Ermənistan üçün qorxulu dövr - Paşinyan Putin görüşü nə vəd edir? Layihə

Ermənistan üçün qorxulu dövr - Paşinyan Putin görüşü nə vəd edir?

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikola Paşinyanın görüş vaxtı bilinib. Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov görüşün sentyabrın 8-də Moskvada baş tutacağını bildirib.
Rusiya-Ermənistan münasibətlərində yaranan soyuqluq işğalçı ölkənin bütünlüklə iflasına səbəb ola bilər. Əgər Kreml rəsmi İrəvanın arxasından çəkilərsə. Bu gün Ermənistan ictimaiyyətini və hətta hakimiyyət dairələrini narahat edən məqamlardan biri də bu günlərdə Rusiya və Azərbaycan prezidentləri arasında isti keçən görüş və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verilən mesajlardır. Ermənistan politoloqları və mediası bu görüşün, eyni zamanda, Rusiya-Ermənistan münasibətlərində yaranan soyquluğu analis edərək belə bir nəticəyə gəliblər ki, Paşinyan hakimiyyətinin Kremldən üz döndərib Qərbə meyl etməsi Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunacaq. Bu təşvişi elə Paşinyan da yaşadığından Putinlə bir daha görüşmək istəyindədir.
Erməni baş nazirin səfəri ərəfəsində - sentyabrın 3-də Rusiya XİN rəhbəri Sergey Lavrov birinci kurslar qarşısında çıxış edib. O, qeyd edib ki, Ermənistanın yeni hökumətinin fəaliyyəti ilə bəyanatları uyğun deyil: "Bizə əlbəttə ki, İrəvanın KTMT qarşısındakı öhdəliklərini necə yerinə yetirməsi maraqlıdır".
Görünür, Moskvada fəaliyyəti get-gedə daha da həyəcan doğuran Paşinyanla ciddi danışmaq qərarına gəliblər. Lavrovun bəyanatını da reallığı düzgün dərk edə bilməyən erməni hakimiyyətinə xəbərdarlıq kimi qiymətləndirmək olar.
Bu gün İrəvanda Kremlin Ermənistana münasibətindəki dönüşdən hər kəs danışır. Söhbət Putinin keçmiş prezident, bir müddət öncə həbs edilib, sonradan azadlığa buraxılan Robert Koçaryanı ad günü münasibəti ilə təbrikindən gedir. İlk baxışdan bu adi jestdir. Amma sadə insanların adi fakt kimi gördüyü hadisədə politoloqlar xüsusi məna axtarırlar.
Keçmiş prezident Köçaryan bu gün baş nazirin əsas siyasi rəqibidir. Bunun üçün də Ermənistanda "Moskvanın Ermənistan hakimiyyət dəyişikliyindən danışıla bilərmi? Rusiyanın gələcəkdə mövqeyi dəyişə bilərmi? Moskvanın seçimi kimdən yana olacaq?Qarabağla nə baş verəcək?" suallar hər kəsi maraqlandırır. Bu və başqa suallara cavab məhz Putinlə Paşinyanın növbəti görüşündə tapılacaq.
Onu da qeyd edək ki, Ermənistan üçün o qədər də yaxşı dövr başlamır. İrəvanda Rusiya prezidenti Vladimir Putinlə erməni baş nazir Nikola Paşinyanın görüşü ərəfəsində belə düşünürlər.
Rusiya prezidentinin azərbaycanlı həmkarı İlham Əliyevlə ötən həftəki görüşü, Moskavadan müxtəlif bəyanatalar, o cümlədən Sergey Lavrovun sözləri formasında gələn siqnallar, eləcə də qərbin uzaq münasibəti Paşinyanı iki tərəfli münasibətlərlə bağlı öz mövqeyinə yenidən baxmağa vadar edir.
