“Azərbaycan beynəlxalq hüquq normaları, sülh danışıqları nəticəsində ərazi bütövlüyünü bərpa etməyə çalışır” Layihə

“Azərbaycan beynəlxalq hüquq normaları, sülh danışıqları nəticəsində ərazi bütövlüyünü bərpa etməyə çalışır”

Azər Badamov: "Beynəlxalq sülhyaratma missiyalarına daxil olan ölkələrdən hərəkət gözləyir"

Son günlər Nikol Paşinyan Qarabağ və Azərbaycanla bağlı təxribat xarakterli, hesablanmamış, absurd və anlaşılmaz bəyanatlar verir. Bu baxımdan da onun bəyanatları ciddiyə alınmır və Paşunyanın psixoloji problemlərinin olduğu üzə çıxır.
Psixoloji terminlərdən tez-tez damğa, təhqir, ləqəb kimi istifadə olunur. Bu terminlərin hər birinin əslində bir sıra simptonlarla xarakterizə olunmaqla bərabər, eyni zamanda, həm də şəxsin peşə və ictimai həyatında davranışını, bacarıqlarını, sağlamlığını, "proqramlarını" müəyyənləşdirən bir xəstəliyi ifadə etdiyini nəzərə almadan onlardan çox asanlıqla istifadə edirlər. Ermənistanın Baş nazir Nikol Paşinyan da bu baxımdan çox tez-tez sosial şəbəkə istifadəçilərinin tədqiqat obyektinə çevrilir.
"Yerkramas" informasiya mərkəzi cəmiyyətdə gedən bu tendensiyanı nəzərə alaraq, mütəxəssisə müraciət edib və ondan Nikol Paşinyanın elmi cəhətdən əsaslandırılmış psixoloji portretini hazırlamasını istəyib. Təhlili təqdim olunan Moskvanın məşhur psixiatrı hər kəsə bəlli olan səbəblərə görə adının qeyd olunmamasını istəyib.
O bildirib ki, Nikol Paşinyanın hərtərəfli elmi təhlilinə iddia etmir, ancaq bir sıra faktların üzərində dayanmaq istəyir:
"1. Paşinyanın anasının psixi xəstəliyi barədə tez-tez danışırlar. Onda şizofreniyanın mövcudluğuna dair sənədlər olsa belə, bunun irsi bir xəstəlik deyil, irsi meyilli bir xəstəlik olduğunu nəzərə almaq lazımdır. Yəni bu xəstəliyin irsi olması mütləq deyil. Paşinyanı şizofren adlandıran qeyri-peşəkarlar bir nüansı nəzərə almalıdır – şizofreniya elə düşüncə, emosiya və iradə pozuntuları ilə müşahidə olunur ki, hərbi xidmət yaşına qədər bu xəstəliyin üzə çıxdığı insan 40 yaşında heç bir sahədə mənalı fəaliyyət icra edə bilməz (Qeyd edək ki, N.Paşinyanın hərbi xidmətə şizofreniyadan əziyyət çəkdiyi üçün getmədiyi barədə erməni mediası məlumat yayıb – red.).
2. Nevrasteniya və şəxsiyyətin nevrotik inkişafı ilə bağlı danışıqlar da kifayət qədər əsaslandırılmış deyil. Nevrasteniya hərbi xidmətdən azad etmir, sadəcə, möhlət hüququ verir. Müharibə dövründə nevrasteniklər məhdud yararlı hesab olunurlar.
Son aylarda Paşinyanın davranışını müşahidə etsək, onda davranış və şəxsiyyət pozğunluğu çərçivəsində müxtəlif klinik şəkillərdə qruplaşdırılan kifayət qədər aydın şəkildə nəzərə çarpan xüsusiyyətlər görə bilərik.
Paranoya və elileptoidlik – kin, həddən artıq və ya xəstəlik dərəcəsində özünüsevmə. Nə vaxtsa onunla razılaşmayan hər kəs potensial düşmən olaraq qeyd olunur. Ona qarşı qərəzsiz mövqe nümayiş etdirib, hətta kömək əlini uzadanlar da həmin siyahıya yazılırlar.
İsteroidlik – nümayişkarlıq, eqosentrizm, qeyri-yetkin emosionallıq, yalançılıq. Yalançılıq bütün siyasətçilərdə müşahidə olunur. Ancaq Paşinyan bunun nə qədər yerinə düşdüyünü və ya əxlaqa uyğun olduğunu nəzərə almadan insanların eşitmək istədiyi hər şeyi deməyə hazırdır. Onun nümayişkarlığı digərlərinin başqa cür düşünə, hiss edə biləcəyi və ya fərqli reaksiya verə biləcəyi kimi anlayışları qəbul etməməsi ilə məhdudlaşır. Buna görə də hadisələrə və insanlara uyğunlaşması onun reallıq anlayışının çərçivələri ilə kifayət qədər məhdudlaşır. Empatiyanın olmaması, başqalarının ehtiyaclarını anlamamaq, hadisələrə dərhal reaksiya vermək qabiliyyətinin və ya buna hazırlığın kifayət qədər olmaması, vəziyyəti özünə tərəf yönəltmək arzusu, psixiatrik anlamda olan davranışları onu "isterik" adlandırmağa imkan vermir. Hərəkətlərinin nəticələrini nəzərə almamaq, qeyri-adi vəziyyətlərə cəld şəkildə uyğunlaşmaq qabiliyyətinin olmaması Paşinyana xasdır. Belə vəziyyətlərdə onun reaksiyaları təktiplidir, reallıqlara adekvat deyil, konstruktiv xarakter daşımır.
