“Ermənistanda yeni era o vaxt mümkün ola bilər ki...” Layihə

“Ermənistanda yeni era o vaxt mümkün ola bilər ki...”

Hikmət Babaoğlu: "İşğalçılıq siyasətinə son qoysun, Azərbaycan torpaqlarından rədd olub getsin"

Ermənistanda seçkilər başa çatdı. Paşinyan seçkiləri saxtalaşdıraraq hakimiyyətə gəldi. Bundan sonra Qarabağ danışıqları ilə bağlı Paşinyan hökumətinin hansı mövqe tutacağı maraq doğurur.
Millət vəkili, politoloq Hikmət Babaoğlu deyib ki, Ermənistanda dekabr ayının 9-da sərgilənən kütləvi-siyasi şounu seçki adlandırmaq ağıla və məntiqə ziddir: "Bunun birinci səbəbi onunla izah edilir ki, bu ölkədə cəmisi iki milyona yaxın insan yaşadığı halda seçkini keçirən rəsmi qrum MSK 2 milyon 5 yüz mindən çox seçici müəyyən edir və saxta seçici siyahısı tərtib edir. Təkcə bu fakt işğalçı ölkədə keçirilən seçkilərin saxta olduğunu söyləməyə kifayət edir".Onun sözlərinə görə, belə olan halda ümumiyyətlə olmayan, yaxud sadəcə seçici siyahısında adı olan seçicinin hansısa fəallığından yaxud qeyri fəallığından danışmaq da ciddi olmaz: "Ona görə də bu absurd tamaşa heç bir ciddi qiymətləndirmə kriteriyalarına uyğun gəlmir. Sadəcə 2018-ci il aprel ayından bəri Ermənistanda tamaşaya qoyulan siyasi komediyanı bir şəkildə başa çatdıraraq küçə demokratiyasının liderinin hakimiyyətinə legitimlik donu geyindirmək lazım idi ki, bunu da etdilər. Baş tutan əslində budur. Çünki ziddiyyətli siyasi qütblərin az qala birgə layihəsi kimi qiymətləndirilə biləcək Paşinyan oyunu nəhayət fərqli siyasi maraqların müvazinətini təmin etməli və hüquqa və demokratiyaya uyğunlaşdırılmalı idi. Həqiqət isə bundan ibarətdir ki, Ermənistan sözünün yanında hüquq və demokratiya kəlmələrinin işlənməsi hüququn və demokratiyanın təhqir edilməsi deməkdir. Bir hərbi xuntanın yeni işğalçı diktatura ilə əvəz edilməsi demokratiya hadisəsi ola bilməz. Ancaq ermənilər hazırda bunu etməyə çalışırlar. İstər dini liderin, istərsə də separatçı rejimin və hazırki prezidentin tələm-tələsik Paşinyanı təbrik etmələri də bununla bağlıdır. Ermənistanda oynanan oyunu demokratiya kimi təqdim etməklə ümumxalq konsolidasiyasının olduğunu və ermənilərin demokratik cəmiyyət qura bildiklərini sübut etməyə çalışırlar.
Görünən odur ki, bəzi beynəlxalq və insan hüquqları təşkilatları da bunu belə qələmə verməyə hazırlaşırlar. Ancaq baş verən seçki saxtakarlığı o qədər böyük miqyasda və o qədər təkzib edilməz ölçüdədir ki, bunu ört-basdır etmək mümkün deyil. Heç bir halda ölkə əhalisinin cəmisi 30 faizə qədərinin iradəsi həmin ölkədə sabitliyin təminatçısı ola bilməz. Ona görə də Ermənistan cəmiyyəti olduqca ciddi sosial partlayış ərəfəsindədir. Bunu şərtləndirən ikinci amil isə ötən aylar ərzində iqtisadi blokda heç bir islahatın aparılmaması, ölkənin aclıq vəziyyətində olmasıdır. İslahatlar isə ona görə aparılmır ki, bunu etmək mümkün deyil çünki islahatları təmin edəcək iqtisadi resurslar sadəcə bu ölkədə yoxdur. Belə olan halda 10 dekabr hadisəsindən sonra Ermənistanda yeni eranın başladığını iddia edənlər yalnız siyasi xəyalpərəstlər ola bilər. Ermənistanda yeni era o vaxt mümkün ola bilər ki, bu ölkə işğalçılıq siyasətinə son qoysun, Azərbaycan torpaqlarından rədd olub getsin, Azərbaycanın mərhəmətinə sığınsın. Əks təqdirdə heç bir güc göydən zənbillə bu ölkəyə iqtisadiyyat gətirə bilməyəcək. Çünki iqtisadiyyat real resurslara və kommunikasiyaya əsaslanaraq qurulur. Bu resursların və kommunikasiyaların açarı isə Azərbaycanın əlindədir. Ona görə də Paşinyan hər nə qədər öz legitimliyini qəbul etdirməyə çalışsa da bu baş tutmayacaq, çox keçmədən əhali yenidən iqtisadi tələblərlə meydanlara çıxacaq. Ona görə də yaxşı olar ki, yeni seçilən komanda öz xalqının və qonşu xalqların ümumi mənafeyinə uyğun olan addımlar atmaq barədə düşünsün. Yoxsa Azərbaycanın da səbri sonsuz deyil və şərtlər uyğun olan kimi yeni həmlələrlə torpaqlarını azad etmək istiqamətində ciddi addımlar atacaq".