Politoloq Roman Melikyan bildirib ki, İrəvan Moskva ilə münasibətlərini reablitasiyadan keçirməlidir. Digər ekspert Suren Sarkisyan da hesab edir ki, erməni – rus münasibətləri çox soyuyub. O, qeyd edib ki, Rusiyanın Paşiyanın və hökumətinin fəaliyyətindən narahatlıq üçün əsasları var. Sarkisyan deyir ki, erməni hakimiyyəti bəzi məsələlərdə ciddi güzəştlərə getməlidir.
Daha bir politexnoloq Karen Koçaryan da həmkarları ilə razıdır. O, hesab edir ki, baş nazirin komandası Rusiya ilə çox təhlükəli oyun qurub. Amma nəzərdə tutulan Paşinyan Putin görüşü ikitərəfli münasibətlərlə yanaşı, həm də Rusiya-Azərbayacan prezidentlərinin görüşü nəzərə alınaraq Qarabağ məsələsi də müzakirə olunacaq. Moskva ilə pis münasibət Qarabağda vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara bilər.
Politoloqlar Paşinyana bunun iqtisadi təhlküələrini də xatırladıblar. Məsələn, qaz tariflərində artım kimi.
İndi Ermənistan gözləmə mövqeyindədir. Hər kəs Moskavadakı görüşün nəticələrini gözləyir. İkitərəfli əlaqələr yenidən isinəcəkmi?
Politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya səfəri, əsasən Kremlin əmri ilə reallaşır. Çünki iki ölkə arasında əlaqələr, xüsusi ilə Rusiyanın bu ölkədə mövqeyi sual altına alınır. Baş nazir Paşinyan Rusiya dövlət başçısı Vladimir Putinlə görüşdə, demək olar ki, heç bir arqument gətirə bilməyəcək. Görüşdə ümumi pafoslu və protokol xatirinə diplomatik sözlərdən istifadəyə cəhd edəcək. May ayından Kreml Paşinyanın bu kimi sözlərinə tanışdı. Təbii ki, Putin Paşinyanı ona görə çağırmır ki, onun sözdə başqa, əməldə demək olar ki, anti-Rusiya siyasətinə seyrçi qalsın. Konkret olaraq Putin ilk növbədə Paşinyanı Rusiyanın orbitindən çıxacağı halda, Rusiyanın iqtisadi-siyasi təzyiləri ilə üzləşəcəyini vurğulayacaq. Bundan əlavə, daxili siyasətdə Koçaryan klanına qarşı cinayət prosesini dayandırmağı tələb edəcək. Həmçinin Putin xüsusi olaraq, Paşinyana Qarabağ məsələsində Azərbayacana güzəştə getmək üçün şərtlər irəli sürəcək. Təbii ki, bu şərtlər Paşinyana təzyiq kimi istifadə olunacaq. Amma, Paşinyan Putinin siyasətinə qarşı gələrsə, Moskva Qarabağla bağlı Bakı ilə ümumi razılığ əldə edəcək: "Qeyd edim ki, Paşinyan Putin görüşü son aylarda baş verən proseslərə aydınlıq gətirəcək. Bu səfər Moskvanın istəyi ilə həyata keçirildiyindən Paşinyana şərt qoyulacaq. Bu şərtlərdən çıxacaqsa, Ermənistana ixrac olunan qazın qiymət qaldırılacaq, silah yardımı dayandırılacaq, iqtisadi sanksiyalar tətbiq olunacaq. Rusiyadan bu ölkəyə ixrac olunan mallara tədricən embarqo qoyula bilər. Bununla Rusiya Ermənistanda daxili narzılığı artırmaqla Paşinyana qarşı əks-inqilaba rəvac verəcək. Əgər, Paşinyan Putinlə razılaşsa Qərbin təzyiqləri ilə üzləşəcək. Hesab edirəm ki, Paşinyanı Putinlə görüşdən sonra ciddi sınaqlar gözləyir. Rusiya, artıq Ermənistanda proseslərə müdaxilə etməkdədir".
Politoloq İlqar Vəlizadənin fikrincə, Azərbaycanla Rusiya hərbi texniki sahədə ənənəvi əməkdaşlığa malikdir. Lakin son dövrlərdə hərbi siyasi məsələlərdə əməkdaşlıq Ermənistanla Rusiyanın həmin sahələrdə əməkdaşlığını xeyli üstələyib.
