“Azərbaycan özü üçün qeyri-substantiv danışıqlar limitini bitmiş sayır” Layihə

“Azərbaycan özü üçün qeyri-substantiv danışıqlar limitini bitmiş sayır”

Aydın Quliyev: "Sadəcə danışıq xətrinə danışıq oyunlarına çox dözməyəcək"

Azərbaycan Xarici İşlər Nazirliyi Prezident İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşünə münasibət bildirib. XİN-dən verilən məlumata görə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə 29 mart tarixində Avstriyanın paytaxtı Vyana şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub.
"Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib ki, Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Vyanada keçiriləcək görüş sıra ilə dördüncü görüş sayılacaq: "Əvvəlki Düşənbə, Sankt-Peterburq və Davos görüşləri məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən formal və ayaqüstü görüş effektindən başqa nəticə hasil edə bilmədi və məzmunlu danışıqlara çevrilmədi". O bildirib ki, Ermənistan rəhbərliyi Azərbaycanla sülh danışıqlarına pozucu və qeyri-praktik yanaşmasını əvvəlki ünsiyyətlərdə faktiki dəyişə bilmədi və əslində dəyişmək istəmədi: "Paşinyan əvvəlki görüşlərə konseptual mənada qətiyyən hazır gəlməmişdi, aydın təsəvvürə və münaqişənin həlli üçün bitkin bir platformaya malik deyildi. Bunun da nəticəsi sadəcə nəticəsizlikdən ibarət oldu". Siyasi şərhçi söyləyib ki, Paşinyanın Azərbaycan Prezidenti ilə növbəti 29 mart görüşünə nə qədər hazır olub olmadığını zaman göstərər: "İndi bütün dünya anlayır ki, Azərbaycan özü üçün qeyri-substantiv danışıqlar limitini bitmiş sayır və sadəcə danışıq xətrinə danışıq oyunlarına çox dözməyəcək 29 mart görüşü ərəfəsində Paşinyanın format oyununu hələ də müxtəlif versiyalarda fırlatması və sərhəddə əsgər ölümü ilə nəticələnmiş açıq təxribata getməsi onun bu görüşə əvvəlkilərdən fərqli olaraq konstruktiv platforma ilə gələcəyinə ümidləri heçə endirir. Lakin onun nisbətən konstruktiv və məzmunlu danışıqlara azacıq meylli ola biləcəyinə yeganə ümid onunla bağlıdır ki, həmsədrlər, yüksək Avropa komissarları danışıqlar formatının dəyişdirilməsinin yolverilməz olmasını və şərtsiz danışıqlara başlamağın zəruriliyini açıq bəyan ediblər".
A. Quliyev qeyd edib ki, bu bəyanatların Ermənistan rəhbərinə azacıq da olsa təsir göstərə biləcəyi ən həssas ehtimal sayılır: "Konkret baxılsa, Paşinyanın münaqişə ilə bağlı həmsədrlərin və Avropa Parlamentinin yenicə qəbul etdikləri sənədlərə uyğunlaşmayacağı təqdirdə görüşdən əhəmiyyətli yekunlar gözləmək çətindir. Ancaq əlbəttə 29 mart görüşünə razılıq vermək Azərbaycan Prezidentinin təcavüzkar ölkə rəhbərinə sonuncu konstruktiv şanslardan birini tanıması baxımından əhəmiyyətlidir. Azərbaycan növbəti dəfə sübut edir ki, münaqişənin hərbi yolla qalibiyyətli həlli üçün hər cür üstün imkanlara malik olsa da, dünya birliyi və insanlığın sülh çağırışlarına adekvat reaksiya göstərməkdə son təmkinliyini əsirgəmir. Paşinyanın azacıq konstruktiv olacağı təqdirdə münaqişənin həllində böyük və hətta sıçrayışlı irəliləyişlər dərhal başlaya bilər. Xüsusilə də status-kvonun dəyişməsi və Ermənistanın DQ ətrafındakı torpaqların azad edilməsinə razılıq verməsi görüşün məhsuldarlığını müəyyən edən əsas amil olacaq. Ancaq açıq deyək ki, Paşinyanın Vyana görüşünə prinsipial fərqli bir davranışla gəlməyə hazırlaşdığını göstərən elə bir əlamət hələlik görünmür. Bütün hallarda bu görüş maraqlı beynəlxalq təşkilatlara qəti şəkildə Ermənistanın sülh istəmədiyini nümayiş etdirə bilər. Vyana görüşü ya məzmunlu danışıqların buzunu qıracaq ,ya da Azərbaycanı hərb variantının seçiminə həlledici dərəcədə yaxınlaşdıracaq".
Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov bildirib ki, reallıq ondan ibarətdir ki, Paşinyanın müxtəlif ziddiyyətli bəyanatları puça çıxdı. O deyib ki, Paşinyan müxtəlif şüarlarla müəyyən auditoriyalarda çıxış edirdi: "Səsləndirirdi ki, burada üçüncü tərəf iştirak etməlidir, Dağlıq Qarabağ separatçıları danışıqlarda bir tərəf kimi olmalıdır və s. Amma müəyyən aparıcı dövlətlər, beynəlxalq strukturlar və ATƏT-in Minsk qrupu tərəfindən vurulan siyasi zərbələrdən sonra Paşinyan başa düşdü ki, onun başqa çıxış yolu yoxdur. Biz həmişə deyirik ki, Ermənistan danışıqlara məhkumdur, bundan başqa yolu da yoxdur. Çünki Ermənistan bu vəziyyətdən çıxmalı olduğunu anlayır".
