“Paşinyan hökuməti xarici siyasətdə ciddi yanlışlıqlara yol verir” Layihə

“Paşinyan hökuməti xarici siyasətdə ciddi yanlışlıqlara yol verir”

"Paşinyan hökuməti təkcə Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində absurd siyasət həyata keçirmir, həm də təhlükəsizlik və xarici siyasətdə ciddi yanlışlıqlara yol verir".
Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı açıqlamalarına münasibət bildirən Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, Ermənistanda cari ilin may ayında iqtidar dəyişikliyindən sonra Paşinyan hökuməti xarici və təhlükəsizlik siyasətində son 27 ildə formalaşan və həyata keçirilən siyasətdən fərqli siyasət yürüdür:"Hələlik yeni konseptlərlə dolu bu siyasətin uğurlu nəticələr əldə etməsi olduqca şübhəlidir. Nikol Paşinyanın Moskvaya son səfəri zamanı tərəflər arasında iqtisadi, siyasi və təhlükəsizlik məsələləri ilə yanaşı, Dağlıq Qarabağ problemi də müzakirə edilib. Paşinyan Rusiyada dərc edilən "Kommersant" qəzetinə verdiyi müsahibəsində Dağlıq Qarabağ probleminin həll edilməsi üçün müzakirələrdə Ermənistanın baş naziri olaraq iştirak edə biləcəyini, lakin Dağlıq Qarabağın adından danışa bilməyəcəyini deyib. Hətta o, Dağlıq Qarabağ xalqının Ermənistanda hakimiyyətin formalaşması prosesində iştirak etmədiyini, onların öz hakimiyyəti, öz hökumətləri, prezidenti olduğunu bildirib".
H.Cabbarlı vurğulayıb ki, bu bəyanat anlaşılmazlıqlarla doludur:
"Birincisi, Paşinyan qondarma Dağlıq Qarabağ rejimini müstəqil dövlət kimi göstərmək istəsə də, bu o qədər bayağıdır ki, yəqin heç özü də dediklərinə inanmır. Dağlıq Qarabağ müstəqil dövlət deyil, özünün pulu, ordusu, iqtisadiyyatı və sərhədləri yoxdur. Dövlət olaraq tanınmayıb və Ermənistan pul vahidi dram tədavüldədir. Ordusunun demək olar ki, tamamı Ermənistan vətəndaşlarından ibarətdir, iqtisadiyyatı orda yaşayan əhalinin belə ehtiyaclarını təmin edəcək gücdə deyil. İkincisi, Dağlıq Qarabağın müstəqilliyini nəinki beynəlxalq aləm, heç Ermənistan özü də tanımayıb. Son illərə qədər qondarma Dağlıq Qarabağ rejiminin beynəlxalq aləmdə tanınması üçün görülən bütün təbliğat da "sıfır nöqtəsindən" bir addım da irəliyə doğru getməyib, yəni iflas edib".
H.Cabbarlı qeyd edib ki, Paşinyanın bu bəyanatını iki cür dəyərləndirmək mümkündür:
"Ya Ermənistan hökumətində Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində siyasi tıxanma var, ya da bununla Paşinyan Azərbaycanın müzakirələrdə yolunu tıxayacağına inanır ki, bu da özünü aldatmaqdan başqa bir şey deyildir. Paşinyan beynəlxalq aləmdə Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan Prezidenti ilə müzakirə aparmaqdan çəkinir, siyasi məsuliyyəti üzərinə almaq istəmir, özünü püxtələşmiş siyasətçi hesab etmir. Hətta bir neçə ay bundan əvvəl sabiq prezident Serj Sərkisyanın Dağlıq Qarabağ müzakirələrinin aparılması üçün Paşinyanın səlahiyyətli nümayəndəsi olması gündəmə gəlmişdi. Ermənistan KİV-də bu məsələ müxtəlif aspektlərdən müzakirə edilmişdi".
H.Cabbarlının sözlərinə görə, Paşinyan oyunda topu qondarma rejimin səlahiyyətli şəxslərinə atmaqla problemin həll edilməyəcəyini çox gözəl bilir.
Millət vəkili Elman Məmmədov isə deyib ki, Nikol Paşinyanın Moskvada Dağlıq Qarabağ haqqında səsləndirdiyi fikirlər absurddur. Onun Qarabağı Ermənistanın bir hissəsi kimi təsəvvür etməsi cəfəngiyyatdan başqa bir şey deyil.