Rusiyanın siyasi elitasında Azərbaycana münasibətdə müsbət məcrada dəyişikliklər olduğunu dilə gətirən politoloq söyləyib ki, qonşu ölkənin Dağlıq Qarabağ münaqişənin nizamlanmasında göstərdiyi səylər Ermənistanı narahat etməyə başlayıb: "Ölkəmizin Rusiyadan aldığı silah-sursatın həcmi 5 milyard dollara çatıb. Qonşu ölkə anlayır ki, Azərbaycanın silahlanmasında məqsəd Ermənistanla olan münaqişədə istifadə etməkdir. Bütün bunlar Rusiyanın da problemin həlli ilə bağlı mövqeyində böyük dəyişikliklərdən xəbər verir. Qonşu ölkənin mövqeyindəki dəyişiklik Ermənistandan böyük narazılıq və narahatçılığa səbəb olub. Təbii ki, Azərbaycan münaqişənin həlli ilə bağlı sülhə önəm verir. Amma düşmən ölkənin destruktiv mövqeyini davam etdirməsi, Azərbaycanın hərbi yola əl atmasına məcbur edə bilər".
İ.Vəlizadə qeyd edib ki, hazırda iri miqyaslı əməliyyatlardan heç kim danışmır: "İri miqyaslı əməliyyatlar regionda təhlükəsizliyi poza bilər. Bu baxımdan iri hərbi əməliyyatların keçirilməsi heç kimin marağında deyil. Amma lokal müharibənin mövcudluğu da istisna edilmir".
Politoloq vurğulayıb ki, Azərbaycan üçün əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən irəliləyiş əldə etməkdir: "Aprel hadisələrinin məntiqi nəticəsidir ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verib. Əgər Ermənistan destruktiv ssenarilərini təkrarlamaq istəmirsə, o zaman danışıqlar prosesinə gedərək razılaşmalar əldə olunmalıdır. Əks halda, lokal müharibə qaçılmazdır. Hesab edirəm ki, belə vəziyyətdə Rusiya da buna etiraz etməyəcək".
Politoloq Elxan Şahinoğlu isə deyib ki, erməni cəmiyyəti Rusiya və Azərbaycan prezidentləri arasındakı keçirilmiş görüşdən narahatdır.
Onun sözlərinə görə, erməni cəmiyyəti və Paşinyana müxalif olan siyasi qüvvələr düşünür ki, Rusiyanın Paşinyanla münasibətləri müəyyən soyuqlaşdığına görə Rusiya Azərbaycana (strateji tərəfdaşlıq və Qarabağ münaqişəsiin həlli ilə bağlı) bir ümid verə bilər: "Erməni cəmiyyətində belə bir narahatlıq vardır. Bu narahatlığı ortadan qaldırmaq üçün Paşinyan mütləq Rusiyaya səfər etməyə və Putinlə görüşməyə ehtiyacı var. Amma düşünürəm ki, ciddi mövzular müzakirə olunsun.
Azərbaycanın potensialı var ki, Rusiyada bərabərhüquqlu tərəfdaşlıq münasibətləri qursun, 5 milyard dollar civarında silah alsın və böyük regional layihələri müzakirə etsin və s. Bütün bunlar Rusiya-Azərbaycan arasındakı əməkdaşlıqda mövcuddur. Rusiya ilə Ermənistan arasındakı əməkdaşlıqda isə bu mövzular yoxdur. Ermənistan hər zaman Rusiyadan (silah, ərzaq almaq üçün və qazın qiymətinin aşağı olması ilə bağlı) pul dilənir. Ona görə də Paşinyanın bu səfər ehtiyacı var. Bu gün Rusiyanın Ermənistanda olan son həbslərdən narahatlığı var. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin Ermənistanın keçmiş prezidenti Robert Koçaryana zəng edərək onu doğum günü münasibətilə təbrik etdi. Bu əslində Paşinyana mesaj idi ki, mənim dostlarımla işin olmasın".

Cavid