“Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ikinci qurum Avropa İttifaqı olub” Layihə

“Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ikinci qurum Avropa İttifaqı olub”

Qabil Hüseynli: "NATO-nun son toplantılarının hamısında Azərbaycanın ərazi bütövlüyü dəstəklənib"


Asim Mollazadə: "Ermənistan öz müstəqilliyini əldə etmək üçün təcili Azərbaycanla sülh yaratmalı, ərazi iddialarına son qoymalıdır"



Hazırda danışıqlar prosesi ilə bağlı mürəkkəb vəziyyət hökm sürür. Bunun başlıca səbəbi Ermənistanın təcavüzü davam etdirməsi və qeyri-konstruktiv mövqeyidir. Amma Ermənistanda hökm sürən siyasi hərc- mərclik də prosesin davam etdirilməsinə imkan vermir. Koçaryanın yenidən siyasətə qayıtması ilə bağlı baş verənlər isə İrəvanda vəziyyəti daha da gərginləşdirir.
Bu yaxınlarda Almaniya kansleri Angela Merkelin bölgəyə səfəri də maraq doğurur...
Politoloq Qabil Hüseynli bildirib ki, Ermənistanın eks-prezidenti Robert Koçəryanın siyasətə qayıtmaq haqda verdiyi bəyanat ilk olaraq, özünü qorumaq instinkti ilə bağlıdır. Politoloq qeyd edib ki, Koçəryanla bağlı açılan cinayət işi hələ bağlanmayıb, istintaq davam etdirilir: "Serj Sarkisyan da istintaqa cəlb olunub. Belə görünür, Koçəryan həbsdən Moskvanın göstərişi ilə buraxılıb. Üstəgəl, ona siyasətə qayıtmaq və partiya yaratmaqla bağlı təlimat verilib. O, öz partiyasını qurmaq üçün oliqarxlara və "Qarabağ klanı"na müraciət etmək fikrindədir. Koçəryan gələcəkdə yəqin ki, "Qarabağ klanı"nın digər üzvü olan Sarkisyanla birgə hərəkət edəcək".
Q. Hüseynli xatırladıb ki, Sarkisyanın partiyası var: "Respublikaçılar Partiyası hazırda parlamentdə ən böyük fraksiyadır və Sarkisyanın partiyası parlamentə nəzarət edir. Gələcəkdə Sarkisyanla Koçəryan koalisiya, blok yarada bilərlər. Bununla da, siyasi mübarizəni daha effektiv apararlar. Hesab edirəm ki, gedişat bu cür də olacaq. Onlar hər ikisi səhra komandiri olublar, yaxın dost olublar və bir komandada işləyiblər. Düşünürəm ki, "Qarabağ klanı" yenidən təşkil olunacaq, Paşinyana qarşı yeni mübarizə bloku formalaşdırılacaq. Bu isə o deməkdir ki, parlamentə seçkilər ciddi mübarizə və gərginlik şəraitində keçəcək".
Politoloq Almaniya kanslerinin bölgəyə səfərini də şərh edib: "Merkel Avropa İttifaqının lokomotivi rolunu oynayan bir dövlətin başçısıdır. Digər yandan, son zamanlar Avropa İttifaqı regionun lider dövləti kimi Azərbaycana maraq göstərməyə başlayıb. Avropa İttifaqı birmənalı şəkildə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın sərhədləri daxilində həllini dəstəkləyir. Azərbaycan isə ittifaqla münasibətlərini genişləndirib. Buna görə də hesab edirəm ki, ilin sonlarına doğru Azərbaycan və Avropa İttifaqı arasında ikitərəfli münasibətləri əks etdirən saziş imzalanması üçün hazır olacaq. Hazırda bu sənəd üzərində ciddi iş gedir. Qənaətimə görə, Azərbaycan yaxın tarixdə Avropa İttifaqı ilə bu sənədi imzalayacaq. Qənaətimə görə, Merkel və Avropa İttifaqı strateji tərəfdaş kimi Azərbaycana böyük əhəmiyyət verirlər. Çünki Azərbaycanın Cənub Qaz Dəhlizi (TANAP) xətti Avropa bazarına Rusiya qazına alternativ kimi çıxarılır. Gələcəkdə Türkmənistan qazının da bu xətt vasitəsilə Avropa bazarına çıxarılması ehtimalı böyükdür.
2020-ci ilədək Azərbaycan Avropa bazarına 30-32 milyard kubmetr qaz çıxarmaq gücünə malik olacaq ki, bu da ölkəmizin Avropa İttifaqı ilə iqtisadi əlaqələrinin önəmli hissəsini təşkil edəcək. Buna görə də Avropa İttifaqı ilə yanaşı, ABŞ da Azərbaycana böyük perspektivi olan strateji tərəfdaş kimi baxır. Qərb Bakı – Tiflis – Qars (BTQ) dəmir yolu və Xəzər dənizi vasitəsilə də Avropa və Asiya qitələrini birləşdirən geocoğrafi məkan kimi Azərbaycana əhəmiyyət verir. Buna görə də Avropa İttifaqı digər məsələlərlə yanaşı, insan haqları və demokratiya sahələrində də Azərbaycanla yaxından əməkdaşlıq etmək arzusundadır. Çünki Qərb uzun illərdir Azərbaycanı Avropa ölkəsi kimi qəbul edir. Hesab edirəm ki, Angela Merkelin Azərbaycana səfərində enerji layihələri ilə yanaşı, bu məsələlər də müzakirə ediləcək".
