Şəhər-qala İrəvan Layihə

Şəhər-qala İrəvan

19-cu yazı

Sarayda müxtəlif vəzifələri yerinə yetirən məmurlar ordusu da vardı. Bunlardan vəzirdən sonra əsas vəzifə sayılan, xəzinəyə başçılıq edən xəzinədarı, pul paylayan, xəzinənin mədaxil və məxaricinə nəzarət edən sandıqdar-ağasını, məhsul yığılan anbarlara nəzarət edən ambardar-ağasını, saray mühafizəçisinin başçısı qoruqbaşını, xanın baş mehtəri əmiraxuru və s. qeyd etmək olar. Mülki işlərdə dəftərxanalardan tutmuş divana qədər kargüzarlıq, əmlakın siyahıya alınması, dəftər tərtib edilməsi məsələlərinə mirzələr ordusu baxırdı. İrəvan xanlığı inzibati cəhətdən şəhər və mahallara bölündüyündən, onların idarəçiliyində xana tabe olan müxtəlif funksiyaları yerinə yetirən idarə orqanları da fəaliyyət göstərirdi. İlk növbədə şəhər idarəçiliyində böyük rol oynayan naib, qalabəyi, darğa, yüzbaşı, onbaşı və s. məmurlardan bəhs edəcəyik. Şəhər idarəçiliyində naib böyük səlahiyyətlərə malik idi. "Naib əsas etibarilə təsərrüfat və inzibati məsələlərlə məşğul olurdu, vergilərin vaxtlı-vaxtında toplanması işi də ona tapşırılırdı. Sənətkarların üzərinə vergi qoyulması, vergilərin qaydaya salınması da naibin öhdəsinə düşürdü. Lakin onun fəaliyyəti təkcə bununla məhdudlaşmırdı. Xan müvəqqti olaraq şəhərdən çıxdıqda (müharibəyə, səyahətə, ova və s. getdikdə) bütün şəhər idarəsi naibin əlində cəmləşirdi".
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, İrəvan şəhər-qala olduğundan, qalaya qalabəyi başçılıq edirdi. Qalabəyinin əsas vəzifəsi qala daxilində əmin-amanlığı bərpa etmək, qalanın müdafiəsinə nəzarət etməkdən ibarət idi. Onun tabeçiliyində silahlı dəstələr olurdu. Xanlar bu vəzifəni yaxın adamlarına və nüfuzlu bəylərə tapşırırdı. Lakin bu vəzifə irsi olmurdu. Hüseynqulu xanın (1806-1827) dövründə İrəvan qalasının qalabəyisi onun qardaşı oğlu və kürəkəni Sübhanqulu xan olmuşdu.
Şəhərdə ən mühüm orqanlardan biri darğa idi. Darğa fars dilində qayda-qanun nəzarətçisi deməkdir. Onun vəzifəsi şəhər və bazarlarda qayda-qanuna nəzarət etmək idi. XVIII əsrin birinci yarısına aid mənbələrdən olan "Təzkirətül-mülük" əsərində darğanın vəzifəsi belə şərh edilmişdi: "Darğa əsasən şəhəri içəridən və bayırdan qoruyur ki, heç kəs qanundan kənar iş görüb, dava-dalaş salmasın, şərə xilaf olan işləri (şərab içmək, qumarbazlıq və s.) qadağan etsin ki, heç kəs xilaf işlər görməsin, şəriət qaydalarına zidd iş görənləri cəzalandırsın, müqəssirlərdən törətdikləri cinayət işlərinə müvafiq cərimə alsın, ...". Darğa şəhərin polisi sayılırdı. Onun tabeçiliyində yüzbaşı və çavuş (onbaşı) kimi asayiş qorucuları vardı. Darğa şəhər asayişinin, təhlükəsizliyinin qoruyucusu idi və şəxsən xana tabe idi. "Bazar darğasının hüququ geniş idi. Onlar "bazar darğası" adlanmasına baxmayaraq, bazar meydanından kənarda da fəaliyyət göstərirdilər. Şəriət qanunlarını müdafiə etmək üçün darğaya böyük ixtiyar verilmişdi". İrəvan xanları onların xeyrinə "darğalıq" adı ilə əhalidən xüsusi vergi alırdı. Bu verginin miqdarı ildə 347 tümən təşkil edirdi. Darğanın səlahiyyəti tək şəhərlə məhdudlaşmırdı. O, kəndin təsərrüfat hissəsini də idarə edirdi.
