İrəvan I Şah Abbas dövründə Layihə

İrəvan I Şah Abbas dövründə

1-ci yazı

Tanınmış tarixçi-alim Səməd Sərdariniyanın “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabında tarixi sənədlər əsasında bir çox faktlar verilib. Adıçəkilən kitabda İrəvan xanlığının və onun ətraf əyalətlərinin tarixən azərbaycanlılara məxsus olması təkzibolunmaz faktlar əsasında şərh olunur. Kitabda bildirilir ki, Şah Təhmasibin hakimiyyəti dövründə rumlu tayfasının böyük əmirlərindən olan Hüseyn xan Sultan (hicri-qəməri tarixilə 954-cü ildə, miladi tarixi ilə 1549-cu ildə) Çuxursəd bəylərbəyliyinin əmiri olmuşdu. Şah Təhmasibin etimad bəslədiyi əmirlərdən olan Şahqulu Sultan da Kirman, Astrabad, Məşhəd şəhərlərində və Çuxursəddə əmirlik vəzifəsini yerinə yetirmişdi. O, hicri-qəməri tarixilə 957-ci ildə (miladi 1573-cü ildə) Təbrizdə şahın darğası təyin olundu. Onun ölümündən sonra isə oğlu Məhəmməd Çuxursədə vali təyin edildi.
Qeyd edək ki, Şahqulu Sultan Təbrizdə darğa olarkən əhaliyə zülm etdiyindən, hicri-qəməri tarixi ilə 971-ci ildə (981-ci ilədək) Pəhləvan Yarinin rəhbərliyi ilə Təbriz camaatı ona qarşı qiyama qalxmışdı. Təhmasib öləndə Şahqulu Sultanın oğlu, Çuxursəd valisi, "Toxmaq" ləqəbli Məhəmməd xan həm də İstanbulda elçi idi. Sədlular tayfası Şah Təhmasibin hakimiyyəti dövründə də Çuxursəddə yaşamış və tayfaya hicri-qəməri tarixi ilə 954-cü ildə Əlvənd xan, 959-cu ildə isə (miladi tarixi ilə 1552-ci ildə) Uluğbəy başçılıq etmişdi. Alpautlar da Qaraqoyunlu qəbilələrindən idilər və onların arasından böyük əmirlər çıxmışdı. Bu qəbilə də Səfəvilər dövründə Çuxursəd ətrafında yaşamışdı.
Şah Təhmasibin ölümündən sonra (hicri-qəməri tarixi ilə 974-cü ildə) onun Qaradağ ətrafındakı Qəhqəhə qalasında zindana salınmış oğlu İsmayıl həbsdən azad olundu. O, hicri-qəməri tarixi ilə 974-cü ildə Qəzvinə gəlib, oranı paytaxt elan etdi. II İsmayıl hakimiyyətini möhkəmləndirdikdən sonra Şah Təhmasibin zamanından İstanbulda elçi olan Toxmaq xanın qardaşları Sarı Laçını və Allahqulu bəyi əmisi oğlu Əbu Turab Mirzənin (Uyqut Mirzə) vasitəsi ilə qətlə yetirdi. Bu qətllər ustaclı əmirlərinin aradan götürülməsi ilə davam etdirildi. Bu zaman İstanbuldan geri qayıdan Toxmaq xan Çuxursəddəki əmlakının Əbu Turab Mirzə (əmisi oğlunun və qardaşlarının qatili) tərəfindən müsadirə olunduğunu gördü...
II İsmayıl Mustafa Sultanın qətlindən sonra ustaclıları əfv etdi və hətta özü Pir Məhəmməd xanın qızı ilə evləndi. Toxmaq xan da öz əvvəlki vəzifəsinə qaytarıldı. O, Çuxursəd bölgəsinin valiliyinə qayıdandan sonra mərkəzin buradakı etibarlı adamına çevrildi və yenidən bütün məsələlərə nəzarət etməyə başladı. II İsmayıl hicri-qəməri tarixi ilə 985-ci ilin Ramazan ayının 13-də qəflətən vəfat etdi. Paytaxt əmirləri canişin məsələsinin müzakirəsinə başladılar. Onlar Təhmasibin böyük oğlu Məhəmməd Xudabəndənin üzərində dayandılar. Fiziki cəhətdən çox zəif olan Sultan Məhəmməd xəstəlik nəticəsində görmə qabiliyyətini də itirmişdi. O, hakimiyyətə gələndən sonra da Toxmaq xan Çuxursədin başçısı olaraq qaldı. Bu dövrdə İrəvanın abadlaşdırılması sahəsində ciddi işlər görülmüş, gözəl Xan sarayı, Xan bağı salınmışdı. Həmin illərdə əkin sahələrinin suvarılması üçün yeni su kanalları çəkilmiş, böyük dəryaçalar yaradılmışdı. Sovet hakimiyyəti qurulduqdan sonra bu dəryaçaya Şaumyanın adı verilsə də, azərbaycanlılar onu vaxtilə İrəvanda hakimlik etmiş Mahmud xanın ləqəbinə uyğun olaraq “Toxmaq dəryaçası” adlandırıblar.