Onun sözlərinə görə, Ermənistanın baş nazirinin mövqeyi münaqişənin həllinə maraqlı olmadığını nümayiş etdirir: "Paşinyan bu cür cəfəng fikirləri ilə danışıqlar prosesinə mane olur. Arzu edirdik ki, Ermənistanın yeni rəhbərliyi rasional düşünərək ədalətli qərar versin, qonşulara münasibətdə düşmənçilik və işğalçı siyasətdən əl çəksin. Lakin bunun əksini görürük. Paşinyan hakimiyyəti sülhə getməsə, Azərbaycan öz gücünə torpaqları işğaldan azad edəcək. Qarabağ bizim tarixi torpağımızdır. 1990-cı illərdə Azərbaycanda bu gün Ermənistandakına bənzər hərc-mərclik yaranmışdı, hakimiyyət böhranı gedirdi. Ermənilər bu məqamdan istifadə edərək Azərbaycan torpaqlarını işğal etdilər. Yaxşı olardı ki, Ermənistanda ağlı başında olan insanlar rəhbərliyə gəlsin və öz xoşları ilə çəkilib getsinlər. Əks təqdirdə Azərbaycan ordusu sözünü demək məcburiyyətində qalacaq. Onsuzda gec-tez torpaqlarımızı işğaldan azad edəcəyik".
Politoloq Zərdüşt Əlizadə Ermənistan baş nazirinin Rusiya səfərinin nəticəsiz başa çatdığını düşünür:" Paşinyan anlayır ki, Rusiya onu devirəcək. Bu səbəbdən Rusiya ilə münasibətləri nizama salmağa, Kremlə itaət göstərməyə getmişdi. Hətta Rusiya prezidenti Putinə yaltaqlanaraq bildirdi ki, baxın görün, qısa vaxtda neçənci görüşümüzdür, bizim hətta xüsusi insani münasibətlərimiz də var. Paşinyan belə deyəndə Putinin çöhrəsi dəyişmədi".
Zərdüşt Əlizadə Nikol Paşinyanın Moskvada "bir-birimizin daxili işlərinə qarışmayaq" ifadəsini işlətməsini də uğursuz gediş adlandırıb: "Bu, gülünc ifadədir. Əslində Paşinyanın dediyi bu fikir beynəlxalq hüququn müddəasıdır. Amma beynəlxalq hüququn müddəaları dövlətlərin gücündən asılıdır. ABŞ dünyada bütün ölkələrin işlərinə qarışır. Məsələn, Suriya hökumətinin dəvəti olmadan orada qoşun yerləşdirib və deyir ki, çıxmıram. Əfqanıstana BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan daxil oldu. Eləcə də İraqa girdi, Yuqoslaviyanı bombaladı. ABŞ bütün dünyada seçkilərə qarışır, sonra da şivən salır ki, Rusiya onun seçkilərinə müdaxilə edib.
Paşinyanın "bir-birimizin daxili işlərinə qarışmamaq" bəyanatı gülüncdür. Ermənistan Rusiyanın daxili işlərinə qarışması üçün hansı imkanlara malikdir? Rusiyada yaşayan 2 milyona yaxın erməni rus hakimiyyətinin xidmətində durub hökumətə yalvarır ki, bizim pul qazanmağımıza mane olma. Lazımdırsa, biz Ermənistanı da, Qarabağı da satarıq, təki bizim pul qazanmağımıza mane olmayasan. Samvel Karapetiyan və digər erməni milyonçular var ki, onlar ancaq rus hakimiyyətinin mərhəmətindən istifadə edərək nələrsə qoparıblar. Onlar rusların xoşuna gəlməsələr əllərindən hər şey alına bilər.
Z. Əlizadənin sözlərinə görə, Ermənistanın Rusiyanın daxili işlərinə qarışmasına heç bir imkanı yoxdur, Rusiyanın Ermənistanın daxili işlərinə qarışması üçün 100 faiz imkanı var: "Hərbi bazasından tutmuş, erməni iqtisadiyyatındakı payı, erməni cəmiyyəti daxilindəki beşinci "kolon"u, casus şəbəkəsi, sərhədlərin qorunmasına qədər hər cür imkanlara malikdir".