Şəhərdə asayişinin qorunmasında gecə keşikçilərinin də böyük rolu vardı. İrəvan əhalisi qədimdən şəhər və bazarlarda gecə asayişi qorumaq üçün özlərindən keşikçilər tuturdular. Sərdar isə bu vəzifəni öz adamlarına tapşıraraq əhalidən pul vergisi alırdı. Gecə keşikçiləri- "əsəs", keşik başçıları isə "əsəsbaşı" adlanırdı. Əsəsbaşının darğadan da artıq səlahiyyəti vardı. Gecə keşikçiləri müxtəlif dəstələrə bölünərək onlara həvalə olunmuş məhəllənin keşiyini çəkirdilər. Həmin dəstələr bilavasitə əsəsbaşının qarşısında məsuliyyət daşıyırdı. Bazar və sənətkar dükanlarının öz əsəsləri var idi. Həmin əsəslər üçün məvacib sənətkar və tacirlərdən toplanırdı. İrəvan şəhərində bu verginin miqdarı ildə 72 tümən təşkil edirdi.
Dini işlərin qoruyucusu əmir-maruf adlanırdı. Ərəb sözü olan maruf dinə məxsus iş adlanırdı. Əmir-maruf xalq arasında din və ədəb qaydalarına nəzarət edən polis rolunu oynayırdı. Mahalların idarəçiliyində də idarə aparatı fəaliyyət göstərirdi. İrəvan xanlığında mahalları mirbölük idarə edirdi. Mirbölük iki sözdən - mir ərəb dilində əmr edən, bölük isə türk dilində torpaq sahəsi adlanır. Mahallarda bütün idarə aparatı - polis, məhkəmə və maliyyə sahələri mirbölüyün tam nəzarətində idi.
Kəndlərdə hakimiyyət isə ağsaqqal funksiyasını yerinə yetirən kəndxuda və məlikin əlində idi. Kəndxuda fars sözü olub yerin sahibi deməkdir. Kəndxuda Azəri türklərin olduğu kəndlərə, məlik isə erməni kəndlərinə başçılıq edirdi. Kənxuda və məliklər xanlıqda ən aşağı idarə orqanı sayılsa da, xanın yanında böyük nüfuzu vardı. Kənd ağsaqqalları bir tərəfdən müxtəlif icma, digər tərəfdən xan idarə mexanizmi arasında vasitə rolunu oynayırdı. Onlar xanın əmr və tələblərinə tabe olurdular. Ümumiyyətlə, mahal naiblərindən tutmuş sərkərə qədər mövqe fərqinə baxmayaraq, bu vəzifələr sırf qulluq xarakteri daşıdığından atadan oğula keçə bilməzdi. Onların vəzifədə qalması xanın iradəsindən asılı idi.
Bu vəzifə sahibləri xana sədaqətlə və namusla qulluq etdikləri təqdirdə vəzifədə qalırdılar.
Elatlar arasında hakimiyyət elbəyilərin əlində idi. Elbəyilər xan tərəfindən təyin edildiyindən, elatlar arasında sərdarın əmrlərinin icraçıları idi. Onlar hərbi xidmətdən başqa bütün mükəlləfiyyət və vergilərdən azad idilər. Elatlara rəhbər xan tərəfindən təyin edilirdi. Hüseynəli xanın əmri ilə sepgi və Məhəmməd xanın əmri ilə isə zilani kürd tayfalarına başçılıq etmək üçün xüsusi təliqələr vermişdi. Təliqələrdən birində yazılırdı: "...ali mərtəbəli sepgi Mirzəağanı bütün kürd tayfasının Ağası vəzifəsinə təyin etdik. Mirzəağa bütün bacarıq, istedadı ilə həmin köçərilərin işlərini nizama salmalı, onların idarə edilməsi işində çalışmalı və bir dəqiqə də olsa bu məqsədə qəflət səhlənkarlıq etməməlidir". Məhəmməd xan da eyni məzmunda təliqə ilə zilani kürdlərinə başçı təyin etmişdi.
Xanlığın idarə olunmasında məhkəmələr mühüm yer tuturdu. İrəvan xanlığında məhkəmə sistemi iki qismə bölünürdü: şəriət və mülki məhkəmələr. Mülki məhkəmə özü məhkəmeyi-ali və əsnaf məhkəmələrindən ibarət idi. Bu məhkəmələr içərisində şəriət məhkəmələri əsas yeri tuturdu. Şəriət məhkəmələrində müxtəlif mübahisəli məsələlərə - evlənmə və boşanma, qəyyumluq, vərəsələr arasında mülkiyyəti bölmək, müqavilə bağlanması, pozulması və s. işlərə baxılırdı. Bu məhkəmələr dini qaydalar əsasında həyata keçirildiyindən bu bölməyə qazı nəzarət edirdi. Məhkəmələrdə din xadimlərinin nüfuzu böyük idi. Ona görə də məhkəmələr dünyəvi əyanların idarə etdiyi hökuməti-cəbri və din xadimlərinin nəzarətində olan hökuməti-ədliyyə olmaqla iki hissəyə bölünürdü.
