“Bu, ermənilərə çox vacib bir siqnal idi” Layihə

“Bu, ermənilərə çox vacib bir siqnal idi”

Tofiq Zülfüqarov: "Naxçıvandakı uğurumuz Azərbaycan üçün çox vacib bir addım oldu"

Elxan Şahinoğlu: "Həm Türkiyə, həm də Azərbaycan strateji hədəflərinə doğru irəriləyirlər"


Azərbaycan ordusunun Naxçıvan istiqamətində işğal altında olan bəzi əraziləri azad etməsi, işğal altında olan digər ərazilərin də tezliklə azad olunacağı ümidini yaradır. Qeyd edək ki, Azərbaycan ordusu 11 min hektar ərazini işğaldan azad edib.
Politoloq Tofiq Zülfüqarov deyib ki, Azərbaycan addım-addım öz sərhədləri üzərində bütün nəzarəti bərpa edəcək. O, Azərbaycan Ordusunun bir neçə gün əvvəl Naxçıvanda əldə etdiyi uğuru çox yüksək qiymətləndirib: "Bu uğur Azərbaycan Ordusunun öz gücünə arxayın olduğunun əsas göstəricisidir. Azərbaycan rəhbərliyinin siyasi iradəsi torpaqlarımızı hərbi yolla işğaldan tam şəkildə azad etməyə imkan verir. Bu, ermənilərə çox vacib bir siqnal idi. Buna görə də hesab edirəm ki, Naxçıvandakı uğurumuz Azərbaycan və onun xalqı üçün çox vacib bir addım oldu. Azərbaycanın öz sərhədləri üzərində addım-addım bütün nəzarəti bərpa edəcəyinə heç bir şübhə yoxdur".
T.Zülfüqarov İrəvanın qeyri-konstruktivliyi ucbatından danışıqlar prosesinin heç bir nəticə vermədiyini deyib və işğalçıya qarşı güc tətbiq olunmasını mümkün sayıb:
"Azərbaycan Ermənistana hücum etmədi, sadəcə olaraq, öz sərhədinə nəzarətini bərpa etdi. Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün genişmiqyaslı əməliyyatlara başlayacağını heç vaxt istisna etmirdim. Belə görünür ki, işğalçıya qarşı güc tətbiq olunması qaçılmazdır. Bu da Ermənistana ciddi siqnaldır. Ya sülh, ya da müharibə variantından birini seçməlidirlər. Ermənistan rəhbərliyi də yaxşı başa düşür ki, ciddi seçim qarşısındadır. Dolayı yolla olsa da, Paşinyan buna cavab verdi və sülhə də, müharibəyə də hazır olduqlarını bildirdi. Bu baxımdan Azərbaycanın siyasəti və atacağımız addımlar artıq erməni tərəfinə bəllidir".
"Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev deyib ki, Laçın dəhlizinə gedən yeganə yol Azərbaycan Ordusunun nəzarəti altındadır. Onun sözlərinə görə, Şərur rayonunun Günnüt kəndinə və oraya yaxın olan yüksəkliklərə, ümumilikdə, 11 min hektar əraziyə nəzarətin Azərbaycan Ordusu tərəfindən ələ keçirilməsi böyük hərbi uğurdur: "2016-cı ilin aprel savaşında 2 min hektar ərazi işğaldan azad edilmişdisə, indi ondan 5 dəfədən də artıq torpaq rəşadətli əsgərlərimiz tərəfindən Vətənə qaytarıldı. Torpaqlarımızın işğaldan azad edilmə prosesində aprel savaşı birinci mərhələ idisə, Günnüt əməliyyatını ikinci mərhələ hesab etməyə tam əsasımız var. Ən əsası isə odur ki, buradakı yüksəkliklərdən İrəvan-Gorus strateji yolunu hərbçilərimiz daimi olaraq nəzarət altında saxlayacaqlar. Bizim üçün olduqca strateji əhəmiyyət daşıyan Laçın dəhlizinə də bu yol vasitəsilə getmək mümkündür. Qeyd edim ki, bu yolun kiçik bir hissəsinə Sədərək rayonu istiqamətindən də nəzarət etmək mümkün idi. Lakin fərqli olaraq, hərbi baxımdan Günnüt ətrafındakı yüksəkliklər daha hündür və daha əlverişlidirlər. Ermənistanın Laçın dəhlizinə gedən alternativ yolu yoxdur, o istiqamətə bütün hərbi yüklər bu yoldan daşınır. Ermənistanın yeni, populist rəhbərliyi Günnüt qələbəsinin əhəmiyyətini yaxşı başa düşür, ona görə də, öz vətəndaşlarını aldatmağa çalışırlar. Guya Azərbaycan tərəfi Günnütdə olan qəbirlərinin ziyarət edilməsi üçün ermənilərdən xahiş edibmiş. Təbii ki, bu, ağ yalandır. Ermənilər aprel savaşında 2 min hektar sahənin Azərbaycan tərəfindən geri qaytarılmasını Sarkisyana bağışlaya bilmirdilər, indi 11 min hektarın əsl sahibinə qayıtmasının hesabını vermək lazımdır. Bu