Qarabağın həlli üçün pozitiv bəyanatlar... Layihə

Qarabağın həlli üçün pozitiv bəyanatlar...

İşğalçı ölkə dalana dirənib

"Son vaxtlar danışıqları pozitiv istiqamətə apara biləcək kifayət qədər siyasi bəyanatlar olub". Bu sözləri Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun "Ria Novosti"yə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dair fikirlərinə münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Elmar Məmmədyarovun da müsahibəsində irəli sürdüyü təkliflər kifayət qədər konstruktivdir:
"Bu təkliflər ətrafında erməni tərəfi ciddi düşünməli və seçim etməlidir. Çünki danışıqlar prosesi gündəlikdən çıxarılsa, onda danışıqların alternativi meydana gələcək ki, bu da ermənilər üçün heç əlverişli olmayacaq. Azərbaycan tərəfi indiyə qədər danışıqlar prosesində qət edilmiş məsafənin üstündən xətt çəkməmək şərti ilə bu proseslərin davam etdirilməsini istəyir. Danışıqlar prosesi danışıqlar naminə aparılmamalıdır. Substantiv danışıqlar dedikdə biz danışıqlar prosesinin ardıcıl surətdə davam etdirilməsi, ortaya konkret müzakirə məsələlərinin çıxarılması və müzakirədə irəliyə doğru addımlar atılmasını nəzərdə tuturuq. Ermənistanın buna hazır olub-olmadığını demək çox çətindir. Çünki Ermənistan siyasi rəhbərliyi tez-tez fikirlərini dəyişir".
Politoloq vurğulayıb ki, münaqişənin həlli üçün müsbət istiqamətdə beynəlxalq səviyyədə bəyanatlar səsləndirilir:
"Bunlardan biri NATO-nun zirvə toplantısında səsləndirilib və burada münaqişənin Azərbaycanın ərazi bütövlüyünə əsaslanmaqla həll edilməsi vurğulanıb. AB də dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Dağlıq Qarabağ probleminin ərazi bütövlüyü çərçivəsində həll edilməsini tələb edib. Yəni beynəlxalq hüququn əsas prinsipi olan ərazi bütövlüyü məsələsi bu gün gündəmdə olan məsələlərdən biridir. Bu məsələnin həll edilməsi istiqamətində lazımi addımlar atılmalıdır".
Politoloqun sözlərinə görə, Ermənistan indiyə qədər danışıqlardan imtina edirdi:
"Amma son dövrlər bəzi təzyiqlərdən sonra Ermənistan tərəfi danışıqlar prosesinə qatılmaq haqqında qərar verdi. Onların bu qərara əməl edəcəyi görünür. Çox təəssüflər olsun ki, Ermənistan siyasi rəhbərliyi hərdəmxəyal, eyni zamanda radikal xətt tutmağı özlərinə adət etmiş adamlardır. Onlar beynəlxaq ictimai fikri də qətiyyən nəzərə almaq niyyətində olmadıqlarını sübut edirlər. Bütün bunları nəzərə alaraq, qeyd etmək lazımdır ki, Azərbaycan tərəfi Ermənistandan konstruktiv təkliflər gözləyir. Yəni işğal faktorunu aradan qaldıra biləcək təkliflər müzakirə olunmalıdır".
Qeyd edək ki, RİA "Novosti"yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Bakı dialoqa açıqdır, lakin danışıqlarda işğaldan azad edilmə prosesinin başlaması hədəflənməlidir.
Bu arada Rusiya XİN sözçüsü Mariya Zaxarovanın NATO-nun Gürcüstanda keçirilən "Noble Partner" təlimlərinə qonşu ölkələrin qatılmasının arzuolunmazlığı ilə bağlı dedikləri ən çox Ermənistanda qorxu doğurub.
Erməni KİV-ləri baş nazir Dmitri Medvedevin Gürcüstanın NATO-ya daxil olması ilə regionda böyük müharibənin başlanacağını deməsini ciddi şəkildə şərh edərək bu sözlərin Ermənistana ünvanlandığını vurğulayırlar.