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, şəriət məhkəmələrində baxılan işlərin icrası quran və tarixdə baş vermiş hadisələr toplusu əsasında həll edilirdi. İ.Şopen yazırdı: "Hakimiyyətin xəlifənin əlində cəmləşdiyi islamın ilk dövrlərində Quranın mətninin saysız şərhi çətin deyildi. Bu ibtidai dövrün patriarxal həyatında mülki hissəyə aid bütün azsaylı iddialar rahat və asanlıqla Quranın qaydaları əsasında həll edilirdi. Lakin əhalinin artması, insanlar arasında münasibətlərin tədricən mürəkkəbləşməsi nəticəsində Quran baş verən hadisələrin həlli üçün kifayət etmirdi. Onda hörmətli imamlar, müctəhidlər və s. tərəfindən təfsir, şərh və söylənilmiş hadisələrin toplanmış çoxcildli müsəlman qaydalarının ikinci hissəsi yarandı. Belə olduqda Roma qaydaları kimi müsəlmanların elmi cəhətdən toplanmış, xüsusi öyrənilməsi tələb olunan hüquqi hissəsi hazırlanırdı, icraedici idarə qayğısı ilə yüklənmiş dünyəvi hakimiyyət ədliyyənin, ədalət məhkəməsinin bir hissəsini bütünlüklə həyatlarını bu işə həsr etmiş ruhanilərə verməyə məcbur idilər".
Şəriət məhkəmələrinə Şeyx-ül-islam, qazi və bir neçə axund və molla başçılıq edirdi. Məhkəmələrdə müxtəlif mübahisələrə-qatı cinayət işinə, oğurluq mülki iddialara, kəbin kəsmə və boşanmaya, mübahisə edən qohumları barışdırmaq, qəyyumluq işinə, hər hansı əmlakı varislər arasında bölüşdürmək, müqavilələrin bağlanması, icra edilməsi və pozulması və s. məsələlərə baxılırdı. Şəriət məhkəmələrinin əhəmiyyətini başa düşən xanlar qazilik vəzifəsinə savadlı və qayda-qanunları yaxşı bilən şəxsləri dəvət edirdi. 1783-cü ildə Hüseynəli xan xalq arasında alim kimi tanınmış Seyid Məhəmmədi baş qazi təyin etmişdi. Sənəddə qeyd edilir ki, "O, müstəqil əzəmətli qazilik taxtına oturaraq münaqişələri mübarək şəriət qanunları əsasında həll etsin".
Məhkəmə işi tələsik, sadə qaydada icra edilirdı. İstintaq məhkəmənin mübahisə edən tərəflərin dindirilməsi əsasında aparılırdı. Məhkəmə üzvləri əvvəlcə iddiaçının, sonra cavabdehin və sonra isə hər iki tərəfin qarşılıqlı mübahisələrinə qulaq asırdı. Bunun ardınca əvvəlcə cavabdehin, sonra isə iddiaçının şahidləri dindirilirdi. Əgər gətirilən dəlillər lazımi səviyyədə olmadıqda, hər iki tərəfin şahidlərinə and içdirirdilər. İş aydınlaşdıqda mübahisə edənlər buradan kənar edilir, məhkəmə üzvləri isə qanun əsasında öz aralarında məsləhətləşmə keçirirdi. Məhkəmədə bəzi məsələlərin həllinin müxtəlif yolları vardı. Əgər işin araşdırılması Quranla aydınlaşırdısa, onda məsələ çətinlik çəkmədən həll olunurdu. Yox əgər bu məsələni Quran həll edə bilmirdisə, onda məhkəmə üzvləri toplanmış tarixi rəvayətlər toplusuna müraciət edirdilər. Bunlardan "Cəmi Abbasi", "Ağıl Yəqin" və s. qeyd etmək olar. Lakin bunlar da mübahisəli məsələnin həllinə kömək etmirdisə, onda cəza yerli adət-ənənə və məhkəmənin müdrik qərarı əsasında icra edilirdi.
Mübahisəli əmlak məsələlərinin həlli isə məhkəmədə başqa cür icra edilirdi. Məhkəmədə iddiaçıların iştirakı vacib deyildi. Burada əsasən, mülkün sahiblik kağızı, müxtəlif növ istiqraz məktubu, qarşılıqlı öhdəçilik və s. sənədləri nəzərə alırdılar. Qərar yarlıqda bildirilirdi və bu sənədə məhkəmənin bütün üzvləri öz möhürlərini vururdu. Yarlıqda bəraət verilmiş şəxsin mülkün əsl sahibi olması göstərilirdi. Əgər əks tərəf bu qərarla razılaşmayaraq müqavimət göstərirdisə, onda polis bu işə qarışırdı. Bəzi hallarda qərarların çıxarılmasında ciddi nöqsanlara yol verilirdi. Belə ki, məhkəmədə yarlıqların qeydiyyatı aparılmırdı və elə olurdu ki, eyni məsələ üzrə tərəflərə tamamilə bir-birinə zidd qərarlar verilməsi halları baş verirdi.

Elçin Qaliboğlu