Politoloq qeyd edib ki, Ermənistanın qərbə yönəlməsi nağıldır: "Paşinyanın bütün nazirləri qərbyönlü olsa belə, indiki siyasi sistem daxilində heç nə edə bilməz. Bunun üçün Paşinyan xalqa söykənərək sistemi dəyişməlidir. Hansı xalqa söykənir? Beyni tamamilə çaşmış, səhv düşünən xalqa? Bu xalq "Arsax" bağırır. Nə qədər ki, "Arsax, Arsax" deyə qışqırırlar, Ermənistan qəfəsdən çıxa bilməyəcək".
Ermənistan baş naziri Nikol Paşinyan açıqlamasında bildirib ki, Ermənistanın razılığı olmadan Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Avrasiya İqtisadi Birliyinə üzv ola və ya müşahidəçi qismində çıxış edə bilməz.
Ermənistan Xarici İşlər nazirinin mətbuat katibi Anna Nağdalyan avqust ayında keçirilən mətbuat konfransında Azərbaycanın KTMT-yə üzv olmasına qarşı Ermənistanın veto qoymaq hüququna sahib olduğunu bildirib. Görünür, Azərbaycanın KTMT-yə üzvlük məsələsi Ermənistan hökümətində ciddi narahatlığa səbəb olub.
Ermənistan KİV-də yayılan bəzi məlumatlara əsasən rəsmi İrəvan Qarabağda bufer zona yaradaraq, orada Rusiya silahlı qüvvələrindən ibarət sülhməramlıların yerləşdirilməsini planlaşdırırdı. Lakin Azərbaycanın KTMT-yə üzv olacağı təqdirdə Qarabağla bağlı müzakirə oluna biləcək hər hansı bir məsələyə veto hüququ qoymaq əldə edəcək ki, bu da Ermənistan hökumətində ciddi narahatlığa səbəb olub. Digər tərəfdən, yayılan bəzi məlumatlara əsasən Paşinyan Qarabağda bufer zona yaradaraq, orada ABŞ-ın da diktəsi ilə NATO sülhməramlılarından ibarət qoşunların yerləşdirməsinə çalışır.
Beləliklə, Ermənistan baş naziri Əfqanıstan versiyasının bir növünü də Qarabağa tətbiq etmək niyyətindədir. Xüsusilə, N.Paşinyanın Rusiya səfəri çərçivəsində Qarabağla bağlı sərt bəyanatlarla çıxış etməsini ABŞ-ın dəstəyi ilə əlaqələndirə bilərik.
Belə ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanın daxili siyasi vəziyyətilə bağlı son bəyanatını şərh edib. Jurnalistlərin "Lavrovun bəyanatını Ermənistan rəhbərliyinə təzyiq və ölkənin daxili işlərinə qarışmaq hesab edirsinizmi?" sualını cavablandıran Mills Rusiya XİN rəhbərinin bəyanatı ilə tanış olduğunu və bunu müsbət dəyərləndirmədiyini deyib.
O, bildirib ki, Ermənistan rəhbərliyi mütləq Lavrovun bu sözlərinə cavab verməlidir. Səfirin fikrincə, rəsmi İrəvanın hazırkı fəaliyyəti tamamilə düzgündür. Məhz bu səbəbdəndir ki, Rusiya səfəri öncəsi Paşinyan ABŞ-ın dəstəyini gördüyü üçün Putinlə görüş zamanı iki ölkə arasında münasibətlərin bir-birlərinin daxili işlərinə qarışmamaq prinsipləri üzərində qurulacağına ümid etdiyinə dair fikir səsləndirib. Elə bu səbəbdəndir ki, ABŞ-ın dəstəyinə arxalanan Ermənistan baş naziri Rusiya səfəri zamanı Qarabağla bağlı "Kommersant"a verdiyi müsahibəsində çəkinmədən sərt fikirlər səsləndirirdi.
Bu zaman belə bir sual yaranır: ATƏT Minsk qrupunun həmsdrlərindən biri olan ABŞ-ın Ermənistanın yeni hökumətini dəstəkləyən açıqlamalarla çıxış etməsi və Paşinyanın Qarabağla bağlı Azərbaycana qarşı təhdidlər səsləndirdiyi bir zamanda heç bir bəyanatla çıxış etməməsi, məhz Azərbaycana qarşı ikili siyasət yeritmək deyilmi?... Burada yeni sual yaranır. Görəsən, Qarabağ münaqişəsinin həllində ən çox maraqlı olan tərəf ABŞ, yoxsa Rusiyadır?

Cavid