Məsələn, jurnalist Haykazn Qaqriyan baş redaktoru olduğu "Lragir" analitika portalında çox təəssüflə bildirir ki, Rusiya rəhbərliyinin təhdidi daha çox Ermənistana ünvanlanıb. Yəni erməni mətbuatı da Paşinyan və komandasının Ermənistanı KTMT-dən çıxararaq NATO-ya üzv etmək niyyətində olduğunu bilirlər. Amma onu da anlayırlar ki, Ermənistan bu istiqamətdə hər hansı bir addım atarsa, Rusiya İrəvan üçün 2008-ci ildəki Gürcüstan müharibəsindən daha dəhşətli bir sürpriz hazırlayar. Hər halda, bəyanatı verən baş nazir Dmitri Medvedev onda prezident idi və Putindən sonra yenidən prezident olacağı istisna edilmir.
Təbii ki, ermənilər qara-küy salaraq Azərbaycanın da Gürcüstandakı NATO təlimlərinə qatılmağı planlaşdırdığını bildirirlər. Məsələn, bu işə Rusiyanın ermənipərəst "Regnum" portalının əməkdaşı Stanistlav Tarasov da qoşulub. O, portalda yazdığı məqaləsində daha çoxAzərbaycanın bu il ilk dəfə olaraq NATO təlimlərinə qoşulacağını bildirir və iddia edir ki, Azərbaycanın tədbirə iştirakını NATO-nun onun "ərazi bütövlüyünü tanıması" ilə bağlı olduğunu deməsi söz oyunudur. Tarasov sanki Ermənistanın KTMT üzvü olduğunu unutmağa çalışır və Rusiya oxucusunu inandırmağa çalışır ki, Bakı ilə İrəvanın Moskva qarşısında məsuliyyəti və öhdəliyi eynidir.
Halbuki, siyasətdən az-çox başı çıxan adamlar bilir ki, eyni deyil - KTMT üzvü olan Ermənistan bunun hesabına Rusiyadan öz ordusu üçün, demək olar ki, pulsuz modern silahlar alır, baş nazir Nikol Paşiyanın təbirincə, Rusiya Ermənistan müdafiə edərək Azərbaycanın işğal olunmuş torpaqlarını müharibə yolu ilə azad etməsinə imkan yaratmır. Ermənistan həmin torpaqları bilavasitə Rusiyanın hərbi müdaxiləsi ilə işğal edib - bunun yüzlərlə dəlil və sübutu var.
Amma indi Nikol Paşinyan "aldım-aldatdım" variantı ilə çıxış edərək Ermənistanı KTMT-dən çıxarıb NATO-ya üzv etmək istəyir. Ermənistanda Rusiyanın sadiq nökərlərinə - Robert Koçayrana, Yuri Xaçaturova və Mixail Arutunyana qarşı cinayət işlərinin açılması, mütəmadi olaraq Ermənistandakı Rusiya hərbi bazası barədə bəyanatların səslənməsi buna xidmət edir. Məqsəd Rusiyanı perikdirib Ermənistandan çıxarmaqdır.
Amma Suriya təcrübəsi göstərir ki, Rusiya bazasının ətrafında ən müasir silahlarla müharibə getsə belə hansısa ölkəni asanlıqla tərk etmir. Ermənis KİV-ləri də belə düşünürlər və güman edirlər Rusiya Ermənistanda açıq oynamasa da, hibrid müharibəyə rəvac verəcək. Sadə dillə izah edilsə, bu, Rusiyanın hərbi bazasını köçürmədən Ermənistanın təhlükəsizliyinə məsuliyyət daşımadığını bəyan etməsi ilə başlayacaq. Real işdə isə Rusiya müharibəni Ermənistan ərazisinə keçirməməsi üçün Azərbaycana heç bir təzyiq göstərməyəcək.
Təbii ki, belə olan zaman Azərbaycan Ermənistanı ən zəif nöqtəsindən Göyçə Dərəyələyəz və Şəmşəddin mahallarından vuracaq. Tez bir zamanda İrəvan uğrunda müharibə gedəcək və Qarabağdakı Ermənistan qoşunları tam mühasirəyə düşüb təslim olacaqlar. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən NATO isə məsələyə müdaxilə etməyəcək və sülh müqaviləsinin bağlanmasını gözləyəcək.
