Jurnalistin nitq mədəniyyəti Layihə

Jurnalistin nitq mədəniyyəti

"Jurnalistlərin dilin qanunauyğunluqlarını dərindən bilməsi önəmlidir"

I yazı

Elə peşələr var ki, o peşədə uğur qazanmaq üçün təkcə dünyagörüş və savad deyil, eyni zamanda, gözəl nitq qabiliyyəti əsas şərtlərdəndir. Bu baxımdan jurnalistlərin, radio-televiziya aparıcılarının səlis yazı və danışıq qabiliyyətinin, aydın və qüsursuz nitqinin olması, eləcə də onların dilin qanunauyğunluqlarını dərindən bilməsi, ona yazılı və şifahi nitqdə riayət etməsi çox önəmlidir.
Prezidentin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nda dövlət dili ilə bağlı mətbuatın üzərinə düşən bir sıra məqamlar yer alıb. Bu baxımdan bu yaxınlarda professor Nəsir Əhmədlinin "Elm və təhsil" nəşriyyatında işıq üzü görmüş "Jurnalistin nitq mədəniyyətinin əsasları" kitabı aktuallıq kəsb edir. Nəşrin elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Fəxrəddin Veysəlli, rəyçiləri BDU-nun jurnalistika fakültəsinin dekanı, əməkdar jurnalist, filologiya üzrə elmlər doktoru, professor Şamil Vəliyev, BDU-nun jurnalistika nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, İctimai Teleradio Yayımları Şurasının sədri, filologiya üzrə elmlər doktoru, professor Cahangir Məmmədli, Azərbaycan Mətbuat Şurasının sədri, əməkdar jurnalist Əflatun Amaşovdur.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Nəsir Əhmədlinin bu kitabında nitq mədəniyyəti ilə bağlı bir sıra vacib mövzular araşdırılıb. Kitabda "Natiqlik sənətinin tarixinə bir nəzər", "Nitq və nitq mədəniyyəti anlayışlarına jurnalistika prizmasından baxış", "Jurnalistin nitq mədəniyyətinin məntiqi əsasları", "Jurnalistin nitq mədəniyyətinin linqvistik, publisistik əsasları", "Jurnalistin nitq mədəniyyəti və söz yaradıcılığı", "Vizual nitq mədəniyyəti və orfoqrafiya", "Audial və audiovizual nitq mədəniyyətinin əsasları", "Orfoepiya" mövzuları yer alır.
Müəllif natiqlik sənətinin tarixinə nəzər yetirməklə, cəmiyyətdə nitqin necə formalaşması və ictimai hadisə olmasına diqqət çəkir. Nəşrdə vizual, audio və audiovizual nitq mədəniyyətinin özəllikləri barədə məlumat verilir, nümunələrlə onların əsas cəhətləri təhlil edilir.
İstər mətbuatda, istərsə də radio və televiziya efirində aparıcıların nitqində bir sıra qüsurlara rast gəlmək olar. Lakin çap mediası uzun müddət saxlanıldığından bu cür üslubi, məntiqi və linqvistik səhvlər qəzet səhifələrində daha çox nəzərə çarpır. Bu baxımdan müəllifin mövzunu izah edərkən mətbuat səhifələrindən seçdiyi nümunələrə istinad etməsi oxucunun mövzunu daha mükəmməl və aydın qavramasına kömək edir.
Kitabın əhəmiyyətli cəhəti ondan ibarətdir ki, bura müxtəlif illərdə Azərbaycan dili ilə bağlı qəbul edilmiş qərarlar, əmrlər, dövlət proqramı, sərəncamlar da daxil edilib. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının "Dövləti lisanı türkcə qəbul edilərək müvəqqətən höküməti müəssisələrdə rus lisanı istemalına müsaidə edilməsi haqqında" (27 iyun 1918), "Birinci və ikinci dərəcə ibtidai məktəblərin, həmçinin orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında" qərarları hələ ADR dövründə ana dilimizə dövlət səviyyəsində olan hörmət və diqqətin göstəricisi idi. Lakin sovet işğalından sonra rus dili hakim dil səviyyəsinə yüksəldi. Həmin illərdə "Sovet idarələrində kargüzarlığın rus və türk dillərində aparılmasını tətbiq etmək haqqında" Azərbaycan İnqilab Komitəsinin qərarı (1921, 8 fevral), Azərbaycan SSR Konstitusiyasına Azərbaycan SSR dövlət dili barəsində maddə əlavə edilməsi haqqında Azərbayan KP MK bürosunun qərarı (1956, 24 iyul) və s. Azərbaycan dili ilə bağlı əsas hüquqi sənədlərdəndir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" qanun (1991, 25 dekabr), "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanunu (1992, 22 dekabr), "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Prezidentinin fərmanı (2001, 18 iyun) və s. qəbul edildi. Bu fərman və sərəncamlar, sözsüz ki, Azərbaycan dilinin dövlət dili kimi daha da möhkəmlənməsi, ölkədə geniş tətbiq edilməsinin hüquqi əsaslarını bir daha təmin etmiş oldu.
Bu gün dünya getdikcə qloballaşır, sürətli dəyişikliklərə məruz qalır. Bu, sözsüz ki, ünsiyyət vasitəsi olan dilə də öz təsirini göstərir. Bu baxımdan Prezidentin 2012-ci il mayın 23-də imzaladığı "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncam dilimizin dövlətçiliyimizin əsas rəmzlərindən biri kimi doğru və mükəmməl istifadəsini özündə əks etdirir. Bu sərəncama əsasən, qəbul edilmiş dövlət proqramının əsas məqsədi dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun inkişafı, qorunması, elektron məkanda daha geniş istifadəsi, dilçilik sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, dilin inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi, dilimizin lüğət tərkibinin və qrammatik normalarının sistemləşdirilməsidir. Kitab jurnalistlər, dilçi alimlər, eləcə də natiqlik sənəti ilə maraqlanan oxucular üçün dəyərli vəsaitdir.
Əvvəl qeyd etmişdik ki, nitqin məzmununu təşkil edən fikir onun forması olan dildən qat-qat zəngindir. Dünyada elə bir dil yoxdur ki, beyində formalaşmış fikiri, informasiyanı tam həcmdə ifadə edə bilsin. Buna görə hətta ən zəngin dildə yazan ustad qələm sahibləri də məzmunamüvafiq dil vahidləri tapmaqda çətinlik çəkirlər...
Səməd Məlikzadənin yazdığı kimi, "jurnalistika da söz sənətidir. Adi xəbərdən tutmuş, publisistik yazılaradək hər biri məharətlə qələmə alındıqda oxucu üçün maraqlı olur. Hər bir yazını, hətta kiçik deyimi də çoxlarına dönə-dönə oxutmaq üçün axtarış və zəhmət lazımdır. Mətbuat tariximiz belə yazılarla zəngindir. Məsələn, "Molla Nəsrəddin" dərgisindəki bəzi yazılar, işlədilən ifadələr bu gün də xalqımızın dilində əzbərdir. Çünki o sözlər istedadların qələmindən çıxıb. Müqayisə üçün deyək ki, iki usta bina hörür.
Biri daşı necə gəldi palçığın üstünə qoyur, digəri isə sanki kərpicləri öz nəfəsi, əllərinin hərarəti ilə "toxuyur", onlardan elə formalar, naxışlar vurur ki, heyran olursan. Hər bir sənət və peşədə olduğu kimi, jurnalistikada da sözün sənətə çevrilməsi üçün gərək yazdıqlarını ürəyinin odunda bişirəsən, cilalayasan. Fikrini oxucuya çatdırmaq üçün elə sözlər seçməlisən ki, oxucu ilk cümlələri oxuyan kimi deyilənlər onun beyninə yazılsın, onu duyğulandırsın, ona müsbət enerji versin. Yalnız belə yazırsansa, oxucu qəzet səhifəsində hər dəfə sənin imzanı axtarar...