isə Paşinyanın mitinqlərdə verdiyi vədlərə bənzəmir, ortada strateji hərbi nöqtələrin itirilməsi faktı var. Günnüt qələbəsinin mənəvi-psixoloji əhəmiyyəti də olduqca böyükdür. Əgər aprel qələbəsi vətəndaşlarımızda torpaqlarımızın işğaldan azad ediləcəyinə inam yaratdısa, bu qələbə inamımızı daha da möhkəmləndirdi. Artıq hamıda belə bir ümid yaranıb ki, Günnüt qələbəsi də sonuncu olmayacaq. Bu gün Prezident İlham Əliyevin Müdafiə Nazirliyinin Raket Qoşunlarının hərbi hissəsinin açılışını etməsi, yeni orta mənzilli raketlərin təqdimatı xalqımızda əminlik yaradır ki, qarşıda daha böyük qələbələr bizi gözləyir".
Millət vəkili Tahir Mirkişili bildirib ki, işğal atlında olan torpaqların azad edilməsi və Azərbaycanın suverenliyinin bərpası ölkə başçısı İlham Əliyevin əsas hədəfidir. Onun sözlərinə görə, bu hədəfə çatmaq üçün bütün üsullardan istifadə edilir: "İqtisadi gücümüz artır, beynəlxalq nüfuzumuz güclənir, daxili sabitlik hökm sürür, xalq-iqtidar birliyi möhkəmlənir və ordumuz hər gün güclənir. Ordumuzun strateji yüksəkliklərdə güclənməsi və hər dəfə işğal altında olan torpaqların bir qisminin azad edilməsi getdikcə bu hədəfə yaxınlaşdığımızı bir daha göstərir. Hər belə bir irəliləyiş düşmənin sonun yaxınlaşdırır".
Maraqlıdır son Azərbaycanın hərbi üstünlüyü danışıqlar prosesinə hansı formada təsir edəcək? Paşinyanın Moskva səfərində nə müzakirə oluna bilər və Moskvanın mövqeyi nədən ibarət olacaq?
Siyasi analitik Rauf Rəcəb diqqətə çatdırıb ki, qoşunların təmas xəttində Azərbaycanın hərbi üstünlüyü, ölkəyə Belarus və İsraildən raket komplekslərinin gətirilməsi, TANAP kimi böyük iqtisadi layihələrin açılışı ərəfəsində Ermənistan baş naziri Nikol Paşinyan Rusiyaya səfəri zamanı Moskvadan kömək istəyə bilər: "Mümkündür ki, bağlı qapılar arxasında Paşinyan Rusiya prezidenti Vladimir Putindən Kremlin təkcə Ermənistanın təhlükəsizliyinin təminatçısı olduğunu deyil, bu məsələ ilə bağlı açıq şəkildə mövqeyini açıqlamağı xahiş etsin". Onun sözlərinə görə, bununla Moskva mürəkkəb vəziyyətdə qalır: "Hamıya məlumdur ki, Qarabağ münaqişəsi de-yure danışıqlar prosesindədir. Faktiki olaraq isə, bu, sabitdir. Buna görə düşünürəm ki, Azərbaycanla münasibətləri gərginləşdirmək Rusiyaya sərf edir. Ancaq, digər tərəfdən, Moskva Ermənistan qarşısında əl-ayağı bağlı kimi görünür. Ona görə Rusiyada Paşinyanla keçirilən görüşdən sonra Putinin nə edəcəyi çox maraqlıdır". Ekspert bildirib ki, liderlərin görüşün nəticələrinə həsr olunmuş mətbuat konfransında açıqlamasından sonra Paşinyanın məqsədinə nə dərəcədə nail olduğu aydınlaşacaq: "Fikrimcə, Putin erməni baş nazirlə birgə bəyanat yayacaq. Bu isə o deməkdir ki, görüşdə heç bir razılıq əldə edilməyib və bu, Paşinyanın növbəti uğursuz səfəridir".
Politoloq Elxan Şahinoğlu isə vurğulayıb ki, iyunun 7-də Rusiyada Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının toplantısı keçirildi: "Həmin toplantıda çıxış edən Rusiyanın müdafiə naziri Sergey Şoyqu dedi ki, Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlər Suriyanın yenidən qurulmasında iştirak etsinlər. Şoyqunun sözlərinə görə Suriyada həyat normallaşıb və infrasturktur çalışmalarına başlamaq olar. Moskvanın bu istəyi yeni deyil". Onun sözlərinə görə, Moskva daha əvvəl tərəfdaşlarını Suriyadakı "sülhməramlı" əməliyyatlarda iştiraka dəvət etmişdi: "Onun bu təklifini də o zaman heç kim qəbul etmədi. Rusiyanın ən yaxın tərəfdaşları Belarus və Qazaxıstandır. Bu iki dövlət də Rusiya ilə birgə Suriyada sülhməramlı əməliyyatlarda iştirak etmədi. Moskva indi də tərəfdaşlarını Suriyanın yenidən qurulmasında iştiraka dəvət edir. Bu təklif nə üçün Moskvaya vacibdir? Kremlin iki məqsədi var: Birincisi, Rusiya Qərb sübut etmək istəyir ki, o Suriyada tək deyil. İkincisi, Suriyanın yenidən qurulması üçün xeyli maliyyə lazımdır. Kreml Suriyanın yenidən qurulmasına başqa dövlətlərin də maliyyə ayırmasını istəyir. Kremlin bu iki məqsədinə çatacağı problemitkdir. Azərbaycanın Rusiyanın Suriya ilə bağlı təklifinə müsbət yanaşmayacaq. Çünki, Şoyqunun dediyindən fərqli olaraq Suriyada siyasi vəziyyət stabil deyil. Azərbaycan təklifə qoşularsa faktiki Bəşər Əsəd rejiminin güclənməsində iştirak edəcək. Bu Azərbaycana lazım deyil.
