“Yerevanda anlayırlar ki...” Layihə

“Yerevanda anlayırlar ki...”

WorldMedia: "Ölkənin üzləşdiyi ağır iqtisadi böhranı aradan qaldırmaq üçün Qarabağın işğaldan azad edilməsi istiqamətində addımlar atılmalıdır"

Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Davos İqtisadi Forumu çərçivəsində baş tutmuş qeyri-rəsmi görüş Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin əhəmiyyətli dərəcədə sürətləndiyini təsdiqləyib.
Saatyarımlıq görüşdə liderlər iki ölkənin xarici işlər nazirləri arasında Parisdə 4 saat davam edtmiş əvvəlki danışıqların nəticələrini müzakirə ediblər. Bu, göstərir ki, Əliyevlə Paşinyan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşündə danışıqlar prosesinin irəli getməsi üçün öz mövqelərində müəyyən dəyişiklik ediblər. Artıq tərəflər arasında 2016-cı ilin yazında baş vermiş sonuncu silahlı toqquşmadan sonra Sankt-Peterburq razılaşmasında təsbit edilmiş məsələnin – təmas xəttində müasir monitorinq sisteminin tətbiqinin də tezliklə mümkün olacağı gözlənilir.
WorldMedia TasnimNews-a istinadən yazır ki, Yerevanda anlayırlar ki, ölkənin üzləşdiyi ağır iqtisadi böhranı aradan qaldırmaq üçün Qarabağın işğaldan azad edilməsi istiqamətində addımlar atılmalıdır. Başqa sözlə, Ermənistanın yeni rəhbərliyi Qarabağ münaqişəsinin onun daxili və xarici siyasətinə əhəmiyyətli dərəcədə zərbə vuran ən ağrılı məsələ olduğunun fərqindədir. Lakin onlar balans yaratmaq məcburiyyətini də hiss edirlər. Odur ki, erməni rəsmiləri problemi xalqın qəzəbinə səbəb olmayacaq şəkildə həll etmək istəyir. Məhz bu üzdən Ermənistan rəhbərliyi regionun iqtisadi potensialının reallaşdırılmasını, xüsusilə Bakı-Tiflisi-Qars dəmir yolu xəttinin tranzit imkanlarının istifadəni mümkün etmək üçün yaxın gələcəkdə əhalinin sülhə hazırlanması istiqamətində konkret tədbirlər görməyi düşünür.
Azərbaycana gəlincə, o, ilk növbədə Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin heç olmasa, bir hissəsinin boşaldılmasını gözləyir. Çünki ərazi bütövlüyü prinsipinin rədd olunması danışıqları yenidən qeyri-müəyyən müddətə təxirə sala bilər.
Danışıqlar prosesini Türkiyə də yaxından izləyir. Çünki o, bu məsələdə xarici siyasətini Azərbaycanın xarici siyasətinə uyğun aparır. Ankara Ermənistanla Azərbaycan arasında danışıqların bərpasını alqışlayır. Yerevan isə deyəsən, tədricən ölkənin sabiq rəhbərliyinin "romantik xülyaları"ndan azad olmaqdadır. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlı Ankara-Yerevan münasibətlərinə növbəti dəfə toxunaraq deyib: "Dağlıq Qarabağ probleminin həlli üçün müəyyən təşəbbüslərə ehtiyac var. Bu münaqişə nizamlanmadan Türkiyə-Ermənistan münasibətlərinin normallaşması mümkün olmayacaq".
Bakı ilə Yerevanın xalqları sülhə hazırlamağın vacibliyini bəyan etməsi fonunda Ankaranın da bu istiqamətdə bəzi gedişləri nəzərə çarpır. Məsələn, ötən il Türkiyədə erməni dilində ilk televiziya kanalı olan "Luyz" yayıma başlayıb. Bundan başqa, İsveç Xarici İşlər Nazirliyinin dəstəyi ilə Türkiyədə ilk dəfə olaraq Ermənistana səyahət kitabçası da nəşr edilib. Broşürün müəllifləri Türkiyə vətəndaşlarını sərhədlərin bağlı olduğuna baxmayaraq, Gürcüstan və ya İran vasitəsilə Ermənistana getməyə, bu qonşu ölkə ilə dostluq əlaqələri qurmağa çağırıb. Ermənistanla Azərbaycan arasında danışıqların müsbət məcrada irəlilədiyini nəzərə alaraq, danışıqlarda real nəticə olarsa, Ankaranın 2009-cu ilin oktyabrında imzalanmış "Sürix protokol"unu, nəhayət, ratifikasiya edəcəyi istisna deyil. Bu sənəd gələcəkdə Ermənistanla ikitərəfli münasibətlərin bərpasını, sərhədlərin açılmasını nəzərdə tutur. Bu, baş verərsə, Cənubi Qafqaz regionunda geosiyasi baxımdan əhəmiyyətli dəyişikliklər olacaq.