Müəyyən təhsil və intellektual qabiliyyətlərin məhdudiyyəti ilə davranış xüsusiyyətlərinin bu cür qruplaşması hazırda kifayət qədər az istifadə olunan mozaik psixopatiyanın, konstitusional axmaqlığın kliniki modellərinə çevrilir.
Bu cür psixikadan nə gözləmək olar? Bu cür insanlar həmişə aşağı intellektual səviyyəli olmurlar. Bilik səthi qazanılır, uyğun vəziyyətdə onlardan istifadə edə bilmirlər, lakin ötəri ünsiyyət zamanı xoş təəssürat yarada bilərlər. Formal olaraq yaxşı tərbiyə ediliblər, daha doğrusu, həyata yaxşı uyğunlaşa bilirlər. Kimə pərəstiş etməli, kimlə hesablaşmamalı olduqlarını bilirlər. Buna görə də müəyyən səviyyəyə qədər "müstəqil" yüksəlmək üçün kifayət qədər çevik olurlar. Məhdud intellektual imkanları xüsusən vəziyyətin ani və kəskin şəkildə dəyişdiyi hallarda həqiqətən bir məsələyə köklənmələrinə və mövcud imkanların hamısından istifadə etmələrinə icazə vermir. Ancaq şüuraltında ətraflarındakılara bir çox hallarda güzəştə getdiklərini başa düşürlər. Bu isə onları davranışlarına ciddi şəkildə nəzarət etməyə, ideyaları ilə uyğun gəlməyən istənilən fəaliyyətə təhdid və təcavüz kimi qiymətləndirməyə məcbur edir. Belə daxili gərginlik onları stresə qeyri-davamlı edir. Bu isə müəyyən xəstəliklərə səbəb ola bilər".
Maraqlıdır ki, psixoloji problemləri olan Paşinyan Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistanın baş naziridir və onun açıqlamaları danışıqlar prosesinə zərbə vurur.
Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov deyib ki, Ermənistan hakimiyyəti öz qeyri-peşəkar hərəkətləri ilə vəziyyəti gərginləşdirir. Ekspert qeyd edib ki, Nikol Paşinyanın Dağlıq Qarabağın gələcəkdə Ermənistanın tərkibinə qatılacağı barədə Moskvadakı açıqlamaları populist və əsassız fikirlərdir və müasir siyasi reallığa əsaslanmır: "Bundan başqa, fikrimcə, bu cür bəyanatlar Moskvanın münaqişəni dinc yolla həll etmək səyləri fonunda təxribatçı görünür. N.Paşinyan Ermənistanın Azərbaycanla müharibəyə can atan qüvvələrinin xoşuna gəlməyə çalışır. Onun Rusiya ilə strateji ittifaqı davam etdirmək istədiyini nəzərə alsaq, bu, baş nazirin böyük səhvidir".
Y.Mixaylov qeyd edib ki, Ermənistandakı siyasi dəyişikliklərdən, xüsusilə də indiki hakimiyyətin tamamilə qeyri-konstruktiv davranışından asılı olmayaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilk növbədə regionda sülhün və təhlükəsizliyin təminatçısı olmaq istəyən Rusiya üçün vacibdir: "N.Paşinyanın Dağlıq Qarabağ məsələsi ilə bağlı vəziyyəti qavramasının adekvatlığı barədə suala cavab verməkdə çətinlik çəkirəm. Ermənistanın indiki hökuməti qeyri-peşəkar hərəkətləri ilə vəziyyəti gərginləşdirməkdən başqa heç nə etmir. Bəzən isə çoxəsrlik dostluğu rəhbər tutaraq Moskva ilə dialoqu yoluna qoymağa çalışır, amma fikrimcə, Yerevan bu amillə oyun oynayır".