Bəşər Əsəd separatçı Abxaziya və Cənubi Osetiyanın "müstəqilliklərini" tanıdı. Azərbaycan isə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Rəsmi Bakı separatçıları tanıyan rejimə dəstək verə bilməz.
Digər tərəfdən Suriyada böyük dövlətlərin fərqli maraqları var. Azərbaycan Suriyada infrastruktur çalışmalarına qoşulsa bu Azərbaycanın Rusiyanın mövqeyini dəstəklədiyi görüntüsü yaradacaq. Azərbaycan Suriyada infrastruktur çalışmalarına o zaman qoşula bilər ki, bu ölkədə beynəlxalq aləmin iştirakı ilə siyasi dialoq başlasın. Azərbaycan Suriyanın yenidən qurulmasında Rusiya ilə deyil Türkiyə ilə birgə iştirak edə bilər".
Politoloq artan müharibə ehtimallarına da toxunub. O bildirib ki, Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurmanın gələcək taleyini kimin hansı silaha malik olması həll edəcək. Politoloq Türkiyə xarici işlər nazirinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son açıqlamasına da diqqət çəkib: "Mövlud Çavuşoğlu bildirdi ki, vaxtında Türkiyənin kifayət qədər qüvvəsi olsaydı, Azərbaycan ərazilərinin işğal edilməsinə imkan verməzdi. Çavuşoğlu Azərbaycanın Türkiyə üçün böyük strateji əhəmiyyət kəsb etdiyini qeyd edib. Türkiyəli ali diplomat eyni zamanda Ankaranın hər zaman rəsmi Bakını dəstəklədiyini və gələcəkdə də Azərbaycana dayaq olacaqlarını vurğulayıb. Mövlud Çavuşoğlunun bu açıqlamasının çəkisi indi daha ağır gəlir. Türkiyə ordusu bir tərəfdən Suriya və İraqda terrorçuları küncə sıxışdırır, uğurlu hərbi əməliyyatlar keçirir və heç bir dövlət buna mane olmur və ya mane ola bilmir. Bu arada, Azərbaycan ordusu da ard-arda strateji yüksəklikləri ələ keçirir. Yəni həm Türkiyə, həm də Azərbaycan strateji hədəflərinə doğru irəriləyirlər".
Elxan Şahinoğlu hesab edir ki, Çavuşoğlunun sözləri Ermənistanın indiki hakimiyyətinə və beynəlxalq aləmə mesajdır: "Bu mesajın həm də belə oxumaq lazımdır ki, vaxtilə Ermənistan məqamdan istifadə edərək Azərbaycan torpaqlarını işğal etdi və Türkiyə səssiz qaldı. İndi isə bölgədə çəkisi artan Türkiyə ordusu hərəkətdədir, ölkə kənarında mühüm vəzifələri həyata keçirir. Ölkə kənarı isə geniş məhfumdur.
Ermənistanda Rusiya faktoru və varlığı olmasaydı Azərbaycan Türkiyə ilə birgə məsələni çoxdan həll etmişdi. Buna baxmayaraq, Azərbaycan ordusunun addım-addım strateji yüksəklikəri geri qaytarmasına Rusiya bir şey demir. Elə Ermənistanı dəli edən də budur. O biri tərəfdən indi də Belarusun üstünə düşüblər ki, bəs sən niyə mənim müttəfiqim ola-ola Azərbaycana silah satırsan?".
Politoloq Belarus prezidentinin Ermənistanın ittihamına qarşı verdiyi cavabı xatırladıb:
"Aleksandr Lukaşenko ermənilərin cavabını yaxşı verib. Birincisi, deyib ki, Belarusun Azərbaycana silah satması beynəlxalq hüquqa və imzalanan sazişlərə zidd deyil. İkincisi, Luekaşenko bildirib ki, Belarusun ağır vaxtında məhz Azərbaycan onun ölkəsinə maliyyə yardımı edib. Yəni Lukaşenko ermənilərə demək istəyib ki, Azərbaycana bundan sonra da silah satacaq və bunun Ermənistana dəxli yoxdur. Başqa sözlə, Azərbaycanla Ermənistan arasındakı hərbi qarşıdurmanın gələcək taleyini məhz kimin hansı silahlara malik olması həll edəcək".



Əli