Politoloq qeyd edib ki, Ermənistan iqtisadi və siyasi dalana dirənən bir ölkədir: "Təbii ki, o özünü burada demokratik siyasətçi kimi qələmə verirsə, ölkədə hər hansı bir inqilab etdiyini hesab edirsə və bundan sonra iri addımlar atmaq fikrindədirsə, gərək, Azərbaycanla danışmalı, Azərbaycana güzəştə getməli, Azərbaycanın maraqlarını nəzərə almalı, torpaqlarını azad etməlidir. Düşünürəm ki, dövlət başçımız bu görüşdə Paşinyana bu məsələləri konkret şəkildə izah edəcək".
Politoloq Nəzakət Məmmədova deyib ki, martın 29-da Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan dövlət başçıları arasında görüş Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ilk rəsmi görüşdür: "Buna qədər onlar Düşənbədə, Sankt-Peterburqda və Davosda qeyri-rəsmi görüşüblər". Politoloq bildirib ki, Paşinyanın formatı dəyişmək cəhdinin iflasa uğraması, onun danışıqlar masasına qayıtması baxımdan diqqəti cəlb edir: "Bildiyiniz kimi artıq Vyana səfəri Ermənistanın təxribatı ilə müşahidə olundu. Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs yenə də intensiv şəkildə pozulub, hərbi qulluqçumuz şəhid oldu. Bu da onu göstərir ki, Ermənistan təxribatdan əl çəkmək fikrində deyil". N. Məmmədova qeyd edib ki, qoşunların təmas xəttində atəşkəsə riayət etməyən dövlət danışıqlar masasında da konstruktiv mövqe tutmaq fikrində deyil: "Odur ki, Vyana görüşündən hər hansı bir həlledici nəticə gözləmək üçün məncə əsas yoxdur".
Politoloq Qabil Hüseynli bildirib ki, Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Vyana görüşü baş tutacaq. Politoloq vurğulayıb ki, görüşün təşkil edilməsində Avropa Birliyi, Avropa Şurası və ATƏT-in Minsk Qrupunun səylərini qiymətləndirmək lazımdır: "Çünki Paşinyanın danışıqların formatını dəyişdirməklə bağlı sayıqlamaları məhz Bakının siyasəti və onların sayəsində gündəmdən çıxarıldı. Buna baxmayaraq, Paşinyan görüş ərəfəsində sayıqlamalarını davam etdirir. Onun əsas fikri hələ ki, İlham Əliyevlə danışıqların formatını bir daha müzakirə etmək və bundan sonra danışıqların mahiyyəti üzrə davam etdirilməsinə keçməkdir. Ancaq Azərbaycan Prezidenti qəti şəkildə bildirib ki, danışıqlar mövcud formatda da davam etdiriləcək. Bu fonda Vyana görüşü baş tutacaq və Paşinyan reallıqdan qaça bilməyəcək".
Politoloq bu məqamda Paşinyanın oyunbazlığının bir sıra səbəblərdən qaynaqlandığını vurğulayıb: "Əvvəla, Paşinyan Ermənistandakı elektoral baza sarıdan yaman narahatdır. Çünki o, indiyə qədər elektoral bazanın emosiyaları ilə oynayaraq reytinqini qoruyub saxlamağa çalışıb. İkincisi, bu gün danışıqları bəlli bir çərçivəyə salan və bu çərçivədən kənara çıxmağa imkan verməyən qüvvələr var. Hətta danışıqların birbaşa Rusiyanın təlimatları çərçivəsində aparıldığı da istisna edilmir. Rusiya yenə də danışıqlar prosesində inhisarçı mövqeyini qoruyub saxlamaqdadır. Bu nöqteyi-nəzərdən indiki dövrdə Paşinyanın şıltaqlığının digər bir səbəbi isə Lavrovun ona verdiyi təlimatlardır. Əgər bu təlimatlar davam edərsə, danışıqlar prosesi hələ ki nəticəsiz "irəliləyəcək".
MDB Ölkələri İnstitutunun direktoru Vladimir Yevseyevin fikrincə, tərəflərin mövqeyi bir-birindən fərqli olduğu üçün irəliləyiş gözləmək lazım gəlmir. Digər tərəfdən, politoloq Ermənistanla Dağlıq Qarabağ erməniləri arasında ciddi fikir ayrılıqlarının olduğunu bildirib: "Ağır texnikanın təmas xəttindən çıxarılması həyata keçirilmir. Yerevanla Xankəndi arasında da anlaşılmazlıq var. Xankəndinin danışıqlar masasında oturması Bakının sərt mövqeyinə görə mümkün olmayacaq. Digər tərəfdən, bu addım Dağlıq Qarabağın müdafiəsinin Xankəndinin üzərinə qoyulması demək olardı. Azərbaycanla Türkiyənin Naxçıvandakı aktiv fəaliyyətini nəzərə aldıqda, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə danışmaq lazım gəlmir".
Yevseyevin fikrincə, Ermənistanda və Dağlıq Qarabağdakı istənilən qeyri-stabil vəziyyət hərbi əməliyyatların bərpa olunmasına səbəb olacaq.


Əli