Politoloq Elxan Şahinoğlu bildirib ki, baş nazir Nikol Paşinyan Ermənistanda hakimiyyətə gələndə rəsmi Bakı ona zaman tanımağa üstünlük verdi, işğalçı ölkənin yeni baş nazirinin açıqlama və siyasətini izləməyə başladı. Onun sözlərinə görə, Azərbaycan prezidenti Ermənistanın yeni baş nazirinin adını çəkmədən onun ünvanına ağır ifadələr işlətmədi: "Düşünüldü ki, bəlkə bu "Qarabağ klanının" nümayəndələrindən daha ağıllı olar. Azərbaycan prezidenti ad çəkmədən haqlı olaraq Ermənistanın eks-prezidenti Serj Sərkisyanı sərt şəkildə tənqid edir, onün ünvanına ən ağır ifadələri işlədirdi. Eyni sərtlik Paşinyana qarşı nümayiş etdirilmirdi.
Ancaq Paşinyana verilən zaman özünü doğrultmadı. O, təxribatlarında Sərkisyanı üstələyib. Ona görə də Azərbaycan prezidentinin mətbuat katibinin dünənki açıqlamasını oxuduqda və "Paşinyan Azərbaycanın daxili işlərinə burnunu soxmasın" kimi cümlələrə rast gəldikdə mənə tam aydın oldu ki, rəsmi Bakı Paşinyanın ünvanına ritorikasını sərtləşdirməyə qərar verib".
Millət vəkili Azər Badamov deyib ki, ümumiyyətlə, son günlər Ermənistanın baş naziri Nikol Paşinyan başını itirib: "Ağzından çıxan sözlərə nəzarət edə bilmir. Ancaq sayıqlamaqla məşğuldur. Onun içində qorxu və xof var. Səsləndirdiyi sərsəm bəyanatlar da həmin xofdan qaynaqlanır".
Millət vəkili bildirib ki, Paşinyan Azərbaycan və Türkiyə hərbçilərinin 15 sentyabrda gerçəkləşən möhtəşəm paradından qorxuya düşüb: "İki qardaş ölkənin bir yerdə olması onu narahat edir. Çünki Azərbaycan günü-gündən güclənir. Biz də öz hərbi gücümüzü bir daha nümayiş etdirdik. Bütün bunlardan sonra Paşinyanın içərisində qorxu hissləri baş qaldırıb. Vahiməyə düşüb. Ona görə də sərsəm-sərsəm ifadələr səsləndirir. Onun səsləndirdiyi fikirlərdə həqiqətə uyğun heç nə yoxdur. Ermənistandakı durum, eləcə də küçədən siyasətə gəlmiş Paşinyanın vəziyyəti hamımıza bəllidir".
Azər Badamov həmçinin qeyd edib ki, Azərbaycan beynəlxalq hüquq normaları, sülh danışıqları nəticəsində ərazi bütövlüyünü bərpa etməyə çalışır: "Beynəlxalq sülhyaratma missiyalarına daxil olan ölkələrdən hərəkət gözləyir. Ölkəmiz çalışır ki, torpaqlarımız sülh yolu ilə qaytarılsın. Amma bu gedişlə Paşinyan sərsəm və çaşbaş fikirlər səsləndirməyə davam etsə və həmin fikirləri təkrarlamağa çalışsa, öz fikirlərindən əl çəkməsə, Azərbaycanla danışıqlar masasına oturmağa cəhd göstərməsə o zaman ordumuz Ali baş komandanın tapşırığı ilə işğal altındakı silahlı birləşmələrin hamısını məhv edəcək".
Politoloq Arzu Nağıyev diqqətə çatdırıb ki, Paşinyanın bəyanatları onun istər müharibə, istər sülh, istərsə də iqtisadi, siyasi və hərbi baxımdan heç bir doktrinasının, planının olmamasından irəli gəlir . O bildirib ki, ona görə də keçirilən təlimlərdə o, müəyyən problemləri qabartmağa çalışır: "Sadəcə olaraq, son vaxtlar həm mitinqlərdə verdiyi sözləri yerinə yetirə bilməməsi, həm də Dağlıq Qarabağın üçüncü tərəf kimi danışıqlara daxil olması ilə bağlı bəyanatlarının fiaskoya uğraması onu bu formada addımlar atmağa məcbur edir. Paşinyan istər Rusiya, istərsə də Qərblə ortaq məxrəc tapa bilmədiyi üçün müharibə yolunun özü üçün prioritet olduğunu düşünür. Çox maraqlı haldır ki, onun həyat yoldaşı Azərbaycan analarını sülhə çağırdığı bir vaxtda Paşinyan Azərbaycanı müharibəyə təhrik edir. Amma son vaxtlar keçirilən paradlar, Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya münasibətlərinin inkişafı Paşinyanın məsələlərə baxışını dəyişib".
Politoloq bu yaxınlarda Putinin Ermənistana səfər edərkən Köçəryanla görüşəcəyi barədə yayılan xəbərlərə də münasibət bildirib: "Köçəryan sabiq eks-prezidentdir. Putinlə onun şəxsi münasibətləri olduğu da məlumdur. Zənnimcə, həm də "Qazprom"un nümayəndəsi kimi Ermənistanda fəaliyyəti imkan verir ki, o, Putinlə görüşsün".

Əli