Beləliklə, jurnalistin nitq mədəniyyəti onun lazımi sözü tapıb yerinə qoymaq bacarığını da əhatə edir. Buna şərti olaraq "söz yaradıcılığı" deyilir. Söz yaradıcılığı leksik və qrammatik üsullarla olur.
Müəllifin fikrincə, leksik üsulla söz yaradıcılığının başlıca qaynaqları klassik yazılı ədəbiyyat, folklor (tarixi yazılı abidələr də daxil olmaqla), canlı danışıq dili, dialekt və şivələr, əcnəbi dillərdir: "Klassik yazılı ədəbiyyatdan sözalmaya bircə misal gətirək. Ruscadakı derzat feilinin (isim forması: derzanie) mənası "hər hansı nəcibliyə, aliliyə, yeniliyə cəsarətlə can atmaq"dır . Müasir dilimizdə bu sözün nə uğurlu, nə də uğursuz qarşılığı yoxdur. O, "Rusca-azərbaycanca lüğət"də cəsarət etmək, cəsarətli olmaq, ürəkli olmaq; yeniliyə can atmaq, coşqun arzu, yenilik arzusu kimi yozulub. Yenə həmin lüğətə baxaq: cürət etmək, cəsarət etmək, ürəklənmək; smelost - cürət, cəsarət. Görürsünüz? Tamam ayrı-ayrı anlayışları bildirən iki söz bizə eyni anlayış kimi təqdim olunur. Akademik Ağamusa Axundov həmin sözlərin qarşılığını Nəsiminin əsərlərində tapıb, müasir dilimizə gətirməyi təklif edib...
Leksik yolla söz yaradıcılığının zəngin qaynaqlarından biri də el yaradıcılığı, xüsusən dastanlar, onların bariz nümunəsi isə "Kitabi-Dədə Qorqud"dur. Türk dünyasının ən dəyərli yazılı abidələrindən olan həmin kitabdan götürülmüş yağmalamaq feili visual nitqdə çoxdan işlədilməkdədir: Hamının işi satmaq, dağıtmaq, yağmalamaqdır. Həmin qaynaqdakı çoxsaylı sözlər sırasından seçdiyimiz daha üçcə kəlməyə baxaq:
Dadı - xəstəyə, yaxud uşağa baxan qadın, tərbiyəçi, mürəbbiyə (hamısı alınma sözlərdir və heç biri fikri dəqiq ifadə etmir);
Ənik - canavar balası (toyuq balasına cücə, inək balasına buzov və s. deyirik. Amma ədəbi dilimizdə canavar balasının, pişik balasının və bix sıra başqa heyvan balalarının adı yoxdur);
Yanqu - əks-səda (yanqulamnaq - əsk-səda vermək). Çoxdandır, dilimizin təbiətinə uyğun gəlməyən, yamaq kimi görünən izafət tərkiblərindən can qurtarmaq istəyirik. "Nöqteyi-nəzər"i "baxım"la, "həddi-buluğ"u "yetkinlik"lə və s. əvəz etsək də, "əks-səda" hələ də fəal lüğət tərkibimizdə qalmaqdadır. Halbuki yanqu sözü həmin anlayışı çox gözəl ifadə edir. Bu sözün etimologiyasının yanmaq feili ilə əlaqəsi olmasa da yanqu sözü, çox güman ki, yan, yəni köməkçi, yardımçı, törəmə və qu (səs) sözlərinin birləşməsindən yaranıb, dəyib-qayıdan, ikinci səs deməkdir, fonetik cəhətdən onun səslənişində yanğı, nisgil assosiasiyası var. İnsanın, başqa canlıların səsi o vaxt yanqulanır (əks-səda verir), dağı-daşı lərzəyə gətirir ki, o, dara düşür, içində yanğı, nisgil, həsrət olur".
Professor hesab edir ki, "Kitabi-Dədə Qorqud"dan və başqa dastanlarımızdan istənilən qədər bu cür uğurlu söz tapıb çağdaş dilimizə gətirə bilərik. Qeyd edək ki, yuxarıdakı hər üç söz çağdaş Anadolu türkcəsində işlənməkdədir...

Ardı var...

Əli