Onun sözlərinə görə, Azərbaycan artıq diqqət mərkəzindədir: "İslam Əməkdaşlıq Təşkilatından sonra Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ikinci qurum Avropa İttifaqı olub: "İttifaq 2013-cü ildə keçirilən zirvəsində Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini vurğuladı. Avropa İttifaqının Xarici siyasət komissiyasının ali nümayəndəsi Federika Mogerini dəfələrlə Dağlıq Qarabağ və ətrafındakı əraziləri Azərbaycanın sərhədləri daxilində tanıdıqlarını və münaqişənin yalnız bu istiqamətdə həll edilə biləcəyinin vacibliyini bildirib. Bundan sonra isə NATO-nun son toplantılarının hamısında Azərbaycanın ərazi bütövlüyü dəstəklənib.
NATO-nun ötən ilin sonlarında Varşavada, keçən ay isə Brüsseldəki sammitlərində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul edildi. Beləliklə, NATO Avropa İttifaqından sonra Azərbaycanın ərazi bütövlüyünü tanıyan beynəlxalq qurumlardan biri oldu. BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi, NATO və Avropa İttifaqının bəyanatlarını, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının müvafiq sənədlərini nəzərə alsaq, həm Azərbaycanın özünün səyləri, həm də indiyədək mövcud olan standartların dəyişməsi nəticəsində Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllində beynəlxalq dəstəyin təmin edildiyini görə bilərik.
Digər yandan, NATO və Avropa İttifaqı dövlətləri ilə yanaşı, Azərbaycan və ABŞ arasındakı münasibətlər də bu və digər istiqamətlərdə intensiv şəkildə inkişaf edir. Həmin dövlətlər Azərbaycana lazım olan dəstəyi verirlər. Hesab edirəm ki, Azərbaycanın Qərbə inteqrasiya siyasəti bəlli bir hüquqi bazaya oturacaq ki, bu da Avropa İttifaqı ilə imzalanacaq ikitərəfli saziş olacaq".
O əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya meydan oxuyurmuş kimi Ermənistanı Avropa strukturlarına yaxınlaşdırır və cəmiyyətdə bu məsələdə onu ciddi-cəhdlə dəstəkləyir: "Əlbəttə, Azərbaycan Avropa İttifaqına yönəlik ehtiyatlı siyasət yürüdür. ABŞ və Avropanın da Azərbaycana marağı daha böyükdür. Çünki Azərbaycan təkcə bölgənin zəngin karbohidrogen ehtiyatları olan ölkəsi yox, həm də Avrasiya materikində mühüm nəqliyyat infrastrukturları olan ölkə kimi Qərbin diqqətini özünə çəkir. Bu gün Əfqanıstanda olan NATO qoşunlarının təchizatı Azərbaycan üzərindən həyata keçirilir. Bundan başqa, Azərbaycanın hərbi kontingenti Əfqanıstanda NATO-nun sülhmərmalı qoşunları tərkibində asayişin qorunmasında iştirak edir.
Azərbaycan Qoşulmama Hərəkatının üzvü olsa da, Avropa İttifaqı və ABŞ-la yanaşı, Rusiya ilə də yaxın qonşuluq əlaqələrini inkişaf etdirir. Bizim Avropa İttifaqı ilə əməkdaşlığımız üçüncü bir dövlətə yönəlməyib. Azərbaycan NATO-ya daxil olmaq haqqında hansısa mesaj verməyib. Azərbaycanın Qərb dövlətləri ilə əlaqələri sırf ticari və iqtisadi xarakterlidir. Avropa İttifaqı və ABŞ da energetika və iqtisadi sahələrdə Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu baxımdan, Rusiya Qərbin Azərbaycana yaxınlaşmasından narahatdır. Rusiyanı narahat edən əsas məsələ isə NATO-nun bölgədə boy göstərməsidir. Amma Azərbaycan NATO-nun hərbi-siyasi yox, humanitar layihələrində iştirak edir".
Deputat Asim Mollazadə isə diqqətə çatdırıb ki, Ermənistan siyasətçiləri hər zaman "böyük Ermənistan" mifologiyasından istifadə edərək siyasi dəstək qazanmaq istəyirlər: "Bundan düşmən ölkənin bütün siyasətçiləri zaman-zaman öz məqsədləri üçün istifadə edirlər". Ermənistanın bu mifin qurbanına çevrildiyini deyən deputat söyləyib ki, düşmən ölkə bütün qonşu dövlətlərə qarşı olan bu münasibətinə görə, öz müstəqilliyini itirib, hərbi bazaya çevrilib. Onun sözlərinə görə, Ermənistan müstəqil dövlət olmadığına görə, ağır sosial-iqtisadi vəziyyət oradakı əhalinin böyük hissəsinin başqa ölkələrə köçməsinə, erməni diasporunun artmasına gətirib çıxarıb: "Belə çıxır ki, tarixən Ermənistan xalqı məhz belə diaspora formasında yaşayıb, öz dövləti, dövlətçilik ənənələri olmadığına görə hər zaman eyni problemlərlə üzləşib". A. Mollazadə qeyd edib ki, hərbi baza olan Ermənistan öz mifini diaspora, lobbiçilik fəaliyyəti formasında digər ölkələrin daxilində istifadə edir. Deputat qeyd edib ki, düşmən ölkənin yeganə xilas yolu sülh istiqamətindən keçir: "Ermənistan öz müstəqilliyini əldə etmək üçün təcili Azərbaycanla sülh yaratmalı, ərazi iddialarına son qoymalıdır. Yalnız bundan sonra Ermənistan normal bir dövlətə çevrilə bilər. Bu istiqamətdə Ermənistanın bugünkü hakimiyyəti zəruri addımlar atmayacaqsa, Paşinyan devriləcək və ölkə hərbi cinayətkarların əlinə keçəcək".

Əli