Türk sultanı III Murad mövcud sülh müqaviləsinə (“Amasiya müqaviləsi” nəzərdə tutulur - tərcüməçi) baxmayaraq, bir sıra bəhanələrlə hicri-qəməri tarixi ilə 985-ci ilin şəvval ayında (miladi tarixi ilə 1575-ci ildə) Xoy, Səlmas, Urmiya şəhərlərinə və onların ətraflarına hücuma keçdi. Azərbaycanlı sərkərdələrdən Hüseyn Sultan Xubuşlu, Mahmud Sultan Rumlu bu döyüşdə həlak oldular və Təhmasibə məxsus olan ərəb atlarının (bədəvi atlar) əksəriyyəti (10 minə yaxın at) Osmanlı bəylərinin əlinə keçdi. Təbrizin yeni hakimi Əmir Xan Türkmən öz qoşunu ilə işğal edilmiş torpaqları azad etmək istədisə də, buna nail ola bilmədi.
Şirvanşahlar xanədanının nümayəndəsi Əbu Bəkir Mirzə qarabörk tayfasından və Şirvandakı döyüşçü ləzgilərdən bir ordu toplayaraq hərəkətə keçdi. Osmanlı ordusu sərdar Mustafa Paşanın komandanlığı ilə 1578-ci il avqustun əvvəllərində Ərdəhanın ətrafına qədər gəlib çıxdı və sonra Gürcüstanı fəth etdi. Belə bir şəraitdə mərkəzi İrəvan olan Çuxursəd bölgəsinin bəylərbəyi Məhəmməd xan Toxmaq Ustaclı Qəzvinə məlumat verdi ki, Gürcüstanla bərabər İrəvanı da tutmaq istəyən Osmanlı qoşunlarının həmləsi qarşısında seyrçi qalmayacaq. Qarabağın bəylərbəyi İmamqulu xan Qacar Təbriz bəylərbəyi Əmir xan Türkmənlə ittifaq bağlayaraq münasib şərait yaranan kimi hücuma keçməyi planlaşdırdılar. Vəliəhd Həmzə Mirzə İraqi-əcəm, Fars, Kirman qoşunlarından ibarət alayın köməyə gələcəyi barədə də məlumat aldı. Qarabağ bəylərbəyi İmamqulu xanın və Məhəmməd xanın qoşunları birləşdiyi halda, türkmənlərlə ustaclılar arasında köhnədən qalma düşmənçiliyə görə ustaclılar Təbrizdə dayandı. İskəndər bəy Türkmənin rəvayətinə görə, 1578-ci ilin avqustunda Məhəmməd xan Toxmağın və İmamqulu xan Qacarın rəhbərlik etdikləri 15 minlik qoşun Çildər ətrafında Bərtərullah paşanın qüvvələri ilə üz-üzə gəlir. Əvvəlki döyüşlərdə olduğu kimi, bu qarşılaşmada da qızılbaş əsgərləri şücaətlə meydana girib, var qüvvələri ilə çarpışırlar. Buna baxmayaraq, Tiflis və bütövlükdə Gürcüstanın bir hissəsi Osmanlı hökumətinin tabeçiliyinə keçir.
Hicri-qəməri tarixi ilə 989-cu idə (miladi tarixi ilə 1581-ci ildə) Şamlu xanlarxanı sərdar Mustafa Paşa və digər əmirlər öz aralarında ittifaq bağlayıb, Abbas Mirzənin hakimiyyətini elan etdilər. Bu xəbəri eşidən Şah Məhəmməd Xudabəndə vəziri Mirzə Sultanla birlikdə türkmən və təkəli bəylərini hərəkətə gətirmək üçün Xorasana yola düşdü. Onun Xorasana yürüşü vaxtı Osmanlı sərkərdəsi Fərhad paşa Çuxursədi işğal etdi. Vilayətin mərkəzi olan İrəvanda Məhəmməd xan saray məhəlləsinin ətrafına möhkəm bir hasar çəkdi. Ancaq sonda Məhəmməd xan Toxmaq Təbriz bəylərbəyi Əmir xan Türkmən və Qarabağ bəylərbəyi İmamqulu xan Qacar tərəfindən kömək gəlmədiyini görüb, ailəsini götürərək Naxçıvana yollandı. O, ailəsini Əl-nəcəğ (Əlincə) qalasında yerləşdirməyə məcbur oldu. Beləliklə, işğal olunmuş ərazilər, o cümlədən Çuxursəd torpaqları osmanlıların ixtiyarına keçdi. Osmanlı qüvvələri asta-asta və addım-addım irəliləyir, fəth etdikləri ərazilərdə möhkəmlənmək üçün istehkam qalaları ucaldırdılar.