Millət vəkili Jalə Əliyeva bildirib ki, ümumiyyətlə, Ermənistan illərdən bəri bölgədə və dünyada qeyri-bərabər, ədalətsiz və özünə sərf edən bir siyasətin daşıyıcısı, aparıcısı kimi çıxış edir: "30 ilə yaxın özünü və Azərbaycanı sürüklədiyi müharibədə ilk növbədə deyərdim ki, öz xalqını düşünmədən addımlar atır. Təbii ki, müharibənin iki tərəfi var. Əgər bu müharibə onların ucbatından Azərbaycana böyük ziyanlar vurubsa, eyni zamanda əlbəttə ki, öz ölkəsindən də zərərsiz ötüşməyib". Deputatın sözlərinə görə, müharibənin nəticələri Azərbaycandan daha çox Ermənistanı mənfi təsiri altında saxlayıb: "Bu gün Ermənistanda vətəndaşların böyük əksəriyyəti bu ölkəni tərk edib. İşğalçı ölkədə heç bir inkişaf getmir. Onlar hələ də 70-80-ci illərin Ermənistanı olaraq qalır. Bu həm də insanların mənəvi, siyasi baxımdan yeni bir divident əldə edə bilməməsini ehtiva edir. Ermənistanda keçirilən son seçkilər də onu göstərdi ki, bu ölkədə insan, insan amili ən son yerdədir. Amma bu gün Azərbaycanda insan amili, insan kapitalı ən əhəmiyyətli yerdə gəlir. Biz hansı addımı atırıqsa, vətəndaşlarımızın daha yaxşı yaşaması, xoşbəxt olması, demokratik bir ab-havada yaşaması üçün həyata keçiririk. Ermənistanda isə baş verənlər onu göstərir ki, bu ölkədə tam əksinə bir siyasət həyata keçirilir. Son seçkilər də bir daha onu sübut etdi ki, Ermənistan ilk növbədə öz vətəndaşlarına qarşı ikiüzlü siyasət yeridir və qeyri-demokratik addımlar atır".
Politoloq Fikrət Sadıqov deyib ki, həm xarici, həm də erməni ekspertlərinin rəyinə görə, dekabrın 9-da baş tutan seçkilər çox biabırçı şəkildə həyata keçirildi: "Əhalinin yarısından çoxu heç seçki məntəqəsinə gəlməyərək Paşinyana olan münasibətini göstərmiş oldu". O bildirib ki, Paşinyanın seçkidə "qələbə" qazanması, demokratik dəyərlərə, hər zaman bəyan etdiyi insan haqları qorunması məsələsinə böyük zərbə endirmiş oldu.
Seçki prosesində saxtakarlıqların, pozuntu halların baş verdiyini deyən F.Sadıqovun fikrincə, seçicilərə təzyiqlərin göstərilməsi bir daha göstərdi ki, Paşinyanın seçkiləri öz maraqları çərçivəsində keçirərək, öz istəyinə nail olmuş oldu: "Paşinyan qurduğu planlar əsasında parlamentdə çoxluq təşkil edən bloka rəhbərlik edən şəxs kimi baş nazir seçiləcək. Lakin onu nəinki xalq, eləcə də digər siyasi qüvvələr belə dəstəkləmir".
Politoloq qeyd edib ki, ümumilikdə seçki prosesini götürdükdə Paşinyanın saxtakarlıqla hakimiyyətə gəldiyini söyləmək mümkündür: "Bu ritorik ifadə deyil, faktlara əsaslanan bir mövqedir. Çünki, hər kəsə məlumdur ki, seçkidə çoxları səs verməyib, səs verənlərin əksəriyyəti isə təzyiq altında bu prosesdə iştirak ediblər. Belə hallar regionlarda, vilayətlərdə daha çox qeydə alınıb. Mən düşünürəm ki, belə bir şəraitdə demokratiyadan, seçki şəffaflığından danışmaq, bəyanatlar vermək reallıqdan uzaq məsələdir".
Politoloq Ehtiram Aşırlının sözlərinə görə, Paşinyanın nə qədər Qərbə doğru yönələcəyinə dair fikirlər səsləndirilsə də hesab edirəm ki, Rusiya ilə münasibətlər normalaşdırılmağa və ölkə daxilindəki anti-Rusiya mühitinin formalaşmasının qarşı alınmağa çalışılacaq: "Əks halda Paşinyan çox gözəl basa düşür ki, Kremlin əksinə getmək hakimiyyətinin bir o qədər qısa ömürlu olması deməkdir". Onun sözlərinə görə, Rusiya hər nə qədər İrəvanda baş verən proseslərə qıraqdan müşahidəçi qismində çıxış etdiyi görsənsə də bu heç də demək deyil ki, Kremlin mövqeyi zəifləyib və artıq Ermənistandakı proseslərə nəzarət etmir: "Fikrimcə, Rusiya İrəvadakı hər bir prosesə yaxından nəzarət edir və baş verə biləcək hadisələr haqqında qabaqcadan xəbərdardır. Məsələn son çıxan telefon danışıqları da göstərdi ki, Paşinyan və onun hüquq-muhafizə orqanlarının rəhbərləri Rusiya ilə məsləhətləşmədən hər hansısa bir addım atmırlar. Bu baxımdan düşünmürəm ki, Paşinyan Rusiyadan uzaqlaşıb Qərbə doğru meyl etmək yolunu tutsun. Rusiyanın maraqları və nəzarəti çərçivəsində Qərblə əlaqələrinə davam edəcək, lakin düşünülən kimi genişmiqyaslı əlaqələr olmayacaq. Baxmayaraq ki, Ermənistanda hakimiyyət dəyişikliyinə gedildi, əslində dəyişən sadəcə adlardı yəni Serj Sərkisyan diktaturası dövrünun bitdiyi Nikol Paşinyan diktaturası dövrünün başladığını qeyd edə bilərik".

Əli