Bir sözlə, Nikol Paşinyan Türkiyə və Azərbaycanla münasibətlərdə irəliləyişə nail olmaq imkanı qazanıb. Üstəlik, bu gün Ermənistan parlamentində əksər kürsülər ölkədəki hakimiyyət dəyişikliyində iştirak etmiş, yaxid onu dəstəkləmiş gənc siyasətçilərdə, elm adamlarında, ictimai fəallardadır.
Kifayət qədər təcrübəli siyasətçi olan Azərbaycan prezidenti İlham Əliyev isə "addım-addım" diplomatiyasında istifadə edir. Bu, sonda Ermənistanı geri yolun olmadığı vəziyyətə aparıb çıxaracaq.
Bu gün biz Cənubi Qafqazda uzun müddətdir davam edən münaqişələrə mümkün qədər tez son qoyulmasının vacibliyindən danışırıq. Bu baxımdan, bölgədəki vəziyyətə ABŞ ilə İran arasındakı gərginliyin təsiri də qaçılmazdır. Odur ki, Cənubi Qafqaz ölkələri bu gərginliyə müdaxilə etməkdən çəkinməli, öz təhlükəsizliklərinin qayğısına qalmalıdırlar.
Danışıqlar prosesində heç bir yenilik yolxdur. Yeni sənədlər, prinsiplər və ya elementlər müzakirə edilmir. Fikrimcə, müzakirələr hər kəsə yaxşı tanış olan "Madrid prinsipləri" ətrafında gedir. Bu prinsip isə Dağlıq Qarabağa aralıq statusunun verilməsi qarşılığında ərazilərin geri qaytarılmasını nəzərdə tutur".
Bunu isə "168 hours"a açıqlamasında Rusiyanın "Regnum" informasiya agentliyinin baş redaktoru Modest Kolerov deyib. "Başqa sözlə, hazırda münaqişənin mərhələli həlli variantı müzakirə olunur. Yəni, ilk mərhələdə 2 rayon qaytarılır, sonra daha bir neçə rayon və sair. Yeri gəlmişkən, hazırda danışıqlar yox, məsləhətləşmələr aparılır", - deyə Kolerov qeyd edib. O, Ermənistan rəhbərliyinin tələskənliyi və prosesin sürətindən narahat olduğunu da söyləyib.
"Prosesin sürətlə getdiyi göz qarşısındadır. Tərəflər sanki tələsir. Amma bu cür məsələlərdə tələsmək nəyə lazımdır? Axı bu işi daha uzun zaman kəsiyində görmək daha məqsədəuyğundur. Bu, daha düzgün qərarların qəbuluna imkan yaradar. Səmimi desəm, mən prosesin daha ləng aparılmasının tərəfdarıyam. Ermənistanla bağlı onu deyə bilərəm ki, Yerevanın tələskənliyini anlamaq mümkün deyil. Çünki, bu ölkənin çoxsaylı daxili problemləri var və hakimiyyət Qarabağ məsələsinə keçməzdən əvvəl, bu problemlərin həllilə məşğul olmalıdır. Ermənistanın baş naziri deyir ki, yüksək səviyyəli görüşlər zamanı münaqişənin tarixi müzakirə edilir. Əgər siz görüş zamanı tarixdən başqa heç nə müzakirə etmirsinizsə, onda görüşmək mənasızdır", - deyə Kolerov qeyd edib.
