Dağlıq Qarabağa getmişdi?! Yəni bütün bunlar onun sərsəmləməsidir, avantüralarıdır". Millət vəkili qeyd edib ki, N.Paşinyanın Baş nazir kimi belə bəyanat səsləndirməsi onun təcrübəsizliyini və danışıqlar prosesinin real vəziyyəti haqqında məlumatlı olmadığını göstərir: "Ümumiyyətlə, hələ heç bilinmir ki, Paşinyan hökuməti tam formalaşa biləcək, ya yox. Ermənistanda hələ də ara-sıra etirazlar olur. Paşinyan küçələrə çıxarkən insanlara verdiyi vədlərin heç birini bu gün Baş nazir kimi yerinə yetirmir. Artıq yeni Baş nazirə etimad azalır. Ona görə də Paşinyan diqqəti ölkə daxilindən Dağlıq Qarabağ münaqişəsinə yönəltmək, məsuliyyəti öz üzərindən atmaq üçün belə sərsəm fikirlər söyləyir".
Millət vəkili Vahid Əhmədov bildirib ki, Paşinyanın yürütdüyü siyasət Ermənistanı daha da uçuruma sürükləyəcək: "Ermənistan və Dağlıq Qarabağda baş verən proseslər bunu göstərir". Onun sözlərinə görə, bu gün Ermənistanda baş verən proseslər bunu bir daha sübut edir: "Bu gün Ermənistan və Dağlıq Qarabağda baş verən proseslər hər kəsə məlumdur. Həm Ermənistanda, həm də qondarma Dağlıq Qarabağ rejimində ciddi gərginlik, qarşıdurma var. Belə olan təqdirdə Paşinyanın Azərbaycanın ünvanına hansısa təhdid səsləndirməsi qeyri-ciddi görünür. Yaxşı olardı ki, Paşinyan bir az da ölkəsinin düşdüyü vəziyyət haqqında düşünsün".
Politoloq Rasim Ağayev isə Ermənistanın mövcud durumu ilə bağlı maraqlı fikirlər səsləndirib. Hazırda, düşmən ölkədə ciddi gərginlik və qarşıdurma yaşandığına diqqət çəkən politoloq, Ermənistanın öz məkirli niyyətinin qurbanına çevrilməkdə olduğunu vurğulayıb: "Bu gün Ermənistan öz qurduğu tələyə düşüb. Bu, radikal millətçilik tələsidir. Radikal millətçiliyin arxasında isə ərazi iddiası dayanır. Bu iddialar isə Azərbaycan, Türkiyə və Gürcüstana qarşı yönəlib. Müəyyən vaxtlarda bu tələblərin sayı azalır, müəyyən zamanlarda isə artır. Bunun ən başlıca günahı isə Qərb, Rusiya və keçmiş sovet rəhbərliyindədir. Hansı ki, bu iddiaları vaxtında susdurmadılar və sonra vəziyyət indiki vəziyyəti aldı".

Əli