I Şah Abbas belə bir mürəkkəb şəraitdə (hicri- qəməri tarixi ilə 996-cı ilin zilqədə ayında) Qəzvində tacqoyma mərasimi keçirdi. Bu zaman onun 18 yaşı vardı. Ölkə ziddiyyətlər içində idi. Bir tərəfdən, xarici təzyiqlər, digər tərəfdən daxildəki qarşıdurmalar Səfəvilər dövlətinin mövcudluğunu təhlükə altına almışdı. Ölkənin şimal-qərb hissəsi, o cümlədən İrəvan bölgəsi hələ atasının hakimiyyəti zamanında osmanlılar tərəfindən işğal edilmişdi.
Şah Abbas hicri-qəməri tarixi ilə 1006-cı ildə sərhəddəki toqquşmaları nəzərə alaraq paytaxtı Qəzvindən İsfahana köçürməli oldu. Bundan sonra Şah Abbas dövlətin dayaqlarını möhkəmləndirməyə başladı. O, Gilan, Mazəndaran, Sistan, Lar və Luristan əmirlərinin özbaşınalığına son qoyaraq, onları mərkəzi hakimiyyətə tabe etdi.
Gənc hökmdar qısa müddətdə mərkəzi hakimiyyəti möhkəmləndirdikdən və daxili asayişi bərpa etdikdən sonra işğal olunmuş torpaqların azad edilməsi uğrunda mübarizəyə qərar verdi. O, Xorasanı özbəklərin işğalından azad etməklə (hicri-qəməri tarixi ilə 1007-ci, miladi tarixi ilə 1598-ci il) Səfəvilərin nüfuz dairəsini Ceyhuna qədər genişləndirdi. Növbə osmanılılar tərəfindən işğal olunmuş torpaqlara çatdı. Məlum olduğu kimi, Tiflis, Çuxursəd, Qarabağ, Şirvan, Təbriz, Nəhavənd hicri-qəməri tarixi ilə 998-ci ildə (miladi tarixi ilə 1590-cı il) bağlanmış müqavilə əsasında osmanlıların əlinə keçmişdi. Osmanlı dövləti digər əyalətlərdə olduğu kimi, bu yerlərdə də hərbi-inzibati strukturlar yaratmışdı.
Bu dövrdə Osmanlıların Avstriyaya hərbi yürüşü gözlənildiyinin əksinə olaraq, illərlə uzanmış və uğursuzluqla nəticələnmişdi. Digər tərəfdən, Osmanlı dövlətini əsgərlə təmin edən əsas mərkəzlərdə, o cümlədən Anadoluda iğtişaşlar baş vermişdi. Sərhəd bölgələrində yerləşən bəylərbəyliklər də bu zaman xeyli zəifləmiş və qızılbaşların hücumlarının qarşısını almaq gücündə deyildilər. Şah Abbas hicri-qəməri tarixi ilə 1012 ci ildə (miladi tarixi ilə 1603-cü ildə) Qazi adlı qüdrətli hakimlərdən birinin dəstəyi ilə Osmanlı ordusu ilə müharibəyə başladı və onu uğurla başa çatdırdı. O, bütün itirilmiş əyalətləri geri aldıqdan sonra Bağdadı fəth etdi".
Şah Abbas Təbrizi osmanlılılardan azad etdikdən sonra Naxçıvan uğrunda mübarizəyə başladı. O, eyni vaxtda diqqətini İrəvana yönəltdi. Ordu şəhərin bir fərsəngliyində dayanmışdı. Nəsrullah Fəlsəfi yazır: "Bu zaman İrəvanda üç qala var idi: biri, hicri-qəməri tarixi ilə 991-ci ildə türk sərdarı Fərhad paşa tərəfindən tikilmişdi. O, Şah Abbasın atası Sultan Məhəmməd Xudabəndə ilə müharibə apardığı zaman qalanın inşa edilməsi barədə fərman vermişdi. Ona “Köhnə qala” deyirdilər. Həmin qalanın cənub-qərbində böyük bir təpənin üstündə ucaldılmış kiçik qalaya isə “Kuzəçi qalası” adı verilmişdi. Üçüncü qala isə Şərif paşanın fərmanı ilə ucaldılmış “Yeni qala” idi. Bu üç qalada və onların ətrafında 12 min türk əsgəri cəmlənmişdi. Onlar müdafiə və müharibəyə hazır vəziyyətdə idilər. Şah Abbas öz qoşunlarını bir neçə dəstəyə böldü: O, Azərbaycan ordusunun rəhbəri Zülfüqar xana “Kuzəçi qalası”nı ələ keçirməyi tapşırdı, digər məşhur sərkərdə Qırçığai bəyi isə öz xüsusi mühafizəçiləri ilə birgə “Köhnə qala”nın qarşısında qoydu. Bu zaman Osmanlı topçuları qala divarlarının üstündən Şah Abbasın əsgərlərini mərmi yağışına tutdular. Bir neçə sərkərdə və xeyli sayda qızılbaş əsgəri həlak oldu. Vəziyyətin gərginləşdiyini görən Şah Abbas topçubaşı Bərxurdar bəy Ənisə əmr etdi ki, İrəvan şəhərində top töksün və osmanlılardan alınmış bir neçə topu təcili olaraq Təbrizdən İrəvana gətirsinlər.

Elçin Qaliboğlu