Millət vəkili Azər Badamov deyib ki, dünya praktikasında da hərbi xunta rejimlərinin sonu Ermənistandakı kimi olub. Ermənistandakı xunta rejiminin fərqi ondan ibarət olub ki, xuntanı idarə edənlər Azərbaycana qarşı ədalətsizlik ediblər, əlləri günahsız insanların qanına batıb. Qaniçənlik o qədər güclənmişdi ki, öz vətəndaşlarına qarşı da yönəlmişdi. Onun sözlərinə görə, həmin rejimi təmsil edən Köçəryanlar və Sarkisyanlar komandalarının məqsədi o olub ki, hansı yolla olursa-olsun hakimiyyəti əllərində saxlasın, ölkəni talan etsin: "Amma gec-tez ədalət bərqərar olunur. Düşünürəm ki, bu gün Ermənistanda cərəyan edən hadisələr də bu istiqamətdə Paşinyan hökumətinin ilk addımlarıdır. Paşinyan əgər ölkəsini və öz gələcəyini düşünürsə başladığı prosessləri axıra qədər aparmalıdır, özündən əvvəlkilərin yolu ilə getməməli və dərs götürməlidir. Bu gün cəlladları, terroristləri məhkəmə qarşısına çıxarmalı və layiqli cəzalarını verməlidir. Başladığı təmizləmə işlərin davamı olaraq "Qarabağ klanı"nı tam zərərsizləşdirəndən sonra Azərbaycanla masa arxasında oturaraq illərdir həll olunmayan problemlərin həlli istiqamətində cəsarət tapmalıdır. Əgər Paşinyan Ermənistanın gələcəyini düşünürsə ancaq bu yolu tutmalıdır".
Millət vəkili Elman Məmmədovun fikrincə isə, əgər Ermənistanın baş naziri Nikol Paşinyan düzgün fikirləşib özündən əvvəlki rəhbərlərin səhvlərindən nəticə çıxara bilsə və düzgün qərar qəbul edə bilsə təbii ki, vəziyyətdən çıxa biləcək. Bu zaman Ermənistan böhran vəziyyətindən çıxa bilər.
Bəs Nikol Paşinyanın düzgün qərarı nədən ibarət ola bilər? Onun düzgün qərarı Azərbaycan və Türkiyəyə qarşı olan düşmənçilik, işğalçılıq, torpaq iddiası siyasətindən əl çəkməlidir. Düzgün qərar bundan ibarətdir. Ayrı bir düzgün qərar yoxdur. Əgər o bunu edə bilsə, ağlı yerində olsa, ədalətlə, ayıq-başla fikirləşib bu qərarı verə bilsə onun siyasi hakimiyyəti Ermənistana uğur gətirə bilər. Beləcə Ermənistan düşdüyü bu fəlakətdən, böhran vəziyyətindən çıxa bilər. Əks təqdirdə bu özündən əvvəl baş verənlərdən düzgün nəticə çıxara bilməsə, özündən əvvəlki siyasətçilərin səhvlərini təkrar etsə və ədalətli qərar verə bilməsə Ermənistan bundan da betər günə düşəcək. Hələ ki gedişat onu göstərir ki, Paşinyan da elə küçə dalğası üzərində hərəkət edir, cürbəcür sərsəm bəyanatlar verməklə özünün və ətrafındakıların övladlarını guya nümunə kimi Qarabağa hərbi xidmətə göndərməklə görünür ki, özündən əvvəlkilərdən də betər olacaq. Buna görə də erməni xalqı artıq səslənməyə başlayır. İndi Paşinyan, onun ətrafındakılar və Paşinyana xaricdən təlimat verənlər bu deyilənlərdən nəticə çıxarmağı bacarmalıdırlar. Əgər bacarmasalar onların taleyi əvvəlkilərin taleyi kimi olacaq"-deyə, E.Məmmədov fikirlərini tamamlayıb.

Cavid