Modest Kolerov fikrini belə davam etdirib: "Mən xarici təzyiqlərin olduğuna inanmıram. Deyirlər guya kimsə Ermənistanın yeni rəhbərlərinə təzyiq edir, ondan güzəştə getməsini istəyir. Mən buna inanmıram. Ermənistan parlamentində müxalifət yoxdur, yeni baş nazirin reytinqi kifayət qədər yüksəkdir. Belə olan təqdirdə ona ölkəni rahat idarə etməyə nə mane olur? O, ən azı iki il rahat ola bilər. Bəs o, hara və niyə tələsir? Anlaya bilmirəm. İndiki mərhələdə danışıqlar prosesinin intensivləşdirilməsinin heç bir məntiqi izahı yoxdur. Ən maraqlısı isə odur ki, Ermənistan hakimiyyətinin verdiyi izah ən yaxşı halda uşaqları qane edə bilər. Mən isə çoxdan böyümüşəm".
Kolerov hesab edir ki, son bir neçə ayda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin həllilə bağlı bəyanatlarında dəyişiklik hiss olunmur. "Rusiyanın xarici işlər naziri Azərbaycanın mövqeyini niyə konstruktiv qiymətləndirir ki? O, Azərbaycanı niyə tərifləyir?" sualına "Regnum" informasiya agentliyinin baş redaktoru belə cavab verib: "Dəyişiklik baş verməyib. Moskva Azərbaycan tərəfindən hərbi əməliyyatların azaldılmasını, Düşənbə şəhərində əldə edilmiş razılaşmanı müsbət qiymətləndirir. Bu görüş Putinin təşəbbüsü ilə baş tutub. Bir daha təkrarlayıram, Rusiyanın xarici işlər nazirliyi Düşənbə görüşünün nəticəsini alqışlayır, çünki bu Putinin təşəbbüsü ilə keçirilib. Vəssalam.".
Kolerov hesab edir ki, Ermənistanda bəzi insanlar Lavrovu, Putini və Rusiyanı bəhanə gətirərək, Qarabağ məsələsində güzəştə getmək istəyirsə, bu da yenilik deyil: "Misal kimi, Serbiyanı göstərə bilərəm. Serbiya prezidenti Aleksandr Vuçiç də tez-tez bu fikirləri təkrarlayırdı: "Putin mənə deyir ki", "Putinlə müzakirə edəcəm" və sair. Nəticədə o, Kosovanı təhvil verdi. Vuçiç Putinin kölgəsi altında gizlənirdi ki, torpaqları rahat verə bilsin. Mən bu iki məsələ arasında bənzərlik görürəm. Ermənistanda "Putin fəallaşır", "Lavrov təşəbbüslə çıxır edir" deyənlər nağıl uydurmaqla məşğuldur. "Lavrov planı" da onların uydurmasıdır. Guya onlar güzəştə getmək istəmir, amma Lavrov onları məcbur edir. Bu, yalandır! Bununla onlar sadəcə, acı konfeti gözəl kağıza bükmək istəyir".
Politoloq Vasif Əfəndiyevin fikrincə isə, Ermənistan baş naziri Nikol Paşinyanın Almaniya səfəri zamanı "Biz kompromisə hazırıq, amma bunu ilk addım olaraq Azərbaycan atmalıdır" bəyanatı provokativ bəyanatdır". Politoloqun sözlərinə görə, Paşinyanın erməni diasporası qarşısında çıxışı zamanı səsləndirdiyi bu fikir onu deməyə əsas verir ki, o krizisdən çıxış yolunu bilsə də bu addımı atmağa cəsarət etmir: "Almaniyanın Qarabağla bağlı rəsmi mövqeyi son illər daha da aydınlaşaraq torpaqların işğaldan azad olunması səviyyəsində qərarlaşıb. Bu barədə xanım Angela Merkelin bir neçə dəfə bəyanatlar verdiyinin şahidi olmuşuq. Böyük ehtimalla bu dəfə Ermənistan rəhbərliyinə sülh təklifi edilsə də, hələ Rusiyanın təsir dairəsində olması səbəbindən qərar qəbul edə bilmirlər. Elə bu səbəbdən də Paşinyan dispora qarşısında çıxış zamanı ona qarşı iddia edilən təzyiqləri təzkib edib.
Paşinyanın Azərbaycandan kompromis barədə rəsmi qarantiya istəməsi abssurd bir bəyanatdır. Azərbaycan Ermənistanla sülh danışıqlarına razılıq verməsi kompromisin özüdür. İşğala məruz qalan və torpaqları azad etmək istəyində olan bir dövlətin sülh danışıqlarına razılıq verməsindən böyük kompromis ola bilməz".
Cavid